Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-548/2024 23.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı (Açar sözlər:torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Taxıl Məhsulları Nazirliyinin Bağçılıq Bostançılıq Yoldaşlığı tərəfindən verilmiş Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-183/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Abşeron rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş Abşeron rayon XDS İK-nin 01 sentyabr 1990-cı il tarixli, 221 nömrəli qərarından görünür ki, həmin qərarla Novxanı üzümçülükheyvandarlıq sovxozunun suvarılmayan dinc yerindən hər ailə üçün 0.06 ha hesabı ilə 97 ailəyə 5.82 ha kollektiv bağçılıq-bostançılıq sahəsi, 1.18 ha yol və küçələr üçün, cəmi 7.0 ha torpaq sahəsi Azərbaycan SSR Taxıl Məhsulları Nazirliyinə ayrılmışdır. Abşeron rayon Dövlət Arxivinin F298 saylı 28 mart 2022-ci il tarixli arayışdan görünür ki, Abşeron rayon XDS İK-nin 01 sentyabr 1990-cı il tarixli 221 nömrəli qərarı ilə Azərbaycan SSR Taxıl Məhsulları Nazirliyinə Bağçılıq-Bostançılıq üçün torpaq sahəsi ayrılmışdır. Bu sərəncam ümumi olduğundan heç bir adlı siyahı daxil edilməmişdir. "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunur ki, İddiaçı Abşeron rayonu, Novxanı kəndində yerləşən torpaq sahəsinə aidiyyəti qurumları tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, torpaq sahəsi dəmir yolunun Pirşağı-Sumqayıt sərnişin mənzili 41 km pk 6-da yolun kilometr artımı istiqamətinin sağ tərəfinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarına əsasən qeyd olunan ərazidə dəmir yolunun təhkim zolağının eni 29.0 metr müəyyən olunmuşdur. Abşeron rayonu Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarışdan görünür ki, həmin çıxarış İddiaçı məxsus torpaq sahəsinə dair tərtib edilmişdir. İddiaçıya aid ИТ-№ ******* seriyalı əmək kitabçasından görünür ki, o, xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikadı Taxıl Məhsulları Nazirliyində baş enerqetik vəzifəsində işləmişdir. İddiaçıya verilmiş bağçılıq üzvlük kitabçasından görünür ki, o, xx.xx.1991-ci il tarixdə Taxıl Məhsulları Nazirliyinin X1 üzvlüyünə qəbul edilmiş və ona 600 kvm ölçüdə 9-cu sırada yerləşən 49 saylı bağ torpaq sahəsi ayrılmışdır. Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Azərbaycan SSR Taxıl Məhsulları Nazirliyinin qərarları arxivə dövlət mühafizəsinə verilməmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhər XDS arxiv fondu üzrə 1990-cı ilə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialında mövcuddur, lakin həmin sənədlərdə X4 işləyən işçilərə torpaq sahəsi ayrılması barədə heç bir məlumat yoxdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan SSR Taxıl Məhsulları Nazirliyi Kollektiv Bağçılıq-Bostançılıq Cəmiyyətindən İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) təqdim edilmədiyindən naturada mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Yerquruluşu planından çıxarışda göstərilən koordinatlar iddiaçının naturada göstərdiyi torpaq sahəsinin koordinatlarına uyğundur. Elektron məlumat bazasına əsasən iddiaçı tərəfindən tanıdılan 0,0596 ha torpaq sahəsinin 0,0256 ha hissəsi dəmir yolunun mühafizə zolağında yerləşir. Cavabdehin xx.xx.2022-ci il tarixli imtina bildirişindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,06 ha torpaq sahəsinə dair verilmiş bağçılıq kitabçasının verilməsinə əsas olmuş qərarın və ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə edilmədiyi, bağ sahəsinə dair məlumatlar arxiv əsaslarında saxlanılan adlı siyahıda aşkar edilmədiyi, torpaq sahəsinin dəmir yolunun mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Belə ki, "xxxx" QSCyə göndərilmiş sorğuya cavab olaraq əldə edilən məlumata əsasən sözügedən ərazi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına torpaq sahəsinin mühafizə zolağına düşməsi səbəbindən mümkün olmadığı qeyd edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 0,06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Taxıl Məhsulları Nazirliyinin Bağçılıq Bostançılıq Yoldaşlığı tərəfindən verilmiş Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1990-cı ildə Taxıl Məhsulları Nazirliyinin Həmkarlar İttifaqı tərəfindən həmin nazirliyin işçilərinə Abşeron rayonu, Novxanı qəsəbəsində ümimilikdə 7,0 ha bağ sahəsi ayrılmışdır. İddiaçı 1983-1991-ci illərdə həmin nazirlikdə baş energetik vəzifəsində işləmişdir. Bağçılıq bostançılıq tərəfindən iddiaçıya 0,06 ha torpaq sahəsi ayrılmışdır. İddiaçıda olan sənədə görə torpaq sahəsinin yeri məlumdur və onun faktiki istifadəsindədir. O, üç dəfə cavabdehə müraciət etmiş, lakin hər dəfə bir bəhanə ilə imtina cavabı verilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,06 ha torpaq sahəsinə dair verilmiş bağçılıq kitabçasının verilməsinə əsas olmuş qərarın və ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə edilmədiyi, bağ sahəsinə dair məlumatlar arxiv əsaslarında saxlanılan adlı siyahıda aşkar edilmədiyi, torpaq sahəsinin dəmir yolunun mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Belə ki, "xxxx" QSCyə göndərilmiş sorğuya cavab olaraq əldə edilən məlumata əsasən sözügedən ərazi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına torpaq sahəsinin mühafizə zolağına düşməsi səbəbindən mümkün olmadığı qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-183/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Taxıl Məhsulları Nazirliyinin Bağçılıq Bostançılıq Yoldaşlığı tərəfindən verilmiş Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,034 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, : torpaq sahəsinin ayrılmasına dair qərara ayrıc aktının və ya ilkin baş planın təqdim edilməməsi iddaçının mülkiyyət hüququnun qeydə alınması üçün mötəbər dəlil hesab edilə bilməz. İddiaçıya ayrılmış 600 kv m torpaq sahəsinə dair Abşeron rayon, Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarış tərtib edilmiş və həmin sənəddə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları təsbit edilmişdir. Bu isə torpaq sahəsinin ayrıc aktına bərabər sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın 16-cı bəndinə görə dəmir yolunun sanitariyamühafizə zonasında torpaq sahələri onların mülkiyyətçiləri və ya istifadəçiləri tərəfindən yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə bilər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən iddiaçı tərəfindən tanıdılan 0,0596 ha torpaq sahəsinin 0,0256 ha hissəsi dəmir yolunun mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Torpaq sahəsinin bağçılığın istifadəsinə ayrılması barədə qərarda həmin torpaqların qısa və ya uzunmüddətli istifadəyə verilməsi və hansı məqsədlə ayrılması qeyd edilməmişdir. İddia tələbi torpaq sahəsinin dəmir yolunun mühafizə zolağına düşən hissədə təmin edilməməlidir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.06 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.06 ha torpaq sahəsinə dair verilmiş bağçılıq kitabçasının verilməsinə əsas olmuş qərarın və ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə edilmədiyi; Torpaq sahəsinin dəmir yolunun mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. "xxxx" QSC-yə göndərilmiş sorğuya cavab olaraq əldə edilən məlumata əsasən sözügedən ərazi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına torpaq sahəsinin mühafizə zolağına düşməsi səbəbindən mümkün olmadığı qeyd edilmişdir. Qanunvericiliyə əsasən torpaq sahəsi ayrılması üçün həmin sahənin istifadəyə, icarəyə və ya satılması məqsədi ilə müvafiq qərar qəbul edilənə qədər torpaq sahəsi yerdə və xəritədə müəyyən edilir. Tərtib edilmiş torpaqayırma planı həmin sahənin istifadəyə, icarəyə və ya satılması barədə müqavilənin ayrılmaz hissəsi hesab edilir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ..... 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; .... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın: 1.Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar .... Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə (iddia tələbinin təmin edilən hissəsində) mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki inzibati iş üzrə iddia tələbi müvafiq ünvanda yerləşən 0,06 ha torpaq sahəsi üzərində iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı olmuşdur. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfat üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçasının verilməsinə əsas olmuş qərarın və ayrıc aktının əlavə edilmədiyi, bağ sahəsinə dair məlumatlar arxiv əsaslarında saxlanılan adlı siyahıda aşkar edilməmiş, yaxınlığından dəmiryolu xəttinin keçdiyi aşkar edilmiş, Azərbaycan Dəmir Yolları QSC tərəfindən sorğuya cavab olraq, torpaq sahəsi dəmiryolunun müvafiq hissəsinə düşdüyündən, müəyyən olunmuş məsafə daxilində ərazinin özəlləşdirilməsinə icazə verilməməsi qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia qismən təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Abşeron XDS İcraiyyə Komitəsinin 01 sentyabr 1990-cı il tarixli 221 №li qərarı ilə Novxanı üzümçülük-heyvandarlıq sovxozunun suvarılmayan dinc yerindən hər ailə üçün 0,06 ha hesabı ilə 97 ailəyə 5,82 hektar kollektiv bağçılıq-bostançılıq sahəsi, 1,18 hektar yol və küçələr üçün cəmi 7,0 hektar torpaq sahəsi Azərbaycan SSR Taxıl Məhsulları Nazirliyinə ayrılması qərara alınmış, qeyd edilən qərar ümumi olduğundan, heç bir adlı siyahı əlavə edilməmiş, habelə həmin torpaq sahəsinə dair müvafiq bələdiyyə tərəfindən yerquruluşu planından çıxarış tərtib edilərək, təsdiq edilmişdir. Həmçinin, iş materiallarındna görünür ki, iddiaçı Azərbaycan SSR Taxıl Məhsulları Nazirliyinin işçisi olmuş, əmək kitabçasında qeyd edilmiş, habelə bu barədə ona vəsiqə verilmişdir. İş materiallarında olan mütəxəssis rəyinin məzmunundan görünür ki, iddiaçı tərəfindən tanıdılan torpaq sahəsi 0,0596 ha təşkil edir, onun 0,0256 ha hissəsi dəmir yolu xəttinin mühafizəsi zonasına düşür. Göründüyü kimi, qeyd edilən torpaq sahəsi naturada mövcud olmaqla, iddiaçının faktiki istifadəsindədir, habelə yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən həmin torpaq sahəsinin ayrılmasına əsas olmuş sənədlər əmlak üzərində mülkiyyət hüququnun yaranması və bu hüququnun dövlət qeydiyyatına alınması üçün əsas qismində çıxış edir. Bununla yanaşı, qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı qeyd edilən torpaq sahəsinin 0,0256 ha hissəsi müvafiq dəmir yolu xəttinin mühafizəsi zonasına düşüdüyündən, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə iddia tələbi təmin edilməmiş, habelə məhkəmə qərarı iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İndiki halda cavabdeh tərəfindən isə torpaq sahəsinin bütövlükdə mühafizə zonasına düşməsinə dair heç bir dəlil təqdim edilməmiş, habelə həmin arqument iş materialları (mütəxəssis rəyi və s.) əsasında təkzib olunmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayətinin dəlilləri həmin hissədə əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası işin digər mübahisəli halları ilə bağlı qeyd edir ki, iddiaçının həmin torpaq sahəsi məhz Abşeron rayonu XDS İcraiyyə Komitəsinin müvafiq qərarı əsasında ayrılmışdır, həmin qərarın arxiv nüsxəsi də mövcuddur. Həmin qərara aid adlı siyahı olmasa da, mahiyyət etibarilə məhz Azərbaycan SSR Taxıl Məhsulları Nazirliyinə və tikinti məqsədilə hər ailəyə 600 kv.m torpaq sahəsinin ayrılması ilə bağlı məsələni özündə ehtiva etmişdir. İndiki halda müvafiq qərara aid adlı siyanının olmaması iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun məsuliyyət daşıdığı hal kimi ortaya çıxmamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq, qeyd edilmişdir ki, iddiaçının həmin tarixlərdə qeyd edilən qurumun işçisi olması və bağçılıq-yoldaşlıq üzvlük kitabçasının olması, habelə həmin vaxtdan indəyədək faktiki istifadəsində olması halı da özlüyündə iddiaçının adına qeyd edilən qərar əsasında torpağın ayrılmasını dolayısıyla təsdiq edir. Bundan əlavə, indiki halda torpaq sahəsi naturada mövcuddur, habelə ona dair müvafiq bələdiyyə tərəfindən yerquruluşu planından çıxarış tərtib edilmişdir. Eyni zamanda sözügedən torpaq sahəsinə dair ayrıc aktının tərtib edilməsi müvafiq inzibati orqanın səlahiyyətinə aid olmuş, iddiaçının təqsiri ilə əhatə olunmaqla, onun məsuliyyət daşıdığı öhdəlik kimi çıxış etməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən torpaq sahəsinə dair ayrıc aktının təqdim edilməməsi halına istinad edilməklə iddiaçının mövcud olan hüquqlarının məhdudlaşdırılması inzibati icraat haqqında qanunvericiliyin norma və prinsiplərinin (mütənasiblik) tələbinə zidd olmuşdur.Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtina və şikayətinin dəlilləri əsassız olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməklə, iş üzrə gəldiyi nəticə düzgün olmuş, cavabdehin apellyasiya şikayəti əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-183/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.