Məhkəmə qərarları › İş №2-1(105)-542/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-542/2025

05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-542/2025 05.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinın nümayəndələri X5 və X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 76 №li Əmrinin iddiaçıya aid hissədə ləğv olunması və həqiqi hərbi xidmətə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2-1(118)-877/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli N saylı hərbi hissə komandirinin əmri ilə Ordu Sıralarından “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddənin “E” bəndinə əsasən tərxis edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin N oktyabr 2023-cü il tarixli əmrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 76 №li Əmrinin iddiaçıya aid hissədə ləğv olunması və həqiqi hərbi xidmətə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya Məhkəməsinin iclasında iddiaçı bir daha iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ilk tələbinin nəzərə alınmaqla cavabdehin N oktyabr 2023-cü il tarixli əmrinin ləğv edilməsini xahiş etmişdir. İddiaçı həmçinin müddət bərpa barədə ərizə təqdim edərək işdən çıxma əmrindən şikayət vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2014-cü il tarixdən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətdən artıq hərbi qulluqçu kimi xidmətdədir, xidmətinin yalnız N ilini N saylı hərbi hissədə olmuş, 2017-ci ilin may ayının 23-dən ön xəttdə N nömrəli hərbi hissədə xidmətdə olmuşdur. xx.xx.2023-cü il tarixli N saylı hərbi hissə komandirinin əmri ilə Ordu Sıralarından “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddənin “E” bəndinə əsasən tərxis edilmişdir. Xidməti dövrü ərzində dəfələrlə mükafatlandırılmışdır. 2020-ci ilin Vətən müharibəsi dövründə, 2023-cü ilin Antiteror əməliyyatları zamanı vətənin müdafiəsində, torpaqlarımızın düşməndən azad edilməsində aktiv iştirak etmişdir. Vətən müharibəsi iştirakçısı statusu almışdır. “Suqovuşanın azad edilməsi”, “Vətən müharibəsi iştirakçısı” “Azərbaycan Ordusunun 100 illik yubiley” medalları ilə və digər təltiflərlə mükafatlandırılmışdır. Xidməti dövründə komandanlığın verdiyi əmr və tapşırıqlar vaxtında icra etmişdir. xx.xx.2023-cü il tarixli N saylı hərbi hissə komandirinin əmrini ləğv edilərək, xidmətə bərpa etmələri və tərxis olunduğu gündən xidmətə başladığı günədək əmək haqqının verilməsini xahiş etsə də Müdafiə Nazirliyi tərəfindən müraciətinə 30 gün ərzində cavab verilməmişdir. İddiaçını cavabdeh orqan “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddənin “E” bəndinə əsasən xidmətdən tərxis etməmişdən əvvəl şərəf məhkəməsi keçirməmişdir. Cavabdeh orqanın yalnız Əsasnamənin “Ə” bəndinə əsasən birbaşa tərxis etmək hüququ vardır. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır. Cavabdeh Əsasnamənin tələblərini pozaraq onunla söhbət aparmadan, hərbi-həkim komissiyasından tibbi müayinədən keçirilmədən onu Ordu Sıralarından qanunsuz və əsassız tərxis etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2-1(118)-877/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 76 №li Əmri İddiaçı aid hissədə ləğv edilsin və İddiaçı həqiqi hərbi xidmətə bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulmuşdur. (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xx.xx.2024-cü il tarixli ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarında İddiaçı adı çəkilmiş, onun barəsində cinayət işi olmamışdır.İddiaçının hərbi xidmətdə əldə etdiyi nailiyyətləri və hərbi qulluqçuların pozulmuş hüquqlarını qoruyan yuxarıda qeyd edilmiş hüquq normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılması ilə bağlı əmrə səbəb olmuş əsaslar mövcud olmadığına görə mübahisələndirilən əmr ləğv edilməklə, iddiaçının qanunvericiliyin qeyd edilmiş normalarına uyğun olaraq pozulmuş hüquqları bəpra edilməlidir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv olunması və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsinin xx.xx.2024-cü il tarixli ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın 2-ci abzasında “Cinayət işinin materiallarından görünür ki, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş İddiaçı, əsgər X8, əsgər X7 və gizir İddiaçı xx.xx.2023-cü il tarixdə günorta saatlarında antiterror tədbirlərinin keçirildiyi Tərtər rayonu Canyataq kəndi ərazisində yerləşən yaşayış sahəsinə daxil olaraq orada ev əşyalarını dağıtmış, əsgər Ə.İ.Oruclu Müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2021-ci il tarixli 15 nömrəli “Azərbaycan Ordusunun şəxsi heyəti tərəfindən, sosial şəbəkələr, ünsiyyət tətbiqləri və digər internet media platformalarından istifadə zamanı informasiya təhlükəsizliyinin təmin edilməsi” haqqında əmrinin 2-ci bəndində nəzərdə tutulmuş şəxsi heyətə sosial şəbəkələrdə hərbi xarekterli məlumatların paylaşılmasının qəti qadağan edilməsinə dair tələblərini pozmuşdur”. Qeyd olunan faktla bağlı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Nəbiyev X3 nazirinin birinci müavini- Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2023-cü il tarixli 76 əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə əsasən ehtiyata buraxılması barədə qərar qəbul edilmişdir. Onların qeyd olunan hərəkətləri ilə Azərbaycan Ordusunun, öz hərbi hissələrinin döyüş şöhrətinə, minlərlə şəhid və sağlamlığını itirmiş hərbi qulluqçuların fədakarlığına kölgə salmışdır. Belə ki, onların, bir qurup intizamsız hərbi qulluqçunun bu nalayiq hərəkətlərinin sosial media platformasında yayılmasından düşmən də istifadə edərək bu görüntüləri Azərbaycan Respublikası əleyhinə təbliğ vasitəsi kimi dünyanın bir çox yerində siyasət və məhkəmə arenalarında müzakirələrə çıxarılmışdır. Belə ki, həmin kadırlar xx.xx.2023-cü il tarixdə 23 saniyəlik videoçəkiliş ilə 112.160 izləyicisi olan “t.me/bagramyan26” teleqram sosial şəbəkəsində paylaşılmış, həmin videonun şərh hissəsində rus dilində “Azərbaycan əsgərləri məcburi yaşayış yerlərini dəyişən erməni vətəndaşlarının evlərini qarət edirlər...” yazılmış, həmin video 61.800 nəfər tərəfindən izlənmişdir. Bundan əlavə “France24.com” xəbər sayıtının xx.xx.2023-cü il tarixli “Azrbaycan erməniləri təslim olmağa çağıraraq hərbi əməliyyatlar başladıb” başlığı ilə paylaşılan məqaləsində Azərbaycanın əksəriyyəti ermənilərdən ibarət olan əraziyə qoşun yığdığını, 5 mülki şəxs olmaqla 25 nəfərin öldürüldüyünü bildirmişdir. Həmçinin “LeMonde.fr” kimi xəbər saytının xx.xx.2023-cü il tarixli paylaşılan məqaləsində Azərbaycan hərbi əməliyyatlar zamanı mülki əhalinin hüquqlarını pozduğunu, humanitar vəziyyəti pisləşdirdiyini bildirmiş, əməliyyatlardan sonra Qarabağ ermənilərinin kütləvi şəkildə ərazini tərk etməsini “etnik təmizləmə” kimi qiymətləndirmişdir. Bundan başqa “Lemkininstitute.com” saytının 13 mart 2025-ci il tarixli “Ermənistanda soyqırım təhlükəsi ilə bağlı qırmızı bayraq xəbərdarlığı-Azərbaycan” başlığı ilə paylaşılan məqaləsində “2023cü ilin sentyabrında Artsax (Dağlıq Qarabağ) ələ keçirilməsi zamanı qətliamlar, vəhşiliklər və yerli əhalinin öz vətənindən zorla köçürülməsi soyqırım kimi ifadə olunar bilər...” qeyd olunmuşdur. Qeyd olunanlardan göründüyü kimi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı və digər hərbi qulluqçuların Azərbaycan Respublikası müdafiə nazirinin 16 may 2014-cü il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvəllərində Silahlı münaqişələr hüququnun tətbiqi üzrə Təlimat”ın 6.17-ci bəndinin tələblərini pozaraq işğaldan azad olunmuş yaşayış məntəqələrində və ya ərazilərdə qarətçilik etməsi, həmin kadırların sosial şəbəkələrdə paylaşılması siyasi məqsədlərlə istifadə olunaraq Azərbaycan Respublikasına qarşı mənfi rəy formalaşdırılmasına xidmət etmişdir. X2 əsas norması hesab olunan, Azərbaycan Respublikasının da qoşulduğu 18 oktyabr 1907-ci il tarixli “Müharibə aparılması adət və qanunları haqqında” Haaqa konvensiyasının 23-cü maddəsinin “j” bəndinə əsasən hərbi əməliyyatlar zamanı hərbi zərurətdən irəli gələn hallar istisna olmaqla düşmən əmlakının dağıdılması və ya zəbt edilməsi (qarətçilik) müharibənin qadağan olunmuş metodudur və bu hal xarici media qurumları tərəfindən BHH normlarının pozuntuları kimi paylaşılaraq düşmən tərəfindən hüquq pozuntusu kimi təbliğ olunmuş, Azərbaycan Respublikasının imicinə təsir göstərib onun təzyiqlərə məruzə qoymaq məqsədi daşımışdır. Halbuki əməliyyatlardan əvvəl şəxsi heyətə o cümlədən İddiaçı X2un (silahlı münaqişələr hüququnun) normaları izah və elan edilmiş, Azərbaycan Ordusunda əməl olunması haqqında iltizam imza edilməklə çatdırılmış, bununla bağlı məsuliyyətdə izah və elan edilmişdir. Həmçinin komandir (rəis) heyəti tərəfindən bu mövzularda dəfələrlə söhbət aparılmışdır. Yuxarıda qeyd olunanlardan görünür ki, Müdafiə nazirinin birinci müavini- Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2023-cü il tarixli 76 nömrəli əmri qanunidir, əsaslıdır, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı X2 normalarının tələblərini pozması barəsində aparılan araşdırma eləcə də videogörüntülər, digər sübutlara yetirildiyindən o “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən qanuni olaraq ehtiyata buraxılmışdır. Həmçinin məhkəmədə tədqiq olunan sənədlərdən də göründüyü kimi intizam tənbeh tədbiri “İnzibati icraat haqqında” Qanun 12.2-ci maddəsinin (12.2 İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul ediməsi qadağandır.) tələblərinə uyğun olaraq qanun pozuntusuna yol vermiş hərbi qulluqçulara eyni norma tətbiq edilmişdir. Həmin hadisədə iştirak etmiş bütün hərbi qulluqçular (gizir İddiaçı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular çavuş İddiaçı, əsgər X7 və əsgər X8) Müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2023-cü il tarixli 76 nömrəli əmri ilə eyni norma tətbiq edilməklə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə əsasən ehtiyata buraxılmışlar. Həmçinin yuxarıda qeyd olunanlardan əlavə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xx.xx.2024-cü il tarixli ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, MAHHXHQ əsgər X6 törətdiyi əmələ görə barəsində Cinayət Məcəlləsinin 328.1-ci maddəsi ilə cinayət işi başlanılsa da xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması şəraitin dəyişməsi kimi qiymətləndirilərək CPM-in 40.2-ci maddəsinə əsasən cinayət işinə xitam verilmişdir. b) İddiaçının apellyasiysa şikayətinə dair etirazının dəlilləri İddiaçı apellyasiya şikayətinə yazılı etiraz təqdim etməmişdir c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafi edərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz etdi, ərizə təqdim edərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə birinci instansiya məhkəməsində verdiyi ərizəsini nəzərə alınmamasını, ilkin tələbində qoyduğu iddiasına baxılmasını xahiş etdi. Həmçinin iddia müddətinin bərpasına dair ərizə verərək bildirdi ki, o, xəstəliyi ilə əlaqədar işdən çıxma əmrindən şikayəti gec vermiş, bu səbəbdən iddia müddətini ötürmüşdür. İddia müddətinin bərpa edilməsini və iddianın təmin edilməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri, apellyasiya instansiyasi məhkəməsində əldə edilmiş sübutları və apellyasiya şikayətinin dəlillərini araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iddianın mümkünlüyü məsələsinə düzgün hüquqi qiymət verməmiş, nəticədə düzgün olmayan qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən, iddia mümkün sayılmamalıdır.

Belə ki, məhkəmə kollegiyası iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab vermədən, iddia müddəti ötürülməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilə bilməz. Belə ki, iddiaçının irəli sürdüyü tələb İPMnin 2.2.1-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddia növünə aiddir. Müdafiə Nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2023-cü il tarixli, 76№li əmrinə əsasən: - Şəxsi Heyət Baş İdarəsinin rəisi X2 (Silahlı Münaqişə Hüququnun) normalarının, habelə informasiya təhlükəsizliyi tədbirlərinin pozulması nəticəsində dövlət və hərbi xarakterli məlumatların müxtəlif sosial şəbəkələrdə yayılmasına yol verdiklərinə görə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin bəndinə görə həqiqi hərbi xidmətdən buraxılmalarını təmin etsin: - N nömrəli hərbi hissənin qərargah və təchizat bölüyünün, mühafizə və komendant taqım komandirinin müavini müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu çavuş İddiaçı; İş materialları ilə müəyyən olunur ki, N nömrəli hərbi hissə komandirinin N oktyabr 2023-cü il tarixli 081 əç nömrəli əmrinə əsasən N nömrəli hərbi hissədən “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, ehtiyata buraxılmış ehtiyatda olan çavuş İddiaçı, ehtiyata buraxılmasına dair əmrinin verilməsinə əsas olan sənədlər məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddiaçının iddia tələbində N nömrəli hərbi hissə komandirinin N oktyabr 2023-cü il tarixli 081 əç nömrəli əmrini mübahisələndirilir. Kollegiya qeyd edir ki, Müdafiə Nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2023-cü il tarixli, 76№li əmri əsasında “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndi ilə ehtiyata buraxılması N nömrəli hərbi hissə komandirinin N oktyabr 2023-cü il tarixli 081 əç nömrəli əmri ilə “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsinə uyğun olaraq ona inzibati aktın qəbul edilməsi haqqında məlumat verilmişdir. Belə ki, İddiaçı ehtiyata buraxılması barədə göndəriş vərəqəsi xx.xx.2023-cü il tarixdə “Göndərilən sənədlərin uçotu kitabı”na imza etdirməklə ona təqdim olunmuş və ehtiyata buraxılması elan edilərək hərbi hissənin siyahısından çıxarılaraq hərbi qeydiyyata durması üçün SHXÇDX-ın Tərtər rayon şöbəsinə göndərilmişdir. İddiaçı üçün iddia müddətinin axımı xx.xx.2023-cü il tarixli əmrin ona elan edildiyi gündən, yəni xx.xx.2023-cü il tarixdən başlamış və xx.xx.2023-cü il başa çatmışdır. İddiaçı qanunla müəyyən edilmiş 30 günlük iddia müddətini üzürlü səbəblər olmadan ötürərək, xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, üzürlü səbəblər olmadığına görə ötürülmüş iddia müddəti bərpa oluna bilməz. Bu səbəbdən iddia mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun, həmçinin, apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia müddətini ötürməsi qaldırılmış iddianın inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxılmasını mümkünsüz edir. Məhkəmə kollegiyası sadalanan halları nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddiaçının iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2-1(118)-877/2025 nömrəli qərarı ləğv edilsin. İddiaçı ötürülmüş iddia müddətinin bərpasına dair ərizəsi rədd edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdehin N oktyabr 2023-cü il tarixli əmrinin ləğv edilməsi, tutduğu vəzifəyə bərpa edilməsi və xidmətdən qanunsuz azad edildiyi dövrdən xidmətə bərpa ounduğu müddətədək əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar