Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-548/2025 12.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri X3 (sədrlik edən, məruzəçi hakim), hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “ölümün təhqiqinin aparılması, İZ (istehsalat zədəsi) formalı aktının verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1232/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasını əsassız hesab etməklə həyat yoldaşı X4 Siyəzən rayonu, Məşrif kənd orta məktəbinə gedərkən ölümünün təhqiqinin aparılması və İZ aktının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X1 rayonu Məşrif kənd orta məktəbində müəllim işləmiş və o, 17 fevral 2023-cü il tarixdə səhər saat 07:20 radələrində işə gedərkən Bakı-Quba avtomobil yolunun Siyəzən rayonu, Beşdam kənd ərazisində baş vermiş yolnəqliyyat qəzası nəticəsində X2 idarə etdiyi 77CY723 dövlət qeydiyyat nişanlı “X14” markalı avtomobildə dünyasını dəyişmişdir. Göründüyü kimi, hadisə həyat yoldaşının dərs dediyi məktəbə getdiyi zaman baş vermiş və faktiki olaraq onun ölümü də əmək vəzifələrinin yerinə yetirilməsi ilə bağlı üzərinə qoyulan öhdəliyin icrası ilə bağlı olmuşdur. Həyat yoldaşının ölümünün təhqiq edilməsi və istehsalatda bədbəxt hadisəyə dair İZ aktının verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin icrasından imtina etmişdir. Cavadehin bu imtinası ilə razı deyil. Uzaq məsafədə yaşayan işçilərin işə gediş-gəlişinin tənzimlənməsi, bununla bağlı müvafiq tədbirlərin görülməsi işçinin işlədiyi müəssisəsinin (hazırkı halda həyat yoldaşının dərs dediyi məktəbin) vəzifəsi olmuş və məktəb tərəfindən bu prosesin təşkili ilə bağlı əgər müəssisə maşın təşkil etməmişsə və ya hər hansı bir nəqliyyat şirkəti ilə müqavilə bağlamamışsa bu halda işçi deyil, müəssisə cavabdehlik daşıyır. Əgər müəssisə işçilər üçün maşın ayırsaydı, lakin həmin maşından istifadə olunmasaydı bu halda məktəb cavabdehlikdən yayma bilərdi. Cavabdehin istinad etdiyi qaydalarda işçinin səhhətinin pozulması halında təhqiqatın aparılmadığı hallar sadalanmışdır, lakin konkret halda işçi dünyasını dəyişmiş və bu hadisə o, işə gedərkən yolda baş vermişdir. Bu da ona dəlalət edir ki, hadisə əmək vəzifələrini yerinə yetirərkən, həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən baş vermişdir, yəni şəxs özünün hər hansı bir şəxsi problemləri ilə bağlı deyil, əmək vəzifəsini yerinə yetirmək üçün dərs dediyi məktəbə gedərkən bu hadisə baş vermişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1232/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Könül Həbibova). İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərarında əsas arqument odur ki, mərhum Aygün Vəliyeva məktəbə gedərkən istifadə etdiyi nəqliyyat vasitəsi məktəbə məxsus deyilmiş və məktəb tərəfindən təyin edilməmişdir, buna görə də hadisə istehsalat hadisəsi sayılmır. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 nömrəli Qərarının 1.2-ci bəndinə əsasən bədbəxt hadisə qeyd edilən hallarda da təhqiq edilməlidir: "...işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən...)" Bu bəndə əsasən işçi iş vaxtı iş yerinə gedərkən hətta öz təşəbbüsü ilə (məktəbin rəsmi tapşırığı olmadan da) işgüzar məqsədlə hərəkətdədirsə, bu, istehsalatla bağlı sayılmalıdır. Aygün Vəliyeva həmin gün əmək funksiyasını yerinə yetirmək üçün işə gedirdi, yəni bu hərəkət əmək münasibətlərinin tərkib hissəsi idi. Həyat yoldaşı uzaq məsafədə yerləşən məktəbdə çalışırdı, və məktəb işçilərin daşınmasını təşkil etməyib, bu isə işəgötürənin əmək təhlükəsizliyi öhdəliyinin pozulması deməkdir. İşəgötürən tərəfindən təhlükəsizlik və işə çatım məsələləri təmin olunmadığı üçün müəllimlər şəxsi təşəbbüslə bu məsələləri həll ediblər. Bu da birbaşa istehsalat şəraiti ilə əlaqəli nəticə doğurub. Qərarda vurğulanır ki, avtomobil məktəbə məxsus deyildi. Lakin qanunvericilikdə bu, istehsalat hadisəsinin tanınmasına maneə təşkil etmir. Əgər müəssisə işçilərin təhlükəsiz şəkildə işə çatmasım təmin etmirsə, bu məsuliyyət yenə də müəssisənin üzərində qalır. Əmək hüququ ilə əlaqəli təhlükəsizlik hüququ - həyat yoldaşının işə gedərkən həyatını itirməsi əmək mühitinin təhlükəsiz şəkildə təşkil olunmamasından qaynaqlanır. İZ aktının verilməsi hüququ - mərhumun ailə üzvü olaraq zərərçəkmiş kimi bu aktın təqdim olunması hüququ var. Sosial müdafiə hüquqları - İZ aktı verilərsə, ailəyə müavinət və digər sosial təminatlar düşür (ölümə görə sığorta ödənişi və s.). Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Apellyasiya instansiya məhkəməsində icraat Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 04 №li Qərarı:
2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.
4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. Hazırki iş üzrə iddia tələbi mərhum şəxsin ölümünün təhqiqatının aparılması və İZ formalı aktın verilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibatı hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibatı icraat haqqında" Qanun anlamında inzibatı orqan olması və məhz inzibati orqanın hakimiyyət səlahiyyətinin daşıyıcısı kimi ona xas fəaliyyətin həyata keçirilməsi ilə bağlı olmasına dair şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İndiki halda iddiaçının hüquqi marağı mərhum şəxsin vəfat etməsinə səbəb olan yolnəqliyyat hadisəninin cavabdeh inzibati orqan tərəfindən müvafiq qaydalara uyuğun olaraq təhqiqatının aparılması və İZ formalı aktın verilməsinə nail olmaqdan ibarət olmuşdur. Kollegiya hesab edir ki, iddianın mümkünlük şərti baxımından iş üzrə araşdırılmalı olan hal məhz tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətinin inzibati xarakterli münasibət olub-olmaması ilə bağlı olan haldır. Başqa sözlə desək, hazırki halda iddianın mümkünlük şərtinin ödənilməsi üçün zəruri olan hal tərəflərdən biri qismində inzibati orqanın çıxış etməsi ilə yanaşı, mübahisəli hüquq münasibətinin məhz inzibati orqanın hakimiyyət səlahiyyətinin daşıyıcısı kimi həyata keçirdiyi fəaliyyətindən irəli gəlməsi ilə bağlı olan haldır. Bu baxımından kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»na müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu halın özüdə hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmasına əsas ola bilməz. Çünki, həmin qurumun müvafiq Qaydalara uyğun olaraq işçi barəsində baş vermiş bədbəxt hadisənin təhqiqatının aparılması ilə bağlı fəaliyyəti inzibati xarakterli fəaliyyət hesab olunmur, habelə onun nəticəsinə dair tərtib etdiyi təhqiqat aktı da ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmadığından və həll etmədiyindən, həmin sənəd inzibati akt hesab olunmur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və onun təhqiqatının aparılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarının: 1.1. Bu Qaydalar — qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra — müəssisələr), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir və həmçinin işəgötürənin xammalından (materialından), istehsal vasitələrindən istifadə etməklə əmək funksiyasını evində yerinə yetirən işçilərə şamil olunur. 1.8. İstehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. Bədbəxt hadisələri törədən səbəblərin aradan qaldırılması üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarəti X9 Xidməti həyata keçirir. 1.9. Bədbəxt hadisənin təhqiq edilməsinə əsas işəgötürənin, zərərçəkənin, mətbuat vasitələrinin, hüquq-mühafizə orqanlarının, tibb müəssisələrinin, respublikada fəaliyyət göstərən əməyin mühafizəsinə nəzarət orqanlarının və həmkarlar ittifaqları təşkilatlarının bədbəxt hadisənin baş verməsi haqqında yazılı və yaxud şifahi məlumatı ola bilər. Bu halda məlumat araşdırılır və lazımi hallarda bədbəxt hadisənin təhqiqatının aparılması üçün komissiya yaradılır. 2.1. Ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı X9 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X9 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır. 2.2. Xəsarətlə nəticələnmiş bədbəxt hadisələrin təhqiqatını aparmaq üçün tərkibi: sədr — X9 Xidmətinin vəzifəli şəxslərindən, üzvlər — işəgötürənin və müəssisənin həmkarlar ittifaqı təşkilatının nümayəndələrindən ibarət Təhqiqat komissiyası yaradılır. 2.5. Təhqiqat komissiyası bədbəxt hadisənin səbəbini və iş yerinin şəraitini təhqiq edir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının standartlarının pozulmasına yol vermiş şəxsləri aşkar edir. Hadisənin şahidlərindən və zərərçəkəndən izahatlar alır, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri göstərməklə lazımi nüsxələrdən ibarət tədqiqat aktı tərtib edir və müəssisə tərəfindən hadisə barədə İZ formalı aktın düzgün olmasına nəzarət edir. 4.1. Təhqiqat komissiyası toplanmış materiallar əsasında bədbəxt hadisənin baş verməsində işəgötürən (onun vəzifəli şəxsləri) və zərərçəkən (zərərçəkənlər) tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qanunvericilik aktlarının, qaydaların, vəzifə (peşə) üzrə təlimatların hansı nisbətdə pozulmasını müəyyən edib Təhqiqat aktında göstərməlidir. 4.5. İşəgötürən bədbəxt hadisələrin xüsusi təhqiqat materiallarını öyrənməyə, Təhqiqat komissiyası tərəfindən təklif edilmiş bədbəxt hadisəyə gətirib çıxarmış səbəblərin aradan qaldırılması haqqında tədbirlərin yerinə yetirilməsinə və əməyin mühafizəsi tələblərinin pozulmasına yol vermiş şəxslərin cəzalandırılması barədə müvafiq əmr (sərəncam) verməyə borcludur. İşəgötürən Təhqiqat komissiyası tərəfindən müəyyən edilmiş tədbirlərin yerinə yetirilməsi barədə müddət başa çatdıqdan sonra X9 Xidmətinə və həmçinin digər dövlət nəzarəti orqanlarının obyektləri üzrə isə onların yerli orqanlarına məlumat verməlidir. Kollegiya qeyd edilən qanunvericilik normalarını təhlil edərək, belə qənaətə gəlir ki, əmək vəzifələrinin icrası zamanı baş vermiş bədbəxt hadisənin təhqiqatının aparılması və onun nəticəsində müvafiq aktın tərtib edilməsi məhz işçi və işəgötürən arasında mövcud olan əmək münasibətlərinin həyata keçirilməsi çərçivəsində ortaya çıxır. Başqa sözlə desək, hazırda iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar (əmək vəzifələrinin icra etməsi ilə əlaqədar olaraq mərhum şəxsin vəfat etməsi) məhz əmək münasibətlərindən irəli gələn münasibətlər olmaqla, müvafiq təhqiqatın aparılması və ya aparılmasından imtina olunması məsələsi məhz həmin münasibətlər çərçivəsində araşdırılır. Bu hal özlüyündə qeyd edilən mübahisəli münasibətin xarakterinin inzibati xarakterli münasibət olmasını istisna edir. Bundan əlavə, kollegiya onu qeyd edir ki, təhqiqatın nəticəsinə dair İZ formalı aktın tərtib edilməsi məsələsi də məhz əmək münasibətləri çərçivəsində yuxarıda istinad edilən müvafiq Qaydalar uyğun aparılan təhqiqatın nəticəsini ehtiva etdyindən, onunla bağlı yaranmış münasibətlər də inzibati xarakterli münasibətlər qismində çıxış etməmişdir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, indiki halda tərəflər arasında yaranmış mübahisəli hal, yəni baş vermiş hadisənin müvafiq Qaydalar uyğun olaraq təhqiq edilibedilməməsi (təhqiqatın aparılması, həmin təhqiqatın nəticəsi olaraq hadisənin əmək vəzifələrinin icrası ilə bağlı olub-olmaması halının müəyyən edilməsi, hadisənin bədbəxt hadisə kimi qiymət verilib-verilməməsi və s. hallar) məhz mülki məhkəmə icraatı qaydasında araşdırılmalı olan məsələ olmuşdur. Odur ki, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, hazırkı iddia tələbi inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialara aid edilə bilməz. Bu baxımından kollegiya hesab edir ki, hazırki halda tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri əmək münasibətləri ilə bağlı araşdırılmalı olan məsələ olduğundan, həmin münasibətlər inzibati məhkəmə icraatının predmetini təşkil etmədiyindən, mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğundan, iddia mümkün sayılmamalıdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iddianın mümkünlüyü baxımından mübahisənin xarakteri düzgün qiymətləndirilməmiş, iddianın mümkünlük şərtləri yoxlanılmamış, iddianın mümükün sayılmaması üçün əsaslar olduğu halda, işə mahiyyəti üzrə baxmış, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti üzrə iddiaçının tələbi birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi ilə bağlı olduğundan, indiki halda isə birinci instansiya məhkəmə qərarı ləğv edilməklə, iddia mümkün sayılmadığından, iddiaçının şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə aid hissədə təmin edilməli, qalan hissədə təmin edilməməlidir Həmçinin, məhkəmə kolegiyası iddiaçının diqqətinə onu çatdırır ki, hazırki iş üzrə mübahisə predmeti mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisə qismində çıxış etdiyindən, iddiaçının iddia ərizəsi ilə mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə müvafiq ümumi məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1232/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.