Məhkəmə qərarları › İş №2-1(105)-542/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-542/2024

30.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-542/2024 30.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Laçın rayon İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər: intizam tənbehinin tətbiq edilməsi barədə sərəncamın ləğv edilməsi, məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Laçın rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi, məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(118)-1883/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2008-ci il tarixdən Laçın rayon İcra Hakimiyyəti başçısının aparatında böyük inspektor vəzifəsinə təyin edilmiş, xx.xx.2008-ci il tarixdə ona kiçik referent ixtisas dərəcəsi verilmiş, xx.xx.2016-cı il tarixdən baş mütəxəssis vəzifəsindən azad edilmiş, həmin tarixdən Laçın rayon İcra Hakimiyyəti başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə məsləhətçi vəzifəsinə təyin edilmiş, xx.xx.2018ci il tarixdə ona üçüncü dərəcəli dövlət qulluqçusu, xx.xx.2020-ci il tarixdə ikinci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir.

2. Laçın Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 107 nömrəli sərəncamına əsasən iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin tələbini pozaraq, heç bir üzrlü səbəb olmadan 2022-ci ilin 1, 2, 4, 5, 6, 7, 8, 9, 11, 12, 13, 14, 15, 16, 18, 19 və 20 aprel tarixlərində bütün iş günü ərzində işə gəlmədiyinə, bununla da “Dövlət qulluğu haqqında” Qanunun 18.0.3-cü maddəsinin tələbini pozaraq, həmin qanunun 25.2.6-cı maddəsinin tətbiqinə şərait yaratdığı üçün 33.1.6-cı maddəsinə əsasən 2022-ci il 20 aprel tarixdən Laçın rayon İcra Hakimiyyəti başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi vəzifəsindən azad edilməsi və həmin tarixdən onun İcra Hakimiyyəti başçısı aparatında dövlət qulluğuna eyni əsasla xitam verilməsi qərara alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Laçın rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, işdən çıxarılması ilə bağlı Laçın rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 107 №-li “İddiaçı Laçın rayon İcra Hakimiyyəti başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi vəzifəsindən azad edilməsi haqqında” sərəncamın ləğv edilməsi, məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Laçın rayon icra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 107 №-li sərəncamı ilə vəzifəsindən azad edilməklə dövlət qulluğuna xitam verilmişdir. Sərəncamda qeyd edilmişdir kı, iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin tələbini pozaraq, heç bir üzrlü səbəb olmadan 2022-ci il 1, 2, 4, 5, 6, 7, 8, 9, 11, 12, 13, 14, 15, 16, 18, 19 və 20 aprel tarixlərində bütün iş günü ərzində işə gəlmədiyinə, bununla da “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.3-cü maddəsinin tələbini pozaraq, həmin qanunun 25.2.6-cı maddəsinin tətbiqinə şərait yaratdığı üçün “Dövlət qulluğu haqqında" Qanunun 33.1.6-cı maddəsinə əsasən, 2022-cı il 20 aprel tarixdən Laçın rayon icra Hakimiyyəti başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi vəzifəsindən azad edilsin və həmin tarixdən onun Laçın rayon icra Hakimiyyəti başçısı aparatında dövlət qulluğuna eyni əsasla xitam verilsin. İddiaçının işdən çıxarılması tam qanunsuz və əsasızdır. Belə ki iddiaçı xx.xx.2008-ci il tarixindən 14 il müddətində Laçın rayon İcra Hakimiyyətinin Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Rayon Qərargahında dövlət qulluqçusu kimi işləmişdir. Dövlət qulluqçularının əmək haqlarının artırılması barədə məlum sərəncamdan dərhal sonra rəhbərlik tərəfindən iddiaçıya qarşı psixoloji təzyiqlər başlamışdır. Belə kı, 14 ildir Bakıda işlədiyi halda Laçın Rayon İcra Hakimiyyətinin başçısı onun Ağcabədi rayonu Taxta-körpü qəsəbəsində yerləşən Laçın rayon İcra Hakimiyyətinə daimi olaraq işə çıxmağı ilə bağlı göstəriş vermişdir. Ailə vəziyyəti ilə bağlı, yəni daimi yaşayış yerinin, həyat yoldaşının iş yerinin, himayəsində olan iki azyaşlı övladının təhsil müəssisələrinin Bakıda yerləşməsi, himayəsində yoldaşının iki yaşlı valideyninin olması (biri şəkər xəstəsidir və qeydiyyatdadır) ilə bağlı iddiaçının Ağcabədidə yaşayıb işləməyinin mümkün olmayacağını başçıya bildirsə də heç bir xahişi nəzərə alınmamışdır. Bundan başqa, qərarın yazılı formada ona təqdim edilməsi məqsədilə başçıya ünvanladığı xx.xx.2022-ci il tarixli ərizə və pozulmuş hüquqlarının bərpası üçün yazdığı xx.xx.2022-cı ıl tarixli şikayət məktubu cavablandırılmamışdır (qoşma olaraq əlavə edildi). xx.xx.2022-ci il tarixdə yenidən iddiaçı, yoldaşı və himayəsində böyüdüyü 1-ci Qarabağ müharibəsi veteranı olan dayısı ilə (iddiaçı azyaşlı vaxtından ailənin tək övladı olaraq valideynlərinin himayəsindən məhrum olmuşdur) birlikdə başçının qəbuluna düşmək niyyəti ilə Ağcabədi rayonuna getmişdir. Başçının qəbulunda olarkən əgər zərurət varsa müvəqqəti olaraq müəyyən müddət ərzində Ağcabədidə işləyə biləcəyini qeyd etmişdir. Lakın başçı Ağcabədidə işinin müvəqqəti deyil, daimi olacağını, artıq Bakıda yerləşən Rayon Qərargahında vətəndaşların qəbulu şöbəsinə ehtiyac olmadığını bildirmişdir. Bir sözlə iddiaçının ailə vəziyyəti, 14 illik iş təcrübəsində heç bir nöqsana yol verməməyi, kollektiv arasındakı xoş rəftarı və hörməti, aldığı fəxri fərman icra başçısı tərəfindən nəzərə alınmamışdır. Son bir ay ərzində rəhbərlik tərəfindən müxtəlif psixoloji təzyiqlərə məruz qalmağına baxmayaraq işdən azad olunduğu son günə qədər (xx.xx.2022 - xx.xx.2022) həmişəki qaydada Bakı şəhərində yerləşən Rayon Qərargahına işə çıxmışdır. Bu müddət ərzində ona heç bir yazılı göstəriş, bildiriş, xəbərdarlıq təqdim edilməmiş, izahatı alınmamış və könüllü ərizə yazmadığı üçün xx.xx.2022-cı il tarixdə onun iştirakı və xəbəri olmadan “Dövlət qulluğu haqqında” AR Qanunun 25.2.6-ci maddəsi (intizam tənbehi) ilə dövlət qulluğundan azad edilmişdir. İşdən azad edilərkən belə, Əmək Məcəlləsinin 83-cü maddəsinin tələbləri pozularaq əmrin surəti, əmək kitabçası xx.xx.2022-cı il tarixdə poçtla göndərilmiş və son haqq-hesab məbləği 2 gün gec xx.xx.2022-ci il tarixdə əmək haqqı kartına yüklənmişdir (poçt zərfinin surəti və əmək haqqı kartına mədaxil qəbzi əlavədədir). Eyni zamanda son haqq-hesab olaraq əmək haqqı kartına mədaxil edilən 132.49 manat məbləğinin də düzgün hesablanmasına şübhəsi var.

5. Cavabdeh iddia tələbinə qarşı etiraz edərək bildirmişdir ki, Laçın rayonu xx.xx.1992-ci il tarixdə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunduqdan sonra Laçın şəhərində fəaliyyətdə olmuş Laçın RİH öz fəaliyyətini müvəqqəti olaraq, Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində davam etdirməyə məcbur olmuş, Laçın rayonundan olan məcburi köçkün əhalinin ölkəmizin 58 şəhər və rayonunda, o cümlədən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda müvəqqəti məskunlaşması nəzərə alınaraq, Laçın RİH başçısı tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində Laçın RİH-nin qərargahı təşkil olunaraq, fəaliyyəti təmin edilmişdir. Məlumat üçün bildirir ki, “Rəqəmsal İcra Hakimiyyəti” portalı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X2 X4 tərəfindən yaradıldıqdan sonra xx.xx.2022-ci il tarixdə Laçın RİH-nə müvafiq tapşırıq verilərək, xx.xx.2022-ci il tarixdən Laçın RİH-nin də həmin portala qoşulması, ona görə də Laçın RİH-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin əməkdaşlarının tam tərkibdə həmin portalın idarə edildiyi Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yerləşən Laçın RİH-nin inzibati binasında xüsusi ayrılmış iş otaqlarında fəaliyyət göstərməsi vəzifəsi qarşıya qoyulmuşdur. Laçın RİH-nin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş strukturuna əsasən Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin dörd əməkdaşından iki nəfəri, X3 və İddiaçı Bakı şəhərində müvəqqəti məskunlaşdıqlarından tələblərə əsasən onların Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yerləşən Laçın RİH-nin inzibati binasında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində fəaliyyətlərinə davam etmələri zərurəti yaranmışdır. Bu barədə Laçın RİH-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Bakı şəhərində müvəqqəti məskunlaşmış əməkdaşları X1 və Ülkər Şahin qızına Eyvazovaya tərəflərindən şəxsən ətraflı məlumat verilmiş, onların rih.gov.az portalının tətbiqi ilə bağlı yaranmış işlərin çoxluğu ilə əlaqədar xx.xx.2022-ci il tarixdən Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yerləşən Laçın RİH-nin inzibati binasında xüsusi ayrılmış iş otaqlarında fəaliyyətlərinə davam etmələri bildirilmişdir. Bu tapşırıqdan sonra Laçın RİHnin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Bakı şəhərində müvəqqəti məskunlaşmış əməkdaşı X3 xx.xx.2022-ci il tarixdən Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsinə gələrək, həmin ünvanda yerləşən Laçın RİH-nin inzibati binasında fəaliyyətinə davam etmiş, hazırda da həmin tarixdən bu günədək öz vəzifəsini adıçəkilən ünvanda yerinə yetirir. Lakin, Laçın RİH-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Bakı şəhərində müvəqqəti məskunlaşmış digər əməkdaşı İddiaçı ona ətraflı şəkildə məlumat verilməsinə baxmayaraq, o, Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndinin tələbini pozaraq, heç bir üzrlü səbəb olmadan 2022-ci il 1, 2, 4, 5, 6, 7, 8, 9, 11, 12, 13, 14, 15, 16, 18, 19 və 20 aprel tarixlərdə bütün iş günü ərzində işə gəlmədiyinə, bununla da “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının 2000-ci il 21 iyul tarixli 926-İQ nömrəli Qanununun 18.0.3-cü maddəsinin tələbini pozaraq, həmin Qanunun 25.2.6-cı maddəsinin tətbiqinə şərait yaratdığı üçün Laçın RİH başçısının xx.xx.2022-ci il tarixli 107 nömrəli müvafiq sərəncamı ilə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsinə əsasən, 2022-ci il 20 aprel tarixdən Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi vəzifəsindən azad edilmiş, həmin tarixdən onun Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatındakı dövlət qulluğuna eyni əsasla xitam verilərək, əməkhaqqı üzrə son-haqq hesabı bank kartına ödənilmiş, əmək kitabçası poçt vasitəsilə ev ünvanına göndərilmişdir. Vakansiya yaranmış həmin vəzifəyə yeni kadr təyin olunmuş, həmin şəxs Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yerləşən Laçın RİH-nin inzibati binasında xüsusi ayrılmış iş otağında Laçın Rayonu icra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi vəzifəsini yerinə yetirir. Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin əməkdaşları hazırda tam tərkibdə Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yerləşən Laçın RİH-nin inzibati binasında xidməti vəzifələrini yerinə yetirirlər. Göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. 6.Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1883/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat və qəbul edilmiş məhkəmə aktı

7. İddiaçı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1883/2022 nömrəli, xx.xx.2022ci il tarixli qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-168/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, 107 nömrəli sərəncamının ləğv edilməsi və iddiaçıya məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakimlər Hökümə Babayeva (sədrlik edən və məruzəçi), Zahid Məmmədov, Gülnar Cabbarova).

9. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya instansiyası məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-120/2024 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-168/2023 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

11. Kassasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, iddiaçının iş yeri, yəni faktiki fəaliyyət göstərdiyi ünvan 2008-ci ildən faktiki olaraq əmək fəaliyyətinə başladığı Laçın rayon İcra Hakimiyyətinin Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Qərargahı sayılmalıdır. İddiaçı tələbinin əsası kimi iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərində 01-20 aprel 2022-ci il tarixində Nərimanov rayonunda yerləşən Qərargahda işə çıxdığını, lakin onun adının həmin Qərargahda işə davamiyyət tabelindən çıxarıldığını, bu səbəbdən, tabeli imzalaya bilmədiyini, məhkəmə iclasında izahatında əlavə olaraq 1 aprel 2022-ci il tarixədək Nərimanov Qərargahında işə gedərək əmək funksiyalarını adi qaydada həyata keçirdiyini, həmin tarixdən sonra ona kompüterini işə salmağa, ümumiyyətlə, əmək funksiyalarını icra etməyə icazə verilmədiyini, buna baxmayaraq aprel ayının 1-dən 20-nə qədər Nərimanov rayonunda yerləşən Qərargahda digər işçilər kimi saat 09:00-dan 18:00-dək işdə olaraq əmək funksiyalarını icra etdiyini bildirmişdir. ...işin mühüm əhəmiyyət kəsb edən və cavabdeh tərəfindən də mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı 2022-ci ilin aprel ayının 1-dən 20dək iş günləri ərzində Laçın rayon İcra Hakimiyyətinin Nərimanov rayonunda yerləşən Qərargahında işdə olmuş və əmək funksiyalarını icra etmişdir. Cavabdeh isə iddiaçının həmin dövrdə İH-nin Ağcabədi rayonunda yerləşən inzibati binasında işdə olmasını, başqa sözlə, iddiaçının iş yerinin sonuncu ünvan olmasına baxmayaraq, onun işə gəlməməsini sərəncamın qəbul edilməsinə əsas gətirmişdir. Bununla da, müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçı ilə onun arasında bağlanmış əmək müqaviləsinin “işçinin iş yeri” ilə bağlı şərtləri birtərəfli qaydada iddiaçının razılığı olmadan dəyişdirilmişdir.

12. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin əsaslandırması ilə bağlı qeyd etmişdir ki, iddiaçının xx.xx.2022-ci il tarixli ərizəsinin və xx.xx.2022-ci il tarixli şikayətinin məzmunundan da göründüyü kimi, iddiaçının xx.xx.2022ci il tarixdən öz vəzifələrini Ağcabədi rayonu, Taxta körpü qəsəbəsində yerləşən Laçın rayon İcra Hakimiyyətinin inzibati binasında icra etməli olduğu ona bildirilmiş, iddiaçı da öz növbəsində ailə vəziyyəti ilə bağlı bunun mümkünsüz olduğunu bildirmişdir.

13. İddiaçı tələbinin əsası kimi iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərində 01- 20 aprel 2022-ci il tarixində Nərimanov rayonunda yerləşən Qərargahda işə çıxdığını, lakin onun adının həmin Qərargahda işə davamiyyət tabelindən çıxarıldığını, bu səbəbdən, tabeli imzalaya bilmədiyini, məhkəmə iclasında izahatında əlavə olaraq 1 aprel 2022-ci il tarixədək Nərimanov Qərargahında işə gedərək əmək funksiyalarını adi qaydada həyata keçirdiyini, həmin tarixdən sonra ona kompüterini işə salmağa, ümumiyyətlə, əmək funksiyalarını icra etməyə icazə verilmədiyini, buna baxmayaraq aprel ayının 1-dən 20-nə qədər Nərimanov rayonunda yerləşən Qərargahda digər işçilər kimi saat 09:00-dan 18:00dək işdə olaraq əmək funksiyalarını icra etdiyini bildirmişdir.

14. Göründüyü kimi, iddiaçı cavabdeh inzibati orqanın məsul şəxsi tərəfindən məlumatlandırılmaqla yanaşı, həm də bilavasitə vəzifələrinin icrasını təmin edən şəraitin artıq əvvəlki vəziyyətdə mövcud olmadığını, yaxud tam və ya qismən məhdudlaşdırıldığını, buradan, vəzifələrin əvvəlki qaydada icrasının artıq mümkünsüz olduğunu bildiyi, habelə, özünün də qeyd etdiyi kimi, ailə vəziyyəti ilə bağlı öz vəzifələrinin Ağcabədi rayonu, Taxta körpü qəsəbəsində yerləşən Laçın rayon İcra Hakimiyyətinin inzibati binasında icra etməsinin mümkünsüz olduğunu, deməli, yeni əmək şəraiti ilə işi davam etdirməyə razı olmadığını cavabdehə bildirdiyi halda, cavabdehlə əmək münasibətlərinin yeni şərait uyğun tənzimlənməsi və ya bu münasibətlərə öz təşəbbüsü ilə xitam verilməsi imkanından istifadə etməmişdir. Belə bir imkanın nəzərdən keçirilməsinin mümkünlüyünü iddiaçı cavabdehin kassasiya şikayətinə qarşı verdiyi etirazında da qeyd etmişdir.

15. Bu qeyd olunanlar mübahisənin həlli üçün ona görə əhəmiyyət kəsb edir ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gələrkən iddiaçının ailə vəziyyəti ilə bağlı öz vəzifələrinin Ağcabədi rayonu, Taxta körpü qəsəbəsində yerləşən Laçın rayon İcra Hakimiyyətinin inzibati binasında icra etməsinin mümkünsüz olduğunu, deməli, yeni əmək şəraiti ilə işi davam etdirməyə razı olmadığını nəzərə alaraq, bununla bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməli (İPM-in 64.1-ci maddəsi), onlara yardım göstərməli (İPM-in 13-cü maddəsi), qarşılıqlı razılıq əldə olunduğu halda, mübahisələndirilən əmrin dəyişdirilməsi və başqa işə keçirmə, bu mümkün olmadıqda, əmək münasibətlərinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla (yaxud tərəflərin razılaşdığı digər əsasla) xitam verilməsi barədə yeni inzibati aktın qəbulu üçün cavabdehə vaxt təyin edilməsi imkanını nəzərdən keçirməli idi.

Apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı barəsində mübahisələndirilən sərəncam qəbul edilərkən “Dövlət qulluğu haqqında” AR Qanununun 25.3-cü maddəsinin tələbləri pozulmuş, xidməti araşdırma aparılmamış, iddiaçının yazılı izahatı alınmamış və qeyri-qanuni olaraq heç bir xəbərdarlıq edilmədən o işdən kənarlaşdırılmışdır.

17. Cavabdeh məhkəmə baxışı zamanı qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X2 X4 tərəfindən “Rəqəmsal İcra Hakimiyyəti” portalı yaradıldıqdan sonra xx.xx.2022-ci il tarixdə Laçın RİH-nə müvafiq tapşırıq verilərək, xx.xx.2022-ci il tarixdən Laçın RİH-nin də həmin portala qoşulması qərara alınmışdır. Ona görə də Laçın RİH-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin əmədaşlarının tam tərkibdə həmin portalın idarə edildiyi Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yerləşən Laçın RİH-nin inzibati binasında xüsusi ayrılmış iş otaqlarında fəaliyyət göstərməsi vəzifəsi qarşıya qoyulmuşdur. Lakin, bu hal ilə bağlı məhkəmə araşdırmasına heç bir sübut təqdim edilməmişdir. Cavabdehin göstərilən halları sübut edən heç bir sənəd təqdim etməməsinə baxmayaraq məhkəmə qərarında cavabdehin bu arqumentinə əsaslanmış və nəticədə iddiaçının hüquqlarını pozan qərar qəbul etmişdir.

18. İddiaçı 14 il müddətində Laçın rayon icra Hakimiyyətinin Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Rayon Qərargahında işləmişdir. Məhkəmə baxışında tərəflərindən dəfələrlə vəsatət verilməsinə, hətta məhkəmə tərəfindən də tələb edilməsinə baxmayaraq cavabdeh fəaliyyətini tənzimləyən heç bir normativ-hüquqi sənədi məhkəməyə təqdim etməmişdir.

19. İşəgötürən mübahisələndirilən sərəncamda “Dövlət qulluğu haqqında" Qanunun 18.0.3-cü maddəsinin tələbinin pozulmasına istinad etmişdir. Həmin maddənin tələblərinə görə dövlət qulluqçusunun vəzifələrindən biri kimi “dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli olduğu” qeyd edilmişdir. Cavabdeh isə sərəncamda Qanunun 18.0.3-cü maddəsinin tələblərinin pozulmasına istinad etsə də, nə həmin sərəncamda, nə də məhkəmə baxışı zamanı “dövlət orqanında müəyyən edilmiş qulluq reqlamenti" nin nədən ibarət olmasına aydınlıq gətirməmiş, iddiaçının həmin reqlamentin hansı müddəasının tələblərini pozduğunu göstərməmişdir.

20. Sözügedən Qanunun 25.6-cı maddəsində göstərilir ki, bu Qanunun 25.2.6-cı maddəsində (dövlət qulluğundan azad edilmə) tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər.

21. Lakin cavabdeh məhkəmə baxışı zamanı iddiaçının öz vəzifələrinin icrası zamanı kobud və mütəmadi olaraq pozuntulara yol verdiyini sübut edə bilməmişdir. Əksinə məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlardan da məlumdur ki, iddiaçı 14 illik əmək fəaliyyəti dövründə həmişə verilmiş tapşırıqları lazımi qaydada icra etmiş, xidmət etdiyi müddətdə heç bir intizam tənbehi almamış və işlədiyi kollektivdə müsbət xarakterizə edilən bir işçi olmuşdur. Bundan əlavə iddiaçı işdən azad olunduğu son günə qədər (xx.xx.2022xx.xx.2022) həmişəki qaydada Bakı şəhərində yerləşən rayon Qərargahında hər gün işə çıxmış və iş yerində olmuşdur. Bu faktı cavabdeh tərəfin nümayəndəsi məhkəmə iclasında etiraf etmişdir.

22. Qərarda göstərilir ki, 20 aprel 2022-ci il tarixdən iddiaçı vəzifəsindən azad edildikdən sonra vakansiya yaranmış həmin vəzifəyə yeni kadr təyin olunmuş, həmin şəxs Ağcabədi rayonunun Taxta-Körpü qəsəbəsində yerləşən Laçın RİH-nin inzibati binasında xüsusi ayrılmış iş otağında aparatın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi vəzifəsini yerinə yetirir.

23. Məhkəmə bu məsələ ilə bağlı da ətraflı araşdırma aparmamışdır. Belə ki, yeni işçi iddiaçı vəzifədən kənarlaşdırıldıqdan 7 ay sonra cavabdeh tərəfindən həmin vakant vəzifəyə təyin edilmişdir. Bu isə artıq məhkəmə prosesinin aparıldığı dövrə təsadüf edir. Cavabdeh iddiaçının Ağcabədi rayonunda vətəndaşların müraciətlərinin cavablandırılması zəruriliyi ilə əlaqədar həmin rayonda işləməli olduğunu qeyd etsə də həmin vəzifənin 7 ay müddətində boş saxlanılması sual doğurur.

24. Hazırkı mübahisə üzrə iddiaçının iş yerinin Bakı şəhərindən Ağcabədi rayonuna köçürülməsi əmək şəraitinin şərtlərinin dəyişməsi hesab olunur. Cavabdeh bu halla bağlı da qanuvericiliyin tələblərini pozmuş, iddiaçıya rəsmi xəbərdarlıq etməmiş, onun başqa vəzifə keçirilməsinin mümkünlüyü barədə heç bir tədbir görməmiş, iddiaçını vəzifəsindən azad etmək yolu ilə əmək münasibətlərinə xitam vermişdir. İddiaçı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq inzibati icraat barədə məlumatlandırılmamış, dinlənilmə hüququ təmin edilmədən, icraat bilavasitə onun iştirakı olmadan aparılaraq barəsində əlverişsiz inzibati akt qəbul edilmişdir. Mübahisələndirilən qərarın təsviriəsaslandırıcı hissəsindən də görünür ki, qərarın qəbulu ilə bağlı inzibati orqan tərəfindən heç bir araşdırma aparılmamış, qərarın qəbul edilməsi üçün əsas olan məlumatların nə olduğu müəyyən edilməmiş, iddiaçının hüquqazidd əməllərinin nədən ibarət olduğu göstərilməmiş, sübutların hansı qaydada qiymətləndirildiyi barədə məlumat qeyd edilməmişdir. Həmin qərar iddiaçıya münasibətdə əlverişsiz inzibati akt olmaqla yanaşı inzibati icraat haqqında hüquq normalarının və bu sahədə xüsusi norma kimi çıxış edən “Dövlət qulluğu haqqında” Qanunun tələblərinin pozulması ilə qəbul olunduğundan həm də qanunsuz inzibati akt hesab olunur. Qanunsuz əlverişsiz inzibati akt isə hər bir halda ləğv olunmalıdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək etirazı iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır.

Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

26. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

27. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

28. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

29. Maddə 5. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir.

30. Maddə 43.1. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.

31. Maddə 43.2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: a) işçinin soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, onun seriya və nömrəsi, pin kodu, verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; b) işəgötürən hüquqi şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), hüquqi və faktiki fəaliyyət göstərdiyi ünvanı, fiziki şəxs olduqda onun adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), sosial sığorta nömrəsi (SSN), ünvanı, o cümlədən faktiki fəaliyyət göstərdiyi ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN), verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; c) işçinin iş yeri, vəzifəsi (peşəsi); ç) əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün; d) əmək müqaviləsinin müddəti; e) işçinin əmək funksiyası; ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması; f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri; g) işçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şəraitin yaradılması; ğ) ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, işçinin sosial sığorta nömrəsi (SSN); h) işçinin iş yerinin əsas və ya əlavə iş yeri olması barədə qeyd. x) tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar.

32. Maddə 46.1. Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu:

33. Maddə 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. 25.3. Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur.

34. Maddə 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə, dövlət qulluğuna xitam verilə bilər.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu

35. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir.

36. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

37. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

38. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

39. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

40. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi

41. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

42. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

43. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

44. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

45. Maddə 64.1. Sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur.

46. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

47. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

48. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

49. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

50. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya şikayətinin baxışının hədləri

51. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-120/2024 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-168/2023 nömrəli qərarı ləğv edildiyindən, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməlidir.

53. Kollegiya əvvəla qeyd edir ki, hazırki iş üzrə iddia tələbi iddiaçının işdən azad edilməsi barədə müvafiq sərəncamın ləğv edilməsi və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi barədədir.

54. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1883/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qəbul edilmş qərarın əsas kimi dövlət qulluqçusunun üzürlü səbəb olmadan işdə olmamasını göstərmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir.

55. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2008-ci il tarixdən Laçın rayon İcra Hakimiyyəti başçısının aparatında müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2016-cı il tarixdən Laçın rayon İcra Hakimiyyəti başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə məsləhətçi vəzifəsinə təyin edilmiş, xx.xx.2018-ci il tarixdə ona üçüncü dərəcəli dövlət qulluqçusu, xx.xx.2020-ci il tarixdə ikinci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir.

56. Laçın Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 107 nömrəli sərəncamına əsasən iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin tələbini pozaraq, heç bir üzrlü səbəb olmadan 2022-ci ilin 1, 2, 4, 5, 6, 7, 8, 9, 11, 12, 13, 14, 15, 16, 18, 19 və 20 aprel tarixlərində bütün iş günü ərzində işə gəlmədiyinə, bununla da “Dövlət qulluğu haqqında” Qanunun 18.0.3-cü maddəsinin tələbini pozaraq, həmin qanunun 25.2.6-cı maddəsinin tətbiqinə şərait yaratdığı üçün 33.1.6-cı maddəsinə əsasən 2022-ci il 20 aprel tarixdən Laçın rayon İcra Hakimiyyəti başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi vəzifəsindən azad edilməsi və həmin tarixdən onun İcra Hakimiyyəti başçısı aparatında dövlət qulluğuna eyni əsasla xitam verilməsi qərara alınmışdır.

57. Əvvəla kollegiya Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqeyinin və göstərişlərini nəzərə alaraq, İddiaçı başqa işə keçirilməsinin mümkünlüyünü, bu mümkün olmadıqda əmək münasibətlərinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla yaxud tərəflərin razılaşdığı digər əsasla xitam verilməsi barədə yeni inzibati aktın qəbulu imkanlarını cavabdehlə və iddiaçı ilə müzakirə etsə də, tərəflər arasında hər hansı razılıq əldə olunmamış, cavabdeh ilə sərəncamın ləğvi və ya dəyişdirilməsi ilə bağlı mübahisənin həlli istiqamətində müzakirələr hər hansı nəticə verməmişdir.

58. Belə ki, cavabdeh sərəncamın verilməsinə əsas kimi iddiaçının 2022-ci ilin 01-20 aprel tarixləri arasındakı dövrdə iş günü ərzində işdə olmamasını göstərmişdir. İddiaçı isə həmin sərəncamı mübahisələndirərək onun qanunsuz və əsassız olduğundan, sərəncamın ləğv edilməsi, məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.

59. Belə ki, mübahisələndirilən sərəncamdan görünür ki, inzibati aktın qəbul edilməsinin hüquqi əsası “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6 və 33.1.6-cı maddəsidir.

60. İlk növbədə qeyd edilməlidir ki, hazırki iş üzrə iddiaçı dövlət qulluqçusu olmaqla, dövlət qulluğundan azad edildiyindən və hazırki tələbi də məhz dövlət qulluğuna bərpa edilməsi ilə bağlı olduğundan, cavabdeh inzibati orqanın iddiaçıya münasibətdə “Dövlət qulluğu haqqında” Qanunda nəzərdə tutulmuş müddəaların və qaydaların tələblərinə düzgün riayət edib-etməməsi halı araşdırılmalıdır.

61. İndiki halda cavabdeh tərəfindən iddiaçı barəsində dövlət qulluğundan azad olunmasına dair tənbeh tədbiri tətbiq edilmişdir. Lakin buna baxmayaraq, həmin tənbeh tədbiri cavabdeh tərəfindən iddiaçı barəsində istinad olunan əsasla bağlı aparılmış araşdırmanın nəticəsi olaraq ortaya çıxmamış, iddiaçının həmin hallara (əsaslara) dair heç bir münasibəti öyrənilməmiş, yazılı izahatı alınmamışdır.

62. Belə ki, cavabdeh inzibati orqan tərəfindən həmin hallara dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir.

63. Göründüyü kimi qanunverici dövlət qulluğundan azad edilmə növündə ən ağır intizam tənbeh tədbiri də daxil olmaqla, bütün tənbeh tədbirlərinin tətbiqindən əvvəl müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılması, dövlət qulluqçusunun dinlənilmə hüququnun təmin edilməsini, ondan yazılı izahat alınması, zərurət olarsa, müvafiq dövlət orqanının rəhbərinin xidməti yoxlama təyin etməsi qaydasını müəyyən etmişdir.

64. “İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur.

65. Lakin, hazırkı işdən görünür ki, cavabdeh tərəfindən qeyd edilən inzibati prosedur qaydaya riayət edilməmiş, mübahisələndirilən sərəncam qanun pozuntuları ilə müşayiət olunaraq qəbul olunmuşdur.

66. Kollegiya qeyd edir ki, həmin Qanunun 25.6-cı maddəsinə əsasən bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı 1) kobud və ya 2) mütəmadi olaraq pozuntulara yol verildikdə və ya 3) bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Lakin hazırki işin hallarından görünür ki, cavabdehin iddiasına görə iddiaçının öz vəzifələrinin icrası zamanı yol verdiyi mütəmadi pozuntu – sonuncunun 01-20 aprel 2022-ci il tarixində iş günü ərzində Laçın rayon İcra Hakimiyyətinin Ağcabədi rayonu Taxta-körpü qəsəbəsində yerləşən inzibati binasında işdə olmamasıdır.

67. Qeyd olunanlarla bağlı kollegiya qeyd edir ki, işin mübahisəsiz hallarına görə iddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cavabdeh inzibati orqanın məhz Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Rayon Qərargahında dövlət qulluqçusu kimi işləmişdir.

68. Əmək Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Əmək Məcəlləsinə 1-ci əlavə olan “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması”nın 1-ci “Əmək müqaviləsini (kontraktı) bağlayan tərəflər haqqında məlumatlar” hissəsinin 1.2ci bəndindən görünür ki, həmin bənddə işçinin rekvizitlərində iş yerinin adı, faktiki fəaliyyət göstərdiyi ünvan, onun əsas iş yeri və ya əlavə iş yeri olması barədə qeyd, vəzifənin, peşənin adı göstərilməlidir. Kollegiya hesab edir ki, hazırkı iş üzrə iddiaçının iş yeri, yəni faktiki fəaliyyət göstərdiyi ünvan 2008-ci ildən faktiki olaraq əmək fəaliyyətinə başladığı Laçın rayon İcra Hakimiyyətinin Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Qərargahı sayılmalıdır.

69. İddiaçı tələbinin əsası kimi iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərində 01- 20 aprel 2022-ci il tarixində Nərimanov rayonunda yerləşən Qərargahda işə çıxdığını, digər işçilər kimi saat 09:00-dan 18:00-dək işdə olaraq əmək funksiyalarını icra etdiyini bildirmişdir.

70. Belə ki, Əmək Məcəlləsinin 43.4-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Həmin Məcəllənin 46-cı maddəsinin 6-cı hisssinə görə əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Qeyd olunan maddi hüquq normalarının şərtləri iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsində də təsbit edilmişdir.

71. Lakin hazırkı işin hallarından müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçı ilə onun arasında bağlanmış əmək müqaviləsinin “işçinin iş yeri” ilə bağlı şərtləri birtərəfli qaydada iddiaçının razılığı olmadan dəyişdirilmişdir.

72. Beləliklə, işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq kollegiya hesab edir ki, mübahisələndirilən sərəncam cavabdeh tərəfindən qanunvericiliyin və əmək müqaviləsinin tələbləri pozularaq əmək şəraitinin şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi yolu ilə qəbul edildiyindən, həmçinin, sərəncam qəbul edilərkən iddiaçının şəxsində dövlət qulluqçularına münasibətdə müəyyən edilən xüsusi, eləcə də ümumi inzibati icraat qayda və tələblərinə riayət edilmədiyindən həmin sərəncam qanunsuz və əsassız sayılmalıdır.

73. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya münasibətdə qanunsuz və əlverişsiz inzibati akt qəbul edilmişdir.

74. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.

75. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(118)-1883/2022 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Laçın rayon İcra Hakimiyyətinin 20 aprel 2022-ci il tarixli, 107 nömrəli sərəncamı ləğv edilsin və İddiaçı məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar