Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-540/2023 20.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüqiqi şəxsə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlillik dərəcəsinin təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X6, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X7, Üçüncü şəxsin nümayəndəsi X8, Mütəxəssis tibbi ekspert X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüqiqi şəxsə qarşı ona əlilliyin dayandırıldığı vaxtdan müharibə əlili kimi orqanizmin funsiyalarının pozulmasının 61-80 % dərəcəsi ilə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2-1(118)-1245/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüqiqi şəxsin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ərizədə qeyd etdiyiniz məsələlərlə əlaqədar Sizə dair lazımi məlumatlar Agentliyin aidiyyəti şöbəsinə təqdim edilmişdir. Müraciətinizi nəzərə alaraq və əlillik vəziyyətinizin obyektiv qiymətləndirilməsi məqsədilə növbəlilik əsasında Agentliyə əyani müayinəyə dəvət ediləcəksiniz. Bu barədə Sizinlə əlaqə saxlanılacaqdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X14- Təcrübi və Tədris Birliyinin xx.xx.2023-cü il tarixli, T144/2023 nömrəli ekspert rəyi əsasən “keçirilmiş kəllə-beyin travması (1994), postravmatik ensefalopatiya, qabarıq asteno-nevrotik sindrom, təkrarlanan vegetativ damar paroksizmlərlə kəllədaxili hipertenziya T90.5, S06.0” diaqnozu qoyulmuşdur. Sumqayıt Tibbi Mərkəzi “X17”4 nömrəli şəhər xəstəxanasının xx.xx.2023-cü il tarixli, 77 nömrəli məktubdan görünür ki, İddiaçı 1971-ci il təvəllüdlü xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövrdə fasiləli olaraq xx.xx.2022-ci il tarixdə “İşiasla gedən lümbaqo”diaqnozu, xx.xx.2022-ci il tarixdə “Kəllə boyun sindromu” diaqnozu ilə ambulator müraciət etmiş, eləcə də xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək nevralogiya şöbəsində “Keçirilmiş kəllə beyin travmasının qalıq əlamətləri “diaqnozu ilə 4 nömrəli xəstəxanada stasionar müalicədə olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüqiqi şəxsə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətsizliyinin obyektiv qiymətləndirilərək, müvafiq quruma göndərilmiş N0530003AAJMD saylı forma 88-də göstərilən onun xəstəliklərinə görə ikinci dərəcə əlilliyinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona əlilliyin dayandırıldığı vaxtdan müharibə əlili kimi orqanizmin funsiyalarının pozulmasının 61-80 % dərəcəsi ilə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1971-ci ildə Laçın rayonunda anadan olmuş, xx.xx.1991-ci ildə Laçın rayon hərbi komissarlıq tərəfindən hərbi xiddmətə çağrılmış, gizir vəzifəsində həqiqi hərbi xidmətə qəbul olunmuş, 1991-1993-cü illər ərzində X4 iştirak etmişdir. Azərbaycan Resublikasmm ərazi bütövlüyünü müdafiəsi zamanı qazandığı xəstəlik ucbatından “Qapalı kəllə-bəyin travması” diaqnozu qoyulması səbəbi ilə xx.xx.1993-cü il tarixdə hərbi xidməti sonlandırılmış və ehtiyyata buraxılmışdır. Xidməti dövründə uzunmüddətli stasionar müalicələr müsbət effekt verməmişdir.Hərbi xidmət keçdiyi dövrdən sonra xx.xx.1994cu ildən xx.xx.1994-cu ilədək DİN Tibb İdarəsinin A.Heydərov adma Hərbi Hospitalında stasionar müalicə almış, lakin müalicəsi nəticəsiz qalmışdır. Sözügedən Hospitaldan alınmış 1216 nömrəli, 1994-cü il tarixli xəstəlikdən çıxarış epikrizi əsasında 21 sentyabr 2006-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xüsusi Həkim Komissiyasının 13 saylı qərarı ilə “Qapalı kəllə-bəyin travması” diaqnozu qoyulmuş və ona ikinci dərəli əlillik təyin olunmuşdur. xx.xx.2014-cü il tarixdə ona Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ verən əlillik vəsiqəsi təqdim olunmuşdur. Əlillik dərəcəsinin təkrar qiymətləndirilməsi zamanı ona “Baş beynin silkələnməsi, keçirilmiş kəllə-beyin travmasmın qalıq əlamətləri. Kəllədaxili travmaların nəticələri. Postravmatik ensafalopiya. Xoşxasəli kəllədaxili hipertenziya” diaqnozu qoyulmuş və xx.xx.2016-ci il tarixindən etibarən, Azərbaycan Respublikasının ərazi bötüvlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir.Əlillik müddətim xx.xx.2021-ci il tarixinədək müəyyən olunmuşdur. xx.xx.2021-ci il tarixinədək hər hansı müddət məsələsi ilə bağlı problemlər meydana gəlməməsi üçün, habelə cavabdeh qurum tərəfindən onun göndərdiyi fomra 88-lərə vaxtında baxılıb əlilliyinin yenidən qiymətləndirilməsi üçün, 2021-ci ildən etibarən cavabdeh quruma müvafiq epikrizlər göndərməyə başlamışdır. İlk olaraq, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli çıxarışlarına cavabdeh qurum tərəfindən heç bir cavab göndərilməmişdir. Bundan sonra bir sıra klinikalarda (Uniklinika, Sumqayıt Reabilitasiya Mərkəzi) müayinə və müalicə olunmuş, lakin xəstəliyi yenə də sağalmaz olaraq qalmışdır. Bu barədə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin də N117 saylı çıxarışı verilmişdir ki, burada onun Sumqayıt Reabilitasiya Mərkəzindki müayinəsi ilə bağlı təfərrüatlar qeyd olunmuş və müalicə ilə bağlı konsultasiyalar aparılmışdır. Lakin bütün bunlar nəticəsiz qalmışdır. xx.xx.2021-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən onun “əlavə mülaicəyə ehtiyacı olması” səbəbi ilə ona imtina cavabı gəmişdir. 2022-ci ildə Nərimanov Tibbi Mərkəzində elektroensefaloqrafiya müayinəsindən keçmiş, həmçinin Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasında müayinədən keçdiyi ona “üzvi mənşəli qapalı kəllə-beyin travması, emosional assenik pozuntu ilə F 06.6, Yüngül koqnotiv pozuntu, qıcalma tutulmaları ilə F 06.7.” diaqnozu qoyulmuşdu. Beləliklə, bütün stasionar müaliəcə və müayinələrinin nəticəsiz qalmasından sonra xx.xx.2014-cü il tarixdən dispanser qeydiyyatında olduğu Sumqayıt 4 nömrəli xəstəxanasından 0530003AAJMD nömrəli göndəriş (forma 88) nümunəsini Tibbi Sosial Ekspert Komissiyasina göndərərək, müvafiq xx.xx.2022-ci il tarixli ərizəylə ona təyin olunmuş ikinci dərəcəli əlilliyin bərpa olunmasını xahiş etmiş, lakin onun ərizəsi cavabdeh qurum tərəfindən cavablandırılmamışdır. Bir müddət sonra ona xx.xx.2022-ci il tarixində cavab məktubu qismində bir yazılı məlumat göndərərək, onu əllilik vəziyyətinin qiymətləndirilməsi məqsədilə növbəlilik əsasında Agentliyə əyani müayinəyə dəvət edəcəklərini və bu barədə onunla əlaqə saxlayacaqlarını bildirdilər. Lakin o vaxtdan bəri hələ də cavabdeh qurumdan bir hətəkətliik görməmiş, onunla heç bir əlaqə saxlanmamışdır. Müvafiq əlilliyin bərpa edilməsinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt 2 saylı şəhər poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.0 - Baş beynin silkələnməsi; Diaqnozun mətni: Baş beynin silkələnməsi.Keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri.Kəllədaxili travmaların nəticələri.Postravmatik ensefalopatiya.Xoşxassəli kəllədaxili hipertenziya.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir, Sumqayıt 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.0 - Baş beynin silkələnməsi; Diaqnozun mətni: Baş beynin silkələnməsi.Keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri.Kəllədaxili travmaların nəticələri,Postravmatik ensefalopatiya.Xoşxassəli kəllədaxili hipertenziya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12, Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.0 - Baş beynin silkələnməsi; Diaqnozun mətni: Baş beynin silkələnməsi.Keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri.Kəllədaxili travmaların nəticələri.Postravmatik ensefalopatiya.Xoşxassəli kəllədaxili hipertenziya.; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => -İ60-İ69 - Serebrovaskulyar xəstəliklər => İ67 - Digər serebrovaskulyar xəstəliklər => İ67.4 - Hipertenziv ensefalopatiya; Diaqnozun mətni: Hipertenziv ensefalopatiya, Hipertenziv ensefalopatiya . Keçirilmiş kəllə beyin tramasının qalıq əlaməti. Beyin qan dövranının xroniki pozulması Xoşxassəli kəllədaxili hipertenziya, Kəllədaxili hipertenziya; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Sumqayıt 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00- S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.0 - Baş beynin silkələnməsi; Diaqnozun mətni: Baş beynin silkələnməsi, Baş beyin sirkələnməsi. Keçirilmiş kəllə beyin tramasının qalıq əlaməti.(1994); Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0530003AAHA3 nömrəli göndərişi əsasında xx.xx.2021 -ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında 15 sentyabr 2022-ci il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən 21,09.2006-cı il tarixli 369 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Qapalı kəllə-beyin travması” diaqnozlu travmanın səbəb əlaqəsi ‘Travma Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, əsəbilikdən, qıcolma tutmalarından şikayətlənmişdir. Nevroloji müayinə zamanı heç bir koqnitiv gerilik müşahidə olunmamışdır. Psixi statusu həkim mütəxəssis (Günel Soylu) tərəfindən dəyərləndirilmişdir. Əyani müayinə zamanı xəstə zahirən səliqəli, emosional olaraq gərgin görünməyə çalışmışdır. Qəbul etdiyi medikamentoz preparatların adlarını və qəbul qaydasını izah edə bilməmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 4 nömrəli şəhər Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli ******* nömrəli X5 diaqnoz “Keçrilmiş (1994-cü il) kəllə-beyin travmasınırı qalıq əlamətləri. Posttravmatik ensefalopatiya. Sağtərəfli piramid catışmamazlıq; mülayim koqnitiv pozulmalar və vestibulo- beyinin ataksiyası ilə kəllədaxili hipertenziya. Simptomatik epilepsiya, tez-tez (ayda 8-10 dəfə) təkrarlanan generalizə olunmuş qıcolma tutmaları ilə. Qabarıq asteno-nevrotik sindrom. Təkrarlanan vegetativ damar paroksizmləri ilə. OU-qörmə siniri diskinin hissəvi atrofiyası, mürəkkəb hipermetropik astiqmatizm. Arterial hipertenziva 3 dərəcə. Xroniki anemiya, yüngül dərəcə öd kissəsi polipi” kimi qeyd edilsə də, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Təqdim edilmiş Nərimanov Tibb Mərkəzinin xx.xx.2022-ci il tarixli EEQ müayinəsinin nəticəsi qıcolmaları təsdiqləməmişdir. Psixi və nevroloji statusunda əlillik təyinatına əsas verən dəyişikliklər aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Bu səbəbdən də onun müraciəti müsbət həll edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1245/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı əlilliyin dayandırıldığı vaxtdan müharibə əlili kimi orqanizmin funsiyalarının pozulmasının 61-80 % dərəcəsi ilə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ddiaçıda olan xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci maddəsində səciyyələnmiş sənədlərin əhatə dairəsinə düşdüyündən cavabdeh inzibati orqanın imtinası qanunsuz olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. İddiaçı apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1245/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş İddiaçı və onun nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi X11 mübahisənin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2 Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi- həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); (-). 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X2na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. (-). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.5-ci bənd. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. (-). 2.1. Birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Birinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: ….. 2.1.8. ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması (tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez, nəzərəçarpanparaparez, ataksiya, intension titrəmə ilə hiperkinetik sindrom) və ya total afaziya ilə nəticələnmiş sinir sisteminin müxtəlif xəstəlikləri-baş beynin insultu, baş beynin travmatik xəstəlikləri, uşaq serebral iflici, sinir sisteminin ağır infeksion xəstəlikləri (İ60-İ66.9,G80-G80.9, S06.0-S06.9); ..... 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: ….. 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9);.... 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35-G37.8, G45-G46.8, G95-G95.9); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52-H53.9); ..... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: Bənd 3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81- 100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 2. Qan dövranı sisteminin xəstəlikləri Qeyd.Xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn orqanizmin qan dövranı sisteminin davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi klinik-funksional təzahürlərin ifadə dərəcəsinin qiymətləndirilməsinə əsaslanır: qan dövranı çatışmazlığı, hipertonik sindrom, ağciyər hipertenziyası, aritmiyanın və ya blokadanın dərəcəsi. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, fəsadların olması. 2.1 Qan təzyiqinin yükəsk olması ilə səciyyələnən xəstəliklər-İ10 Bənd 6. Sinir sistemi xəstəlikləri Qeyd.Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. 6.1 Başın travmaları- S02-S09 .... 6.6.2 digər ekstrapiramid və hərəki pozuntular-G25 ...... 6.7 Epilepsiya- G40 Bənd 8. Gözün və gözün əlavə aparatının xəstəlikləri Qeyd.Tibbi-sosial ekspertizanın aparılması zamanı gözün və onun əlavə aparatının xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn davamlı funksiya pozuntusunun təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi görmə funksiyalarının pozuntularının xarakterinə və təzahür dərəcəsinə (bunlardan əsasları: görmə itiliyi şərti vahidlərlə - v) və görmə sahəsi dərəcələrlə -( ̊ əsaslanır. Görmə funksiyalarının vəziyyəti onların XBT-10-da verilmiş göstəricilərinin sıralanması vasitəsilə müəyyən olunur. Görmə analizatorunun pozulması dərəcəsi daha yaxşı görən (və ya yeganə) gözün funksiyasının optimal korreksiya ilə vəziyyətinə görə qiymətləndirilir. Daha dərin müayinə tələb olunanda elektrofizioloji və digər xüsusi morfofunksional müayinə üsullarından istifadə oluna bilər (görmənin retinal itiliyinin, törədilmiş görmə potensiallarının müəyyən edilməsi). Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və mərhələsi, prosesin aktivliyi, çatışmazlığın əmələgəlmə vaxtı, ona qarşı adaptasiya dərəcəsi, korreksiyanın növü və xüsusiyyətləri (eynək, kontakt, intraokulyar). 8.1 Görmə itiliyi-H00-H59 8.2 Görmə sahəsinin daralması (periferik, fiksasiya nöqtəsindən radius boyu)- H00-H59 Bənd 10. Görmənin və eşitmənin kombinə olunmuş pozuntuları, eləcə də artikulyasiyanın (nitqin) və səs əmələgəlmənin pozuntuları 10.1 Görmənin və eşitmənin kombinə olunmuş tam itirilməsi -H00-H95 “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı olmuşdur. İddiaçının əlillik vəziyyəti sonuncu dəfə müvafiq tibb müəssisəsinin göndərişi əsasında 15 sentyabr 2022-ci il tarixdə qiymətləndirilərək, 18 oktyabr 2022-ci il tarixdə əlilliyin təyin edilməsindən “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbindən imtina olunması barədə qərar qəbul olunmuşdur. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasının müdafiısi ilə əlaqədar “baş beynin silkələnməsi, keçirilmiş kəlləbeyin travmasının qalıq əlamətləri, kəllədaxili travmaların nəticələri, postravmatik ensefalopatiya, xoşxassəli kəllədaxili hipertensiya” diaqnozu əsasında ikinci dərəcə əlillik 5 il müddətinə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə əlilliyin müddəti bitdiyindən, yenidən qiymətləndirilmə aparılmış, əlilliyin təyin edilməsindən “diaqnoz əlillik əlaməti təyin etmir əsası” ilə imtina edilmişdir. Göründüyü kimi indiki halda işin mübahisəli halı iddiaçı barəsində müvafiq tibbi göndərişdə qeyd edilmiş xəstəlik diaqnozlarının əlilliyin təyin edilməsinə əsas olub-olmaması halı təşkil edir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyinin məzmunundan görünür ki, iddiaçıda müayinə zamanı “keçirilmiş kəllə beyin travması, postravmatik ensefalopiya qabarıq asteno-nevrotik sindrom, təkrarlanan vegetative damar paroksizmlərlə, kəllədaxili hipertanziya (T90.5, S06.0)” diaqnozu müəyyən edilmiş, yəni o hazırda həmin xəstəlikdən əziyyət çəkir, müvafiq tibbi göndəriş tam doldurulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, iddiaçı barəsində müvafiq tibbi göndərişdə əsas diaqnoz və onun ağırlaşmaları kimi bir sıra xəstəliklər qeyd edilmiş, habelə həmin xəstəliklərin məhz iddiaçı barəsində aparılmış MRT, EQQ, ExokQ, rentoqrafiya, psixiatriya və digər tibbi müayinələrinin nəticəsi olaraq qeyd edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iş materiallarında olan tibbi sənədlər əsasında iddiaçının həmin xəstəliklərlə bağlı stasionar və ambulataor müalicədə olması halı da müəyyən edilmişdir. Bununla yanaşı, məhkəmə araşdırması zamanı cavabdehin həkim tibbi-eksperti mütəxəssis kimi iştirak edərək, öz izahatında iddiaçıda epilepsiya xəstəliyinin, onun əlamətləri olan tutmalarının aşkar edilməməsi, ay ərzində minimal iki dəfə tutması olmalı, bunu EQQ müayinəsi ilə də müəyyən edilməsinin mümkün olduğunu, bunu təsdiqləyən sənədlərin təqdim edilməli olduğunu, epilepsiya baş beyin travmasının qalıq əlaməti kimi mövcud olmalı, ayda ən azı iki dəfə tutma olmalı, bunu baş beynin MRT müyinəsi ilə müəyyən etməyin mümkün olması, iddiaçıda epilepsiya əlamətləri tutmalar aşkar edilməməməsi, habelə sağ tərəfli piramid çatışmazlığı ilə bağlı isə sol tərəflərdə ətraflarda hemiparez kimi müyainə nəticəsi qeyd edildiyini, sağ tərəfli piramid çatışmazlığının həmin xəstəliyə səbəb ola biləcəyini, tibbi göndərişdə olan xəstəliklərin MRT, EQQ müayinəsi ilə müəyyən etməyin mümkün olduğunu bildirmişdir. Həmçinin, mütəxəssis iddiaçı barəsində təqdim edilmiş müvafiq tibbi göndərişdə əks olunmuş MRT müayinəsinin nəticələrinə baxış keçirərək, onun nəticələri əsasında diaqnoz kimi qeyd edilmiş halların (o cümlədən epilepsiya qalıq əlamətlərinin) təsdiq edildiyini, habelə digər xəstəliklərlə bağlı isə həmin xəstəliyə dair tibbi sənədlərin təqdim edilməməsi ehtimalına istinad etməklə əsaslandırmışdır. Göründüyü kimi cavabdeh iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş və qanunvericiliyin tələbinə əsasən əlilliyin təyin edilməsinə əsas olan xəstəliklər aşkar olunduğu halda, əlilliyin təyin edilməsindən imtina etməsi əsaslarına dair heç bir dəlil təqdim edilməmiş, həmin müayinənin nəticələrini, buna dair tibbi sənədlərin nəyə görə əsas kimi qəbul edilməsindən imtina olunması hallarını əsaslandıra bilməmiş, habelə iş materialları əsasında təsdiq olunmuş halları təkzib edən heç bir sübuta istinad edilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, mütəxəssisin izahatı əsasında da iddiaçı barəsində qoyulmuş diaqnoz xəstəliklərin məhz MRT və EQQ müayinəsi nəticəsində müəyyən edilməsinin mümkün olduğu qeyd edilmişdir. İndiki halda isə iddiaçının həmin müayinələrdən keçdiyi, onların nəticələrinə dair tibbi sənədlər və həmin nəticələrin müvafiq tibbi göndərişdə əks olunduğu halda, cavabdeh tərəfindən həmin halları təkzib edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bu halda məhkəmə kollegiyası qeyd edir ki, indiki halda iddiaçı barəsində müvafiq tibbi göndərişdə qeyd edilmiş diaqnozun mövcudluğu tibbi sənədlər (tibbi müayinələrin nəticələri), mütəxəssisin izahatı və digər sübutlarla təsdiq olunduğundan, habelə həmin diaqnoz xəstəliklər yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən ikinci dərəcə əlilliyin təyin edilməsinə (orqanizmin 61-80 % pozulmasına) əsas olan xəstəlik qismində çıxış etdiyindən, cavabdeh tərəfindən isə həmin halı təkzib edən heç bir dəlilə istinad edilmədiyindən, cavabdehin imtinası əsassız olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, maddi hüquq norması düzgün tətbiq edilmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, göstərilən dəlillər qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1245/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.