Məhkəmə qərarları › İş №2-1(105)-544/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-544/2022

11.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-544/2022 11.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinə qarşı cavabdehin 07/04-39 nömrəli, 31 may 2020-ci il tarixli qərarının ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2-1(118)-1233/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Xırdalan bələdiyyəsinin 07/04-39 nömrəli, 31 may 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, 15 fevral 2022-ci il tarixdə çalışdığı müəssisəyə onun barəsində Abşeron rayon İcra və probasiya şöbəsindən icra qərarının daxil olduğunu öyrənmiş, mühasibatlığa dəvət edilən zaman məlum olmuşdur ki, Xırdalan bələdiyyəsi tərəfindən ona məxsus olan Bakı-ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və üzərində yerləşən obyekt ilə bağlı guya 2015-ci ildən hesablanmaqla 2106 manat əmlak, 1093,92 manat torpaq vergisi, 973,3 manat həmin vergilərin faizi olmaqla, cəmi 4173,2 manat verginin tutulması barədə qərar qəbul etmiş və həmin qərar icra edilməsi üçün Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Guya 16 iyun 2020-ci ildə sonuncu bildirişi ünvanına yollamışdırlar, buna da cavab vermədiyi və borcu ödəmədiyi üçün ödənilməmiş verginin ondan tutulması barədə qərar qəbul edilmişdir. Mülkiyyətində olan torpaq sahəsi və əmlak onun xüsusi mülkiyyətindədir. Eyni zamanda bələdiyyə əmlakına və mülkiyyətində olan torpaq sahəsinə görə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada düzgün şəkildə vergini hesablamamışdır. Onun ümumiyyətlə bu məbləğdə vergi hesablanmasından məlumatı olmamışdır ki, həmin vergi üzrə 973,3 manat faiz hesablanması da qanunsuzdur. Həmin faizin necə hesablanması da məlum deyildir. Yaşadığı və mülkiyyətində olan əmlak müəssisəsi yerləşən ünvana heç bir bildiriş təqdim edilməmişdir. Qəbul edilmiş qərar qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı ərizəsində 31 may 2020-ci il tarixli, 07/04-03 nömrəli qərarının ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Lakin sözügedən qərarla bağlı iddiaçı Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən ünvanına göndərilmiş 13 iyul 2020-ci il tarixli, 93068/2020-27- 24- 7H nömrəli tələbin könüllü icrası haqqında bildiriş, o cümlədən 15 sentyabr 2020-ci il tarixli, 17/7520207H nömrəli çağırış vərəqəsi ilə xəbərdar edilmişdir. Buna baxmayaraq iddiaçı Abşeron rayonu Xırdalan bələdiyyəsinin sözügedən qərarı ilə bağlı bildirişi və çağırış vərəqəsini qəbul etməkdən imtina etmişdir. Bu barədə, çağırış vərəqəsini əmlak sahəsinin istifadəçisinə (Vasif müəllimə) təqdim edilməsi və adıçəkilən şəxs tərəfindən qəbul edilməməsini sübut edən icraçı tərəfindən əlyazma ilə qeyd edilmiş qeyd mövcuddur. Hesab edir ki, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən ünvanına göndərilmiş 13 iyul 2020-ci il tarixli, 93068/2020-27-24-7H nömrəli tələbin könüllü icrası haqqında bildiriş, o cümlədən 15 sentyabr 2020-ci il tarixli, 17/7520207H nömrəli çağırış vərəqəsi ilə xəbərdar edilən iddiaçı tərəfindən Xırdalan bələdiyyəsinin 31 may 2020-ci il tarixli, 07/04-03 nömrəli qərarının mübahisələndirilməsi iddia müddətinin ötürülməsi ilə bağlı düzgün deyildir. İddiaçı tərəf prosessual müddəti ötürmüşdür. Daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilən 09 iyun 2015-ci il tarixli, seriya RX N ******* nömrəli çıxarışdan da görünür ki, ünvan 3 ünvanında yerləşən 1170,8 kv.m ümumi sahə və 0,2279 ha torpaq sahəsindən ibarət əmlak kompleksi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydə alınmışdır. O cümlədən, sözügedən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 1170,8 kv.m ümumi sahə və 0,2279 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Belə olduğu halda İddiaçı vergi subyekti olaraq mülkiyyətində olan əmlak və torpaq sahəsinə görə əmlak və torpaq vergisini ödəməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2-1(118)-1233/2022 nömrəli qərarı ilə (hakim Ceyhun Məmmədov) iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmlak vergisi vergi tutma obyekti olan fiziki şəxslər və müəssisələr verginin ödəyicisidir. Təqdim edilən icarə müqavilələrindən aydındır ki, həmin müqavilə ilə istifadə və sahiblik hüququ məhz "xxxx" MMC-də olmuşdur, rəsmi icarə müqaviləsi ilə də həmin bina kompleksi onun əsas vəsaitidir. Bu halda inzibati orqanın səriştəsizliyi ucbatından həmin müqaviləni sorğu verib almaması səbəbindən vergi ödəyicisi olmuşdur. Vergi Məcəlləsinin 203.1-ci maddəsinin məzmunundan aydın olur ki, torpaq vergisi torpaqdan icarə əsasında istifadə edən şəxsə hesablanmalıdır. Məhkəməyə təqdim edilən sənədlərdən aydın olur ki, 28 avqust 2020-ci il tarixli icarə müqaviləsi və 25 iyun 2015-ci il tarixli icarə müqaviləsinin 12-ci bəndində qeyd edilir ki, həmin vergini ödəmək vəzifəsi icarəçinindir. Torpaq vergisinin subyekti ya mülkiyyətçi, ya da icarə və ya digər əsaslarla torpaqdan istifadə edən şəxslər sayılır. Bu halda məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Məhkəmə qərarında verginin "xxxx" MMC tərəfindən deyil, onların ödənilməli olmasını onunla əsaslandırmağa çalışmışdır ki, mülkiyyətçi ilə icarəçi arasında müqavilə var. "xxxx" MMC-nin bu vergiləri b ödəməsi ondan tələb etmək üçün mülki məhkəmə icraatı vasitəsilə iddia qaldırmaq hüququ olması ilə izah etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, bu verginin ödəyicisi Vergi Məcəlləsinin 204-cü maddəsinə əsasən respublikanın ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan müəssisələr verginin ödəyicisidir. Bu halda təqdim edilən müqavilə o demək deyildir ki, onlar yenidən pulu MMC-dən tələb etməlidirlər. Bu deməkdir ki, həmin verginin subyekti elə birbaşa "xxxx" MMC-dir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan qərarın icrası v ilə bağlı Abşeron rayon İcra və probasiya şöbəsi tərəfindən 15 sentyabr 2020-ci ildə "xxxx" MMC çağırış vərəqəsi təqdim edilmiş, lakin şirkətin səlahiyyətli şəxsi olan və qeyd olunan icarə müqaviləsini imza edən X2 həmin çağırış vərəqəsini almaqdan imtina etmişdir. Lakin məhkəmə bu işlə bağlı hallara qiymət verən zaman nəzərə almamışdır ki, bələdiyə vergini hesablayarkən ümumiyyətlə bu vergi iddiaçıya hesablana bilməz. Çünki təqdim edilmiş müqaviləyə əsasən vergini bu öhdəliyi istifadə etdiyi üçün icarəçi ödəyir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 8. Yerli vergilər (bələdiyyə vergiləri) 8.1. Yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi; (...) Maddə 85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər... Maddə 196. Vergi ödəyiciləri

196. Bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir.

Maddə 197. Vergitutma obyektləri 197.1. Aşağıdakılar vergitutma obyekti sayılır: 197.1.1. Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri; 197.1.3. müəssisələrin, habelə fərdi sahibkarların balansında olan əsas vəsaitlər (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla); 197.1.4. Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslər üçün - yalnız daimi nümayəndəliklə bağlı olan əsas vəsaitlər (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla). 197.2. Vergitutma obyekti olan, müəssisələr və fərdi sahibkarlar tərəfindən hüquqi şəxs yaratmadan birgə fəaliyyət aparmaq üçün birləşdirilən əsas vəsaitlərin dəyəri (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla), bu əsas vəsaitləri birləşdirən birgə fəaliyyət iştirakçıları tərəfindən vergiyə cəlb edilməsi məqsədləri üçün bəyannaməyə daxil olunur. Birgə fəaliyyət nəticəsində yaradılmış (alınmış) əsas vəsaitlərin dəyəri (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla) isə birgə fəaliyyətin iştirakçıları tərəfindən müqavilə üzrə mülkiyyətdə müəyyən olunmuş pay haqqına müvafiq olaraq bəyannaməyə daxil edilir.

Maddə 203. Torpaq vergisi 203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. (...)

Maddə 204. Verginin ödəyiciləri

204. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir.

Maddə 205. Vergitutma obyekti Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır.

Maddə 208. Torpaq vergisinin hesablanması və ödənilməsi qaydaları

(...) 208.2. Torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər. 208.3. Müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır. 208.4. Ayrılıqda bir neçə hüquqi və ya fiziki şəxsin mülkiyyətində və ya istifadəsində olan tikililərin altında qalan və ya onlara xidmət üçün ayrılmış torpaq sahələrinə görə vergi onlara məxsus tikili sahələrinə mütənasib surətdə hesablanır. 208.5. Torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilir.Torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir. (...) “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının

Qanunu:

Maddə 5. Vergitutma obyekti və vergi ödəyicisi

5.1. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəəti, fiziki şəxslərin əmlakı (tikililər və onların hissələri, su və hava nəqliyyatı vasitələri), habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. (...)

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.

Maddə 61. İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. (...)

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 avqust 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etməyərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Xırdalan bələdiyyəsi tərəfindən tədiyyə bildirişinin iddiaçının pasport qeydiyyatında olduğu ünvana göndərilməməsi iddiaçının qeyri-yaşayış sahəsi ilə bağlı ödəməli olduğu əmlak və torpaq vergisini ödəməkdən azad etmir. Mübahisə predmeti olan qərarın icrası ilə bağlı Abşeron rayon İcra və probasiya şöbəsi tərəfindən xx.xx.2020-ci ildə "xxxx" MMC-yə çağırış vərəqəsi təqdim edilmiş, lakin şirkətin səlahiyyətli şəxsi olan və qeyd olunan icarə müqaviləsini imza edən X2 həmin çağırış vərəqəsini almaqdan imtina etmişdir. Bundan başqa, o da nəzərə alınmalıdır ki, əmlak sahibi kimi mülkiyyətində olan qeyri-yaşayış sahəsinə görə dövlət vergilərini ödəməsi iddiaçının Azərbaycan Respublikası Konstitusiyasından irəli gələn vəzifəsidir və vergi borcunun vətəndaşdan tələb edilməsi zamanı bələdiyyə tərəfindən prossessual pozuntuya yol verilərək vergi ödəyicisinə göndərməməsi vergi ödəyicisini vergi ödəməkdən azad etmir. Həmin prosessual pozuntunun baş verməsi qeyd olunan vergi borcuna gecikməyə görə hesablanacaq faiz və cərimə borcundan azad edilməsi üçün əsas hesab edilə bilər. İddiaçı ilə "xxxx" MMC adından X2 arasında bağlanmış icarə müqaviləsinin 12-ci bəndinə əsasən qeyri-yaşayış sahəsi ilə bağlı vergi haqlarının "xxxx" MMC tərəfindən ödənilməli olmasına münasibətdə məhkəmə qeyd etmişdir ki, İddiaçı ilə "xxxx" MMC adından X2 arasında bağlanmış icarə müqaviləsinin 12-ci bəndinə əsasən qeyri-yaşayış sahəsi ilə bağlı vergi haqlarının "xxxx" MMC tərəfindən ödənilməsi ilə bağlı öhdəlik müqavilənin tərəfləri üçün məcburidir, yəni Xırdalan bələdiyyəsi həmin müqavilənin tərəfi olmadığına görə həmin müqavilədən irəli gələn öhdəliyin "xxxx" MMC tərəfindən icra edilməməsi ilə bağlı tələbin iddiaçıya qarşı deyil "xxxx" MMC-yə qarşı irəli sürməsində haqlı ola bilməzdi. Həmin müqavilənin mövcudluğu və müqavilə üzrə əmlak vergi borclarının "xxxx" MMC tərəfindən ödənilməsi ilə bağlı Xırdalan bələdiyyəsində hər hansı bir məlumat olmadığına görə tələbin İddiaçı qarşı irəli sürməsində Xırdalan bələdiyyəsi haqlı olmuşdur. İcarə müqaviləsində göstərilən tələbin yerinə yetirilməməsi ilə bağlı İddiaçı icarə müqaviləsinin digər tərəfi olan "xxxx" MMC-yə qarşı mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ var. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi ikinci arqumentdə mübahisə predmeti olan 31 may 2020-ci il tarixli qərarın ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 0,2279 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1170,8 kv.m olan əmlak kompleksi kimi müəssisə İddiaçı xüsusi mülkiyyətindədir və daşınmaz əmlak üzərindəki hüquq 09 iyun 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 25 iyun 2015-ci il və 28 avqust 2020-ci il tarixli icarə müqavilələrindən görünür ki, iddiaçı xüsusi mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0,2279 ha torpaq sahəsini və onun üzərində yerləşən ümumi sahəsi 1170,8 kv.m olan əmlak kompleksi kimi müəssisəni "xxxx" MMC-nin icarəsinə vermişdir. Abşeron rayonu Xırdalan bələdiyyəsinin 31 may 2020-ci il tarixli qərarına əsasən iddiaçının mülkiyyətində olan torpaq və əmlaka görə əmlak və torpaq vergisinin ödənilməsi üçün ən son 16 iyun 2020-ci il tarixli tədiyyə bildirişi göndərilmiş, lakin həmin şəxs qanunla müəyyən edilmiş müddət ərzində Xırdalan şəhəri, Bakı-ünvan 5 ünvanında ("xxxx" qida məhsulları) yerləşən 0,2279 ha torpaq və 1170,8 kv.m əmlak sahəsinə görə 2015-ci ildən başlayaraq 2106 manat əmlak, 1093,92 manat torpaq, 973,3 manat faiz, ümumilikdə isə 4173,2 manat borcunu ödəmədiyindən Abşeron rayon Xırdalan bələdiyyəsinin xx.xx.2020ci il tarixli, 07/04-03 saylı qərarına əsasən, borc öhdəliklərinin icra olunması üçün Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilməsi qərara alnmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin yuxarıda qeyd olunan normalarının məzmununa əsasən, vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. Beləliklə, müəyyən olunur ki, əmlak və torpaq vergisinin subyekti ya mülkiyyətçi, ya da icarə və ya digər əsasla torpaqdan istifadə edən şəxslərdir. Hazırkı iş materiallarından isə müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0,2279 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1170,8 kv.m olan əmlak kompleksi kimi müəssisə "xxxx" MMC-nin icarəsindədir. Tərəflər arasında bağlanmış icarə müqavilələrində qeyd olunmuşdur ki, hər ay aylıq icarə haqqından qanunla müəyyən olunmuş məbləğdə vergi, o cümlədən əlavə vergi haqları icarəçi tərəfindən ödənilməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, əmlak kompleksi və torpaq sahəsi iddiaçının mülkiyyətində olsa da, icarə müqaviləsi əsasında "xxxx" MMC-nin istifadəsində olduğundan, əmlakdan və torpaq sahəsindən istifadəyə görə müəyyən olunmuş vergilərin iddiaçıdan tələb edilməsi əsassızdır. Bundan başqa, birinci instansiya məhkəməsi 2015-ci ildən başlayaraq hesablanmış vergi məbləği ilə bağlı məsələyə münasibət bildirməmişdir. Belə ki, qanunvericiliyə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh inzibati orqan tam və hərtərəfli inzibati icraat aparmamış, inzibati icraatın gedişində maraqlı şəxslərin iştirakı, onların dinlənilmə hüququ təmin olunmamışdır. Halbuki, inzibati orqanlar inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa, zəruri olduqda əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan tərəfindən maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati orqan qanunçuluq və bərabərlik prinsiplərini rəhbər tutmaqla apardığı inzibati icraatın nəticəsi olaraq qanuni inzibati akt qəbul etməli, həmin inzibati aktı icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmalıdır. Hazırkı işdən görünür ki, cavabdeh inzibati orqan tələb olunan vergi borcu ilə bağlı inzibati icraat aparmamış, iddiaçını lazımı qaydada məlumatlandırmamış, torpaq sahəsinin və əmlak kompleksinin digər şəxsin icrarəsində olduğunu bilsə də, vergi borcunun daşınmaz əmlakın mülkiyyətçisindən tutulması barədə qərar qəbul etmişdir. İddiaçının mülkiyyətində olan əmlakın "xxxx" MMC-nin istifadəsində olduğunu cavabdehin bilməsi həm də qəbul etdiyi mübahisələndirilən qərardan da görünür. Lakin, cavabdeh “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun icraat aparmamaqla və vergi qanunvericiliyini düzgün tətbiq etməməklə yerli büdcəyə ödənilməli olan müvafiq vergi borcunun iddiaçıdan tutulması haqqında qərar qəbul etmişdir. Yuxarıda sadalanan qanunvericilik aktları normalarına və iş üzrə məhkəmənin müəyyən etdiyi göstərilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2-1(118)-1233/2022 nömrəli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Abşeron rayonu Xırdalan bələdiyyəsinin 07/04-39 nömrəli, 31 may 2020-ci il tarixli qərarı ləğv edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar