Məhkəmə qərarları › İş №2-1(105)-547/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-547/2023

20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-547/2023 20.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatına qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatına qarşı “AR Nazirlər Kabineti tərəfindən 2 illik putyovka xərclərinin verilməsinin təmin olunması və 24000 manat dəymiş maddi və mənəvi ziyanın ödənilməsi vəzifəli şəxslərinin üzərinə öhdəlik qoyulmasına” dair inzibati iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2802/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Nazirlər Kabinetinə və Azərbaycan Respublikası Prezidentinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehlərin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, dövlət orqanlarının hərəkətsizliyinin aradan qaldırılmasına məcbur edilərək karantin rejimin aradan qaldırılması, qərarların ləğv olunması, putyovkaların verilməsinin təmin olunması və 4000 manat dəymiş maddi və mənəvi ziyanın ödənilməsinin vəzifəli şəxslərin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin № 2-1(112)-4394/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddia onunla əsaslandırılmışdır ki, AR Konstitusiyasının 1,7,8,12,24-26,28,29,31- 33,35,43,46,56,57,60,68,71-ci maddələrinə əsasən AR-da dövlətin yeganə mənbəyi xalqdır ,hüquqi dövlətdir, AR prezidenti vətəndaş hüquq və azadlıqlarının qorunmasının və tərəfdaş çıxdığı müqavilələrə riayət olunmasının təminatçısıdır, dövlətin ali məqsədi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsidir,hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqları vardır, qanun qarşısında hamı bərabərdir, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, azadlıq, mülkiyyət, təhlükəsiz yaşamaq, şəxsi toxunulmazlıq, mənzil toxunulmazlığı, əmək, mənzil, şərəf və ləyaqətinin qorunması, seçki, müraciət hüququ vardır, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir, heç kəs qanunsuz təqib edilə bilməz, cinayət, habelə hakimiyyətdən suiistifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur, zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödnilməsini tələb etmək hüququ vardır, konstitusiyada təsbit edilmiş insan hüquq və vətəndaş hüquqlarının və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur, lakin bunların heç birinə əməl olunmur, fiksiyadır. Belə ki, iddiaçının müraciətlərinə AR prezident administrasiyası, Nazirlər kabineti konstitusiyanın maddələrinə məhəl qoymur, onları pozur, onlara qarşı ərizə ilə məhkəməyə müracət etmişdir, lakin əksinə olaraq iddiaçı və ailə üzləri təqiblərə məruz qalmışdırlar, bu da onu sübut edir ki, hakimiyyətə qarşı işlərə baxmaq istəmirlər, onların hərəkətlərinə qanuni qiymət verilmir, onların nəticəsində əmələ gəlmiş qanunsuzluqların-qəbul edilmiş qərarların ləğv etməyinin onların üzərinə qoyulmalı , qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi ziyanın ödənilməsini barədə qərar qəbul olunmalıdır. Belə ki, ölkədə konsititusiya zidd olaraq heç bir qanun olmadan tətbiq edilmiş karantin rejiminin və Covidə görə vaksin vurdurmayan şəxslərin 01 sentyabr 2021-ci il tarixindən işə buraxılmaması qərarına görə oğlu İsayev İsanı həmin tarixdən işə buraxmamışdırlar, ondan qabaq da allerqiyaya görə arayış alınması üçün müraciətlərinə də Quba mərkəzi xəstəxanasından bildirilmişdir ki,onlara göstəriş verilməmişdir (ərizələr əlavə olunur), tibbi karta da qəsdən itirilmişdir, yalnız rəsmi orqanlara kəskin müraciətlərdən sonra 5 saylı xəstəxanaya göndəriş verilmişdir, lakin həmin dövlət xəstəxanasında da avandanlıqların olmamaması səbəbindən onlar öz xərclərini özəl klinikada analizləri verdikdən sonra onda allerqiyanın normadan həddən artıq olduğu müəyyən edilmiş, həkim-allerqoloq da bildirmişdir ki,vaksin vurmaq olmaz, iki aylıq müalicə təyin edilmişdir,lakin səhiyyə nazirliyinə göndərilən bildirişə isə şikayət etdilərinə görə qərəzli olaraq imtina göndərilmişdir. AR Konstirusiyasının və AİHAHK-nın maddələrinə görə də heç qanun olmadan karantin rejimi tətbiq edilə, vaksin olunmağa məcbur edilə bilməz və buna görə də heç bir məhdudiyyət qoyula bilməz. Həmçinin iddiaçının və həyat yoldaşının sənədləri göndərilsə də onlara vaksinə görə əks göstəriş sertifikatı verilməmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2802/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim İsmayıl Quliyev) İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad hüquq normalarının pozuntusu ilə qəbul olunduğundan ləğv olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının, İPM-nin heç bir maddəsinə əməl olunmamış, məhkəmə iclasında qərəzli olaraq qərar qəbul edilmişdir. Həmçinin tərəflərin iştirakı olmadan qərar qəbul edilmişdir. Hansı ki, məhkəmə tərəfləri dəvət edərək sübutları araşdırmalı idi. Nazirlər Kabineti isə tərəf kimi qəbul etməmiş, məhkəməyə də dəvət etməmişdir. Məhkəməyə göndəndərilmiş ərizədə də həmin məktublar əlavə olunduğuna baxmayaraq onlar heç araşdırılmamışdır. Həmçinin qanuna görə qərar qəbul edilərkən tərəflər məhkəməyə dəvət olunur, sübutlar araşdırılır, lazım gələrsə sorğular göndərilərək ekspertiza təyin olunur. Məhkəmə tərəfindən qanunun tələblərini pozmuşdur. Belə ki, məhkəmə tərəfindən çəkişmə prinsipinə əməl edərək analiz edəndən sonra qərar qəbul edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 6-cı maddəsində də deyilir ki, fərziyyələrlə qəbul edimiş qərarlar onu göstərir ki, işə baxan hakim faktları gizlədir, bu da onu sübut edir ki, qərar əvvəlcədən hazırlanıb, sifarişi yerinə yetirərək qanunsuz qərar qəbul edilmişdir. AR İPM-nə əsasən hakim bütün formal xətaların nadan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələsində işin hallarını tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 1.1. Həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarının prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən iddianın mümkün sayılması üçün zəruri olan şərtlər mövcud olmalı, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi özünün hüquq və qanunla qorunan mənafelərinin pozulmasını hesab etdiyi hallara deyil, məhz oğlu və arvadının hüquqlarının pozulmasını hesab etdiyi hallara istinad etmişdir. Başqa sözlə iddia tələbinin əsası kimi başqa şəxsin (ailə üzvlərinin) hüquqlarının pozulmasını hallarına istinad etmişdir. Nəzərə alsaq ki, iddiaçının ailə üvzləri yetkinlik yaşına çatmış şəxslərdir, bu halda iddiaçının həmin şəxslərin adından onların hüquqlarının müdafiəsi məqsədilə iddia tələbi irəli sürmək hüququ mövcud olmamışdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, bu hllarla bağlı birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Həmçinin, məhkəmə kollegiyası iddiaçıya hüquqi yardım göstərilməsi baxımından qeyd edir ki, hazırki iş üzrə iddiaçının hansı hüquqlarının pozulması və bu pozuntunun məhz cavabdeh inzibati orqanın hansı hərəkətləri nəticəsində baş verməsi, bununla bağlı səbəbli əlaqənin olması halının müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, iddiaçı putyovka xərcinin ödənilməsi və 24000 manat məbləğində vurulmuş ziyanın ödənilməsini tələb etsə də, bununla bağlı heç bir dəlilə istinad etməmiş, nəticə etibarilə həmin hallar iddianın mümkünlüyü baxımından ilkin dəlillər əsasında əsaslandırılmamışdır. Bu baxımından iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı (iddia tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı) inzibati məhkəmə icraatı çərçivəsində hüquqi yardım göstərilməsi də mümkün olmamışdır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, inzibati prosessual qnaunvericiliyin tələbinə əsasən vurulmuş ziyanın ödənilməsinə dair iddia tələbinin mümkünlük şərtlərindən biri də ilk öncə bununla bağlı cavabdeh inzibati orqana müraciət edilməlidir. İndiki halda isə iddiaçının belə bir müraciətinin olması müəyyən edilməmişdir. Bununla yanaşı, iddiaçının hansı hüquqlarının məhz cavabdeh inzibati orqan tərəfindən pozulması halının müəyyən edilməsi mümkün olmamış, indiki halda cavabdehin iddia tələbinə cavab verməli olan subyekt olması halı da müəyyən edilməmişdir. Həmçinin, məhkəmə kollegiyası apellyasiya şikayətinin əsasları ilə bağlı onu qeyd edir ki, iddiaçı apellyasiya şikayətinin əsası kimi sübut qismində məktublar təqdim edilsə də, həmin halların araşdırılmaması halına isinad etmişdir. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istinad etdiyi həmin məktublar iddia tələbinin tələbinin əsası kimi istinad edilən hallar baxımından, habelə iddiaçının hansı hüquqlarının məhz cavabdehin hərəkətləri nəticəsində pozulması və onlar arasında səbəbli əlaqənin olması ilə bağlı halları təsdiq etməməklə, bununla bağlı birbaşa sübut qismində çıxış etməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə işin hallarına düzgün hüquqi qiymət verərək, iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Ona görə də məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2802/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar