Məhkəmə qərarları › İş №2-1(105)-545/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-545/2021

11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-545/2021 11.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ??????????nun cavabdeh Şamaxı rayon Qeydiyyat şöbəsinə qarşı “şəxsiyyət vəsiqəsi olmadığı üçün Şamaxı rayon Qeydiyyat şöbəsinin üzərinə ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə açar sözlər: təkrar şəhadətnamənin verilməsi Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı ????????????nun cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şamaxı rayon qeydiyyat şöbəsinə qarşı “şəxsiyyət vəsiqəsi olmadığı üçün ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2-1(118)-1148/2021 saylı qərarından iddiaçı tərəfindən verilən apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı ????????????oğlu cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şamaxı rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “şəxsiyyət vəsiqəsi olmadığı üçün ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir.

İddiaçının əsaslandırması:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 25.05.1956-cı il tarixdə Şamaxı rayonunun Bağırlı kəndində anadan olmuşdur. Təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı Şamaxı rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin sonuncu onun ərizəsini təmin etməmiş, şəxsiyyət vəsiqəsi olmadığından ona Şamaxı rayon Bağırlı kənd icra nümayəndəliyində 02.06.1956-cı ildə 56 nömrə ilə qeydə alınmış təkrar doğum haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.1, 159.2, 160.1, 161.1, 161.2-ci maddələrinin, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın 12, 13 və 21-ci bəndlərinə əsasən tələbinə baxılaraq müvafiq qərar qəbul edilməlidir.

Cavabdehin etirazları:

4. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 9.7-ci bəndinə əsasən “yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğum haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər.” “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir”. İddiaçı şəxsiyyətini təsdiq edən sənədi təqdim etmədiyi (olmaması səbəbindən) üçün Şamaxı rayon qeydiyyat şöbəsi tərəfindən ona təkrar doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Doğum haqqında akt qeydində ata adı yazılmamışdır.

Birinci instansiya məhkəməsində icraat:

5. Sumqayıt İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2-1(118)-1148/2021 saylı qərarı (hakim İ.R.Quliyev) ilə “şəxsiyyət vəsiqəsi olmadığı üçün ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.

6. Qərardan narazı qalan iddi xxxxxxxxxxxxxlu apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2-1(118)-1148/2021 saylı qərarından verdiyi apelyasiya şikayətinin qəbul edilərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apelyasiya şikayətinin dəlilləri:

7. İddiaçı xxxxxxxxxxxxxxxxxxxğlu apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Şamaxı rayonu Dağ-Bağırlı kəndində yaşayır. Şamaxı rayon qeydiyyat şöbəsinə qarşı “şəxsiyyət vəsiqəsi olmadığı üçün Şamaxı rayon qeydiyyat şöbəsinin üzərinə doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması” barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, lakin məhkəmə həmin iddianı rədd etmişdir.

b) apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apelyasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı xxxxxxxxxxxxxğlu apelyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, o, məktəbi 8-ci siniflə bitirmiş, ailəlidir, ailəli olmasına dair nikah şəhadətnaməsi var. Dörd övladı var, onların hər birinin doğum haqqında şəhədətnamələri vardır. Özü sovxozda fəhlə işləyib, əmək kitabçası vardır. Özünün Sovet pasportu, hərbi bileti olub, lakin sonradan bu sənədləri itirmişdir. Onun əvvəllər heç bir məhkumluğu olmamışdır. Uzun illər xəstə olmuşdur, ona görə də şəxsiyyət vəsiqəsi ala bilməmişdir, hazırda özünü yaxşı hiss etdiyi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclası təxirə salınarsa qeyd etdiyi sənədlərini məhkəməyə təqdim edə bilər. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdeh Şamaxı rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinə 18.10.2021-ci il tarixdə daxil olmuş Şamaxı rayon qeydiyyat şöbəsinin rəisi V.Qəhrəmanov tərəfindən imzalanmış 12.10.2021-ci il tarixli 05/6-229/13№-li məktubda iş yükünün çoxluğunun nəzərə alınaraq onların iştirakı olmadan işə baxılması xahiş edilmişdir.

11. İddiaçı xxxxxxxxxxxxx oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak edə bilməmişdir. Belə ki, məhkəmənin təyin olunduğu 11.11.2021-ci il tarixdə Sumqayıt Məhkəmə Kompleksində olan İddiaçı məhkəmənin vətəndaşlar üçün ayırdığı telefon vasitəsi ilə məlumat verərək bildirmişdi ki, vaksin olunmadığı üçün o, məhkəmə iclas zalına buraxılmamışdır. Həmçinin qeyd etmişdir ki, vaksin olunmaması şəxsiyyət vəsiqəsinin olmamasına görədir. Vaksin olunmaq üçün müraciət etsə də, şəxsiyyət vəsiqəsi olmadığı üçün vaksin oluna bilmir. Həmçinin xahiş etmişdir ki, işə onun iştirakı olmadan baxılsın və o, bu barədə məhkəməyə teleqram vuracaqdır.

12. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı Abdureyimov (Abdurahmanov) Əskar Fazil oğlunun və cavabdeh Şamaxı rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir.

Tədbiq edilən hüquq

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

14. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

15. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

16. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

17. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

18. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

19. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

20. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

21. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

22. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

23. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

24. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

25. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

26. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

27. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

28. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

29. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.

30. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası: Bənd 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Bənd 1.14. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydiy tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Bənd 9.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Bənd 9.2. Təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. Bənd 9.7. Yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər.

Apelyasiya instansiya məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hazırkı qərarın 13-24-cü bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq iddiaçı tərəfin izahatını və apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməklə iddia tələbi təmin olunmalıdır.

33. Birinci istansiya məhkəməsi iddianın rədd edilməsi qənaətinə gələrkən qərarını onunla əsaslandırmışdır ki, doğum haqqında akt qeydi şəxs doğulan andan onunla bağlı ilkin məlumatların, yəni adının, soyadının, ata, ana adının və soyadının qeydə alındığı sənəddir. İddiaçı hazırda ona təkrar doğum haqqında şəhadətnamənin verilməsini xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 9.1 və 9.8-ci bəndlərinə əsasən qeydiyyat şöbəsinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Həmçinin 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim etdikdə təkrar şəhadətnamələr verilə bilər. Lakin hazırki işdə iddiaçı təkrar doğum haqqında şəhadətnamənin verilməsi üçün inzibati orqana şəxsiyyətini təsdiq edən sənəd təqdim etməmişdir. Bu halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın doğum haqqında şəhadətnamənin verilməsindən imtinası əsaslı olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün ümumi məhkəməyə müraciət etmək imkanı vardır, hansı ki, inzibati orqan öz imtinasında məhkəməyə müraciət etməyi iddiaçıya tövsiyyə etmişdir. Lakin iddiaçı müvafiq ümumi məhkəməyə müraciət etmək əvəzinə inzibati orqanın hərəkətlərini mübahisələndirmişdir. Qanunvericilikdə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında iddialara mülki məhkəmə icraatında xüsusi icraat qaydasında baxılması nəzərdə tutulduğundan iddiaçıya izah olunsun ki, faktının müəyyən edilməsi ilə bağlı müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Qeyd edilənlərə əsasən iddia təmin edilməməlidir.

34. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən birinci instanisya məhkəməsinin qərarı ilə razılaşmır və hesab edir ki, məhkəmə iddia üzrə tələbin əsasını düzgün müəyyənləşdirməmiş və yanlış olaraq mübahisənin məhkəmə qaydasında hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yolu ilə həll edilməsi qənaətinə gəlmişdir.

35. Əvvəla, hazırkı iddia “şəxsiyyət vəsiqəsi olmadığı üçün Şamaxı rayon qeydiyyat şöbəsinin üzərinə doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması”na dair tələbdən ibarətdir. Bu tələbini əsaslandırarkən iddiaçı qeyd edir ki, xxxxxxxxxxxx rayonunun Bağırlı kəndində anadan olmuşdur. Təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı Şamaxı rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin sonuncu onun ərizəsini təmin etməmiş, şəxsiyyət vəsiqəsi olmadığından ona Şamaxı rayon Bağırlı kənd icra nümayəndəliyində 02.06.1956-cı ildə 56 nömrə ilə qeydə alınmış təkrar doğum haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir.

36. İkincisi, birinci instansiya məhkəməsi iddia üzrə təyin etmiş olduğu ilk iclasda işə baxaraq iş üçün əhəmiyyətli halların tam və hərtərəfli araşdırılmasını təmin etmədən iş üzrə nəticəyə gələrək iddianı rədd etmiş, lakin məhkəmə, iddiaçının hazırkı duruma düşməsinin səbəblərini müəyyən etmək üçün təqdim edilmiş sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu idi.

37. Belə ki, məhkəmə kollegiyası iddiaçının izahatını dinlədikdən sonra tələb etdiyi və sorğu edilən müəyyən sənədlərdən aşagıdakı hallar müəyyən edilmişdir: a) Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Dağ-Bağırlı Kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışından görünür ki, 1956-cı ildə doğulmuş X2 ailə üzvləri arvadı X5, 1981-ci il təvəllüdlü oğlu - X7, 1984-ci il təvəllüdlü oğlu - X6, 1986-cı il təvəllüdlü qızı – X3 və 1989-cu il təvəllüdlü qızı – X1 ibarətdir. b) Şamaxı rayonunun X17 07.08.1980-cı il tarixli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, 25 may 1956-cı ildə Şamaxı rayonunun Bağırlı kəndində doğulmuş X8 və 30.12.1959-cu ildə Şamaxı rayonunun Bağırlı kəndində doğulmuş X12 09.08.1980-cı ildə nikahlarını bağlamış, nikahdan sonra sonuncuya Abdurahmanova familiyası verilmişdir. c) 25 may 1956-cı ildə doğulmuş X4 adına tərtib edilmiş İT-İ №1582620 saylı Əmək Kitabçasından görünür ki, X8 17.03.1978-ci ildən - 30.11.1979-cu ilədək, 28.11.1988-ci ildən - 15.05.1990-cı ilədək Şamaxı rayonunun Engels adına sovxozda fəhlə vəzifəsində işləmişdir. d) Sumqayıt şəhər Polis İdarəsinin 27.10.21-ci il tarixli məktubundan görünür ki, xxxxxxxxxxxxun məhkumluqları barədə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin məlumat-axtarış bazasında məlumat qeydə alınmamışdır. e) Azərbaycan Respublikası DİN-nin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 01.11.2021-ci il tarixli məktubundan görünür ki, 25.05.1956-cı il təvəllüdlü xxxxxxxxxxxxun barəsində Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində məlumat yoxdur. İddiaçı (Abdurahmanov) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməmişdir.

38. Beləliklə, məhkəmə kollegiyası hazırkı qərarın 30-31-ci bəndlərində istinad edilən maddi hüquq normalarının və direktiv sənədlə müəyyən olunan Qaydaların tələbləri baxımından hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının tətbiqilə bağlı səhv əsaslandırılmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə gəlinən qənaəti səhvdir. Belə ki, işin yuxarıda qeyd olunan rəsmi sənədlərlə müəyyən edilən faktiki halları xüsusi icraat üzrə mülki hüquqi qaydada ərizə ilə müraciət etmək zərurətini aradan qaldırır.

39. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2-1(118)-1148/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddiaçı Abdureyimov (Abdurahmanov) Əskar Fazil oğlunun apelyasiya şikayəti təmin edilməklə “şəxsiyyət vəsiqəsi olmadığı üçün Şamaxı rayon qeydiyyat şöbəsinin üzərinə doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması” barədə iddia tələbi təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2-1(118)-1148/2021 saylı qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı xxxxxxxxxxxxğlunun cavabdeh Şamaxı rayon qeydiyyat şöbəsinə qarşı “şəxsiyyət vəsiqəsi olmadığı üçün doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin Şamaxı rayon qeydiyyat şöbəsinin üzərinə qoyulmasına” tələbinə dair iddiası təmin edilsin. xxxxxxxxxxxxğluna doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyi Şamaxı rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar