Məhkəmə qərarları › İş №2-1(105)-548/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-548/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-548/2023 22.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X4 ibarət tərkibdə, X20 qızının katibliyi, İddiaçının nümayəndəsi X6, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ünvanlı dövlət sosial yardımının təyin olunması barədə qərarın qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2-1(118)-991/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Şabran rayonu İcra Hakimiyyəti Başçısının Şabran şəhəri üzrə nümayəndəliyi tərəfindən verilmiş 1992 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı ailə tərkibi xx.xx.1984-cü il təvəllüdlü həyat yoldaşı X5, xx.xx.2013-cü il və xx.xx.2016-cı il təvəllüdlü oğulları X8 və X7 ibarətir.

2. İddiaçı tərəfindən ailəsinə ünvanlı sosial yardımın ödənilməsi ilə bağlı cavadeh orqana 02 mart 2022-ci il tarixdə və 12 may 2022-ci il tarixdə müraciətlər edilmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbindən; ikinci müraciətinə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun informasiya sistemindən əldə edilən məlumata əsasən ailə üzvü X6 əmək pensiyaçısı olması barədə məlumatın təsdiq edilməməsi səbəbindən onun müraciətlərinin təmin edilməsindən imtina edilmişdir.

3. xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli bildirişlərdən görünür ki, iddiaçı tərəfindən ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı cavabdeh quruma qeyd olunan tarixlərdə müraciət edilmişdir və həmin müraciətlər aşağıdakı kimi cavablandırılmışdır: xx.xx.2022-ci il tarixli müraciət – Ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbindən; xx.xx.2022-ci il tarixli müraciət – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun informasiya sistemindən əldə edilən məlumata əsasən ailə üzvü X6 əmək pensiyaçısı olması barədə məlumatın təsdiq edilməməsi.

4. Məhkəməyə sorğu əsasında daxil olmuş məlumat vərəqəsindən görünür ki, X9 təyin olunmuş əlillik xx.xx.2019-cu il tarixdə etibarsız hesab edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı “iddiaçıya ünvanlı dövlət sosial yardımının təyin olunması barədə qərarın qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının ailə üzvləri olaraq həyat yoldaşı X11, xx.xx.2013-cü il təvəllüdlü övladı X13, xx.xx.2016-cı il təvəllüdlü övladı X12 ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Övladları azyaşlı olduqlarından onlara baxmağı ilə əlaqədar heç bir yerdə işləmir. Həyat yoldaşı X6 rəsmi aylıq gəliri isə 2022-ci ilin yanvar ayına qədər 440 manat (ödənişlərdən sonra ona çatan məbləğ 389 manat) təşkil etmiş, 2022-ci ilin yanvar ayından etibarən isən 528 manat (ödənişlərdən sonra ona çatan məbləğ 460 manat) təşkil etməkdədir. Göründüyü kimi ailəsinin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olduğundan aztəminatlı ailə olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün ailəsini təmsil edən şəxs kimi “Ərizə-bəyannamə”ni dolduraraq xx.xx.2022-ci il tarixində cavabdeh qurumun Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə göndərmişdir. Belə ki, ilkin olaraq “ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi” səbəbi qeyd olunmaqla sosial yardımın təyin olunmasından imtina edilmişdir. O, təkrarən ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün xx.xx.2022-ci il tarixində elektron formada cavabdeh quruma müraciət etmişdir. Bu dəfə isə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun informasiya sistemindən əldə edilən məlumata əsasən ailə üzvü X6 əmək pensiyaçısı olması barədə məlumatın təsdiq edilməməsi” səbəbi qeyd olunmaqla sosial yardımın təyin olunmasından imtina edilmişdir. Cavabdeh qurumun hər iki imtina səbəbləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydalarının 1.3-cü bəndinə əsasən sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə həmin qaydada nəzərdə tutulmuş dövlət orqanlarının və qurumlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur. Göründüyü kimi X6 gəlirləri barədə məlumat da müvafiq dövlət orqanının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla əldə olunmuşdur. Həmçinin cavabdeh qurumun tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli struktur bölməsinin ünvanlı sosial yardım üzrə işçiləri ailənin maddi-məişət şəraitinin müayinəsini apararkən, ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərini əhatə etdiyindən X6 əvvəlki aylıq gəlirinin 440 manat olduğu, 2022-ci ilin yanvar ayından isə onun aylıq əmək haqqında artım olduğu nəzərlərinə çatdırılmışdır. Növbəti imtinada isə ailənin gəlirləri məsələsinə toxunulmamış, X6 əmək pensiyaçısı olması barədə məlumatın təsdiq edilməməsi imtinanın səbəbi kimi göstərilmişdir. Qeyd edir ki, X6 xx.xx.2019-cu il tarixindən əmək pensiyası etibarsız hesab edilmişdir. Bu barədə bütün məlumatlar cavabdeh qurumda vardır.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

7. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, VEMTAS tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı xx.xx.2022 tarixli, **********28901 nömrəli müraciətinə müvafiq olaraq “ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi” səbəbindən imtina edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə ünvanlı dövlət sosial yardımının təyin olunması üçün yenidən müraciət etmişdir. VEMTAS tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı xx.xx.2022 tarixli, **********28902 nömrəli müraciətinə müvafiq olaraq “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun informasiya sistemindən əldə edilən məlumata əsasən ailə üzvü X6 əmək pensiyaçısı olması barədə məlumatın təsdiq edilməməsi” səbəbindən imtina edilmişdir. “Ünvanlı dövlət sosial yardımı haqqında” xx.xx.2005-ci il tarixli Qanunun 3-cü maddəsinə əsasən, sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Sözügedən Qanunun 6.2-ci maddəsinə əsasən, sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən Qanunun 6.3-cü maddəsinə əsasən, sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Sözügedən Qanunun 7.1-ci maddəsinə əsasən, sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Sözügedən Qanunun 7.3-cü maddəsinə əsasən, ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən Qanunun 10.1-ci maddəsinə əsasən, sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Sözügedən Qanunun 10.3-cü maddəsinə əsasən, bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 477 saylı Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X16 və X21 (VEMTAS) yaradılmışdır. Sözügedən Qaydaların 1.1-ci maddəsinə əsasən, bu Qaydalar “Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən hazırlanmışdır və ünvanlı dövlət sosia/ yardımının (bundan sonra - sosial yardım) alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edir. Sözügedən Qaydaların 2.2-ci maddəsinə əsasən, bu Qaydaların 2.1-ci bəndinə uyqun olaraq təsdiq edilmiş təmsilçilik barədə ərizədə göstərilən ailəni təmsil edən şəxs (bundan sonra - Təmsilçi) “Elektron hökumət" və ya Nazirliyin "esosial” internet portallarında yerləşdirilmiş "ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni (2 nömrəli əlavə) dolduraraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir. Sözügedən Qaydaların 3.2-ci maddəsinə əsasən, VEMTAS tərəfindən “Ərizəbəyannamədə qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Sözügedən Qaydaların 3.3-cü maddəsinə əsasən, bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya "DOST" mərkəzlərinin (bundan sonra - Mərkəz) ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Sözügedən Qaydaların 3.4.1cü maddəsinə əsasən, VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Sözügedən Qaydaların 3.7.1-cü maddəsinə əsasən, “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda sosial yardımın təyin olunmasından imtina edilir. Sözügedən Qaydaların 3.4.2ci maddəsinə əsasən, məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. 1. İddiaçı xx.xx.2022-ci il tarixli müraciətinə münasibətdə qeyd etmək lazımdır ki, İddiaçı tərəfindən doldurulmuş “Ərizə-bəyannamə”də X6 əvvəlki 12 ayda muzdlu işdən gəlirinin 4657.26 manat, müvafiq gəlirə münasibətdə ailə üzvünün orta aylıq gəlirinin 97.03 manat (4657.26 :12 (ay): 4 (ailə üzvlərinin sayı)=97.02625) təşkil etdiyi qeyd olunmuşdur. Ailənin maddi-məişət şəraitinin müayinəsi zamanı X6 əmək haqqının 440 manat olduğu müəyyən olunmuşdur. Müvafiq məlumat ailənin maddi-məişət şəraitinin müayinəsi barədə aktda (aktda olan məlumatlar təmsilçi tərəfindən öz imzası ilə təsdiqlənmişdir) öz əksini tapmışdır. Həmçinin iddia ərizəsində X6 rəsmi aylıq gəlirinin 2022-ci il yanvar ayınadək 440 manat, 2022-ci ilin yanvar ayından etibarən 528 manat təşkil etdiyi qeyd olunmuşdur. Əlavə olaraq X1 Sığorta Alt Sisteminə əsasən, X6 əvvəlki 12 ayda (xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə) gəliri xx.xx.2021- xx.xx.2021-ci il tarixlərdə: 440 manat; xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə: 528 manat təşkil etdiyi müəyyən olunmuşdur (çıxarış əlavə edilir). Belə olan halda X6 əvvəlki 12 ayda muzdlu işdən gəlirinin 4657.26 manat deyil, 5456 manat (440*10)+(528*2)=5456) təşkil etdiyi müəyyən olunmuşdur. 2. İddiaçı xx.xx.2022-ci il tarixli müraciətinə münasibətdə qeyd etmək lazımdır ki, İddiaçı tərəfindən doldurulmuş “Ərizə-bəyannamə”də X2 12 ayda əmək pensiyaçısı olduğu qeyd olunmuşdur. Lakin X1 Pensiya Alt Sisteminə əsasən, əlilliyin etibarsız edilməsi ilə əlaqədar R.F.Əmirullayevin əmək pensiyası xx.xx.2019-cu il tarixdən etibarən dayandırılmışdır (çıxarış əlavə edilir). Həmçinin müvafiq məlumat iddia ərizəsində qeyd olunmuşdur. Belə olan halda X2 12 ayda əmək pensiyaçısı olmadığı müəyyən olunmuşdur. Beləliklə, İddiaçı hər iki müraciətində düzgün məlumat vermədiyi məlum olmuşdur. Yuxarıda qeyd olunan normaların məzmunundan göründüyü kimi, sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlinir ki, imtinalar qanuni və əsaslı olmuşdur.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

8. Sumqayıt İnzibati Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2-1(118)-991/2023 nömrəli qərarı ilə iddianın təmin edilərək İddiaçı xx.xx.2022-ci il tarixdən hesablanmaqla ünvanlı dövlət sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi qərara alınmışdır.

9. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh apellyasiya şikayətini iddiaya etirazla eyni məzmunda əsaslandırmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 16. Sosial inkişaf və dövlət İ. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Maddə 38 Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır

14. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun: Maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 4.1. Sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir. 4.2. Sosial yardımın əsas prinsipləri aşağıdakılardan ibarətdir: 4.2.1. ünvanlılıq - sosial yardım yalnız aztəminatlı ailələrə təyin olunur; 4.2.2. ədalətlilik - sosial yardım ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində təyin olunur; 4.2.3. bərabərlik - sosial yardım bütün aztəminatlı ailələrə təyin olunur. Maddə 6.1. Sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Maddə 6.2 və 6.3. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sosial yardımın alınması ilə bağlı electron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş electron informasiya sistemi vasitəsilə həyata keçirilir. Maddə 7.1. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Maddə 7.2. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur. Maddə 10.2. Bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulan hallardan biri baş verdikdə sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidir. Social yardımın təyin olunmamasına, məbləğinin azaldılmasına və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə məlumat verilmədiyi təqdirdə, həmin ailə 1 il müddətinə social yardım almaq hüququnu itirir.

15. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 312 saylı, 16 noyabr 2005ci il tarixli Fərmanı: Bənd 2.3. “Ünvanlı dövlət social yardımı haqqında” Qanunun 6.1-ci və 6.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Bənd 2.4. Həmin Qanunun 10.2-ci maddəsində (birinci halda) və 10.6-cı maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi nəzərdə tutulur.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: Bənd 2. Sosial yardımın alınması üçün müraciətin bir halda elektron formada “Elektron hökümət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” (VEMTAS) vasitəsilə həyata keçirilməsi, digər halda isə kağız üzərində müraciətin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən həyata keçirilməsi müəyyən edilmişdir. (-); Bənd 2.5. Kağız üzərində edilən müraciət qanunvericiliyin tələblərinə uyğun olduğu halda, şöbənin ünvünlı social yardım üzrə işçisi tərəfindən müraciətdə qeyd olunan məlumatlar qəbul olunduğu gün VEMTAS-a daxil edilərək gücləndirilmiş elektron imza ilə təsdiqlənir. Əks halda uyğunsuzluq barədə məlumat bir iş günü müddətində Təmsilçiyə bildirilir. (-). 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir. 3.7.1.”Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2.sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqıiyyat vasitələri istisna olmaqla); 3.7.5.ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X10 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6 ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7.ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. (-)

17. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

18. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.

19. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

21. İş materialları ilə müəyyən olunur İddiaçı tərəfindən ailəsinə ünvanlı sosial yardımın ödənilməsi ilə bağlı cavadeh orqana 02 mart 2022-ci il tarixdə və 12 may 2022-ci il tarixdə müraciətlər edilmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbindən; ikinci müraciətinə isə ailə üzvü X6 əmək pensiyaçısı olması barədə məlumatın təsdiq edilməməsi səbəbindən onun müraciətlərinin təmin edilməsindən imtina edilmişdir.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi nəticəni əsaslı hesab edərək qeyd etməyi zəruri hesab edir ki, qanunvericilikdə (müvafiq Qaydalarda) “ünvanlı sosial yardımın alınması”ndan imtina əsasları kimi müəyyən edilmiş, o cümlədən “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.-ci bəndində göstərilən halların iddiaçıya münasibətdə mövcud olmasına dair nə məhkəmə icraatında, nə də iddiaçının müraciəti üzrə inzibati icraat çərçivəsində tutarlı sübut təqdim edilməmiş və dəlil gətirilməmişdir. Cavabdehin imtinalarında məktubunda məsələyə formal yanaşılaraq, iddiaçının ailə gəlirləri barədə düzgün məlumat verilmədiyi barədə dəlillərə əsaslanaraq mövqe bildirilmişdir.

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

24. Kollegiya qeyd edir ki, iddiaçının VEMTAS vasitəsilə ünvanlı sosial yardımla bağlı müraciətlərində göstərdiyi və cavabdehin müvafiq məlumatların yoxlanılması zamanı düzgün məlumat vermədiyi hallar kimi göstərdiyi hallar (ərinin əmək haqqı barədə məlumat - ailənin gəlirləri barədə məlumatın və ərinin əmək pensiyaçısı olması barədə məlumatın təsdiq edilməməsi) özü-özlüyündə iddiaçıya ünvanlı social yardımın təyin edilməsindən imtinaya səbəb olan hallar kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd edilən məlumatlar cavabdehin özündə (tabeçiliyində olan qurumlarda) mövcud olmaqla, həmin məlumatlardakı uyğunsuzluğun aradan qaldırılması imkanına malik olmuşdur. İşin hallarından da göründüyü kimi iddiaçının ərinin əmək haqqındakı fərq və onun əmək pensiyaçısı olmaması son nəticədə yalnız təyin ediləcək ünvanlı sosial yardımın məbləğinin müəyyənləşdirilməsində əhəmiyyət kəsb edə bilərdi, lakin həmin hallar bütövlükdə iddiaçıya “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun tələblərinə uyğun olaraq sosial yardımın təyin olunmasından ümumiyyətlə imtina edilməsinə əsas hesab edilə bilməzdi.

25. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsinin özünün təqdim etdiyi iddiaçıya dair müvafiq sistemdən çıxarış – məlumatdan da görünür ki, iddiaçının və ailəsinin maddi vəziyyətində hər-hansı dəyişiklik olmadığı halda, təqdim edilmiş məlumatlar əsasında 30 may 2023-cü il tarixdə ona xx.xx.2023-cü il tarixdən 429,24 AZN məbləğində ünvanlı sosial yardım təyin edilmişdir.

26. Belə olan halda, cavabdehin imtinası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın tələbinə uyğun olmamış, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

27. İşin yuxarıda qeyd edilən hallarına əsasən kollegiya bu nəticəyə gəlir ki, cavabdehin iddiaçının hüququnun məhdudlaşdırılması, ona sosial yardımım təyin edilməsindən imtina olunması üçün gətirdiyi əsaslar və ümumiyyətlə dövlət orqanı kimi davranışı aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsi sahəsində dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmamış, “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd edilən tələblərini də pozmuşdur.

28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2-1(118)-991/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar