Məhkəmə qərarları › İş №2-1(105)-547/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-547/2022

30.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-547/2022 30.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müdafiə nazirinin müavini - X9 Komandanının (N nömrəli hərbi hissə) xx.xx.2021-ci il tarixli, N nömrəli və 076 nömrəli əmrlərinin iddiaçıya aid olan hissədə ləğv edilməsi baradə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 06 iyul 2022ci il tarixli, 2-1(118)-992/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəmədə iddia qaldıraraq Müdafiə nazirinin müavini-X9 Komandanının (N nömrəli hərbi hissə) xx.xx.2021-ci il tarixli, N nömrəli və 076 nömrəli əmrlərinin iddiaçıya aid olan hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini-bölmə rəisi vəzifəsində xidmət edərkən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində hərbi hissədə inspeksiya yoxlaması keçirilmişdir. Yoxlama zamanı hərbi hissənin bölmələrində mənəvipsixoloji təminat üzrə nöqsanlar və çatışmazlıqlar aşkar olunmamış, fərdi qaydada iştirak etdiyi bütün məqbullardan müsbət qiymətlər aldığına baxmayaraq yoxlamanın nəticələrinə görə tərtib olunmuş əmrdə ona “vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam cəzası elan olunmuş və 2000 manat məbləğində maddi məsuliyyətə cəlb olunmuş və ondan 2000 manat pul tutulmuşdur. Həmçinin onun 2-ci məharət dərəcəsi ləğv edilmişdir. Onun barəsində verilmiş intizam cəzasının və 2000 manat pulun tutulmasının ləğv olunması xahişi ilə xx.xx.2021-ci il tarixdə N nömrəli hərbi hissə komandirinə və N №li hərbi hissənin (X8) “İdeoloji iş və mənəvi X5 rəisi”nə raportla müraciət etmiş, lakin həmin raportun N nömrəli hərbi hissədə qeydiyyata alınmasından imtina edilmişdir. Lakin raportları cavablandırılmamış və nəticəsiz qalmışdır. Raportlarının cavablandırılmadığını görərək iddiaçı xx.xx.2021-ci il tarixdə N nömrəli hərbi hissə komandirinə və xx.xx.2021-ci il tarixdə isə N №-li hərbi hissənin “İdeoloji iş və mənəvi X5 rəisi”nə yenidən raportla müraciət etmiş, lakin bu müraciətləri də indiyədək cavabsız və nəticəsiz qalmışdır. Bundan sonra o, bu raportunun cavablandırılmadığını görərək xx.xx.2021-ci il tarixdə yuxarı instansiyaya - Müdafiə nazirinə və N nömrəli hərbi hissə komandirinə şikayət ərizəsi ilə müraciət edərək N nömrəli, xx.xx.2021-ci il tarixli əmrin ona aid hissədə ləğv olunmasını xahiş etmiş, lakin bu müraciətləri də indiyədək cavablandırılmamışdır. Hesab edir ki, N nömrəli hərbi hissə komandirinin N nömrəli, xx.xx.2021-ci il tarixli müvafiq əmri Azərbaycan Respublikasının xx.xx.1995-ci il tarixli 947 saylı Qanunu ilə təsdiqlənmiş “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında” Əsasnamənin və Müdafiə nazirinin 96 nömrəli, xx.xx.2000-ci il tarixli əmrinin tələbləri ilə ziddiyyət təşkil edir və onun tərəfindən dövlətə heç bir formada ziyan vurulmamışdır. Həmçinin, o, əsassız olaraq 2-ci məharət dərəcəsindən məhrum edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaçının iddia tələbinə etiraz edərək bildirmişdir ki, aşağıdakı səbəblərə görə ehtiyatda olan polkovnik-leytenant İddiaçı iddia ərizəsində göstərilənləri əsassız hesab edirlər. Belə ki, ehtiyatda olan polkovnik-leytenant İddiaçı N nömrəli hərbi hissə komandirinin ideoloji iş və mənəvi psixoloji təminat üzrə müavini vəzifəsində xidmət edərkən 13 aprel - 04 may 2021-ci il tarixlərdə X6 Hərbi İnspeksiyası tərəfindən həmin hərbi hissə və onun tabeliyində olan 299, 399, N və N nömrəli hərbi hissələrdə inspeksiya yoxlaması aparılmış, ümumilikdə döyüş hazırlığının vəziyyəti “qeyri-kafi” qiymətləndirildiyinə görə ümumi bal hesablanmamış və hərbi hissə “kateqoriyadan xaric” qiymətləndirilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsində hərbi qulluqçuların komandir və rəis heyətinin vəzifələri qeyd olunmuşdur. Alay (briqada) komandirinin tərbiyə işləri üzrə müavininin (hazırki hərbi hissə komandirinin ideoloji iş və mənəvi psixoloji təminat üzrə müavini) vəzifələri qeyd olunan nizamanamənin 68 və 69-cu maddələrində göstərilmişdir. İnspeksiya yoxlaması zamanı müəyyən olunmuşdur ki, ehtiyatda olan polkovnik-leytenant İddiaçı tərbiyə işini döyüş və ictimai-siyasi hazırlığın müvəffəqiyyətlə yerinə yetirilməsinə, alayda (briqadada) döyüşə daimi hazırlığın saxlanmasına, döyüş tapşırıqlarının yerinə yetirilməsinə, şəxsi heyətin hərbi intizamının və mənəvi-psixoloji vəziyyətinin möhkəmlənməsinə yönəldərək təşkil etməmiş, nəticədə hərbi hissənin şəxsi heyətinin döyüş hazırlığı aşağı səviyyədə olmuşdur. Həmçinin, Azərbaycan Ordusunda ideoloji otaqların təbliğat və təşviqat işinin mərkəzi hesab olunduğu, tərbiyəvi işin təşkilində istifadə etmək üçün yaradıldığı halda, N nömrəli hərbi hissədə ideoloji otaqda çayxana təşkil edilmiş, anti-sanitariya vəziyyətində saxlanılmış, istifadə olunmuş konfetlərin kağızları yığışdırılmamışdır. Həmin otaq hərbi hissə növbətçisinin xidmət apardığı yerə yaxın olmasına baxmayaraq nəzarət olunmamışdır. Bölmələrdə döyüş hazırlığının, qoşun xidmətinin və hərbi intizamın təhlilinə dair yekunların protokolları Müdafiə nazirinin 28 avqust 2018-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Ordusunda əməliyyat və döyüş hazırlığının, qoşun xidmətinin və hərbi intizamın təhlilinə dair yekunların keçirilməsi haqqında təlimatın tələblərinə uyğun olaraq tərtib edilməmişdir. Qeyd olunanlardan da görünür ki, ehtiyatda olan polkovnik-leytenant İddiaçı nizamnamə ilə üzərinə qoyulan vəzifələri tam həcmdə yerinə yetirməmiş, buna görə də inspeksiya yoxlaması zamanı onun xidmətinə aid nöqsanlar aşkar edilmiş, mənəvi psixoloji təminat “qeyri-kafi” qiymətləndirilmişdir. Buna görə də, Müdafiə nazirinin müavini X9 Komandanının 15 may 2021-ci il tarixli, N nömrəli əmri ilə ona və digər bir neçə rəhbər vəzifəli şəxslərə “Hərbi hissədə döyüşə hazırolma və döyüş hazırlığının təşkilinə laqeyd münasibət göstərdiklərinə, gündəlik fəaliyyəti və zəruri təminatı rəhbəredici sənədlərin tələblərinə uyğun olaraq təşkil edə bilmədiklərinə, döyüşə və səfərbərliyə hazırlığın artırılması, intizam və mənəvi-psixoloji vəziyyətin möhkəmləndirilməsi üçün lazımi tədbirlər görmədiklərinə və bununla da inspeksiya yoxlaması zamanı hərbi hissə ümumilikdə “qeyri-kafi” qiymətləndirildiyinə görə “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” edilmişdir. “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin 37.2.7-ci bəndində Müdafiə naziri və onun müavinləri tərəfindən hərbi qulluqçuya “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam cəzası verildikdə onun malik olduğu məharət dərəcəsinin 2 pillə aşağı endirilməsi göstərilmişdir. Ehtiyatda olan polkovnik-leytenant İddiaçı da verilmiş bu növ cəza Müdafiə nazirinin müavini X9 Komandanı tərəfindən verildiyinə görə onun məharət dərəcəsi 2 pillə aşağı endirilmiş, yəni malik olduğu 2-ci məharət dərəcəsindən məhrum edilmişdir. Buradan da görünür ki, onun xx.xx.2021-ci il tarixli, 076 nömrəli əmrlə malik olduğu 2-ci məharət dərəcəsindən məhrum edilməsi tam qanuni və əsaslıdır. Bundan başqa, ehtiyatda olan polkovnik-leytenant İddiaçı onun qanunsuz olaraq maddi məsuliyyətə cəlb olunduğunu bildirmişdir. N nömrəli hərbi hissənin inspeksiya yoxlaması zamanı yoxlamaya cəlb olunan şəxsi heyət və texnika döyüşə hazır olmamış, yoxlama atış çalışması zamanı şəxsi heyət təyin olunmuş hədəfləri vura bilməmişdir. Nəticədə, 396 ədəd 484.11 manat dəyərində 7.62 mm patron, 168 ədəd 1958.46 manat dəyərində 12.7 mm patron və 12 ədəd 39372 manat dəyərində 125 mm tank mərmisi israf olunmuşdur. Şəxsi heyətin hədəfləri vura bilməməsi inspeksiya tərəfindən araşdırılmış və müəyyən edilmişdir ki, atəş hazırlığı üzrə məqbulların qəbulu zamanı tanklar döyüş tətbiqinə hazır olmamış, vəzifəli şəxslər tərəfindən tankların silahları normal döyüş vəziyyətinə gətirilməmiş (sıfırlama aparılmamış) və buna nəzarət olunmamışdır. Hərbi hissənin vəzifəli şəxsləri hərbi hissənin döyüş hazırlığı səviyyəsini yüksəltmək üçün hər hansı bir iş görməmiş, bunun üçün nizamnamə ilə onların üzərinə qoyulan vəzifələri layiqincə icra etməmişlər. “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında” Əsasnamənin 6-cı maddəsində göstərilmişdir ki, “Hərbi qulluqçular və toplanışa çağırılmış vəzifəlilər əsgəri nizamnamələrlə, əmrlərlə və digər aktlarla nəzərdə tutulmuş xidməti vəzifələrini laqeyd yerinə yetirmələri nəticəsində vurduqları ziyana görə vurulmuş ziyanın miqdarında, ... maddi məsuliyyət daşıyırlar”. Həmin Əsasnamənin 3-cü bəndində isə qeyd olunub ki, “Hərbi qulluqçular və toplanışa çağrılmış hərbi vəzifəlilər tərəfindən dövlətə vurulmuş ziyan onların həmin ziyana səbəb olmuş hərəkətlərinə (hərəkətsizliyinə) görə intizam və yaxud cinayət məsuliyyətinə cəlb olunub-olunmamasından asılı olmayaraq ödənilir”. Həmçinin, Əsasnamənin 14-cü maddəsində göstərilmişdir ki, “Zərər aşkar edildikdə hərbi hissə, müəssisə, hərbi məktəb, idarə və təşkilatların komandirləri (rəisləri) zərərin başvermə səbəblərinin, onun miqdarının və təqsirli şəxslərin müəyyən edilməsi üçün dərhal inzibati təhqiqat təyin edirlər. Təhqiqat bir ay müddətində başa çatmalıdır. Lazımi hallarda yuxarı komandir (rəis) bu müddəti bir aydan artıq olmayaraq uzada bilər. Zərərin başvermə səbəbləri, miqdarı və təqsirli şəxslər təftiş, yoxlama, təhqiqat, istintaq və ya məhkəmə tərəfindən müəyyən edildikdə inzibati təhqiqat aparılmaya bilər”. İnspeksiya yoxlaması zamanı təqsirkar şəxslər müəyyən edildiyindən həmin fakt üzrə araşdırma aparılmamış, inspeksiya rəisinin Müdafiə nazirinin müavini-X9 Komandanına təqdim etdiyi arayışməruzədə N nömrəli hərbi hissədə döyüş sursatlarının israfçılıqla istifadə olunmasına görə dövlətə dəymiş maddi ziyanın yoxlama zamanı müəyyən edilmiş təqsirkar şəxslər arasında bölüşdürülməsi təklif olunmuşdur. Bölmələrin döyüşə və döyüş hazırlığının, şəxsi heyətin intizamı və mənəvi-psixoloji vəziyyətinin aşağı səviyyədə olması, silah və texnikanın daim döyüş tətbiqinə hazır vəziyyətdə saxlanılmaması, silahların normal döyüş vəziyyətinə gətirilməməsi nəticəsində döyüş sursatlarının israf edilməsinə səbəb olduqlarına və hərbi hissə inspeksiya yoxlamasında “qeyri-kafi” qiymətləndirildiyinə görə bunda məsuliyyət daşıyan vəzifəli şəxslər müəyyənləşdirilmiş və onların maddi məsuliyyətə cəlb olunması xahiş edilmişdir. Ehtiyatda olan polkovnik-leytenant İddiaçı da həmin şəxslərin siyahısında olduğundan maddi-məsuliyyətə cəlb olunmuşdur. Yuxarıda da qeyd olunduğu kimi İddiaçı xidməti vəzifələrini layiqincə yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Silahlı X3 uyğun olaraq intizam məsuliyyətinə cəlb olunmuş, həmin intizam məsuliyyətinə cəlb olunduğu üçün “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq malik olduğu məharət dərəcəsindən məhrum edilmiş və “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq da nizamnamə ilə üzərinə qoyulmuş vəzifələri layiqincə yerinə yetirməməsi nəticəsində yol verilmiş israfçılığa görə də maddi məsuliyyətə cəlb olunmuşdur. 2020-ci ilin sentyabr ayından başlayaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin işğal altında olan torpaqları azad etməsi uğrunda aparılan döyüş əməliyyatlarından inspeksiya yoxlamasınadək 7 ay keçməsinə baxmayaraq N nömrəli hərbi hissənin vəzifəli şəxsləri hərbi hissənin balansında olan ən müasir tankaların və silahların döyüşə hazır olmasına nəzarət etməmiş, qəfil yarana biləcək hər hansı bir döyüş əməliyyatına hazır olmamışlar. Həmin zabitlər nizamnamələrlə üzərlərinə qoyulmuş xidməti vəzifələrini icra etməyərək hərbi hissənin döyüşə hazır olması üçün səy göstərməmiş, həmçinin tabeliklərində olanların da döyüş hazırlığına nəzarət etməmişlər. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsinin məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2-1(118)-992/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Ceyhun Məmmədov) Qərardaddan İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarından görünür ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına səbəb olan halı (30 günlük iddia müddətinin ötürülməsini) iddiaçının diqqətinə çatdırmaqla kifayətlənmiş, iddiaçıya prosessuql müddətin bərpa olunması üçün İPM-in 24-cü maddəsində müəyyən olunmuş hüquqi müdafiə vasitələrindən istifadə etməyi təklif etməmiş, müddətin bərpası barədə ərizə vermək üçün lazımı şərait yaratmamış, bunun üçün ağlabatan vaxt təyin etməmişdir. Həmçinin məhkəmə mübahisələndirilən inzibati aktın əslini və yaxud təsdiq edilmiş surətini cavabdehdən tələb edərək iş materiallarına əlavə etməmişdir. Məhkəmə həmçinin onu da nəzərə almamışdır ki, o, xx.xx.2021-ci il tarixdə xidmət etdiyi N nömrəli hərbi hissə komandirinə və daha yüksək komandanlığa (N №-li hərbi hissə komandirinə) mübahisələndirilən inzibati aktın ləğv olunması xahişi ilə müraciət etmişdir. Raportlarının cavablandırılmadığını görərək yenidən eyni məzmunlu xahişlə xx.xx.2021-ci il tarixdə N №-li hərbi hissə komandirinə, xx.xx.2021-ci il tarixdə isə yuxarı komandanlığa - N №-li hərbi hissə komandirinə təkrarən müraciət etmişdir. Bu müraciətlərinin də cavablandırılmağını görərək xx.xx.2021-ci il tarixdə hazırkı iş üzrə cavabdehə müraciət etmişdir. Yalnız cavabdehə etdiyi xx.xx.2021-ci il tarixli müraciətinə cavab almadıqdan sonra xx.xx.2022-ci il tarixdə (38 gün sonra) məhkəməyə müraciət etmişdir. N №-li hərbi hissə komandirinin müvafiq əmrlərinin ləğv olunması tələbi ilə birbaşa məhkəməyə müraciət edə bilməzdi, lakin müraciətlərinə mahiyyəti üzrə baxılmamış, müraciətləri cavablandırılmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-cı maddəsində hərbi qulluqçunun xidməti məsələlərinə dair müraciətin forması göstərilib. Bu maddədə şikayətlə bağlı yalnız İntizam Nizamnaməsinin müddəalarının rəhbər tutulmalı olduğu qeyd olunub. Həmin maddədə qeyd olunur ki, hərbi qulluqçu xidmət məsələlərinə dair özünün bilavasitə rəisinə və ancaq onun icazəsi ilə komanda üzrə daha böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu şəxsi məsələlərə dair, bir qayda olaraq, özünün bilavasitə rəisinə, xüsusi hallarda isə böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu rəisə yazılı surətdə müraciət etdikdə, raportu yalnız komanda üzrə verə bilər. Hərbi qulluqçu təklif, ərizə və şikayət verdikdə, İntizam Nizamnaməsinin müddəalarını rəhbər tutmalıdır. Hərbi qulluqçunun şikayət etmə forması Azərbaycan Respublikası Silahlı X1 V fəslində qeyd olunmuşdur. Ehtiyatda olan polkovnik-leytenant İddiaçı istinad etdiyi 107-ci maddədə qeyd olunub. Həmin maddəyə əsasən, hərbi qulluqçu hərbi əmlakın oğurlanmasını, yaxud korlanmasını, pul vəsaitinin qanunsuz xərclənməsini qoşunların təchizatında sui-istifadə hallarını, texnikanın saxlanması işindəki nöqsanları və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə ziyan vura bilən digər faktları aşkar etdikdə bu barədə komanda üzrə məlumat verməyə borcludur və ya hərbi qulluqçu həmin nöqsanların aradan qaldırılması yolları haqqındakı təkliflərini yazılı surətdə Azərbaycan Respublikası müdafiə naziri də daxil olmalla, böyük rəislərinə göndərə bilər. Göründüyü kimi burada hər hansı şikayət etmə qaydasından söhbət getmir. Pozuntu haqda məlumat vermək hüququ izah olunur. 108-ci maddədə komandirlərin (rəislərin) hərbi qulluqçu haqqında qeyri-qanuni sərəncamları və hərəkətləri, xidməti hüquqlarının və üstünlüklərinin pozulması və ya ona çatası təminatın verilməməsi haqqında şikayət edə biləcəyi qeyd olunmuşdur. 109-cu maddəsində şikayətçi, kimdən şikayət edirsə, şikayəti onun bilavasitə rəisinə verməli olduğu qeyd olunmuşdur. Hazırki işdə isə İddiaçı mübahisələndirdiyi əmrlərin Müdafiə nazirinin müavini-X9 Komandanının əmrləri olduğunu bilmiş, lakin bu barədə xidmət etdiyi N nömrəli hərbi hissənin komandirinə və X6 İdeoloji İş və X2 rəisinə şikayət etmişdir. Qeyd olunan hər iki şəxs, yəni hərbi hissə komandiri və X6 İdeoloji İş və X2 rəisi X9 Komandanının tabeliyindədir. Beləliklə də, ehtiyatda olan polkovnik-leytenant İddiaçı müraciətini 109-cu maddəsinin tələblərinə uyğun etməmişdir. İş materiallarına əlavə olunmuş 15 may 2021-ci il tarixli, N nömrəli əmrin N nömrəli hərbi hissəyə göndərilmiş çıxarışından görünür ki, ehtiyatda olan polkovnik-leytenant İddiaçı həmin əmrlə 31 may 2021-ci ildə tanış olmuş və bu barədə əmrin arxasına imza etmişdir. Buradan da görünür ki, ehtiyatda olan polkovnik-leytenant İddiaçı 31 may 2022-ci ildə həmin inzibati aktla tanış olmuş və iddia müddəti həmin gündən başlamışdır. Həmin maddənin ikinci hissəsində qeyd olunan “şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində” hissəsi ehtiyatda olan polkovnik-leytenant İddiaçı şamil oluna bilməz. Çünki o, qəbul olunmuş inzibati aktdan verdiyi şikayəti inzibati aktı qəbul etmiş orqanın tabeliyində olan şəxslərə vermiş, həmin şəxslər isə qeyd olunan inzibati aktı, yəni Müdafiə nazirinin müavini-X9 Komandanının əmrini mübahisələndirə bilməz, ona dəyişiklik və ya həmin əmri müzakirə belə edə bilməzlər. Yəni həmin şəxslər qanunda göstərilən “şikayət instansiyası” hesab oluna bilməzlər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 birinci intansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Silahlı X4: V fəsil. Təkliflər, ərizələr və şikayətlər haqqında

107. Hərbi qulluqçu hərbi əmlakın oğurlanmasını, yaxud korlanmasını, pul vəsaitinin qanunsuz xərclənməsini, qoşunların təchizatında sui-istifadə hallarını, texnikanın saxlanması işindəki nöqsanları və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə ziyan vura bilən digər faktları aşkar etdikdə bu barədə komanda üzrə məlumat verməyə borcludur və ya hərbi qulluqçu həmin nöqsanların aradan qaldırılması yolları haqqındakı təkliflərini yazılı surətdə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının rəhbəri də daxil olmaqla, böyük rəislərinə göndərə bilər.

108. Hər bir hərbi qulluqçu komandirlərin (rəislərin) onun haqqında qeyri-qanuni sərəncamları və hərəkətləri, xidməti hüquqlarının və üstünlüklərinin pozulması və ya ona çatası təminatın verilməməsi haqqında şikayət edə bilər.

109. Şikayətçi, kimdən şikayət edirsə, şikayəti onun bilavasitə rəisinə verir. Əgər şikayətçi öz hüquqlarının kim tərəfindən pozulduğunu bilmirsə, şikayəti komanda üzrə verir.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti

2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

Maddə 80. Məhkəmə qərardadları 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır... Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İşdən görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən müdafiə nazirinin müavini-X9 Komandanının əmri 15 may 2021-ci il tarixdə qəbul edilmişdir. İddiaçı isə əmrlə 31 may 2021-ci il tarixdə tanış olmuş, hazırkı iddia ərizəsi ilə 28 yanvar 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Apellyasiya şikayətində iddiaçı xx.xx.2021-ci il tarixdə xidmət etdiyi N №-li hərbi hissə komandirinə müraciət etdiyini, lakin müraciətinə cavab verilmədiyindən xx.xx.2021-ci il tarixdə yenidən həmin hərbi hissə komandirinə, xx.xx.2021-ci il tarixdə isə yuxarı komandanlığa - N №-li hərbi hissə komandirinə müraciət etdiyini, həmin müraciətləri də cavabsız qaldığından xx.xx.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etdiyini, həmin müraciətə də cavab almadıqdan sonra (38 gün sonra) məhkəməyə müraciət etdiyini göstərmişdir. Məhkəmə tərkibi bu dəlillə əlaqədar olaraq bildirir ki, məhkəməyə müraciət etmək hüququ konstitusion hüquqdur və hər kəsin məhkəməyə müraciət etmək hüququ vardır. Lakin bu hüquqdan qanunla müəyyən edilmiş qaydada və müddətdə istifadə edilə bilər. Şəxsin bu hüquqdan qanunla müəyyən edilmiş müddətdə istifadə etməməsi onun şəxsi mülahizəsi ilə əlaqədar məsələdir. Yuxarıda sadalanan normalardan görünür ki, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçının əmrlə xx.xx.2021-ci il tarixdə tanış olduğu nəzərə alındıqda əmrin ləğv edilməsi ilə bağlı məhkəməyə iddia verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan prosessual müddət ötürülmüşdür. Prosessual müddətin bərpası barədə ərizənin təqdim edilməsi üçün lazımı şəraitin yaradılmaması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin 06 iyul 2022-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, məhkəmə iddiaçıya hüquqi yardım göstərmiş, vəsatət vermək, öz tələblərini və ya vəsatətlərini əsaslandırmaq üçün proses iştirakçılarına söz vermiş, lakin iddiaçı tələbinə olduğu kimi baxılmasını xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və qeyd edir ki, iddiaçı qanunvericilikdə müəyyən olunmuş müddət ərzində əmri mübahisələndirmədiyindən birinci instansiya məhkəməsi müddətin ötürülməsi əsası ilə iddianı mümkün saymayaraq düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2-1(118)-992/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar