Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-543/2023 14.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin “2-1(85)-161/2017 saylı icra sənədi üzrə Sumqayıt şəhəri İcra İdarəsinin 7 faiz icra ödənişi tutulması haqqında 30 yanvar 2018-ci il tarixli Qərarının ləğv edilməsinə” dair şikayəti üzrə Sumqayıt İnzibati Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2-1(118)-2184/2023 nömrəli qərardadından İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı Dövlət Sosial Müdafiə X2 İş üzrə Departamenti cavabdeh İddiaçı ASC-dən ödənilməmiş məcburi dövlət sosial sığorta haqqı üzrə 1.775.084,12 manat məbləğində borcun cavabdehin əmlakının satılması yolu ilə ödənilməsi tələbi ilə Sumqayıt İnzibati- İqtisad Məhkəməsində iddia qaldırmışdır. İddia məhkəmə tərəfindən inzibati məhkəmə icraatı qaydasında, İnzibati Prosessual Məcəlləyə uyğun olaraq baxılmış və Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 2- 1(85)161/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası işə inzibati məhkəmə icraatı qaydasında baxaraq 2-1 (105)-212/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə şikayəti qismən təmin etmiş və məbləği 448.989,49 manat azaldaraq 1.326.094,63 manat müəyyən etmişdir. Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1645/17 saylı, xx.xx.2017ci il tarixli qərarı ilə şikayət təmin edilməyərək məhkəmənin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra xx.xx.2017-ci il tarixində 2-1(85)-161/2017 saylı icra vərəqəsi verilmişdir. İcra Vərəqində borcun əmlaka yönəldilməsi, əmlakın satılması yolu ilə ödənilməsi göstərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********90956 saylı Arayışa əsasən İddiaçı ASC-nin məcburi dövlət sosial sığorta haqları üzrə dövlət büdcəsinə borcu yoxdur. İddiaçı ASC cavabdeh Sumqayıt şəhər İcra İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 2-1(85)-161/2017 saylı icra sənədi üzrə Sumqayıt şəhəri İcra İdarəsinin 7 faiz icra ödənişinin tutulması haqqında 30 yanvar 2018-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Dövlət Sosial Müdafiə X2 İş üzrə Departamenti cavabdeh İddiaçı ASC-dən ödənilməmiş məcburi dövlət sosial sığorta haqqı üzrə 1.775.084,12 manat məbləğində borcun cavabdehin əmlakının satılması yolu ilə ödənilməsi tələbi ilə Sumqayıt İnzibati-İqtisad Məhkəməsində iddia qaldırmışdır. İddia məhkəmə tərəfindən inzibati məhkəmə icraatı qaydasında, İnzibati Prosessual Məcəlləyə uyğun olaraq baxılmış və Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 2-1(85)161/2017 saylı, xx.xx.2017-ci il tarixli Qərarı ilə iddia təmin edilmişdir. Daha sonra məhkəmənin həmin qərarından apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyası da işə inzibati məhkəmə icraatı qaydasında baxaraq 2-1 (105)- 212/2017 saylı, xx.xx.2017-ci il tarixli Qərarı ilə şikayəti qismən təmin edərək təmin edilmiş və məbləği 448.989,49 manat azaldaraq 1.326.094,63 manat müəyyən etmişdir. Məhkəmənin bu qərarından kassasiya şikayəti verilmişdir. Ali Məhkəmə də işə inzibati məhkəmə icraatı qaydasında baxaraq Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-1645/17 saylı, xx.xx.2017-ci il tarixli Qərarı ilə şikayət təmin edilməyərək məhkəmənin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra xx.xx.2017-ci il tarixində 2-1(85)-161/2017 saylı icra vərəqəsi verilmişdir. İcra Vərəqində də borcun əmlaka yönəldilməsi, əmlakın satılması yolu ilə ödənilməsi göstərilmişdir. Ali Məhkəmənin son qərarı çıxdıqdan sonra Dövlət Sosial Müdafiə Fondu və Dövlət Vergi Xidməti ilə İddiaçı ASC arasında əldə olunmuş razılığa əsasən tərəflər borcu Məhkəmə Qərarında nəzərdə tutulmuş qaydada, borcun ödənilməsi əmlakın satılması hesabına deyil, tələbkar üçün daha əlverişli şəkildə, ‘‘Azərboru” ASC tərəfindən pul şəklində birbaşa ödənilmişdir. 2022-ci ilin yanvar ayında isə borcun ödənilməsi başa çatmışdır. Beləliklə, borcun ödənilməsi könüllü icra olunmuş, məhkəmə qərarının icrası qaydasında nəinki əmlak satışı üçün hər hansı hərəkət edilməmiş, hətta məhkəmə qərarından nəzərdə tutulandan fərqli, tələbkar üçün onun razılığı ilə daha əlverişli şəkildə, nağd pul ödənişi ilə borc ödənilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********90956 saylı Arayışa əsasən İddiaçı ASC-nin məcburi dövlət sosial sığorta haqları üzrə dövlət büdcəsinə borcu yoxdur. Bunlara baxmayaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsi 06 dekabr 2022-ci il tarixində 23779/20 saylı məktubla İddiaçı ASC-yə müraciət edərək yenə də 2l(85)-161/2017 saylı icra sənədinin könüllü icrasını tələb etmişdir. Həmin məktubunda Sumqayıt şəhəri üzrə İcra İdarəsi bildirirdi ki, qeyd edilən icra sənədi icra olunmasa əmlakımızın üzərinə həbs qoyularaq tələbə yönələcəkdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin bu məktubuna İddiaçı ASC tərəfindən xx.xx.2022-ci il tarixli AZB01/118 saylı məktubla cavab verilərək göstərilən tələbin artıq çoxdan ödənildiyi bildirildi. Bundan sonra Sumqayıt şəhəri üzrə İcra İdarəsi bu icra sənədi üzrə İddiaçı ASC-dən 7% həcmində icra ödənişini də tələb etməyə başladı. Təəssüflər olsun ki, qanunvericiliyin tələblərinə zidd olaraq uzun müddət bu ödənişlər yalnız şifahi qaydada tələb edilir, hər hansı əsaslandırıcı sənəd təqdim edilmirdi. Cavabdehdən 7% həcmində icra ödənişinin tələbinə dair müvafiq qərarın onlara təqdim edilməsini xahiş etsələr də, müxtəlif bəhanələr gətirərək həmin qərar təqdim edilmirdi. Bu azmış kimi icra məmurları tərəfindən İddiaçı ASC-yə və onun əməkdaşlarına qarşı qanunsuz hərəkətlər edilmiş və qeyri-qanuni şəkildə, artıq icra edilmiş məhkəmə qərarını yenidən İddiaçı ASC-nin əmlakı hesabına icra etmək adı ilə, heç bir sənəd, qərar təqdim etmədən və zor tətbiq etməklə 23 dekabr 2022-ci il tarixində İddiaçı ASC-nin ərazisində olan və ona məxsus 3 ədəd - “Nissan Sunny” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı, “Nissan Maxima” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı və “Foton Forland” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi götürülərək naməlum istiqamətdə aparılmışdır. Bu günə qədər həmin nəqliyyat vasitələrinin harada olması və aqibətləri haqqında Cavabdeh tərəfindən məlumat verilmir, nəqliyyat vasitələrinin götürülməsinə dair hər hansı qərar, akt təqdim edilmir. Müraciətlərinə baxmayaraq qanunsuz götürülmüş bu nəqliyyat vasitələri də geri qaytarılmır, İddiaçı ASC İcra İdarəsindən 7% məbləğində icra ödənişinin tutulmasını əsaslandıran qərarların təqdim edilməsi tələbləri də nəticəsiz qalırdı. Nəhayət son məktublarına xx.xx.2023-cü il tarixli 419/20 saylı məktubla cavab verərək Sumqayıt şəhəri üzrə İcra İdarəsinin guya istinad etdiyi həmin qərarları təqdim etmişdir. 2023-cü ildə tərtib edilmiş bu Qərarların içində həmçinin 2-l(85)-161/2017 saylı icra sənədi üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 2023-cü ildə tərtib etdiyi 7% icra ödənişi tutulması haqqında 30 yanvar 2018-ci il tarixli Qərarı da təqdim edildi. Hazırkı Şikayətə əlavə edilmiş zərfdən göründüyü kimi, məktubun Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən 30 yanvar 2023-cü il tarixində poçta təhvil verildiyi sübut olunur. Bu isə əyani şəkildə təsdiq edir ki, məktub onların tələbi daxil olandan sonra göndərilmişdir. Bütün göstərilənlərdən göründüyü kimi, Məhkəmə Qərarında əmlakın satışı nəzərdə tutulmuşdur. İcraçılar tərəfindən hər hansı əmlak satışı ilə bağlı nəinki hərəkət edilməmişdir, hətta İddiaçı ASC tərəfindən tələbkarla razılığa əsasən borc məhkəmə qərarında müəyyən ediləndən daha əlverişli və fərli qaydada icra edilmişdir. Tərəflər arasında əldə edilmiş razılığa əsasən borc məbləği İddiaçı ASC tərəfindən tam olaraq, tələbkar üçün daha əlverişli qaydada ödənilməsinə baxmayaraq, Sumqayıt şəhəri üzrə İcra İdarəsi qanunsuz olaraq icra sənədi üzrə icraata xitam verilməli olduğu halda bunu etmir və qanunsuz olaraq İddiaçı ASC-yə qarşı 7% məbləğində icra ödənişinin ödənilməsi tələbi sürülür. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə əsasən İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmçinin, nəzərinizə çatdırırıq ki, hazırkı iş elektron məhkəmə sistemində yerləşdirilmədiyi üçün şikayətin elektron qaydada verilməsi mümkün olmamışdır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi məhkəmədən xahiş olunmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2-1(118)-2184/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim İ.Quliyev) Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, ilkin olaraq, hazırki ərizə şikayət formasında verilmiş, məhkəmə dəftərxanasından iddia kimi keçmişdir. Əgər ərzəçinin iradəsi inzibati orqanın qərarını inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmək isə bu tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil. Çünki, ərizədə qeyd edilənlər və 7% məbləğində icra ödənişinin tutulması məhkəmə qərarının icrasına nəzarət formasında baxıla biləcək işlərə aiddir. Bu kateqoriya işlərə isə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməməsinin formalaşmış məhkəmə təcrübəsi vardır. Qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən tərəf icra məmurunun qərarlarından və hərəkətlərindən şikayət verərkən, bu ayrıca iddia ərizəsi şəklində inzibati icraat qaydasında deyil, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarəti həyata keçirən məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində şikayət şəklində baxılmalıdır. Hazırkı halda bu cür nəzarəti işə inzibati qaydada baxaraq icra sənədini vermiş Sumqayıt İnzibati Məhkəməsi (o zaman Sumqayıt İnzibati-İqtisad Məhkəməsi) həyata keçirir. Lakin, birinci instansiya məhkəməsi yuxarıda göstərilən normalara əhəmiyyət verməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək iş baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 2015-ci il 2 sentyabr tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 10 oktyabr tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir”. İstinad edilən normaların məzmunundan da göründüyü kimi, “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Burada, inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərarından, hərəkət və ya hərəkətsizliyindən şikayətlərə də icra sənədini verən və ya icraya nəzarət edən müvafiq məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin icra xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı” nın İİ hissəsinin 2.1 və 2.1.1-ci bəndlərinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara (edilən hərəkət və ya hərəkətsizliyə) məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Qeyd edilənlərin hazırki işə tətbiqi baxımından kollegiya hesab edir ki, Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 2-1(85)161/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı və onunla bağlı Sumqayıt şəhəri İcra İdarəsinin xx.xx.2018-ci il tarixli icra sənədinin icrasına yönələn qərarı və ya hərəkəti ilə bağlı mübahisələr də inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələr kimi qiymətləndirilməli və bu səbəbdən onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 1.1-ci, 2.1-ci və 2.2–ci maddələrində təsbit edilmiş qaydaya görə, inzibati məhkəmələr yalnız inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxmaq və həll etmək səlahiyyətinə malikdir. Mübahisənin inzibati hüquq mübahisəsi olması iddia və ya ərizəyə inzibati məhkəmələr tərəfindən baxılması üçün əsas mümkünlük şərtlərindən sayılır. Hazırkı işdə həmin şərt ödənildiyi üçün ərizə mümkün sayılmalıdır. Digər tərəfdən, məhkəmə qərarının məcburi icrasına nəzarət həmin qərarı qəbul etmiş məhkəmənin məsuliyyət sferasına aiddir və məcburi icra tədbirləri yalnız müvafiq məhkəmə tərəfindən müəyyən edilə bilər. İcra məmurunun hərəkətinin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdiyi hallarda, şəxs sözügedən hərəkətdən icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verə bilər. İddiaçı apellyasiya şikayətinin dəlillərində haqlı olaraq icra məmurunun qərarlarından verilən şikayətlərə icra sənədinin icra edilməsinə nəzarəti həyata keçirən məhkəmə tərəfindən baxılmalı olduğunu qeyd etmiş və belə nəzarətin işə inzibati qaydada baxaraq icra sənədini vermiş Sumqayıt İnzibati Məhkəməsi tərəfindən həyata keçirildiyini hesab etmişdir. İşdən görünür ki, mübahisələndirilən 7 faiz icra ödənişinin tutulması haqqında Sumqayıt şəhəri İcra İdarəsinin xx.xx.2018-ci il tarixli qərarı məhz Sumqayıt İnzibati- İqtisad Məhkəməsinin 2-1(85)161/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən tutulmuşdur. Hansı ki, həmin dövrdə İnzibati-İqtisad məhkəmələrində inzibati və iqtisadi mübahisələrə (hazırkı kommersiya mübahisələri) baxılırdı. “Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043 nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2010-cu il tarixli, 304 nömrəli Fərmanına əsasən Yerli İqtisad Məhkəmələri əsasında İnzibati-İqtisadi Məhkəmələr yaradılmış və məhz həmin məhkəmələrdə iqtisadi mübahisələrlə yanaşı, inzibati mübahisələrə də baxılmağa başlanılmışdır. Daha sonra, “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632 nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək İnzibati və Kommersiya Məhkəmələri yaradılmışdır. Kollegiya qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq qeyd edir ki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərarından, hərəkət və ya hərəkətsizliyindən şikayətlərə icra sənədini verən və ya icraya nəzarət edən müvafiq məhkəmə tərəfindən baxılmalı olduğundan, nəticə etibarilə həmin qərar və hərəkətlərdən hazırkı iş üzrə icraya nəzarət Sumqayıt İnzibati Məhkəməsi tərəfindən həyata keçirildiyindən ərizəçi haqlı olaraq həmin məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd olunan fikirlərin davamı olaraq vurğulayır ki, Avropa İnsan hüquqları Məhkəməsinin “Assanidze Gürcüstana qarşı” işi üzrə 8 aprel 2004-cü il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə görə, istənilən məhkəmənin qəbul etdiyi qərarın icrası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə araşdırmasının tərkib hissəsi sayılmalıdır. Məhkəmə tərəfindən verilən qərarın icra olunması Konvensiyanın 6-cı maddəsinin məqsədləri çərçivəsində "məhkəmə araşdırmasının" ayrılmaz tərkib hissəsini təşkil etməlidir (Gülməmmədova Azərbaycana qarşı, § 35, Romańczyk Fransaya qarşı, § 53, aliment üzrə borcların bərpası üzrə məhkəmə qərarının icrası ilə bağlı). Birinci instansiya məhkəməsi ərizənin şikayət formasında verilməsini, lakin məhkəmənin dəftərxanasında iddia kimi keçdiyini əsas gətirərək ərizənin İnzibati Prosessual Məcəllənin 46-cı maddəsinin tələblərinə uyğun gəlmədiyini qeyd etmişdir. Bununla bağlı kollegiya qeyd ki, məhkəmənin dəftərxanasından şikayət formasında yazılan məktubun iddia kimi keçməsi iddiaçının təqsiri deyil və bu hal işə inzibati icraat qaydasında baxılmasına hər hansı məhdudiyyət yaratmamalıdır. Qeyd olunanlara əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkünsüz sayarkən haqlı olmamışdır. Bu səbəbdən apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək iş baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1, 80, 85, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2-1(118)-2184/2023 nömrəli qərardadı ləğv edilsin. İş mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-543/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-543/2023
14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver