Məhkəmə qərarları › İş №2-1(105)-542/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-542/2022

26.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-542/2022 26.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdər Cəmiyyətinə qarşı “ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasında quraşdırılmış sayğac üzrə şəxsi hesabın İddiaçı adına keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1590/2021 saylı qərarından cavabdeh tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdər Cəmiyyətinə qarşı “ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasında quraşdırılmış sayğac üzrə şəxsi hesabın İddiaçı adına keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binası Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX–nin RX seriyalı ******* N-li, xx.xx.2016-cı il tarixli çıxarışı ilə iddiaçının mülkiyyətindədir. Həmin qeyri-yaşayış sahəsini xx.xx.2016-cı ildə X1 alqı-satqı müqaviləsi əsasında almış və həmin müqavilənin 9-cu bəndinə əsasən satıcı kommunal borcların ödənilməsi ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Həqiqətən də alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən Rövşən Qurbanov alqı-satqı müqaviləsində göstərilən və üzərinə düşən öhdəliklərini yerinə yetirmiş, yəni alqı-saqı müqaviləsi rəsmiləşdirilənədək qeyri-yaşayış binasının kommunal borclarını tam şəkildə ödəmişdir. Qeyri-yaşayış binası 2015-ci ildən 2020-ci ilədək fəaliyyət göstərməmiş və heç bir elektrik enerjisi sərfiyyatı olmamışdır. Lakin Azərişıq ASC-nin mühəndisi xx.xx.2020-ci ildə sayğaca baxış keçirərək kənar müdaxilə olmasını bildirmiş və cavabdeh təşkilat tərəfindən qeyri-yaşayış binasına orta sərfiyyat ilə elektrik enerjisi borcu hesablanmışdır. Qeyd olunanlar ilə razılaşmayaraq iddiaçı iddia tələbi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmiş, lakin sayğac üzrə şəxsi hesabın keçmiş mülkiyyətçi Rövşən Qasımovun adına olması səbəbindən ona şəxsi hesabın öz adına rəsmiləşdirilməsi tövsiyyə edilərək iddia tələbi təmin edilməmişdir. Cavabdeh təşkilata şəxsi hesabın öz adına dəyişdirilməsi ilə bağlı müraciət etmiş, lakin qeyri-yaşayış binasına orta sərfiyyat ilə borcun hesablanması səbəbindən və həmin borc ödənilmədən şəxsi hesabın onun adına rəsmiləşdirilməsindən imtina edilmişdir. Ona görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1590/2021 saylı qərarı ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə quraşdırılmış sayğac üzrə şəxsi hesabın İddiaçı adına keçirilməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması qərara alınmışdır. (hakim Ceyhun Məmmədov) Qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qeyd olunan obyekt xx.xx.2012-ci il tarixdə enerjitəchizatı müəssisəsi tərəfindən **********7 nömrəli abunə kodu ilə vətəndaş Rövşən Qurbanovun adına qeydiyyata alınmışdır. Məhkəmənin qərarından müəyyən edilir ki, ticarət obyekti xx.xx.2016-cı il tarixdən iddiaçının mülkiyyətindədir. Buradan müəyyən edilir ki, iddiaçı həmin ticarət obyektini əvvəlki sahibi olan Rövşən Qurbanovdan alqı-satqı yolu ilə əldə etmişdir. Yaranmış borc məbləği isə 2020-ci ci ilin sentyabr ayından sonra yaranmışdır. Bu hal da sübut edir ki, həmin borc əvvəlki mülkiyyətçinin deyil, yeni mülkiyyətçinin yəni İddiaçıdur. Rövşən Qurbanov obyekti təhvil verərkən onun enerjitəchizatı müəssisəsinə elektrik enerjisindən istifadəyə görə borcu olmamışdır. Buna baxmayaraq, iddiaçı həmin dövrdə abunə kodunun öz adına keçirilməsi ilə bağlı heç bir tədbir görməmişdir. EEİQ-nın 8.18-ci maddəsinə əsasən istehlakçı, o cümlədən məişət abonenti tutduğu ərazidən, binadan köçdükdə, öz fəaliyyətini dayandırdıqda və ya ləğv edildikdə o, on gün əvvəl enerjitəchizatı müəssisəsinə elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv olunması barədə müraciət etməli və sonuncu günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməlidir. Yeni istehlakçının, o cümlədən məişət abonentinin elektrik şəbəkəsinə qoşulması və sənədləşdirilməsi bu Qaydalara uyğun aparılır. Həmin qaydaların 8.22-ci maddəsinə əsasən məişət abonenti mənzildən və ya xüsusi yaşayış evindən köçərkən, həmin mənzilin və ya xüsusi yaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir. Nə qeyd olunan ünvanın əvvəlki mülkiyyətçisi tərəfindən elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borc məbləğləri ödənilmiş, nə də ki, həmin ünvanın yeni mülkiyyətçisi İddiaçı tərəfindən əvvəlki mülkiyyətçidən və yaxud da obyektin satıcısından borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışı tələb edilməmişdir. Tərəflərin izahatları: apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib onun təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini və tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. “İnizbati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqanlar hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nın 5-ci bölməsinə əsasən qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər də inzibati orqanlar hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 oktyabr 2012-ci il tarixli Plenum qərarına əsasən təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati məhkəmələr tərəfindən, təbii inhisar subyekti inzibati orqan, onun mülki münasibətlər dövriyyəsində istehlakçılarla bağladığı fərdi müqavilələrdən yaranan öhdəliklərin pozulmasına dair qəbul etdiyi akt isə həmin Qanunun 2.0.2-ci maddəsi baxımından inzibati akt hesab edilmədiyinə görə bu aktlardan irəli gələn mübahisələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi əsasında ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılmalıdır. Hazırki iş üzrə ərazi aidiyyətinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-985/2022 saylı qərarında məhkəmə kollegiyası vurğulamışdır ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmə Plenumunun 10 aprel 2015ci il tarixli 04 nömrəli qərarının 13-cü bəndində qeyd edilir ki, nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Odur ki, işə baxılan zaman “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli 04 nömrəli qərarında qeyd edilən mövqeyi və Mülki Prosessual Məcəllənin 24-26-cı maddələrinin tələbləri nəzərə alınmaqla işin məhkəmə aidiyyəti müzakirə edilməli, bundan asılı olaraq mübahisə üzrə qərar qəbul etməlidir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçı ilə cavabdeh təşkilat arasında elektrik enerjisinin alqı-satqısı ilə bağlı hər hansı bir müqavilə olmadığı təqdirdə, yəni tərəflər arasında yaranmış münasibətlərin kökündə mülki hüquq münasibətləri olmadığı tədqirdə hazırki iddia tələbinə inzibati icraat qaydasında baxılması mümkün hesab edilməlidir. Çünki hazırki iddia tələbi üzrə "xxxx" ASC dövlət inhisarçılığını həyata keçirən qurumdur və onun hərəkətsizliyindən verilən iddialara İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən baxlmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2016-cı ildən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Həmin qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində olduğu ərəfədə cavabdeh təşkilatın nümayəndəsi sayğaca müdaxilə edilməsi səbəbindən sərfiyyat üzrə iddiaçının mülkiyətində olan qeyri-yaşayış sahəsinə borc hesablamışdır. Qeyd olunan elektrik enerjisi borcunun silinməsi ilə bağlı iddiaçı tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinə verdiyi iddiası subyektiv hüquq baxımından təmin edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyri-yaşayış binasının mülkiyyətçisinin dəyişməsinə baxmayaraq həmin qeyri-yaşayış sahəsinə verilmiş abonent kodunda olan keçmiş mülkiyyətçinin adı dəyişdirilməmişdir. Buna görə də, iddiaçı cavabdeh təşkilata müraciət edərək mülkiyyətində olan qeyri-yaşayış sahəsinə verilmiş abonent kodunda keçmiş mülkiyyətçinin adını öz adına dəyişdirilməsini xahiş etmişdir. Lakin cavabdeh təşkilat iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə elektrik enerjisi borcunun olmasını bəhanə gətirərək abonent kodunda onun adının yazılmasından imtina etmişdir. İddiaçı onun qeyri-yaşayış sahəsinə hesablanmış elektrik enerjisi borcu ilə razı olmadığı və bununla bağlı məhkəmədə yenidən müvafiq iddia qaldırmaq fikrində və əsassız hesablanmış borcu ödəmək fikrində olmadığını bildirmişdir. Kollegiya qeyd edir ki, cavabdeh təşkilatın imtinası etimad hüququnun qorunması və formal tələblərdən sui-istifadənin qadağan olunması prinsipinə ziddidr. Belə ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15.1ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.21-ci bəndinə əsasən elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açmalıdır. Göründüyü kimi Qaydalarda enerjitəcizatı müəssisəsinin üzərinə yeni abonentin müraciətinə 5 gün ərzində baxılması və həll edilməsi ilə bağlı vəzifə qoyulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1590/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1590/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar