Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-547/2025 12.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdehin 12 may 2023-cü il tarixli, 3- 17-1/3-3-10313/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 2-1(118)-2704/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi İşin halları İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. İş materiallarına əlavə edilmiş İddiaçı məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2005-ci il tarixindən xx.xx.2008-ci il tarixədək “KCA Deutag Caspian Limited” şirkətində qazma məhsulları üzrə operator və qazmaçı köməkçisi, xx.xx.2008-ci il tarixdən xx.xx.2012-ci il tarixədək "xxxx" MMC-də qazmaçı, xx.xx.2013-cü il tarixdə xx.xx.2014-cü il tarixədək "xxxx" MMC-də qazmaçı, xx.xx.2019-cü il tarixdən xx.xx.2019-cu il tarixədək “Zena Drilling Limited” şirkətində qazmaçı və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-də qazmaçı peşələrində işləmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 26 aprel 2023-cü il tarixli, 3-17-1/2-H-30455/2023 nömrəli İddiaçı göndərilmiş “Əmək pensiyası hüququna baxılmasında mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala dəvət haqqında” məktubundan görünür ki, o, “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün 5 may 2023-cü il tarixədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə gəlməyi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 5 may 2023-cü il tarixli aktından görünür ki, İddiaçı 5 may 2023-cü il tarixdə Mərkəzi Filiala gəlmiş və aşağıda imza edən vəzifəli şəxslər tərəfindən qəbul edilmişdir. İddiaçı vaxtilə pensiya hüququnun olmadığı halda ona pensiya təyinatının həyata keçirildiyi, əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmalı olduğu, bununla əlaqədar olaraq ona əmək pensiyasının təyin edilməsi haqqında inzibati qərarın ləğv olunacağı və yaranacaq artıq ödənilmiş vəsaitin büdcəyə bərpası məqsədilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlərin görüləcəyi barədə ətraflı məlumat verilmişdir. Daha sonra yuxarıda qeyd olunanlarla bağlı mülahizələri dinlənilmişdir. Əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraatın gedişində mülahizəsinin dinlənilməsi inzibati icraatın aparılmasına dair qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilmişdir. Bu barədə 2 nüsxədə akt tərtib edilmişdir. Aktın bir nüsxəsi Mərkəzi Filialda saxlanılır, ikinci nüsxəsi isə haqqında inzibati icraat aparılan maraqlı şəxsə təqdim olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 8 may 2023-cü il tarixli, 3-17-1/2-M-101377/2023 nömrəli İddiaçı göndərilmiş “İnzibati aktın qəbul edilməsi haqqında” məktubundan görünür ki, Mərkəzi Filial tərəfindən həyata keçirilən inventarlaşma nəticəsində əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq 1.077,86 manat məbləğində müəyyən olunmuşdur. Əlavə olaraq artıq ödənilmiş əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələblərinə uyğun qaydada hesablanmış məbləği 100.994,57 manat təşkil edir. Artıq ödənilmiş 100.994,57 manat pul vəsaitinin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi məqsədilə yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 18 iyul 2023-cü il tarixli, 3-17-1/2-M-161520/2023 nömrəli İddiaçı göndərilmiş “Artıq ödənilmiş pensiya məbləği haqqında” məktubundan görünür ki, araşdırma zamanı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı 24 fevral 2011-ci il tarixdən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı 24 fevral 2009-cu il tarixdən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar edilmişdir. Pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 27 il 15 gün təşkil edir. Bununla əlaqədar 1 yanvar 2006-cı il tarixədək iş stajına uyğun olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanın sığorta hissəsi 31,92 manat (27,04 il x 170 manat: 144 ay) hesablanaraq 24 fevral 2011-ci il tarixə indeksləşdirilib 52,29 manat müəyyən edilməklə üzərinə, 1 yanvar 2006-cı il – 24 fevral 2011-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 22.763,52 manat sığorta kapitalına uyğun 158,08 (22.763,52:144) manat və baza hissəsi (85,00 manat) əlavə edilərək pensiya hüququnun yarandığı 24 fevral 2011-ci il tarixə 295,37 (52,29+158,08+85,00) manat məbləğində əmək pensiyası müəyyən edilib (indeksləşdirilərək 31 dekabr 2014-cü il tarixə 334,99 manat). Qeyd olunanları nəzərə alaraq, 31 dekabr 2014-cü il tarixdə işdən azad olması ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 17.212,72 manat sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 98 aya bölünməklə (17.212,72 : 98 ay (144 ay-46 ay (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək işlədiyi ayların sayı))=175,64 manat) pensiya məbləğinin üzərinə əlavə edilərək əmək pensiyası yenidən hesablanaraq 334,99 manatdan 510,63 manata artırılıb (23 noyabr 2019-cu il tarixədək indeksləşdirilməklə 649,66 manat). Bundan başqa, 23 noyabr 2019-cu il tarixdə işdən azad olmağı ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 4.624,80 manat sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 123 (64 il 6 ay - 60 il 8 ay=46 ay+(144 ay-67 ay (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək işlədiyi ayların sayı)) aya bölünməklə (4.624,80/123=37,60 manat) pensiya məbləğinin üzərinə əlavə edilərək əmək pensiyası yenidən hesablanaraq 649,66 manatdan 687,26 manata artırılıb (indeksləşdirilərək 30 aprel 2023-cü il tarixə 1.077,86 manat (maddi yardım əlavə edilməklə)). Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla 100.994,57 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 100.994,57 manatın əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığını mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş edilmişdir. Əks halda müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Həmçinin iştirakı ilə 5 may 2023-cü il tarixdə qəbul keçirilərək yuxarıda göstərilənlər barədə ətraflı məlumat verilməklə mülahizələrinizin dinlənilməsinə dair birgə akt tərtib olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 50 yaşdan güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv edilməsinə dair qəbul edimiş qərarın ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin 12 may 2023-cü il tarixli 3-17-1/3-3-10313/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1 avqust 1997-ci il tarixə qədər azı 20 il ümumi iş stajına və azı 10 il (1 nömrəli Siyahı üzrə) zərərli iş stajına malikdir. Bu əsasla iddiaçıya 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 2023-cü ilin may ayında cavabdeh inzibati orqan qəbul etdiyi qərar onun əmək pensiyası 4403.70 manatdan 1077.86 manata qədər azalmışdır. Cavabdeh inzibati orqan hesab etmişdir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmalıdır. Qanunvericiliyin tələblərini nəzərə almadan yeni və təhlükəli bir təcrübənin yaradılması vətəndaşlarda dövlətə olan inam və etibarın sarsıtmağa və nəticə olaraq həmin şəxslərin dövlətdən narazı salınmasına gətirib çıxaracaqdır. Yuxarıda sadalanan hallardan göründüyü kimi, cavabdehin pensiyanın təyinat tarixini dəyişməsinə yönəlmiş hərəkəti qanunsuz olmuşdur. Eyni zamanda iddiaçının pensiyasından artıq ödənilmiş məbləğlərin geri tələb edilməsi də qanunsuzdur. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 2-1(118)-2704/2025 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 12 may 2023-cü il tarixli, 3-17-1/3-3-10313/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın ləğv edilməsi qərara alınmışdır (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbi gözlənilməmişdir. İddiaçının pensiya işində və cavabdehin dəlillərində inzibati aktın dəyişdirilməsinə səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 il ərzində məlum olmasına dair hər hansı məlumat olması müəyyən edilməmişdir. Odur ki, cavabdeh xeyli müddətdən sonra iddiaçının pensiya məbləğinin səhv təyin edilməsinin bildirilməsində və pensiyadan müvafiq tutulmaların aparılmasında haqlı olmamışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Eyni zamanda bildirilir ki, məhkəmə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini əks etdirəm üç ulduz nişanı ilə indeksləşdirilmiş xx.xx.2024-cü il tarixli 2-1(102)-3135/2024 nömrəli qərarına istinad etmişdir. Həmin qərarın 39-cu bəndində qeyd edilir ki, əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən qanunsuz inzibati akt həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Bununla əlaqədar olaraq bildirilir ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.8.3-cü maddəsinə əsasən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda pensiya ödənişi növbəti ayın 1-dən dayanır. İddiaçı əmək pensiyasının azaldılmasına əsas olan hallar cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixdə aşkar edilmiş və həmin tarixdə də inzibati icraatın başlanması haqqında iddiaçıya məktub göndərilərək Mərkəzi Filiala gəlməsi xahiş edilmişdir. Göründüyü kimi, iddiaçıya pensiya təyin edilməsi haqqında qərar “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunan qanunsuz inzibati aktın ləğv edilməsi üçün həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən (xx.xx.2023-cü il) 1 il ərzində ləğv edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respiblikası Qanunu (qüvvədən düşmüşdür): Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli Siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. Həmin normaya 1997-ci il 26 iyun tarixli, 358-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılaraq 52 yaş müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası cavabdehin nümayənədəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi cavabdehin 12 may 2023-cü il tarixli, 3- 17-1/3-3- 10313/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın ləğv edilməsi ilə bağlıdır. Cavabdeh inzibati orqan imtina cavabını onunla əsaslandırmışdır ki, araşdırma zamanı İddiaçı güzəştli şərtlərə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı xx.xx.2011-ci il tarixindən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2009-cu il tarixindən əməkhaqqına əsasən hesablanaraq təyin edilməsi halına istinad etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 27 il 15 gün təşkil edir. Bununla əlaqədar 1 yanvar 2006-cı il tarixədək iş stajına uyğun olaraq, həmin tarixə pensiyanın sığorta hissəsi 31,92 manat (27,04 il x 170 manat: 144 ay) hesablanaraq 24 fevral 2011-ci il tarixə indeksləşdirilib 52,29 manat müəyyən edilməklə üzərinə, 1 yanvar 2006-cı il – 24 fevral 2011-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 22.763,52 manat sığorta kapitalına uyğun 158,08 (22.763,52:144) manat və baza hissəsi (85,00 manat) əlavə edilərək pensiya hüququnun yarandığı 24 fevral 2011-ci il tarixə 295,37 (52,29+158,08+85,00) manat məbləğində və son olaraq indeksləşdirilərək 31 dekabr 2014-cü il tarixə 334,99 manat əmək pensiyası müəyyən edilərək iddiaçıya ödənilmişdir. Daha sonra cavabdeh inzibati orqan iddiaçının xx.xx.2014-cü il tarixdən işdən azad olması ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 17212,72 manat sığorta kapitalı məbləği 98 aya bölünməklə pensiya məbləğinə əlavə edilərək, əmək pensiyası yenidən hesablanılaraq 334,99 manatdan 510,63 manata artırılmış, bundan başqa xx.xx.2019-cu il tarixdə iddiaçının işdə azad olması ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 4624,80 manat sığorta kapitalı pensiya ödənişi müddətinin sayına 123 aya bölünməklə əmək pensiyası yenidən hesablanaraq 649,66 manatdan 687,26 manata artırılmış, xx.xx.2023-cü il tarixə indeksləşdirilərək 1077,86 manat məbləğ iddiaçıya ödənilmişdir. İndiki halda iddiaçının hüquqi marağı məhz əmək pensiya məbləğinin azaldılması ilə nəticələnən əmək pensiyasının yenidən hesablanması barədə müvafiq qərarın ləğv edilməklə, əvvəlki pensiya məbləğinin (4403,70 manat) bərpasına nail olmaqdan ibarətdir. Məhkəmə kollegiyası onu vurğulamağı zəruri hesab edir ki, cavabdehin istinad etdiyi hallar əsaslı olsa idi belə, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında qanunvericiliklə müəyyən edilmiş müddətlərə aid tələbə də riayət etmədiyindən, həmin əsasla da iddiaçı barəsində qəbul edilmiş qərar qanunvericiliyin tələbinə uyğun olmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 3135/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi qərarını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın icraatla bağlı hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, inzibati aktı qəbul etməsinin səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı və s.) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. ....Qeyd olunmalıdır ki, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyriməqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər”. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya ilk dəfə güzəştli şərtlərlə əmək pensiyası xx.xx.2009-cu il tarixdə təyin edilmişdir. İndiki halda cavabdeh inzibati orqan iddiaçıya aid məlumatların araşdırılması zamanı 52 yaşının tamamlandığı xx.xx.2011-ci il tarixindən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2009-cu il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyini bildirir. Belə olan halda, kollegiya hesab edir ki, cavabdeh inzibati orqan iddiaçıya aid məlumatların yerində dəqiqləşdirməsi zamanı “İnzibati icraat haqqında” Qanunun 67.12ci maddəsinin tələbinə də əməl etməmişdir. Belə ki, cavabdeh inzibati orqanın indiki halda istinad etdiyi hal iddiaçı barəsində əmək pensyasının ilk dəfə təyin olduğu vaxtda ona məlum olmuş, həmin vaxtda qeyd edilən hal aşkar olmuş və pensiyanı təyin edən orqan da çəhz cavabdehin özü olmuşdur. Bununla bağlı baş vermiş pozuntu barədə 2023-cü ildə məlumatlı olması barədə cavabdehin dəlili əsaslı hesab edilə bilməz. Yuxarıda istinad edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının müvafiq qərarında qeyd edilmişdir ki, “Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin hər hansı bir məsələ ilə əlaqədar müddət tətbiq etməkdə məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdən ibarətdir. Digər tərəfdən, qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir”. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, indiki halda cavabdeh inzibati orqan iddiaçının pensiya təyinatının əsası ilə bağlı yanlışlığa yol verilməsi halına istinad etmişdir. Bu hal isə məhz iddiaçıya 2009-cu ildə pensiya təyin edilməsi zamanı da mövcud olmuşdur. İndiki halda isə cavabdeh bu yanlış hesablanmanı nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. İndiki halda iddiaçıya münaisbətdə “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan halların da mövcudluğu aşkar edilməmişdir. Nəticə etibarilə kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş qərarlar inzibati icraat haqqında qanunvericiliyin qeyd edilən tələblərinə də uyğun olaraq qəbul edilməmişdir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul etdiyi qərarlar qanunazidd olduğundan, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 2-1(118)-2704/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-547/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-547/2025
12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver