Məhkəmə qərarları › İş №2-1(105)-546/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-546/2021

09.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-546/2021 09.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı “soyad və adının “İddiaçı”-dən “xxxxxxxxx”-ə dəyişdirilməsi və bu barədə akt qeydləri kitabında müvafiq dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Açar sözlər: ad və soyadın təkrar dəyişdirilməsi Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı “soyad və adının “İddiaçı”-dən “xxxxxxxxx”-ə dəyişdirilməsi və bu barədə akt qeydləri kitabında müvafiq dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2-1(118)-792/2021 saylı qərarından iddiaçı tərəfindən verilən apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı cavabdeh Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı “soyad və adının “İddiaçı”-dən “xxxxxxx”-ə dəyişdirilməsi və bu barədə akt qeydləri kitabında müvafiq dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İddiaçının əsaslandırması:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 1967-ci ildə xxxxxrayonunun xxxxl kəndində anadan olmuş, əvvəllər soyadı xxxxx, adı isə xxxxxxolmuşdur. Soyad və adının dəyişdirilməsi ilə əlaqədar etdiyi müraciət əsasında daşıdığı soyad və adı “xxxxxdən “İddiaçı”ə dəyişdirilmişdir. Bu barədə soyadın, adın, ata adının dəyişdirilməsi haqqında akt qeydiyyatı kitabında 18 iyun 2019-cu ildə 83 №li qeyd edilməklə ona Sumqayıt “Asan Xidmət” mərkəzi tərəfindən AZ-İ № 025719 saylı şəhadətnamə verilmiş və şəhadətnamə əsasında ona AA ******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Soyad və adını dəyişdirəndən sonra qohumları, tanışları, qonşuları onu tanımaqda çətinliklərlə qarşılaşırlar. Hamı onu soyadı xxxxxx və əvvəlki adı xxx kimi tanımaqla müraciət edirlər. Həm də adı xxx dəyişdirildikdən sonra bilmişdir ki, xxxxxxxlı qardaşının şəxsiyyət vəsiqəsində rəsmi adı xxxxir. Eyni adı daşımaları qardaşları fərqləndirməkdə çətinlik yaradır. Qardaşlarıxxxxxx soyadını daşıyırlar. Bu da onda narahatlıq yaradır. Onun hərbi biletində də soyadı xxxxxxx kimi qeyd edilmişdir. Ona görə də o, ata soyadı xxxxxxx və əvvəlkixxxx adını daşımaq istədiyindən bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Qeydiyyat şöbəsinə soyad və adı İddiaçı-dən xxxxxxx-ə dəyişdirilməsi ilə əlaqədar müraciət etmiş, lakin müraciətinə imtina cavabı verildiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Cavabdehin etirazları:

3. Cavabdeh Qeydiyyat şöbəsinin iddiaya qarşı etirazı məhkəməyə təqdim edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat:

4. Sumqayıt İnzibati Məhkəməsinin 17 iyun 2021-cı il tarıxlı 2-1(118)-792/2021 saylı qərarı ilə (hakim İ.R.Quliyev) iddia tələbinin rədd edilməsi qərara alınmışdır.

5. Qərardan narazı qalan İddiaçı tərəfindən apelyasiya şikayəti verilərək Sumqayıt İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2-1(118)-792/2021 saylı qərarı ləğv edilməklə iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apelyasiya şikayətinin dəlilləri:

6. İddiaçı apelyasiya şikayətində iddia ərizəsində istinad etdiyi halları təkrarən qeyd edərək məhkəmənin qəbul etdiyi qərarla razılaşmadığını vurğulayaraq onu da qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının, həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189, 190-cı və Mülki Məcəlləninn 26cı maddələrinə əsasən fiziki şəxslər qanunla müəyyənləşdirilmiş qaydada adlarını dəyişə bilərlər, eyni zamanda adın, ata adının və soyadın neçə dəfə dəyişdirilməsi həmin normalarda müəyyən edilməmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apelyasiya şikayətinə qarşı da cavabdeh Qeydiyyat şöbəsinin etirazı məhkəməyə təqdim edilməmişdir.

c) məhkəmə icraatı iştirakçılarının izahatları:

8. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş İddiaçı şikayətini müdafiə edərək əlavə olaraq onu da qeyd etmişdir ki, o, 1990-cı ildə xxxxxətinə getmiş və qayıtmış, 2000-ci ildə xxxxxxasına getmiş, orada ailəsilə birlikdə yaşamış və 2016-cı ildə xxxxadan qayıtmış, heç bir cinayət törətməmiş, cinayət məsuliyyətinə cəlb edilməmiş, deportasiya olunmamışdır. Qardaşının adının xxxxx olduğunu bilməmiş, çünki qardaşına hər kəs xxxxxx adı ilə səsləndiyi üçün o da, qardaşımın adının xxxxx olduğunu bilmişdir. İlk dəfə adını dəyişməsinin səbəbi torpaq almaq istəyi olmuş, çünki həmin torpağı 30 illiyə başqa şəxslərə icarəyə verəcəkdilər. O da düşünmüş ki, adını və soyadını dəyişib torpaq üçün müraciət etsə, torpağı ona icarəyə verərlər.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək onu da bildirdi ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Qərar ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, Sumqayıt şəhər Qeydiyyat şöbəsi iddiaçının müraciətindən imtina etməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli qərarın 5.10-cu bəndinə əsasən “Adın, ata adın və soyadın verilməsi və dəyişdirilməsinə yol verilməməsi göstərilmişdir. Lakin həmin bənddə göstərilir ki, qeydiyyat şöbəsi və konsulluq tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. Həmin bəndin məzmunundan də göründüyü kimi iddiaçının tələbi soyadının sonluğunun növbəti dəfə dəyişiklik edilməsi ilə bağlı deyildir. Lakin birinci instansiya məhkəməsi imtina məktubunu əsassız saymalı olduğu halda iddiaçının iddia tələbini rədd etmişdir. İddiaçının özünün də qeyd etdiyi kimi iddiaçı hansısa problemdən yayınmaq üçün hazırkı iddianı qaldırmayıb, yəni təqdim etdikləri sənədlərlə də təsdiq olunur ki, iddiaçı nə cinayət məsuliyyətinə, nə də ki, hər hansı deportasiya vəziyyətinə məruz qalmamış, sadəcə əvvəllər dəyişmiş olduğu adı və soyadı ona bir sıra narahatlıqlar yaratdığı üçün ilkin olaraq daşımış olduğu ad və soyadına qayıtmaq istəyir. Odur ki, apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər.

Tədbiq edilən hüquq

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

11. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

12. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

13. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

14. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

15. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

16. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

17. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

18. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

19. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

20. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

21. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

22. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

23. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

24. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

25. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

26. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

27. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

28. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

29. Həmin Məcəllənin 94.4-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 26. Ad hüququ 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. (-). 26.4. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. (-).

31. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Maddə 192. Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydaları:

6. Adın, ata adının və soyadın dəyişdirilməsi (-). 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. (-). 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. (-).

Apelyasiya instansiya məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hazırkı qərarın 10-24-cü bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq iddiaçı tərəfin izahatını və apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarını onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxxxxxx 1967-ci ildə xxxxxxxxl kəndində anadan olmuşdur. Soyad və adının dəyişdirilməsi ilə əlaqədar etdiyi müraciət əsasında daşıdığı soyad və adı “xxxxxxxx”-dən “İddiaçı”-ə dəyişdirilmişdir. İddiaçı əvvəlki ad soyadına qayıtmaq üçün Sumqayıt şəhər Qeydiyyat şöbəsinə soyad və adı İddiaçı-dənxxxxxx dəyişdirilməsi ilə əlaqədar müraciət etmiş və Sumqayıt şəhər Qeydiyyat şöbəsi iddiaçının müraciətinə 23 yanvar 2021-ci il tarixli 05/75-23/15 saylı məktubla imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının tələblərinin mənasından göründüyü kimi adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə yol verilən hallar sözügedən qaydalarda imperativ olaraq öz əksini tapmışdır. Lakin hazırki işdə iddiaçının adının və soyadının növbəti dəfə dəyişilməsi üçün həmin hallardan hər hansı biri müyyən olunmur. Buna görə də cavabdeh inzibati orqanın iddiaçının adının və soyadının dəyişilməsindən imtinası əsaslı olduğundan iddia rədd edilməlidir.

35. Məhkəmə kollegiyası hazırkı qərarın 6-cı bəndində öz əksini tapan apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir ona görə ki, həmin dəlillər əsasən iddia ərizəsində gösərilənlərlə eyni olmaqla birinci instansiya məhkəməsi tərəfindən həmin hallara hüquqi qiymət verilmiş, həmçinin qeyd edilməlidir ki, şikayət müəllifinin özünün də istinad etdiyi Mülki Məcəlləninn 26-cı maddəsinin tələbləri məhz qanunla müəyyənləşdirilmiş qaydada fiziki şəxslər adının, soyadının dəyişdirilməsi hüququna malikdirlər. Hazırkı qərarın 30-32ci bəndlərində istinad edilən hüquq normalarında imperativ qaydada ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə yol verilən hallar öz əksini tapmışdır.

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni yuxarıda qeyd edilən qanun normalarının tələbləri baxımından əsaslı sayaraq hesab edir ki, iddiaçının cinayət məsuliyyətinə cəlb edilməməsi, hazırda barəsində cinayət təqibinə dair hər hansı bir materialın olmaması, hərbi biletində əvvəlki ad və soyadının olması əsas vermir ki, iddiaçı 18.06.2019-cu ildə dəyişmiş olduğu ad və soyadını yenidən dəyişsin. Yəni iddiaçı qanunvericiliklə ona verilmiş potensial hüquqdan istifadə etməklə bir dəfə ad və soyadını dəyişdirmiş və bundan təxminən bir il yarım keçdikdən sonra təkrarən ad və soyadını dəyişdirməsilə əlaqədar heç bir mötəbər sübut təqdim etmədiyindən inzibati orqana müraciət etmişdir ki, cavabdeh inzibati orqanın da iddiaçının müraciətinə imtina etməsində haqlı olmasını birinci instansiya məhkəməsi öz qərarı ilə təsdiqləmişdir.

37. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsinə əsaslar olmadığından birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir. Apelyasiya şikayətinin təmin edilməsi üçün də əsaslar müəyyən edilmir, bu baxımdan birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2-1(118)-792/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəməqərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar