Məhkəmə qərarları › İş №2-1(105)-544/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-544/2025

29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-544/2025 29.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın təyin olunması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 02 may 2025-ci il tarixli, 2-1(118)-4099/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ünvanlı sosial yardımın təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsinə ünvanlı sosial yardımın təyin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 30 noyabr 2024-cü il tarixində elektron qayda da müraciət etmişdir. Müraciətindən 2 ay müdddətinin keçməsinə baxmayaraq bü günə qədər müraciətinə hər hansı bir cavab verilməmişdir. Ünvanlı sosial yardım haqqında Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən ünvanlı sosial yardım onu almaq üçün müraciət olunan ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Qanunvericiliyin tələblərinə əsasən ailəyə ünvanlı sosial yardımın təyin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə elektron qaydada müraciətə 15 iş günü müddətində baxılaraq müvafiq qərar qəbul olunur. Lakin iddiaçının müraciəti Qanunvericiliyin tələbinə əsasən göstərilən 15 iş günü müddətinin keçməsinə baxmayaraq qərəzli olaraq ailəsinə ünvanlı sosial yardım təyin olunmamışdır. İşin faktiki hallarından da görünür ki, ünvanlı sosial yardımın təyin olunması üçün elektron qaydada təqdim etdiyi sənədlərdə hər hansı bir nöqsan olmadığından imtina cavab da verilməmişdir. Deməli buradan da görünür ki, faktiki olaraq ailəsinə ünvanlı sosial yardım təyin olunması haqda qərəzli olaraq həmin qərar müvafiq qurum tərəfindən verilmir. Ünvanlı sosial yardımın təyin olunması üçün müəyyənləşdirilmiş 2023-cü il üçün "Ehtiyac Meyyarı" hər adambaşına 246 manat olduğundan və ailə üzvlərinin sayı 5 nəfərdən ibarət olduğundan və aylıq əmək haqqının 600 manat pul məbləğində olduğu nəzərə alındıqda ailəsinə 630 manat pul məbləğində ünvanlı sosial yardım təyin olunmalı idi. Amma cavabdeh qurumun bu işə qərəzli yanaşması üzündən 2023-cü ilin noyabr ayından təyin olunmalı olan ünvanlı sosial yardımı ala bilmir. Cavabdeh təşkilata dəfələrlə müraciət etməyinə baxmayaraq bü günə qədər ailəsinə ünvanlı sosial yardım təyin olunması təmin olunmamışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh inzibati orqan iddia tələbinə etiraz ünvanlamasa da, vəsatət ünvanlayaraq İddiaçı xx.xx.2024-cü il tarixli müraciəti əsasında ona məhkəmədənkənar qaydada 474,53 manat məbləğdə ünvanlı dövlət sosial yardım təyin edildiyini bildirmiş və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 02 may 2025-ci il tarixli, 2-1(118)-4099/2025 nömrəli qərardadı ilə iddia geri götürülmüş sayılaraq iş üzrə icraata xitam verilmişdir (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə hazırlıq icraatı mərhələsində məhkəmə iclasları xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərə təyin edilmiş və tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri və sms xəbərdarlıq göndərilmiş, lakin iddiaçı təyin edilmiş məhkəmə iclaslarında iştirakını təmin etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə xx.xx.2025-ci il tarixli sərəncama əlavə edilmiş prosessual hüquq və vəzifələrin izahına dair bildiriş və xx.xx.2025-ci il tarixli məhkəmə bildirişində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddia ərizəsinin yenidən məhkəmənin icraatına götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, 02 may 2025-ci il tarixli məhkəmə hazırlıq iclasının keçirilməsindən təxminən 1 saat əvvəldən məhkəməyə elektron qaydada ərizələr təqdim etmişdir. Həmin ərizələrdən biri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia ərizəsinin tələbinin artırılması barədə olduğu halda digər ərizədə isə məhkəmə hazırlıq iclasının iştirakı olmadan keçirilməsi və növbəti tarixə məhkəmə baxış iclasının təyin olunmasının təşkil olunması barədə müraciət olmuşdur. Lakin məhkəmə tərəfindən hazırlıq iclası keçirilərkən və həmin iş üzrə müvafiq qərardad qəbul olunarkən 1 saat əvvəlcədən elektron qaydada təqdim etdiyi müraciətlər nəzərə alınmayaraq prosessual hüquq normalarının pozulması şəraitində qərardad qəbul olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. Hesab edir ki, qanunvericiliyin tələblərindən də görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin 02 may 2025-ci il tarixli, e-2-1(118)-4099/2025 saylı qərardadı qəbul olunarkən 2 halda prosessual hüquq normaları məhkəmə tərəfindən kobud şəkildə pozulmuşdur. Belə ki, 1-ci halda iddia geri götürülmüş sayıldıqda, icraata xitam verilməsi halları barədə qərarlar məhkəmə hazırlıq iclasında deyil məhkəmə baxış iclasında qəbul olunur. Belə ki, 2-ci halda məhkəmə hazırlıq iclasının keçirildiyi tarixdə yəni xx.xx.2025-ci il tarixində, saat 11:45 radəsindən 1 saat əvvəl məhkəməyə ərizə təqdim edərək məhkəmə hazırlıq iclasının iştirakı olmadan keçirilməsini və növbəti tarixə məhkəmə baxış iclasının təyin olunmasını məhkəmədən xahiş etmişdir. Ona görə də hesab edir ki, Sumqayıt İnzibati Məhkəməsinin 02 may 2025-ci il tarixli, e-2-1(118)-4099/2025 saylı qərardadı ləğv olunaraq iddia tələbinə aidiyyatı üzrə baxılmalıdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 45.4. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Maddə 55.3 Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Maddə 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Maddə 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İşdən görünür ki, iddiaçının hazırkı tələbi ona ünvanlı sosial yardımın təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Birinci instansiya məhkəməsi iddiaçının xəbərdarlıq olunmasına baxmayaraq məhkəmə iclaslarına gəlməməsini məhkəmə icraatından yayınma kimi qiymətləndirmiş və iddianın geri götürüldüyü qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Hazırda iddiaçı həmin qərardadla razılaşmayaraq apellyasiya şikayətinin dəlillərində 02 may 2025-ci il tarixli məhkəmə hazırlıq iclasının keçirilməsindən təxminən 1 saat əvvəldən məhkəməyə elektron qaydada ərizələr təqdim etdiyini, ərizələrin birinin iddia tələbinin artırılması barədə, digərinin isə məhkəmə hazırlıq iclasının iştirakı olmadan keçirilməsi və növbəti tarixə məhkəmə baxış iclasının təyin olunması barədə olduğunu qeyd etmişdir. İşdən də görünür ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Belə ki, “Elektron məhkəmə informasiya sistemi”ndən görünür ki, iddiaçı elektron kabinet vasitəsilə 02 may 2025-ci il tarixdə, saat 11:28-də iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlamış, o cümlədən eyni tarixdə, saat 11:34-də isə ərizə ünvanlayaraq hazırlıq iclasının iştirakı olmadan keçirilməsini və yaxın bir müddətə məhkəmə baxış iclasının təyin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Göründüyü kimi iddiaçı 02 may 2025-ci il tarixinə təyin edilmiş məhkəmə iclası keçirilənədək elektron kabinet vasitəsilə müvafiq ərizələr ünvanlayaraq iddia tələbinə mahiyyəti üzrə baxılmasında maraqlı olduğunu ifadə etmiş, o cümlədən həmin ərizələr məhkəmə iclası keçirilənədək birinci instansiya məhkəməsi üçün əlçatan olmuşdur. Lakin birinci instansiya məhkəməsi tərəfindən həmin ərizələr nəzərə alınmamışdır. Göründüyü kimi iddiaçı məhkəmə icraatından yayınmamış, növbəti məhkəmə iclaslarında iştirak edəcəyi ilə bağlı mövqeyini ifadə etmişdir. Kollegiya əlavə olaraq qeyd edir ki, cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinə vəsatət ünvanlayaraq İddiaçı xx.xx.2024-cü il tarixli müraciəti əsasında ona məhkəmədənkənar qaydada 474,53 manat məbləğdə ünvanlı dövlət sosial yardım təyin edildiyini bildirmiş və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən sözügedən vəsatətə hüquqi münasibət bildirilməmiş, iddiaçının hazırki iş üzrə hüquqi marağının nədən ibarət olması ümumiyyətlə nəzərə alınaraq müvafiq araşdırılma aparılmamışdır. Bundan başqa iddia ərizəsindən görünür ki, iddiaçı 2023-cü ilin noyabr ayından ona ünvanlı sosial yardım təyin edilməsini xahiş edir. Cavabdeh inzibati orqan isə ona 2025-ci ilin yanvar ayından ünvanlı sosial yardım təyin edildiyini bildirir. Bu iddiaçının hazırkı iddiaya hüquqi marağının itmədiyini göstərir. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianın geri götürülmüş hesab edilməsi barədə qərar qəbul etməkdə haqlı olmamışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə hazırki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi iddiaçının konstitusion məhkəmə müdafiəsi hüququnun təmin edilməsi baxımından zəruridir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi ilə yanaşı iddia ərizəsinin yenidən məhkəmənin icraatına götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 45.4cü maddəsinin tələbinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu isə o deməkdir ki, bununla bağlı ayrıca qərardad qəbul edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Yuxarıda qeyd olunanlara görə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin iddia ərizəsinin yenidən məhkəmənin icraatına götürülməsinə dair qərardad qəbul edilməsi hissəsi əsaslı hesab edilə bilməz və həmin hissədə şikayət təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 may 2025-ci il tarixli, 2-1(118)-4099/2025 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın təyin olunması” tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar