Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-545/2025 29.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “ünvan 1i ərazisində yerləşən 0.3253 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla iddiaçının adına çıxarış və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 10 mart 2025-ci il tarixli, 2-1(118)-411/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. İşin halları: İş materiallarında olan 28 avqust 2002-ci il tarixli əmlak payının alqı-satqısı müqaviləsindən görünür ki, X6 əmlak paylarını, yəni tövlənin bir hissəsini, kəllə damını 2.000.000 manata almışdır. İş materiallarında olan Abşeron rayon Məmmədli kəndi üzrə icra nümayəndəliyinin xx.xx.2002-ci il tarixli sərəncamə ilə Abşeron rayon Məmmədli südçülük sovxozunda 0.10 ha hektar torpaq sahəsində fərdi yaşayış evi tikilməsinə sərəncam verilmişdir. İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.34 ha torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınması, reyestrdən çıxarış və plan və ölçü sənədinin verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmiş, lakin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21 -3- 32/2-1-0098-8 saylı bildiriş məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Verilən imtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.34 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarış və texniki pasportun verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinə dair dəqiqləşmə ərizəsi təqdim edərək, “ünvan 1i ərazisində yerləşən 0.3253 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla iddiaçının adına çıxarış və plan-ölçü sənədinin verilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Məmmədli ərazisində yerləşən 0.34 ha torpaq sahəsi xx.xx.2002-ci il tarixli Əmlak payının alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən əldə edilmişdir. Həmin torpaq sahəsində Abşeron rayon İcra Hakimiyyətinin Məmmədli kəndi üzrə nümayəndəsinin xx.xx.2002-ci il tarixli, 06 saylı sərəncamına əsasən fərdi yaşayış evi inşa etdirmişdir. Torpaq sahəsi iddiaçının mübahisəsiz istifadə və sahibliyindədir. Torpaq sahəsinə dair torpaq vergisini vaxtı vaxtında ödəyir.İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.34 ha torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınması, reyestrdən çıxarış və plan və ölçü sənədinin verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmiş, lakin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21 -3-32/2-1-0098-8 saylı bildiriş məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin ərizəmin icrasından imtinası qanunsuz hesab edilməli və tələbim üzrə məcburetmə haqqında qərar qəbul edilməlidir Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.33 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi ilə bağlı iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə 09 iyun 2023-cü il tarixli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı: Müraciət üzrə əlavə edilmiş alqı-satqı müqaviləsində alqı-satqı obyekti qismində Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.33 ha torpaq sahəsinin deyil, tikilinin göstərildiyi; Adıçəkilən tikili üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmadan özgəninkiləşdirildiyi; İddia predmeti olan torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyat» üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici sənədlərin İdarəyə təqdim edilmədiyi; Torpaq sahəsinin faktiki vəziyyətdə 0.1433 ha olduğu; Sözügedən torpaq sahəsinin Məmmədli Bələdiyyəsinin yerquruluşu xəritəsinə əsasən, ictimai tikili konturu hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. Ona görə də iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 10 mart 2025-ci il tarixli, 2-1(118)-411/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X13 Komissiyasının 17 yanvar 1998ci il tarixli, 10/AK-1 nömrəli protokolu ilə təsdiq edilmiş 171,166 və 198 saylı aktlardan görünür ki, X7, X3 və X2 əmlak payı olaraq Abşeron rayon, Məmmədli ərazisindən qeyri-yaşayış sahəsi (tövlə) ayrılmışdır. Yəni nə iddiaçının istinad etdiyi müqavilədə, nə də əmlak payının ayrılması barədə aktlarda torpaq sahəsinin ayrılması ilə bağlı hər hansı məlumat qeyd edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətinin dəlillərini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, məhkəmə qərarında göstərilən dəlillər işin hallarına uyqun olmadığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qərar ləğv olunmalı və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak etmiş iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 141.2. həmin Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Maddə 141.3. daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İş materialları ilə müəyyən olunur ki, 28 avqust 2002-ci il tarixli “Əmlak Payın alqı-satqı müqaviləsi”nə əsasən X7, X3 və X5 tərəfindən Abşeron rayon Məmmədli sovxozundan onlara düşən əmlak payı, yəni tövlənin bir hissəsi dəyəri ödənilməklə X1. Daha sonra Abşeron rayon Məmmədli kəndi üzrə icra nümayəndəsinin 30 avqust 2002-ci il tarixli, 06 saylı sərəncamına əsasən sonuncuya satılmış torpaq sahəsi üzərində fərdi yaşayış evi tikilməsinə icazə verilmişdir. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqanın 19 iyul 2023-cü il tarixli məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina edildiyindən, məhkəməyə müraciət etmişdir. Beləliklə, hazırki iş üzrə iddia tələbi ünvan 1i ərazisində yerləşən 0.3253 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla iddiaçının adına çıxarış və planölçü sənədinin verilməsindən ibarətdir. Belə ki, İddiaçı ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 28 avqust 2002-ci il tarixli “Əmlak Payın alqı-satqı müqaviləsi”nə əsasən X7, X3 və X5 tərəfindən ona satıldığını bildirmişdir. Lakin iddiaçı həmin fərdi torpaq sahəsinin sözügedən müqaviləyə əsasən satılmasını təsdiq edilməsinə dair nə inzibati icraat zamanı inzibati orqana, nə də məhkəmə icraatı zamanı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Abşeron rayon dövlət arxivi tərəfindən təqdim edilmiş X13 Komissiyasının 17 yanvar 1998-ci il tarixli, 10/AK-1 nömrəli protokolu ilə təsdiq edilmiş 171,166 və 198 saylı aktlardan görünür ki, X7, X3 və X2 əmlak payı olaraq Abşeron rayon, Məmmədli ərazisindən qeyri-yaşayış sahəsi (tövlə) ayrılmışdır. Kollegiya qeyd edir ki, iş materiallarında olan alqı-satqı müqaviləsində yalnız qeyri-yaşayış sahəsinin, yəni tövlənin alqı-satqısının həyata keçirildiyi göstərilir. Mübahisəyə səbəb olan torpaq sahəsinə dair açıq və konkret şəkildə hüququn verilməsini təsdiq edən heç bir hüquqi sənəd təqdim olunmamışdır. Digər tərəfdən, X13 Komissiyasının təsdiq etdiyi sənədlərdə torpaq sahəsinin deyil, qeyriyaşayış obyektinin (tövlənin) ayrıldığı göstərilmişdir. Bu isə onu göstərir ki, mübahisə doğuran torpaq sahəsi həmin şəxslərə məxsus olmamış və nəticə etibarilə onların bu sahə üzərində alqısatqı əməliyyatı aparmaq səlahiyyəti olmamışdır. Araşdırma zamanı o da müəyyən edilmişdir ki, X7, X3 və X5 onalara əmlak payı olaraq ayrılmış Abşeron rayon, Məmmədli ərazisindən qeyri-yaşayış sahəsini (tövləni) iddiaçıya satarkən belə həmin sahə üzərində ümumiyyətlə mülkiyyət hüquqlarını qeydə almadan satmışlar. Nəticə etibarilə, iş materialları və mövcud hüquqi sənədlərin təhlili əsasında aydın olur ki, yalnız tikilinin, yəni tövlənin satışı rəsmiləşdirilmiş, lakin həmin tikili ilə əlaqəli torpaq sahəsinin hüquqi mənsubiyyəti, mülkiyyət və ya istifadəyə dair hüquqların verilməsi və bu hüquqların üçüncü şəxsə keçirilməsi barədə hər hansı qanunla müəyyən edilmiş formada rəsmiləşdirilmiş sənəd mövcud deyildir. Torpaq sahəsi üzərində hüquq yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada əldə oluna və dövlət qeydiyyatına alına biləcəyindən iddiaçının təqdim etdiyi alqı-satqı müqaviləsi əsasında bu sahəyə dair mülkiyyət hüququ əldə etməsi mümkün hesab edilə bilməz. Bu baxımdan, iddiaçının dövlət qeydiyyatına alınmaqla adına çıxarış və plan-ölçü sənədinin verilməsi barədə tələbi qanunvericiliyin tələblərinə cavab vermir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq təsbit edilmişdir. Lakin iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində müəyyən edilmiş tələblərə uyğun hüquqmüəyyənedici sənədlər, yəni notarial qaydada təsdiq edilmiş müqavilələr və ya həmin normada müəyyən edilmiş digər əsaslara cavab verən hüquqmüəyyənedici sənədlər cavabdeh inzibati orqana təqdim edilməmişdir. Cavabdeh inzibati orqanda tərəflər arasında mübahisənin olmasını və zəruri sənədlərin təqdim edilməməsini nəzərə alaraq əsaslı olaraq müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin tələblərinə cavab verən sənədlər iddiaçı tərəfindən inzibati orqana təqdim edilmədiyi üçün, cavabdeh inzibati orqan həmin qanunun yuxarıda qeyd edilən 15.1.1-ci maddəsinə (dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə) əsasən əsaslı olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İş üzrə mübahisənin öhdəliyin icrası haqqında iddiaya aid olmasını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 mart 2025-ci il tarixli, 2-1(118)-411/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-545/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-545/2025
29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver