Məhkəmə qərarları › İş №2-1(105)-544/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-544/2021

11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-544/2021 11.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı1 Cavabdehnə qarşı “Cavabdeh Başçısının 16.04.2008-ci il tarixli 376a nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair iş üzrə Açar sözlər: subyektiv hüququn olmaması ilə bağlı iddianın mümkünsüzlüyü Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı4 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı1 Cavabdehnə qarşı “Cavabdeh Başçısının 16.04.2008-ci il tarixli 376a nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2-1(118)-982/2021 saylı qərardadından İddiaçı2 və İddiaçı4 nümayəndəsi Vəkil tərəfindən verilən apelyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı1 Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh Başçısının 16.04.2008-ci il tarixli 376a nömrəli sərəncamının ləğv edilməsi”nə dair qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçının əsaslandırması:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Quşçuluq KTMİ müəssisəsi ərazisində yerləşən torpaq sahəsi İddiaçı4 babası X9 məxsus olmuş və faktiki olaraq da onun və digər iddiaçılar İddiaçı2 Əmrəli oğlunun, İddiaçı3 və İddiaçı1 istifadəsindədir. 2019-cu ildə tanımadıqları şəxs tərəfindən məhkəməyə verilərək faktiki istifadələrində olan Abşeron Quşçuluq KTMİ müəssisəsi ərazisində yerləşən torpaq sahəsinə dair sərəncamın olduğunu bildirərək ərazini boşaltmaları tələb edilmişdir. Abşeron rayon İHB-nin 16.04.2008-ci il tarixli 376a nömrəli sərəncamına əsasən Abşeron Quşçuluq KTMİ müəssisəsi ərazisində yerləşən 3.2 ha (kadastr nömrəsi **********0607 olan plan ölçüdə göstərilmiş) torpaq sahəsinin X7 istifadəsinə verilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-148/2020 saylı 09 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən Abşeron rayon İHB-nin 16.04.2008-ci il tarixli 376a nömrəli sərəncamı əsasında X1 təsərrüfatı məqsədilə istifadəsinə verilmiş kadastr nömrəsi **********0607 olan plan-ölçüdə göstərilmiş torpaq sahəsində inşa edilən və “Kadastr və Yer quruluşu Lahiyə-Tədqiqat Mərkəzi" MMC tərəfindən tərtib olunmuş sxemdə göstərilmiş (döngə nöqtələrinin nömrəsi 1-2 olan 255.4 metr məsafədə, döngə nöqtələrinin nömrəsi 2- 3 olan 141.6 metr məsafədə, döngə nöqtələrinin 3-4 olan 137.9 metr məsafədə, döngə nöqtələrinin nömrəsi 4-5 olan 52.0 metr olan məsafədə, döngə nöqtələrinin nömrəsi 5-6 olan 56.8 metr olan məsafədə, döngə nöqtələrinin nömrəsi 6-1 olan 159.2 metr məsafədə yerləşən və həmin torpaq sahəsinin daxilində yerləşən) tikililər cavabdehlər X5 və X6 vəsaiti hesabına sökülməsi, Abşeron rayon İHB-nin 16.04.2008-ci il tarixli 376a nömrəli sərəncamı əsasında Abşeron Quşçuluq KTMİ müəssisəsi ərazisində yerləşən 3.2 ha (kadastr nömrəsi **********0607 olan plan-ölçüdə göstərilmiş torpaq sahəsinin X7 istifadəsinə verilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 136.40 manat cavabdehlər X2 və X3 birgə qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Mübahisə predmeti olan torpaq sahəsi 1886-cı ildən İddiaçı4 babasının və ondan öncəki valideynlərinin olmuş, hazırda da faktiki olaraq onun istifadəsindədir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin məktubundan da göründüyü kimi mübahisəli torpaq sahəsinə dair Cavabdeh Başçısının 16.04.2008-ci il tarixli Sərəncamı əsassızdır. Belə ki, Cavabdeh Başçısının 16.04.2008-ci il tarixli Sərəncamı ilə İddiaçı4 istifadəsində olan torpaq sahəsi qanunsuz olaraq yararsız torpaq kimi göstərilərək X10 icarəyə verilmişdir. Cavabdeh Abşeron rayon Dövlət Arxivinin H-175 saylı 04 noyabr 2020ci il tarixli məktubuna əsasən Abşeron rayon İHB-nin 16.04.2008-cı il tarixli 376a nömrəli sərəncamı və sərəncama əlavələrin təsdiq olunmuş arxiv surətləri təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən göründüyü kimi müqavilə etibarsızdır. Belə ki, həmin müqavilənin tarixi və nömrəsi yoxdur. Bundan başqa həmin müqavilə torpaq sahəsini icarəyə götürən şəxs tərəfindən də imzalanmamışdır. Cavabdehnə 03 noyabr 2020-ci il tarixdə Abşeron rayon İHB-nin 16.04.2008-ci il tarixli 376a nömrəli sərəncamın qeydiyyatının aparıldığı qeydiyyat kitabçasından çıxarış ilə bağlı verilmiş sorğuya cavab verilməmişdir. Həmçinin Abşeron rayon İHB-nin 16.04.2008-ci il tarixli 376a nömrəli sərəncamı əsasında X10 verilmiş Abşeron Quşçuluq KTMİ müəssisəsi ərazisində yerləşən 3.2 ha (kadastr nömrəsi **********0607 olan plan-ölçüdə göstərilmiş) torpaq sahəsi dövlət qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 23 dekabr 2020-ci il tarixli məktubuna əsasən Abşeron rayon İHB-nin 16.04.2008-ci il tarixli 376a nömrəli sərəncamına əsasən X10 ayrılmış torpaq sahəsi dövlət reyestrindən qeydiyyatdan keçmədiyi göstərilmişdir. Cavabdehin etirazları:

3. Cavabdeh Abşeron rayon İcra Hakimyyəti iddiaya qarşı etiraz təqdim etməmişdir. Birinci instansiya məhkəməsində icraat:

4. Sumqayıt İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli № 2-1(118)-982/2021 saylı qərardadı ilə (hakim L.E.Mirzəyeva) iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı1 Cavabdehnə qarşı Cavabdeh Başçısının 16.04.2008-ci il tarixli 376a nömrəli sərəncamın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır.

5. Qərardaddan narazı qalan iddiaçılar İddiaçı2 və İddiaçı4 nümayəndəsi və vəkili Vəkil hər biri ayrı ayrılıqda apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2-1(118)-982/2021 saylı qərardadının ləğv edilərək iddianın baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişlər. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) apelyasiya şikayətinin dəlilləri:

6. İddiaçı4 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi faktiki olaraq İddiaçı4 və iddia ilə məhkəməyə müraciət edən digər şəxslərin faktiki sahibliyindədir. Həmin sahibliyin sübutu olaraq məhkəməyə müvafiq kommunal xidmətlərin abunəçisi olmaqlarına dair arayış və çıxarışlar təqdim edilmişdir. Mübahisə predmeti olan torpaq sahəsi 1886-cı ildən İddiaçı4 babasının və ondan öncəki valideynlərinin olmuş, hazırda da faktiki olaraq onların istifadəsindədir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin məktubundan da göründüyü kimi mübahisəli torpaq sahəsinə dair Abşeron rayon İcra Hakimiyyəti Başçısının 16.04.2008-ci il tarixli Sərəncamı əsassızdır. Belə ki, həmin sərəncamla istifadəsində olan torpaq sahəsinin qanunsuz olaraq yararsız torpaq kimi göstərilərək X10 icarəyə verilmişdir. Qeyd edilən hallar iddiaçıların subyektiv hüququnun olmasını sübut edir və bu səbəbdən də iddianın baxılmasının mümkünsüz sayılmasına dair qərardad əsassızdır.

7. İddiaçı2 tərəfindən də eyni məzmunlu apelyasiya şikayəti verilmiş və iddianın baxılmasının mümkünsüz sayılmasına dair qərardadının əsassız olması vurğulanmışdır. b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apelyasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmamışdır. c) məhkəmə icraatı iştirakçılarının izahatları:

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı4 nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, vermiş olduqları və diğər apelyasiya şikayətlərini müdafiə edirlər və bildirir ki, birinci instansiya məhkəməsinin qərardadı əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, Abşeron Quşçuluq KTMİ müəssisəsi ərazisində yerləşən torpaq sahəsi hüquqlarını müdafiə etdiyi şəxsin babası X9 məxsus olmuş və faktiki olaraq da onun və digər iddiaçılar İddiaçı2 Əmrəli oğlunun, İddiaçı3 və İddiaçı1 istifadəsindədir. 2019-cu ildə tanımadıqları şəxs tərəfindən məhkəməyə verilərək faktiki istifadələrində olan Abşeron Quşçuluq KTMİ müəssisəsi ərazisində yerləşən torpaq sahəsinə dair sərəncamın olduğunu bildirərək ərazini boşaltmaları tələb edilmiş və bunu Abşeron rayon İHB-nin 16.04.2008-ci il tarixli sərəncamına əsasən Abşeron Quşçuluq KTMİ müəssisəsi ərazisində yerləşən 3.2 ha torpaq sahəsinin X7 istifadəsinə verilməsinin qərara alınması ilə əsaslandırmışlar. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən Abşeron rayon İHB-nin 16.04.2008-ci il tarixli sərəncamı əsasında X1 təsərrüfatı məqsədilə istifadəsinə verilmiş torpaq sahəsində inşa edilən və "xxxx" MMC tərəfindən tərtib olunmuş sxemdə göstərilmiş tikililər cavabdehlər X5 və X6 vəsaiti hesabına sökülməsi, Abşeron rayon İHB-nin 16.04.2008-ci il tarixli sərəncamı əsasında Abşeron Quşçuluq KTMİ müəssisəsi ərazisində yerləşən 3.2 ha torpaq sahəsinin X7 istifadəsinə verilməsi qət edilmişdir. Mübahisə predmeti olan torpaq sahəsi 1886-cı ildən İddiaçı4 babasının və ondan öncəki valideynlərinin olmuş, hazırda da faktiki olaraq onun istifadəsindədir. İddiaçıların torpaq sahəsinə dair heç bir sənədlərinin olmaması barədə məhkəmənin mövqeyi ilə razı deyillər. Belə ki, X4 arxiv sənədi vardır, lakin problem ondadır ki, xəritə yoxdur ki, torpaq sahəsinin harada yerləşməsi müəyyən olunsun. Qeyd edilənlərin nəzərə alınaraq, apelyasiya şikayətlərinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş edirlər.

10. İddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdehnə dəfələrlə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına üzürlü səbəblər olmadan gəlməmişlər.

11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçılar və Cavabdeh nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tədbiq edilən hüquq

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

13. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

14. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

15. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

16. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

17. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

18. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

19. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

20. Həmin Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

21. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.

22. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

23. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

24. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

25. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

26. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra - Ali Məhkəməyə) şikayət verilə bilər.

27. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

28. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərara əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd), iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (1.2-ci bənd), mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd), ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd), mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd), işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (2.2-ci bənd), məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd).

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Apellyasiya instansiya məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hazırkı qərardadın 12-24-cü bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq İddiaçı4 nümayəndəsi Vəkil izahatını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

31. Belə ki, yuxarıda qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

32. Subyektiv mənada iddia vermək hüququ da bir tərəfdən şəxsin hüququnun pozulub-pozulmamasını, digər tərəfdən iddia vermək hüququna malik olub-olmamasını özündə ehtiva edir.

33. İnzibati aktın qəbul edilməsi ilə, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqa malik olan fiziki şəxs (fiziki şəxslər), hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər.

34. Başqa sözlə, iddiaçı iddia irəli sürmək üçün ilk növbədə inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.

35. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, hazırkı işin halları baxımından iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkət və ya hərəkətsizliyin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. Lakin istər birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, istərsə də məhkəmə kollegiyası apelyasiya şikayətlərinə baxarkən iş üzrə belə sübutların verilməsi müəyyən olunmamışdır.

36. Kollegiya qeyd edir ki, iddiaçılar hazırkı qərardadın 6-7-ci bəndlərində öz əksini tapan apelyasiya şikayətlərinin dəlilləri əsaslı sayıla bilməz, ona görə ki, iddiaçıların subyektiv hüquqlarının olub-olmaması araşdırılarkən yalnız arxiv sənədinə əsaslanmaqla torpaq sahəsinin X4 babasına məxsusluğu bildirilsə də, həmin torpaq sahəsinin xəritəsinin olmaması səbəbindən torpaq sahəsinin harada yerləşməsini müəyyən edə bilməmələrini də nümayəndə qeyd etmişdir.

37. Beləliklə, iddiaçılar 22.10.2020-ci il tarixli arxiv arayışına istinad etməklə həmin sənəddə qeyd edilən, Hövsan kəndinin 1886-cı ilə dair kameral siyahısında X8 ailəsinin Hövsan kəndində 120 kv.sajina (1kv.sajin=4.550kv.metr) bərabər olan torpaqda üzüm sahəsinin olması və ailə tərəfindən 10 rubl dəyərində dövlətə verği və torpaq rüsumu ödəmələrinə dair göstərilənlərə əsaslansalar da, mübahisələndirilən torpaq sahəsinin onlara aid olmasını təsdiq edən hər hansı bir hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim etməməklə yanaşı torpaq sahəsinin yerləşdiyi yer ilə bağlı plan-ölçü və digər texniki sənədləri də məhkəməyə təqdim etməmişlər(i.v.7).

38. Göründüyü kimi, iddiaçıların hazırkı tələblə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüquqları yoxdur. Hazırkı qərardadın 28-29-cu bəndlərində istinad edilən Ali Məhkəmə Plenumu və Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə də iddiaçıların subyektiv hüququnun olmaması iddianın mümkün sayılmaması üçün əsasdır.

39. Odur ki, iddiaçıların apelyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2-1(118)-982/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayətləri təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2-1(118)-982/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar