Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-543/2024 19.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Vahid Məcid oğlu və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi iddiaçının nümayəndəsi X8, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət X1 X6 Hüquqi Şəxsinə (Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Tikilməkdə olan Meliorasiya və X3 Müdiriyyəti) qarşı “torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 25.000 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 2- 1(118)-485/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Tikilməkdə olan Meliorasiya və X3 Müdiriyyətinə (Azərbaycan Dövlət X1 X6 Hüquqi Şəxsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 70,0 ha torpaq sahəsinin 2,50326 ha hissəsi üçün kompensasiyanın hesablanaraq ona ödənilməsi tələbinə dair qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 25.000 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. RX № ******* seriyalı reyestrdən çıxarışdan görünür ki, Şabran rayonu Liman kəndində yerləşən 70 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüququ qeydə alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən tərtib edilmiş kadastr planından çıxarışdan görünür ki, həmin sənəd İddiaçı istifadəsində olan torpaq sahəsinə dair tərtib edilmişdir. Şabran rayonu ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi" obyektinin ASY-3-6 açıq su yığıcı kanalının tikintisi altına düşən torpaqların geri alınması və müqabilində hesablanmış kompensasiya məbləğinin verilməsi cədvəlindən görünür ki, İddiaçı kompensasiya almamışdır. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Tikilməkdə olan Meliorasiya və X3 Müdiriyyətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, göstərilən torpaq sahəsi İddiaçı Şabran rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə icarəyə verilmişdir. Bu səbəbdən və həmçinin ayrılan torpaq sahəsində əkin və tikili olmadığına görə ona sifarişçi təşkilat tərəfindən həmin ərazidə tikintinin aparılması barədə xəbərdarlıq edilməmişdir. İddiaçı icarəsində olan tikinti altına düşən torpaq sahəsi dövlətə məxsus olduğundan və həmin sahədə heç bir tikili və əkili olmadığından X5 üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun 5.2 bəndinə əsasən ona dəyən zərərə görə kompensasiya hesablanmamışdır. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılır ki, Dəvəçi (indiki Şabran) rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 314 saylı sərəncamına və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə əsasən Şabran rayonu Liman kəndində yerləşən 70,0 ha torpaq sahəsi xx.xx.2005-ci il tarixdən 99 il müddətinə iddiaçıya istifadəyə verilmişdir. İddiaçı istifadə hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmış və ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016cı il qeydiyyat tarixli, **********1 qeydiyyat nömrəli, **********27 reyestr nömrəli çıxarış verilmişdir. İddiaçının istifadəsində olan 70,0 ha torpaq sahəsinin 2,50326 ha hissəsi ASY- 3-6 açıq su yığıcı kanalının tikintisi altına düşdüyü üçün 2017-ci ildən dövlət ehtiyacları üçün iddiaçıdan geri alınmışdır. Lakin əvəzində hər hansı kompensasiya ödənilməmişdir. O, bununla əlaqədar aidiyyəti üzrə müraciət etmişdir. Cavabdeh qurumun ona ünvanladığı xx.xx.2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “Şabran rayonu ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” obyektinin tikintisi altına düşən torpaq sahələrinin dövlət ehtiyacı üçün geri alınması, bunun müqabilində mülkiyyətçilərə kompensasiya hesablanarkən, İddiaçı icarəsində olan 70 hektar torpaq sahəsindən 2,50326 hektarının ASY-3-6 açıq su yığıcı kanalının tikintisi altına düşdüyü müəyyən olunmuş və həmin torpağın dövlətə məxsus olduğu və üzərində tikili, çoxillik əkmələrin olmaması səbəbindən kompensasiya hesablanmamışdır”. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı icarəsində olan dövlətə məxsus Şabran rayonu Liman kəndində yerləşən 70 hektar torpaq sahəsindən 2,50326 hektarının "Şabran rayonu ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi" obyektinin ASY-3-6 açıq su yığıcı kanalının tikintisi altına düşdüyü səbəbindən həmin torpağa görə kompensasiya ödənilməsini tələb edir. Şabran rayonu ərazisindən tələb olunan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması məqsədi ilə “X5 üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq torpaqayırma layihəsi əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin "xxxx" MMC tərəfindən kadastr planlarından çıxarışlar hazırlanmış və torpaq mülkiyyətçilərinə dəyən ziyan Müstəqil Qiymətləndirici "xxxx" MMC tərəfindən qiymətləndirilmişdir. Hesabatlar maliyyələşdirici dövlət orqanı tərəfindən yoxlanmışdır. "Şabran rayonu ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi" obyektinin tikintisi altına düşən torpaq sahələrinin dövlət ehtiyacı üçün geri alınması, bunun müqabilində mülkiyyətçilərə kompensasiya hesablanarkən, İddiaçı icarəsində olan 70 hektar torpaq sahəsindən 2,50326 hektarının ASY3-6 açıq su yığıcı kanalının tikintisi altına düşdüyü müəyyən olunmuş və həmin torpağın dövlətə məxsus olduğu və üzərində tikili, çoxillik əkmələrin olmaması səbəbindən kompensasiya hesablanmamışdır. İddiaçı istinad etdiyi 7.1, 7.2 və 54.1-ci maddələr qanunun 5.1-ci bəndinə əsasən xüsusi və bələdiyyə mülkiyyətində olan dövlət ehtiyacları üçün alınan torpaqlara sahib olan şəxslərə şamil edilir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-485/2022 nömrəli, 28 dekabr 2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı icarəsində olan Şabran rayonu Liman kəndində yerləşən 2.50326 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar ümumilikdə 20.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" ASC Tikilməkdə olan Meliorasiya və X3 Müdiriyyətinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır (hakim Vəfa Əzizova). Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-404/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-485/2022 nömrəli, 28 dekabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir (hakimlər: Z.Məmmədov - sədrlik edən və məruzəçi, H.Babayeva və G.Cabbarova). İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 04 iyul 2024-cü il tarixli, 2-1(102)-1761/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2-1(105)-235/2024 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə geri qaytarılmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, işə baxan hakim tərəfindən maddi hüquq normaları pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb edildikdə dövlət tərəfindən mülkiyyət yalnız “X5 üçün alınması” haqqında Qanun ilə nəzərdə tutulmuş hallarda, dövlət əhəmiyyətli yolların, kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır (xx.xx.2012-ci il tarixli redak.) İddiaçı Şabran rayon Liman kəndində otlaq sahə kimi dövlət ehtiyat fondundan müqavilə ilə müvəqqəti istifadə üçün icarəyə götürdüyü 70 hektar torpaq sahəsindən 2,50326 hektarının Şabran rayon ərazisində mövcud, suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi, obyektin ASY-3-6 açıq su yığıcı kanalının tikintisi altına düşdüyü səbəbindən həmin torpağa görə kompensasiya ödənilməsini tələb edir. Şabran rayon ərazisindən tələb olunan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması məqsədi ilə “X5 üçün alınması” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq torpaqayırma layihəsi əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin "xxxx" MMC tərəfindən kadastr planlarından çıxarışlar hazırlanmış və torpaq mülkiyyətçilərinə dəyən ziyan Müstəqil Qiymətləndirici "xxxx" MMC tərəfindən qiymətləndirilmişdir. Hesabatlar maliyyələşdirici dövlət orqanı (Maliyyə Nazirliyi) tərəfindən yoxlanılmışdır. Şabran rayon ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi obyektinin tikintisi altına düşən torpaq sahələrinin dövlət ehtiyacları üçün geri alınması, bunun müqabilində mülkiyyətçilərə kompensasiya hesablanarkən, İddiaçı müvəqqəti istifadə üçün icarəsində olan 70 hektar torpaq sahəsindən 2,50326 hektarının ASY-3-6 açıq su yığıcı kanalının tikintisi altına düşdüyü müəyyən olunmuş və həmin torpağın dövlətə məxsus olduğu və üzərində tikili, çoxillik əkinlərin olmaması səbəbindən kompensasiya hesablanmamışdır. Azərbaycan Respublikası “X5 üçün alınması” haqqında qanunun 5.2 maddəsində olduğu kimi “Dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları dövlət ehtiyacları üçün geri alınır”. Digər qüvvədə olan qanunverici aktlara əsasən, dövlət mülkiyyətində olan torpaq sahələrini təyinatı üzrə istifadəsi məcburidir, müvəqqəti istifadə zamanı yalnız hər hansı tikiliyə və çoxillik bitkiyə çəkilən xərcə görə kompensasiya ödənilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 10-cu bəndində də “dövlət ehtiyacları üçün torpaqların alınması zamanı zərurət yarandıqda, torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqları məhdudlaşdırılır və ya xitam verilir”. Məhkəmə tərəfindən toplanılmış materialların tədqiqi zamanı gəlinən qənaət xüsusi mülkiyyət sahibi üçün nəzərdə tutulmuşdur və qanunla tənzimlənir. Məhkəmə iddiaçını müvəqqəti istifadəçi kimi yox, xüsusi mülkiyyət sahibi kimi nəzərə almışdır. Lakin həmin torpaq sahəsi dövlətə məxsusdur və istənilən zaman dövlət ehtiyacları üçün geri alına bilər. Beləliklə məhkəmə qərarın əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi, araşdırılması primitiv və təqribi qaydada göstərilmişdir. Məhkəmə prosesində qarşı tərəfin izahatını, təqdim edilmiş sənədləri və işdə olan digər materiallarla kifayətlənərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları düzgün qiymətləndirməmiş, işin halları tam araşdırılmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ OLUNAN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası Maddə13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Maddə 71. İnsan və vətəndaş hüquq və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu Maddə 3.1. Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. Maddə 3.3. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. Maddə 3.4. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız «X5 üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədilə alınır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Maddə 246 bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında qərarı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) qəbul edir Maddə 246.1. Torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Maddə 246.2. Torpaq sahəsinin alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Maddə 246.3. Dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin mülkiyyətçisi bu Məcəllənin 246.3-cü maddəsində göstərilən bildirişin göndərildiyi gündən sonra 90 təqvim günündən tez və 180 təqvim günündən gec olmayaraq bu Məcəllənin 247-ci maddəsinin tələblərinə əməl olunması şərti ilə alınan torpaq sahəsini azad etməlidir. Maddə 246.4. Mülkiyyətçinin müraciəti ilə müvafiq icra hakimiyyəti orqanı bu maddədə göstərilən müddətləri dəyişə bilər. Maddə 246.5 Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaq sahələri ilə yanaşı həmin torpaq sahələrində yerləşən və ya yerləşməyən və eyni məqsədlərlə alınan binalara (evlərə, tikililərə, qurğulara) da şamil edilir. “İnzibati icraat haqqında” Qanun Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən – İddiaçı icarəsində olan Şabran rayonu Liman kəndində yerləşən 2.50326 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar ümumilikdə 20.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" ASC Tikilməkdə olan Meliorasiya və X3 Müdiriyyətinin üzərinə qoyulması hissəsində ləğv edilməli, bu hissədə iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 25.000 manat kompensasiyanın ödənilməsi təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmiş və məhkəmə qərarını onunla əsaslandırmışdır ki, qanunvericiliklə müəyyən edilmiş qaydada icarə hüququ qeydə alınmış şəxs də mülkiyyətçi kimi alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Məhkəmə hesab etmişdir ki, iddiaçı icarəsində olan torpaq sahəsinin bir hissəsinin alınmaya məruz qalması əvəzinin ədalətli şəkildə kompensasiya edilməsini tələb etməkdə haqlı olmuşdur. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməlidir. Belə ki, iş üzrə notariat kontorundan müqayisə üçün alınmış son 3 il ərzində bağlanmış alqı-satqı müqavilələrindən görünür ki, Şabran rayonu Liman kəndinə yaxın ərazilər üzrə aparılmış alqı-satqı müqavilələrinə görə 100 kv m torpaq sahəsinin ən yüksək qiyməti 6080-100 manat təşkil etmişdir. Yuxarıda istinad edilən alqısatqı müqavilələrinə əsasən, 100 kv m torpağın 3 ən yüksək qiymətinə 60, 80 və 100 manat aid edildiyindən, onların orta göstəricisi (60 + 80 + 100)/3= 80 manat edir. Beləliklə, iddiaçıdan geri alınan 2.50326 ha torpaq sahəsinə görə kompensasiya 20.000 manat məbləğində hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbi üzrə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təqdim edilən sübutlara düzgün qiymət verilməmiş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının torpaq sahəsi üzərində hüquqlarını mülkiyyətə bərabər hüquq kimi qiymətləndirmiş və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin alqı-satqısına uyğun hesablama apararaq müvafiq kompensasiya ödənilməli olması qənaətinə gəlmişdir. Halbuki, iddiaçının istifadəsində olan torpaq sahəsi dövlət mülkiyətindədir və məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsinin bazar qiymətinə uyğun kompensasiyası ancaq torpaq sahəsinin mülkiyyətçisinə ödənilə bilər. İcarədə olan torpaq sahəsinə görə mülkiyyətçi kimi icarəçiyə də kompensasiya verilməsi yolverilməzdir və bu qanunvericiliyin tələblərinə ziddir. İcarəçi ancaq icarə hüququ ilə əlaqəli yaranmış zərərlərin qanunvericiliyin imkan verdiyi hədlərdə tələb edə bilər. Qeyd edilənlər nəzərə alınaraq Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyun 2024-cü il tarixli, 2-1(105)-543/2024 nömrəli qərardadı ilə Şabran rayon İcra Hakimiyyətinin adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Hazırki işin hallarından görünür ki, RX N ******* seriyalı reyestrdən çıxarışla Şabran rayonu Liman kəndində yerləşən 70 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüququ qeydə alınmışdır. Həmin hüququn yaranmasına əsas keçmiş Dəvəçi (Şabran) Rayon İcra Hakimiyyəti başçısının 29 noyabr 2004-cü il tarixli, 314 saylı sərəncamı olmuşdur. Eyni zamanda Şabran Rayon Dövlət Arxivindən Şabran Rayon İcra Hakimiyyəti Başçısının 28 noyabr 2016-cı il tarixli 172 nömrəli sərəncamın təsdiqlənmiş surəti məhkəməyə təqdim olunmuşdur. Həmin sərəncamla müəyyən olunur ki, rayon icrası davam edən yeni suvarılacaq əkin dövriyyəsinə daxil olan (mövsümi və uzun müddətli) 14922 hektar torpaq sahəsi “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi’’nin tərkib hissəsi olduğu üçün rayon İcra Hakimiyyəti ilə Şabran şəhər sakini İddiaçı arasında qoyunçuluq təsərrüfatı yaratmaq üçün örüş məqsədi ilə ayrılmış 70 hektar torpaq sahəsindən istifadəyə dair rayon İcra Hakimiyyəti başçısının imzaladığı 29 noyabr 2004-cü il tarixli 314 nömrəli sərəncama əsasən bağlanmış icarə müqaviləsinə vaxtından əvvəl xitam verilmiş, sərəncamın surətinin aidiyyəti üzrə göndərilməsi təmin edilməsi qərara alınmış, İddiaçı icarə müqaviləsinə xitam verilmiş torpaq sahəsinin əvəzinə kənar ərazidən torpaq sahəsi ayrılması üçün rayon Kənd Təsərrüfatı idarəsinə müraciət etməsi tövsiyə olunmuşdur. Qeyd edilən ziddiyətlərin səbəbinin müəyyən edilməsi məqsədi ilə məhkəmə araşdırması zamanı müvafiq sorğular edilmiş və müəyyən edilmişdir ki, Şabran Rayon Dövlət Arxivindən Şabran Rayon İcra Hakimiyyəti Başçısının 28 noyabr 2016-cı il tarixli 172 nömrəli sərəncamı olsa da, həmin sərəncamın yarada biləcəyi hüquqi nəticələr həyata keçməmiş, iddiaçının 70 ha torpaq sahəsi üzərində dövlət qeydiyyatına alınmış hüquqlarının ləğvi baş verməmişdir. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq daxil olmuş Şabran rayon İcra Hakimiyyətinin 04 iyul 2024-cü il tarixli, 5-74/2-B-39-160/2024 nömrəli məktubundan qeyd edilir ki, Şabran (keçmiş Dəvəçi) Rayon İcra Hakimiyyəti başçısının 29 noyabr 2004-cü il tarixli, 314 nömrəli sərəncamı ilə 70 ha torpaq sahəsi uzun müddətli müqavilə əsasında İddiaçı istifadəsinə verilmiş və hal-hazırda icarəçi İddiaçı istifadəsindədir. Qeyd edilir ki, icarəçi İddiaçı tərəfindən torpaq sahəsinin istifadəsinə görə hər bir hektar üçün 1 (bir) manat 50 (əlli) qəpik icarə haqqı olmaqla son beş ildə (2019-2020-2021-2022-2023-cü illərdə) hər il 106 (yüz altı) manat məbləğində icarə haqqı ödənilmişdir. Məhkəmə kollegiyası üçüncü şəxs Şabran Rayon İcra Hakimiyyətinin yuxarıda qeyd edilən sərəncamı ilə məhkəməyə verdiyi cavablar arasında uyğunsuzluğu həmin qurumun öz fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun qurmaması kimi qiymətləndirir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının icarə hüquqları qanunvericliyə uyğun formada həyata keçirilməsi şərti ilə ancaq dövlət ehtiyacları üçün alınan hissədə ləğv edilə bilərdi. 70 ha torpaq sahəsi üzərində iddiaçını icarə hüqularının tamamına o vaxt xitam verilə bilərdiki, iddiaçı bununla razılaşmış olsun. Bu isə iddiaçıya əlverişli sayılan digər təklif və.s səbələrdən ola bilərdi. Hər bir halda məhkəmə kollegiyası RX N ******* seriyalı reyestrdən çıxarışla Şabran rayonu Liman kəndində yerləşən 70 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüququnun qeydə alındığını və həmin dövlət qeydiyyatının qüvvədə olduğunu nəzərə alaraq hesab edir ki, hazırkı şərtlərdə iddiaçının dövlət tərəfindən tanınan hüququ mövcuddur. Məhkəmə kollegiyası məhkəmə praktikasına əsaslanaraq onu da qeyd edir ki, torpaqlar dövlət ehtiyacları üçün geri alındığı halda, daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəlişlərin aparılmaması hallarına rastlanır ki, bu da inzibati orqanların fəaliyyətinin düzgün qurulmamasından yaranır, hansı ki bu hallar sui-istifadələrə və əlavə mübahisələrin yaranmasına şərait yaradır. Hazırkı işdə də iddiaçının icarəsində olan torpaq sahəsinin müəyyən hissəsi dövlət ehtiyacları üçün geri alındığı halda, daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmamışdır. İddiaçı tərəf məhkəmə iclaslarında bildirir ki, torpaq sahəsini onların əlindən almaq istəmişlər və üç il onlar torpadan istifadə edə bilməmişlər. Lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırda torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir. O, müvafiq olaraq torpaq sahəsindən istifadəyə görə icarə haqqı ödəyir və onun icarə hüquqlarının dövlət qeydiyyatı silinməmiş, hazırda qüvvədədir. Hər bir halda məhkəmə kollegiyası iddiaçı tərəfə tövsiyyə edir ki, gələcəkdə ona qarşı istifadə edilə bilməsi baxımından Şabran Rayon İcra Hakimiyyəti Başçısının 28 noyabr 2016-cı il tarixli 172 nömrəli sərəncamını məhkəmə qaydasında mübahisələndirə bilər. Lakin məhkəmə kollegiyası iddiaçının üçüncü şəxsə qarşı qaldıra biləcəyi bir çox iddialarının uğurluluq ehtimalını yüksək hesab etsə də, hazırkı iddianı əsaslı hesab etmir. Belə ki, cavabdeh qeyd edir ki, torpaq sahəsi İddiaçı Şabran rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə icarəyə verilmişdir. Şabran rayonu ərazisindən tələb olunan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması məqsədi ilə “X5 üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq torpaqayırma layihəsi əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin "xxxx" MMC tərəfindən kadastr planlarından çıxarışlar hazırlanmış və torpaq mülkiyyətçilərinə dəyən ziyan qiymətləndirilmişdir. İddiaçının icarəsində olan 70 hektar torpaq sahəsindən 2,50326 hektarının layihəyə düşdüyü müəyyən olunmuş və torpağın dövlətə məxsus olduğu və üzərində tikili, çoxillik əkinlərin olmaması səbəbindən kompensasiya hesablanmamışdır. Hazırda iddiaçı həmin torpaq sahəsi üzərində icarə hüququ olduğundan ona kompensasiya verilməli olduğunu iddia edir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinə əsasən (İcarəyə verilmiş X5 üçün alınması) hüquqi və ya fiziki şəxslərə icarəyə verilmiş X5 üçün alınması halları və şərtləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “X5 üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.(16.1) Torpaq dövlət ehtiyacları üçün alındıqda, onun əvəzində icarəçiyə eyni ölçüdə və keyfiyyətdə başqa torpaq verilə bilər.(16.2) Torpaq dövlət ehtiyacları üçün alınarkən icarəçilər tərəfindən bu torpağa çəkilmiş xərclər qanunvericiliklə müəyyən olunmuş qaydada ödənilir.(16.3) Hazırki mübahisədən göründüyü kimi, iddiaçı torpaqdan icarə hüquq münasibətləri əsasında istifadə etmişdir. Müvafiq layihə çərçivəsində torpaq sahəsi dövlət ehtiyacları üçün geri alınarkən aparılmış araşdırma ilə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən icarəyə verilən torpaq sahəsi üzərində tikililər olmamış, ağaclar əkilməmiş, əkin sahələri mövcud olmamış, müvafiq olaraq kompensasiya ödənilməsi üçün də əsas olmamışdır. Belə ki, qanunun tələbindən də göründüyü kimi, torpaq dövlət ehtiyacları üçün alınarkən icarəçilər tərəfindən bu torpağa çəkilmiş xərclər qanunvericiliklə müəyyən olunmuş qaydada ödənilir. İddiaçı tərəfindən isə müvafiq xərclərin çəkildiyi müəyyən olunmadığından hazırki vəziyyətdə cavabdeh inzibati orqanın hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının hazırkı tələblər baxımından hər hansı hüququnun pozulduğu müəyyən olunmur. İddiaçı hazırki tələbində haqlı olmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 10-cu bəndinə əsasən, “dövlət ehtiyacları üçün torpaqların alınması zamanı zərurət yarandıqda, torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqları məhdudlaşdırılır və ya xitam verilir”. “X5 üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.9-cu maddəsinə əsasən, narahatlıq-torpağın məcburi alınması nəticəsində iddiaçının məruz qaldığı və ya onun tərəfindən çəkilmiş xərc və köçürülmə ilə bağlı, o cümlədən torpağın bu Qanunla müəyyən edilmiş qiymətinə birbaşa əsaslanmayan hər hansı pul zərəridir. (köçürülmə planına uyğun olaraq köçürülmə ilə bağlı tələb olunan bütün ağlabatan xərclər də nəzərə alınmaqla); 1.1.11-ci maddəsinə əsasən, zərərli təsir-alınan torpaqda dövlət ehtiyacının yaranmasına səbəb olmuş layihənin həyata keçirilməsi, o cümlədən layihə ilə nəzərdə tutulmuş yeni tikintinin (obyektin) inşası və (və ya) həmin tikintinin təyinatı, yaxud istifadəsi (istismarı) ilə əlaqədar alınan torpaqla yanaşı olan torpağın və ya saxlanılan (alınmayan) torpağın bazar qiymətinin və ya bərpa qiymətinin azaldılmış məbləğidir. Eyni zamanda yuxarıda qeyd olunan normaların tələbləri baxımındanda iddiaçının kompensasiya tələbi əsaslı hesab olunmur. Sözügedən torpaq sahəsinin dövlət mülkiyyəti olması işin mübahisə olunmayan halıdır. Dövlət mülkiyyətində olan torpaq sahələri dövlət ehtiyacı üçün alındığı təqdirdə iddiaçı tərəfindən müvafiq xərclər çəkilmiş olsaydı, kompensasiya tələbinin əsası yaranmış ola bilərdi. Hazırki iş üzrə iddiaçı tərəfindən xərclər çəkilməsi sübuta yetirilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, onlar kimi torpaq sahəsinə dair icarə müqaviləsi bağlayıb, kompensasiya alan şəxslər vardır. Qeyd olunan halın araşdırılması məqsədilə ASY-3-6 açıq su yığıcı kanalının tikintisi ilə bağlı həyata keçirilən layihə çərçivəsində (iddiaçının icarəsində olan torpaq sahəsindən keçən işlərlə bağlı) torpaq sahəsindən icarə hüququ əsasında istifadə edən digər şəxslərə kompensasiya ödənilib-ödənilməməsi barədə məlumat verilməsi, ödənildiyi təqdirdə kimlərə, hansı əsaslarla və hansı məbləğdə kompensasiya ödənilməsi barədə məlumat verilməsi və bununla əlaqədar müvafiq sənədlərin təqdim edilməsi üçün cavabdeh inzibati orqana 10 sentyabr 2024-cü il tarixli sorğu ünvanlanmışdır. Azərbaycan Dövlət X1 Obyektlərin Müdiriyyəti publik hüquqi şəxsinin 16 oktyabr 2024-cü il tarixli, 3-53-5/2-477/2024 nömrəli məktubunda qeyd olunur ki, ASY-3-6 açıq su yığıcı kanalının tikintisi ilə bağlı həyata keçirilən layihə çərçivəsində (iddiaçının icarəsində olan torpaq sahəsindən keçən işlərlə bağlı) torpaq sahəsindən icarə hüququ əsasında istifadə edən digər şəxslərə kompensasiya torpaq sahəsində olan tikililərə, ağaclara və bənzər əmlaka dəymiş ziyana görə ödənilmişdir. Dövlət mülkiyyətində olan torpaq sahələrinin icarəçilərinə sırf torpaq sahələri ilə əlaqədar kompensasiya ödənilməmişdir. Qeyd olunan məsələlər məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsinin diqqətinə çatdırılaraq onunla müzakirə edilmişdir. Bundan əlavə məhkəmə kollegiyası tərəfindən İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbi nəzərə alınmaqla iddiaçının nümayəndəsinə hüquqi yardım edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfin izahatlarından aydın olur ki, iddiaçının narazı olduğu digər bir məsələ ASY-3-6 açıq su yığıcı kanalının mübahisəli torpaq sahəsini iki yerə bölməsi, kanalı keçmək imkanının olmaması və kanalın qoruma çəpərinin olmaması ilə əlaqədar heyvanların kanala düşməsi ilə bağlıdır. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında qeyd olunan hallar ilə əlaqədar iddiaçı tərəfindən müvafiq müraciət daxil olduğu təqdirdə kanalın istismarını həyata keçirən idarə tərəfindən müvafiq araşdırılma aparılacağını bildirmişdir. Həmçinin iddiaçı məhkəməyə vəsatət ünvanlayaraq torpaq sahəsinin neçə hektarının yararsız hala düşməsinin dəqiqləşdirilməsi məqsədilə onun iştirakı ilə ekspertiza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə gəlinən nəticəyə təsir etməyəcəyi üçün qeyd olunan halın araşdırılmasına zərurət olmadığını hesab etmişdir. Belə ki, dövlət ehtiyacları üçün nə qədər torpaq sahəsi alınmışdırsa, həmin sahəyə uyğun iddiaçı tərəfindən İcra Hakimiyyətinə qarşı müvafiq tələblər irəli sürülə bilər. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı torpaq sahəsinin müəyyən hissəsindən istifadə etməsədə, 70 hektar torpaq sahəsinə görə icarə haqqı ödəməyə davam edir. İddiaçı eyni zamanda artıq ödənilmiş icarə haqqlarının geri qaytarılmasını da tələb edə bilər. Qeyd olunanlarla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən – İddiaçı icarəsində olan Şabran rayonu Liman kəndində yerləşən 2.50326 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar ümumilikdə 20.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" ASC Tikilməkdə olan Meliorasiya və X3 Müdiriyyətinin üzərinə qoyulması hissəsində ləğv edilməli, bu hissədə iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçıya izah edilsin ki, yuxarıda qeyd edilən hüquq müdafiə vasitələrindən istifadə etməsi istisna edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 2-1(118)-485/2022 nömrəli qərarı qismən – İddiaçı icarəsində olan Şabran rayonu Liman kəndində yerləşən 2.50326 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar ümumilikdə 20.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" ASC Tikilməkdə olan Meliorasiya və X3 Müdiriyyətinin üzərinə qoyulması hissəsində ləğv edilsin. Bu hissədə yeni qərar qəbul edilməklə iddia rədd edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.