Məhkəmə qərarları › İş №2-1(105)-540/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-540/2025

29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-540/2025 29.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X2 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X13 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərinə qoyulmuş məhdudiyyətin qaldırılması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 18 aprel 2025ci il tarixli, 2-1(118)-4047/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “mərhum anası X8 “vicdanlı əldə edən” kimi tanınması və onun adına verilmiş ********** qeydiyyat nömrəli və **********07 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* №-li çıxarışa əsasən, xüsusi mülkiyyətində Abşeron rayonu, Mehdiabad qəsəbəsindəki 0,04 ha torpaq sahəsinin üzərinə qoyulmuş məhdudiyyətin qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 20 dekabr 2024-cü il tarixli, 11332/2-S-19535/24 №-li cavab məktubuna görə, Abşeron Rayon Məhkəməsinin 2(012)- 487/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən və “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinin tələbləri əsas tutularaq mərhum anası X8 xüsusi mülkiyyətində olan 0,04 hektar torpaq sahəsinin üzərinə məhdudiyyət qoyulmuşdur. Cavabdehə görə bu səbəbdən məhdudiyyətin götürülməsi mümkün olmamışdır. Üzərinə məhdudiyyət qoyulmuş 0,04 ha torpaq sahəsi 16 dekabr 2014-cü ildə Abşeron rayon 2 saylı notariat kontorunun xüsusi notariusu X19 tərəfindən təsdiqlənmiş AN-İ ******* №-li Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsi əsasında X3 iddiaçının anası X14 tərəfindən satın alınmış və sonuncunun adına özgəninkiləşdirilmişdir. Həmin torpaq sahəsi hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli və **********07 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, iddiaçının mərhum anası X8 mülkiyyətində qalmaqdadır. Mübahisəli torpaq sahəsi iddiaçının mərhum anası X8 xüsusi mülkiyyətində olduğu üçün üzərinə məhdudiyyət qoyulması hüquqi varis kimi onun hüquqlarına toxunur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən mərhum X8 xüsusi mülkiyyətində olan **********07 reyestr nömrəli 0,04 ha torpaq sahəsi üzərinə Abşeron Rayon Məhkəməsinin 2(012)-587/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 21.2-ci maddəsinin tələbləri əsas tutularaq, məhdudiyyət qoyulmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-587/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə (hakim - İlham Kərimli) X4 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.2359 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* nömrəli, **********76 reyestr nömrəli reyestrdən çıxarış, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,2303 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* nömrəli, **********77 reyestr nömrəli reyestrdən çıxarış, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,2281 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* nömrəli, **********78 reyestr nömrəli reyestrdən çıxarış ləğv edilmişdir. Məhkəmə qərarının icrası ilə əlaqədar aparılan araşdırma zamanı mübahisə predmeti olan torpaq sahələrinin qarşılıqlı iddia üzrə cavabdeh X10 tərəfindən özgəninkiləşdirildiyi aşkar edilmişdir. Belə ki, X10 xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* nömrəli, **********77 reyestr nömrəli reyestrdən çıxarışa əsasən, mülkiyyətində olmuş Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,2303 ha torpaq sahəsinin, o cümlədən, 0,04 ha hissəsini xx.xx.2014-cü il tarixli, 49-3321 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, X1 (**********07 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli çıxarış əldə edib, əmlak hal hazırda onun adındadır). Yuxarıda qeyd edilən səbəblərdən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********07 reyestr nömrəli çıxarışa əsasən, mərhum X9 mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 2-1(118)-4047/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Mehriban Mahmudlu- Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, iddiaçı Abşeron Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinin icrasından narazıdır. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, cavabdeh təşkilatın qanunsuz və əsassız olaraq mərhum anası X12 mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsini tələb edir. Cavabdeh təşkilat məhkəməyə təqdim etdiyi etiraz ərizəsində də 0,04 hektar torpaq sahəsinin bu gün də anası X8 mülkiyyətində olmasını etiraf edir. Abşeron rayon Məhkəməsinin verdiyi icra sənədinə gəldikdə isə aşağıdakıları bildirir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin ona 23 oktyabr 2023-cü il tarixdə verdiyi arayışa görə Abşeron rayon Məhkəməsinin 2(012)-587/2015 saylı Qətnaməsi üzrə icra vərəqəsi cavabdehin iddia etdiyi kimi 05 oktyabr 2015-ci il tarixdə deyil, 01 noyabr 2018-ci il tarixdə tərtib edilmişdir. 01 noyabr 2018-ci ildə tərtib edilmiş icra vərəqi 02 fevral 2022-ci ildə Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və 22 iyun 2022-ci ildə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən icrası mümkün olmayan icra sənədi kimi Abşeron rayon Məhkəməsinə qaytarılmışdır. Digər tərəfdən Abşeron rayon Məhkəməsinin 2(012)-587/2015 saylı qətnaməsinin nəticə hissəsinə görə mərhum X4 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron rayon Ərazi İdarəsi tərəfindən Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,2359 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli, **********76 reyestr nömrəli reyestrdən çıxarış, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,2303 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli, **********77 reyestr nömrəli reyestrdən çıxarış, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,2281 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli, **********78 reyestr nömrəli reyestrdən çıxarışın ləğv edilməsi qət edilmişdir. Göründüyü kimi mərhum anası X8 mülkiyyətində olan torpaq sahəsinə dair sözügedən qətnamədə bir kəlmə belə qeyd edilməyib. Nəhayət, Abşeron rayon Məhkəməsinin 2(012)-587/2015 saylı qətnaməsi əsasında verilmiş icra vərəqi olsa belə mübahisəli torpaq sahəsi mərhum anası vicdanlı alıcı olduğu üçün həmin qətnamənin təsir dairəsinə düşmür və bu səbəbdən cavabdehin həmin torpaq sahəsinin üzərinə məhdudiyyət qoyması məhkəmə qərarı ilə qanunsuz və əsassız hesab edilməlidir. Qərardadda Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pleniumunun “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pleniumunun “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli Qərarına və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Pleniumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına istinad edilmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında müəyyən olunmuşdur ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati- iqtisadi məhkəmələr tərəfindən baxılır. Cavabdehin sözügedən torpaq sahəsinin üzərinə məhdudiyyət qoyması ilə Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan vərəsəlik hüququnu həyata keçirə bilmirlər və mülkiyyət barəsində sərəncam vermək hüququndan məhrum edilmişdirlər. Beləliklə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron rayon Ərazi İdarəsi tərəfindən mərhum anası X8 xüsusi mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsindəki 0,04 hektar torpaq sahəsinin üzərinə məhdudiyyət qoyması Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə, həmin maddənin İİİ hissəsinə və həmin maddənin Vİİ hissəsinə, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 1 saylı Protokolumu 1-ci maddəsinə zidd olduğundan, eləcə də maddı və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığından ləğv edilməlidir. b) Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İşdən görünür ki, iddiaçının hazırkı tələbi cavabdeh inzibati orqan tərəfindən tərəfindən torpaq sahəsi ilə bağlı iddiaçının hüquqlarının üzərinə qoyulmuş məhdudiyyətin götürülməsindən ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamış və hesab etmişdir ki, iddiaçı Abşeron Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinin icrasından narazıdır, bununla bağlı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlüyü ilə bağlı məsələ həll edilərkən aşağıda qeyd edilən pozuntulara yol verilmişdir. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 2.1-ci bəndində qeyd olunur ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Eyni zamanda işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuşdur ki, iddiaçı Abşeron Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinin icrasından narazıdır, hazırki iddia ilə məhkəmə qərarının icrasına nəzarət edən məhkəməyə müraciət edilə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyini əsassız hesab edərək aşağıdakıları qeyd edir. Cavabdeh inzibati orqanın iddia tələbinə etirazında qeyd edilir ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən mərhum X8 xüsusi mülkiyyətində olan **********07 reyestr nömrəli 0,04 ha torpaq sahəsi üzərinə Abşeron Rayon Məhkəməsinin 2(012)-587/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 21.2-ci maddəsinin tələbləri əsas tutularaq, məhdudiyyət qoyulmuşdur. İş materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin 2(012)-587/2015 nömrəli, 05 oktyabr 2015-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 cavabdehlər X15 və X6 qarşı “özbaşına tikilinin sökülməsi, ərazinin boşaldılması və qanunsuz tikilidən çıxarılma” tələbinə dair ilkin iddia ərizəsi, cavabdehlər X15 və X5 iddiaçı X7 qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair qəbul olunmuşdur. Sözügedən qətnaməyə əsasən iddiaçı X4 cavabdehlər X15 və X6 qarşı “özbaşına tikilinin sökülməsi, ərazinin boşaldılması və qanunsuz tikilidən çıxarılma” tələbinə dair iddia rədd edilmiş, cavabdehlər X15 və X5 iddiaçı X7 qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia qismən təmin edilmiş, X4 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,2359 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* nömrəli, **********76 reyestr nömrəli reyestrdən çıxarış, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,2303 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli, **********77 reyestr nömrəli reyestrdən çıxarış, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,2281 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli, **********78 reyestr nömrəli reyestrdən çıxarış ləğv edilmiş, qarşılıqlı iddia qalan hissədə rədd edilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən istinad olunan Abşeron Rayon Məhkəməsinin 2(012)-587/2015 nömrəli, 05 oktyabr 2015-ci il tarixli qətnaməsində nə iddiaçının mərhum anası X14 proses iştirakçısı olmuş, nə də ona məxsus 26 dekabr 2024-cü il tarixli, RX seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarış məhkəmə araşdırmasının predmeti olmuşdur. Buna baxmayaraq birinci instansiya məhkəməsi əsassız olaraq hazırki işə qətnamənin icrası ilə əlaqədar olan mübahisə qismində yanaşmışdır. Əlavə olaraq cavabdeh inzibati orqan tərəfindən sözügedən qətnamə əsasında torpaq sahəsi üzərinə məhdudiyyət qoyulduğu qeyd olunsa da, həmin məhdudiyyətin qoyulmasının hüquqi əsası da mövcud deyil. Belə ki, inzibati orqan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinin tələbləri əsas tutulmaqla məhdudiyyət qoyulduğunu bildirmişdir. Sözügedən normadan isə görünür ki, daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Göründüyü kimi inzibati orqan tərəfindən mübahisəli torpaq sahəsi üzərinə məhdudiyyətin qoyulmasının səbəbləri əsaslandırılmamış, iddiaçının mərhum anası X8 tərəf olmadığı, o cümlədən əmlak üzərinə məhdudiyyət qoyulması ilə bağlı hər hansı göstərişin olmadığı məhkəmə qətnaməsinə istinad olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü əsasları yoxlanılarkən yanlışlığa yol verilmiş, hazırki iddia əsassız olaraq məhkəmə qətnaməsinin icrası ilə əlaqələndirilmiş, iddiaçının hüquq müdafiə imkanlarını məhdudlaşdırmışdır. Aydın məsələdir ki, iddiaçı mərhum anasının tərəf olmadığı, o cümlədən ona məxsus 26 dekabr 2024-cü il tarixli, RX seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışla bağlı qeydin olmadığı müvafiq məhkəmə qətnaməsinin icrası ilə bağlı müraciət edərək əldə etmək istədiyi nəticəyə nail ola bilməyəcək. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində icraat zamanı ilk növbədə iddiaçının subyektiv hüququnun olub-olmaması məsələsinə diqqət yetirilməli, iddiaçının mərhum X8 vərəsəsi olmasını araşdırılmalı, bununla əlaqəli zəruri sənədlər tələb olunmalıdır. Bundan sonra isə hazırki iş üzrə iddiaçının tələblərinin qanunvericiliyin tələblərinə uyğun olub-olmaması müəyyən edilməklə, cavabdeh inzibati orqanın imtinasının qanunvericiliyə uyğun olub-olmaması müəyyən edilməli və birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılaraq müvafiq qərar qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iddia tələbi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-587/2015 nömrəli, 05 oktyabr 2015-ci il tarixli qətnaməsi arasında hər hansı əlaqənin mövcud olub-olmaması, o cümlədən məhkəmə tərəfindən torpaq sahəsi üzərinə həbs qoyulub-qoyulmaması araşdırılmalıdır. Lakin hazırkı şərtlərdə iş materiallarında belə bir əsaslar müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan hallarla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə hazırki şərtlərdə iddia tələbinin mümkün sayılmaması üçün əsaslar mövcud deyil. Bundan əlavə kollegiya qeyd edir ki, iddia tələbi “mərhum anası X8 “vicdanlı əldə edən” kimi tanınması və onun adına verilmiş ********** qeydiyyat nömrəli və **********07 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* №-li çıxarışa əsasən, xüsusi mülkiyyətində Abşeron rayonu, Mehdiabad qəsəbəsindəki 0,04 ha torpaq sahəsinin üzərinə qoyulmuş məhdudiyyətin qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”nda ifadə olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iddiaçı bildirmişdir ki, onun istifadəsində olan torpaq sahəsi ilə bağlı mübahisə yoxdur, onun niyyəti vərəsəlik qaydasında anasına məxsus əmlakı öz adına keçirməkdən ibarətdir. İddia tələbinin birinci hissəsi inzibati məhkəmə icraatı qaydasında baxıla biləcək tələb deyildir. İnzibati məhkəmə icraatı qaydasında baxılan işlərdə məhkəmə iddiaçının ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxa bilməz. Ona görə də iddiaçıya hüquqi yardım edilərək, iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının anasının mülkiyyət hüquqlarının ləğvi və ya məhdudlaşdırılması ilə bağlı müvafiq məhkəmə qərarı olmadığı halda iddiaçının hüquqlarının məhdudlaşdırılmasının hüquqi əsaslarının olub-olmaması birinci instansiya məhkəməsi tərəfindən müəyyənləşdirilmlidir. Lakin birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və iddiaçının hüquq müdafiə imkanının qarşısını əsassız olaraq kəsmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi ilə yanaşı mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, qeyd olunan halla bağlı ayrıca qərardad qəbul edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Yuxarıda qeyd olunanlara görə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsinə dair yeni qərardad qəbul edilməsi hissəsi əsaslı hesab edilə bilməz və həmin hissədə şikayət təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 2-1(118)-4047/2025 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərinə qoyulmuş məhdudiyyətin qaldırılması” tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar