Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-543/2025 02.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1694/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Aynur Axundova) xx.xx.2025-ci il tarixli 2-1(118)- 1694/2025 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Siyəzən rayon Beşdam bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 34-1 nömrəli qərarına əsasən tikinti məqsədilə 1.0 ha torpaq sahəsi mərhum X3 ayrılmış və arvadı-vərəsəsi İddiaçı hazırda faktiki istifadəsində olan 1.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan-sxeminin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Siyəzən rayon Beşdam bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 34-1 nömrəli qərarına əsasən tikinti məqsədilə 1.0 ha torpaq sahəsi mərhum X3 ayrılmış və arvadıvərəsəsi İddiaçı hazırda faktiki istifadəsində olan 1.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan-sxeminin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Siyəzən rayon Beşdam bələdiyyəsinin 27 oktyabr 2005-ci il tarixli 34-1 nömrəli qərarına əsasən tikinti məqsədilə 1.0 ha torpaq sahəsi onun mərhum əri X3 ayrılmış, istifadə və sahibliyinə verilmişdir (torpağa mülkiyyət hüququna dair JN-0750, KOD 30508018 nömrəli Dövlət aktı). Torpaq sahəsi mərhum X2 arvadı olaraq - vərəsə kimi İddiaçı istifadəsindədir. X4 15 fevral 2023-cü ildə vəfat etmişdir. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət olunsa da, inzibati orqan 21 may 2024-cü il tarixli cavab məktubu ilə müraciətin təmin edilməsindən imtina etmişdir. İmtina məktubunda müraciət olunan 1.0 ha torpaq faktiki torpaq sahəsi ilə JN-0750 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı sənədində göstərilən koordinatlar arasında 143 metr fərq olduğunu və torpaq sahəsi meşə fondu kateqoriyalı torpaq sahələrinə aid olması qeyd edilmişdir. Hesab edir ki, cavabdehin imtina əsassızdır. Ona görə də, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək göstərir ki, Siyəzən rayonu Beşdam kəndi ərazisində yerləşən ümumi sahəsi 1.0 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi barədə xx.xx.2024-cü il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilmiş və həmin müraciət ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Daşınmaz əmlakın texniki inventralaşdırılması zamanı müəyyən olunmuşdur ki, faktiki torpaq sahəsi ilə JN-0750 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı sənədində göstərilən koordinatlar arasında 143 metr fərq mövcuddur. Kadastr məlumat bazasına əsasən torpaq sahəsi meşə fondu kateqoriyalı torpaq sahələrinə aiddir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddianı rədd edərkən göstərmişdir ki, Siyəzən rayon Beşdam bələdiyyəsinin 27 oktyabr 2005-ci il tarixli 34-1 nömrəli qərarına əsasən tikinti məqsədilə mərhum X3 ayrılmış 1.0 ha torpaq sahəsinin kategoriyası meşə fondu kimi göstərilmişdir, vahid elektron baza məlumatlarında 1.0 ha torpaq sahəsi **********08 reyestr nömrəli və JN 120 nömrəli dövlət aktı ilə üst-üstə düşür və həmin 1.0 ha torpaq sahəsinin faktiki və sənəd üzrə koordinatları arasında 143 metr fərq mövcuddur. Eyni zamanda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkişafı Xidmətinin xx.xx.2024-cü il tarixli 3-14- 27/2-510/2024 saylı məktubunda qeyd edilmişdir ki, təqdim olunmuş 1.X-349915 Y4541148, 2.X-349766 Y-4541282, 3.X-349795 Y-4541323, 4.X-349944 Y-4541190 (faktiki istifadəyə görə) koordinatlar aidiyyatı üzrə 4 saylı X5 Mərkəzinin Siyəzən meşəbəyliyinin meşə quruluşu xəritəsi ilə tutuşdurularaq araşdırma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, təqdim olunmuş koordinatlar Siyəzən meşəbəyliyinin 15-ci kvartalının xidməti ərazisi olmaqla meşə fonduna aiddir. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamaqla iş üzrə yekun nəticəyə gəlinməsi üçün tam araşdırılmamışdır. Odur ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdi və izahatında bildirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən, həmçinin elektron uçot məlumatlarına əsasən torpaq sahəsinin meşə fonduna daxil olduğu göstərilmişdir. Lakin torpaq sahəsi satılmazdan öncə bələdiyyə mülkiyyətində olan torpaq sahələri ilə meşə fonduna aid olan torpaq sahələrinin dəyişdirilməsi prosesi baş tutmuşdur. İddiaçı ilə qonşuluqda olan digər torpaq sahələrinin mülkiyyətçiləri də bu prosesdən sonra həmin torpaq sahələrini əldə etmişlər. Bu halın aydınlaşdırılması üçün Siyəzən rayon İcra Hakimiyyəti və Siyəzən bələdiyyəsinə sorğu göndərilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini əsassız hesab etdi və bildirdi ki, iddiaçının tələb etdiyi torpaq sahəsi meşə fonduna aiddir, meşə fonduna aid torpaq sahələrinin mülkiyyətə verilməsinə yol verilmir. Bu səbəbdən iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işdə iddiaçının hüquqi marağı Siyəzən rayon Beşdam bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 34-1 nömrəli qərarına əsasən tikinti məqsədilə mərhum əri X3 ayrılmış 1.0 ha torpaq sahəsinin vərəsə olaraq onun adına rəsmiləşdirilərək, 1.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsindən ibarətdir. Cavabdeh inzibati orqan iddiaçının tələbini təmin etməkdən imtina edərkən göstərir ki, Daşınmaz əmlakın texniki inventralaşdırılması zamanı müəyyən olunmuşdur ki, faktiki torpaq sahəsi ilə JN-0750 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı sənədində göstərilən koordinatlar arasında 143 metr məsafə fərqi mövcuddur. Kadastr məlumat bazasına əsasən torpaq sahəsi meşə fondu kateqoriyalı torpaq sahələrinə aiddir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Kadastr və Yerquruluşu Layihə-X6 Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli 3- 21-3-60/2-1813/2024 saylı məktubu ilə JN 0750 KOD 30508018 “torpağa mülkiyyət hüququna dair” dövlət aktının tərtib edilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərinin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Siyəzən rayon Beşdam bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 34-1 nömrəli qərarı ilə Beşdam kənd sakini X3 Siyəzən rayon Beşdam kəndinin bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsindən tikinti məqsədilə 1,0 ha torpaq sahəsi satılması qərara alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi xx.xx.2005-ci il tarixli 607 nömrəli rəyində bildirmişdir ki, Beşdam kənd sakini X1 nəzərdə tutulmuş torpaq sahəsi 1,0 ha olmaqla Beşdam Bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına örüş torpaqlarına aid olmaqla, həmin məqsəd üçün satılması qanunamüvafiqdir. Siyəzən rayon Beşdam bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarının, alqı-satqı aktının, torpaq sahəsinin yerquruluşu planından çıxarışların surətləri və sair sənədlər iş materiallarına əlavə edilmişdir. xx.xx.2006-cı il tarixdə 205 nömrə ilə qeydiyyata alınmış JN 0750, KOD 30508018 olan “torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Siyəzən rayon Beşdam bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 34-1 nömrəli qərarı ilə Beşdam kənd sakini X3 cizgidə göstərilən sərhədlər daxilində tikinti məqsədilə 1.00 ha torpaq sahəsi satılmışdır. X4 xx.xx.2023-cü ildə ölmüşdür. İddiaçı mərhum X2 qanun üzrə vərəsəsidir. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-3-31/2-3032/2024 saylı məktubu ilə mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Rəydə göstərilir ki, Siyəzən rayon Beşdam bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 34-1 nömrəli qərarına əsasən tikinti məqsədilə mərhum X3 ayrılmış 1.0 ha torpaq sahəsinin kategoriyası meşə fondu kimi göstərilmişdir, yararlılıq dərəcəsi (az yararlı və ya yararsız vəziyyəti) barədə aidiyyəti üzrə “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edilməsi tövsiyə olunur. Torpaq sahəsinə dair müayinə aktı və ortofoto görüntülərini qoşma faylda təqdim edilmişdir. Vahid elektron baza məlumatlarında 1.0 ha torpaq sahəsi **********08 reyestr nömrəli və JN 120 nömrəli dövlət aktı ilə üst-üstə düşür. Siyəzən rayon Beşdam Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 34-1 nömrəli qərarına əsasən tikinti məqsədilə mərhum X3 ayrılmış 1.0 ha örüş torpaq sahəsinin ətrafında yerləşən, üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və onların verilməsinə əsas olan sənədlərin, ortofoto görüntülərin qoşma faylda məhkəməyə təqdim edilmişdir. Həmin 1.0 ha torpaq sahəsinin faktiki və sənəd üzrə koordinatları arasında 143 metr fərq mövcuddur və əlavə olunmuş ortofoto görüntüsündə göstərilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli 3-21-3-31/2-3537/2024 saylı məktubunda məhkəmənin sorğusuna cavab olaraq qeyd etmişdir ki, 1.0 ha torpaq sahəsinin faktiki və sənəd üzrə koordinatları arasında 143 metr fərq mövcuddur və faktiki yerləşmə üzrə üst-üstə düşmə halı yoxdur. Eyni zamanda, 1.0 ha torpaq sahəsinin faktiki və sənəd üzrə koordinatları, müqayisəli və rəngli ortofoto görüntüsü təqdim edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkişafı Xidməti xx.xx.2024-cü il tarixli 3-14- 27/2-510/2024 saylı məktubla məhkəmənin sorğusuna cavab olaraq qeyd etmişdir ki, təqdim olunmuş 1.X-349915 Y4541148, 2.X-349766 Y-4541282, 3.X- 349795 Y-4541323, 4.X-349944 Y-4541190 (faktiki istifadəyə görə) koordinatlar aidiyyatı üzrə 4 saylı X5 Mərkəzinin Siyəzən meşəbəyliyinin meşə quruluşu xəritəsi ilə tutuşdurularaq araşdırma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, təqdim olunmuş koordinatlar Siyəzən meşəbəyliyinin 15-ci kvartalının xidməti ərazisi olmaqla meşə fonduna aiddir. Azərbaycan Respublikasının Meşə Məcəlləsinin 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir. Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir. Meşə Məcəlləsinin 14-cü maddəsinə əsasən meşə fondu sahələrindən istifadə hüququ meşələrin çoxfunksiyalı mahiyyəti nəzərə alınmaqla həyata keçirilir (müxtəlif şəxslər tərəfindən və müxtəlif məqsədlər üçün eyni vaxtda istifadə). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə fiziki və hüquqi şəxslərə müqavilə əsasında icarəyə verilə bilər. Bu Məcəllə ilə nəzərdə tutulmamış hallarda meşə fondu sahələrindən istifadə hüququna dair mülki və torpaq qanunvericiliklərinin normaları tətbiq edilir. Meşə Məcəlləsinin 15-ci maddəsinə əsasən meşə fondu sahələrindən istifadə hüququnun əsasları aşağıdakılardır: müqavilələr; məhkəmə qərarları; bu Məcəllə ilə yol verilən digər əsaslar. Meşə sahələrindən istifadə hüququ, kütləvi servitut istisna olmaqla, meşə fondu sahələrinin icarə müqaviləsinin dövlət qeydiyyatından keçdiyi, meşəqırma bileti, order, meşə bileti alındığı vaxtdan əldə edilir. Meşə Məcəlləsinin 72-ci maddəsinə əsasən müvafiq təşkilatlar tərəfindən meşə fondu sahələrində elmi tədqiqat işləri aparıla bilər. Bu meşə istifadəsi həmin məqsədlərə uyğun gəlmədikdə, meşə təsərrüfatı müəssisəsi fiziki və hüquqi şəxslərə meşə fondu sahəsindən istifadəni məhdudlaşdırır və ya qadağan edir. Mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri üçün verilmiş meşə sahələrində meşə istifadəçiləri təbii landşaftın saxlanılması, yanğın təhlükəsizliyi və meşələrdə sanitariya qaydalarına əməl etmək şərtilə abadlıq tədbirləri görə bilərlər.Meşə fondu sahələri ov yerləri kimi qanunvericilikdə müəyyən edilmiş qaydada ovçuluq təsərrüfatının ehtiyacları üçün fiziki və hüquqi şəxslərin istifadəsinə və ya icarəsinə verilə bilər. Meşə fondu sahələrindən elmi tədqiqat mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Qanunvericiliyin tələblərindən görünür ki, meşə fondu torpaqları dövlətin müstəsna mülkiyyətindədir və meşə fondu torpaqlarının özgəninkiləşdirilməsi imperativ qaydada qadağan edilir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırkı işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə əsasən Qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər. Bu halda ərizəçiyə bildiriş təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Cavabdeh inzibati orqan daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Hazırkı iş üzrə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etdiyi 1,0 torpaq sahəsi meşə fonduna aid olmaqla, dövlətin müstəsna mülkiyyətindədir və meşə fondu torpaqlarının xüsusi mülkiyyətə verilməsi qanunvericiliklə qadağan edildiyinə görə, cavabdeh inzibati orqan iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edərkən haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu müəyyən edilmir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verərək, cavabdeh inzibati orqanının imtinasını əsaslı hesab edərək, iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmiş, iddiaçının apellyasiya şikayəti formal xarakter daşımaqla, əsassızdır. Həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1694/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-543/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-543/2025
02.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver