Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-540/2022 31.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Əhmədov Elman Məmməd oğlu və X1 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2- 1(118)-1619/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı 16 avqust 1978-ci ildə Qubadlı rayonu, Qayalı kəndində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı cavabdehin 29 may 2021-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası daxili işləri orqanlarında xidmət keçmə haqqında Əsasnamənin” 135-ci maddəsinin 9-cu bəndinə (daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət etdiyinə görə) əsasən daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur. İddiaçı 15 iyun 2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək, qüsursuz xidmətini nəzərə alaraq daxili işləri orqanlarında xidmətə bərpa olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin 9 iyul 2021-ci il tarixli məktubu ilə Qusar RPŞ-nin Samur PB-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyərkən ciddi nöqsanlara yol verdiyinə görə, iddiaçının daxili işlər orqanlarında xidmətdən xaric edilməsinin əsaslı olduğu bildirilmişdir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat İddiaçı 27 iyul 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmrin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və tutduğu sonuncu vəzifəyə uyğun işə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, əmrdən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1619/2021 nömrəli, 17 noyabr 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş və iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı iddia ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyü, həmin müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyi üçün iddianı mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsinin qərardadından narazı qalan iddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-190/2022 nömrəli, 8 fevral 2022-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1619/2021 nömrəli, 17 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi, iddia müddətinin buraxılmasının üzürlü hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) Kassasiya instansiya məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2022-ci il tarixli, 2-1(102)-757/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 fevral 2022-ci il tarixli, 2- 1(105)-190/2022 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Daxili İşlər Nazirliyinə şikayət etdiyindən cavab məktubu aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Ardıcıl və davamlı şəkildə öz hüquqlarının bərpası istiqamətində səy göstərdiyini və işin məhkəmədənkənar həlli qaydasının mümkün olmadığını nəzərə alaraq müddətin ötürülməsininin üzrlü hesab edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunda izahat verdi və əlavə olaraq qeyd etdi ki, cavabdehin 29 may 2021-ci il tarixli əmrini xx.xx.2021-ci il tarixində almış, sözügedən əmrdən DİN-ə şikayətlə müraciət etmiş, imtina cavabı aldıqdan sonra isə məhkəməyə müraciət etmişdir. Şikayətin təmin edilməsi və birinci intansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətlərinin dəlillərinin qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. 38.3 İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. (-). Maddə 58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb və Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddia mümkün sayılmalı, hazırki iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi müddətin buraxılması səbəbi ilə iddianı mümkün saymamış və bu barədə qərardadında qeyd etmişdir ki, iddiaçının xidmətdən xaric edilməsi barədə əmrin mübahisələndirilməsi ilə bağlı inzibati orqana müraciəti həmin əmrin məhkəmədə mübahisələndirilməsi üçün müddətin axımını dayandırmır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, İPM-in 38-ci maddəsinin məzmununa görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Başqa sözlə, məhkəmədə mübahisələndirmə haqqında iddia qaldırma müddətinin axımı, inzibati aktdan şikayət verilmədiyi hallarda həmin aktın təqdim edildiyi və ya bu barədə ona rəsmi məlumatın verildiyi vaxtdan başlayır, şikayət instansiyasına şikayət verildiyi halda isə, həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Hazırkı mübahisə üzrə iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. İddiaçının tələbi onun xidmətdən xaric edilməsi barədə əmrin ləğvinə yönəlmişdir. İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin normaya görə, barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt və ya barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt), yəni hazırkı mübahisəyə münasibətdə həm əmr, həm də şikayət instansiyasının şikayət üzrə qərarı mübahisələndirmə haqqında iddianın predmeti ola bilər. Məhkəmə kollegiyası bununla bağlı Ali Məhkəmənin göstərişinə uyğun olaraq qeyd edir ki, mübahisələndirmə haqqında iddialar üzrə müddətlə bağlı mümkünlük şərtinə əməl olunmasının yoxlanılması zamanı, məhkəmə obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq mübahisələndirilən inzibati aktın iddiaçıya təqdim olunması və ya bu barədə ona məlumat verilməsi tarixini, eləcə də iddiaçının şikayət instansiyasına müraciəti üzrə qəbul olunmuş qərarın iddiaçıya təqdim olunması və ya bu barədə ona məlumat verilməsi tarixini, bunun üzərindən məhkəmədə iddia qaldırma müddətinin axımının başlandığı anı araşdırmağa və müəyyən etməyə borcludur. Məhkəmə yalnız bundan sonra iddia müddətinin buraxılması ilə bağlı məsələyə qiymət verməyə haqlı sayıla bilər. Hazırkı mübahisəyə münasibətdə birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən qaydaya əməl etmədən və iddiaçının inzibati orqana müraciətinə əmrdən verilmiş şikayət anlamında qiymət vermədən müddətin buraxılması barədə əsassız qənaətə gəlmişdir. Halbuki, iddiaçının əmrlə bağlı Daxili İşlər Nazirliyinə müraciəti, məzmun baxımından həmin əmrə yenidən baxılması və onun üçün yeni, əlverişli qərarın qəbulu ilə bağlı gözləntiləri və hüquqi marağı kontekstində qiymətləndirilməlidir. İddiaçının iş üzrə materiallara əlavə olunmuş mübahisələndirilən əmrlə bağlı Daxili İşlər Nazirliyinə 15 iyun 2021-ci il tarixli müraciəti və həmin müraciətlə bağlı cavabdehin iddiaçıya ünvanlandığı 9 iyul 2021-ci il tarixli məktubda iddiaçının Qusar RPŞnin Samur PB-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyərkən ciddi nöqsanlara yol verdiyinə görə daxili işlər orqanlarında xidmətdən əsaslı xaric olunması barədə bildirdikləri, xüsusilə də iddiaçının müraciətində və cavabdehin məktubunda əks olunmuş iradə ifadəsi şikayət instansiyasına şikayət kimi qiymətləndirilməlidir. Belə ki, işdən görünür ki, iddiaçı onun barəsində qəbul edilmiş əmrdən məhz narazı qaldığı üçün və hüquqlarını müdafiə etmək məqsədilə “İnzibati icraat haqqında” Qanunun 71-ci maddəsi anlamında müraciət hüququndan istifadə etmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 62-ci və 59.1.5-ci maddələrinə uyğun olaraq mübahisələndirilən əmrin iddiaçıya təqdim edilməsi, həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti, eləcə də bununla bağlı şəxsin şikayət verə biləcəyi orqan haqqında iddiaçıya məlumat verilməsi barədə iş materiallarında yetərli sübut yoxdur. Məhkəmə kollegiyasında işin halları araşdırılarkən müəyyən edildi ki, DİN-in 29 may 2021-ci il tarixli, Ə1751Ş/H-001-21 nömrəli əmrinin iddiaçıya rəsmi olaraq təqdim edilməsi və ya elan olunması barədə iş materiallarında hər hansı məlumat olmasa da, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2021-ci il tarixli məktubdan və məktuba əlavə edilmiş xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı ona məxsus ******* nömrəli əmək kitabçasını xx.xx.2021-ci il tarixində Qusar rayon X4 Qrupundan təhvil almışdır. Kollegiya hesab edir ki, əmrin iddiaçıya təqdim edilməsi tarixi barədə iş materiallarında hər hansı sübut olmasa da, iddiaçı şikayət instansiyasının xx.xx.2021-ci il tarixli cavabını aldıqdan sonra xx.xx.2021-ci il tarixində məhkəmədə iddia qaldırdığından İPM-nin 38-ci maddəsində qeyd olunan müddət 30 günlük müddət ötürülməmişdir. Belə olan halda, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin qeyd olunan xüsusatlarını nəzərə almadan iddianı mümkün saymayarkən haqlı olmamışdır. Odur ki, kollegiya hesab edir ki, şikayət təmin edilməli, iddia mümkün sayılmalı və iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2-1(118)-1619/2021 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair inzibati iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-540/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-540/2022
31.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver