Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-549/2022 06.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Abşeron-Xızı regional filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Abşeron-Xızı regional filialına qarşı 1995-ci ilin İ-V, İX aylarında, 1996-cı ilin İİİ, İX, Xİİ aylarında, 1997- 1998-ci illərdə 2 saylı Bakı Taksimotor Parkında və Avtoekspress ASC-də işlədiyi dövrün sosial stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2-1(118)-507/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 65 yaşı tamam olan tarixdən, yəni 21 mart 2021-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 1995-ci ilin l-V, lX aylarında, 1996-cı ilin lll, lX, Xll aylarında,1997-1998-ci illərdə 2 saylı Bakı Taksimotor Parkında və "xxxx" ASC-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxx 1956-cı il təvəllüdlüdür. 1973-cü ilin iyul ayından 1974-cü ilədək 67 saylı X7 məktəbində oxumuşdur. xx.xx.1974-xx.xx.1975-ci illərdə 2 saylı Bakı Taksimotor Parkında işləmişdir. xx.xx.1975-xx.xx.1978-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. xx.xx.1978-xx.xx.2000-ci illərdə əvvəl 2 №-li Taksimotor Parkında, daha sonra köçürmə yolu ilə “Avtoekspress" ATSC-də işləmişdir. Ümumi iş stajı 26 il 3 ay təşkil edir. İddiaçı 65 yaşı tamam olan tarixdə, yəni xx.xx.2021-ci ildə DSMF-nin 1 saylı regional ərazi filialına ərizə ilə müraciət etmişdir. Müraciətinə ilk dəfə cavabdehin xx.xx.2021-ci ildə **********8 saylı məktubla cavab verilmiş və göstərilmişdir ki, "xx.xx.1997-xx.xx.2000-ci illərin iş stajının yoxlanması zərurəti yaranmışdır. Lakin arxiv sənədlərinin olmaması səbəbindən iş stajının yerində yoxlanması mümkün olmamışdır. İkinci dəfə cavabdeh xx.xx.2021-ci il tarixli məktubunda bildirmişdir ki, "1992-2000-ci illər üzrə öz hesabına məzuniyyətdə olub-olmaması barədə arayış təqdim etdikdən sonra pensiya hüququna yenidən baxılacaqdır". Bundan sonra xx.xx.2021-ci ildə arxiv arayışı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təqdim edilmişdir. Həmin arxiv arayışında onun öz hesabına əmək məzuniyyətində olmağı göstərilməmişdir. Daha sonra DSMF-nin nümayəndəsinin iştirakı ilə 3.04.2021-ci ildə qarşılıqlı yoxlama aktı tərtib edilmiş və guya onun 1996-1997-ci illərdə ödənişsiz məzuniyyətdə olmağı qeyd edilmişdir. Daha sonra cavabdeh ona xx.xx.2021-ci ildə **********7 saylı məktub göndərmiş və bildirilmişdir ki, xx.xx.1997-xx.xx.2000-ci il tarixədək işlədiyi dövrün yoxlanılması zərurəti yaranmışdır. Bu məqsədlə müvafiq quruma sorğu göndərilmişdir. Nəhayət cavabdeh xx.xx.2021-ci ildə imtina məktubu göndərmişdir. Məktubda iş stajının 23 il olduğu, 1995, 1996, 1997 və 1998-ci illərdə əmək haqqının olmaması səbəb kimi göstərilmişdir. Halbuki, o, qeyd edilən illərdə ödənişsiz məzuniyyətdə olmamışdır. Cavabdehin istinad etdiyi akt Nəqliyyat Rabitə və Rəqəmsal İnkişaf Nazirliyi tərəfindən xx.xx.2021-ci ildə ştampla təsdiq edilmişdir. Həmin aktda ayrı-ayrı tarixlərdə əmək haqqının ödənilməsi göstərilmişdir. Digər tərəfdən cavabdeh iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda qeyd etmişdir ki, xx.xx.1997-xx.xx.2000-ci illərin iş stajının yoxlanması arxiv sənədlərinin olmaması səbəbindən mümkün olmamışdır. Halbuki, məktub imzalanan tarixdə (xx.xx.2021-ci ildə) cavabdehin baş mütəxəssisi H.T.Qurbanovun iştirakı ilə tərtib edilmiş aktda ona 1995- 1996-1997-ci illərdə əmək haqqının ödənilməsi göstərilmişdir. Cavabdehin iddia tələbinə etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində xx.xx.1978-ci il tarixdən xx.xx.2000-ci il tarixədək əvvəl 2 nömrəli Bakı Taksimotor Parkında, daha sonra köçürmə yolu ilə “Avtoekspress” ATSC-də işlədiyini iddia edir. Bundan əlavə iddiaçı ərizəsində yaşa görə pensiya təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Abşeron-Xızı regional filialına müraciət etmiş, lakin sığorta stajının tələb olunan müddətdən az olduğu, yəni iddiaçının sığorta stajının yoxlanılması zamanı 1995-ci ildə lİİ, İV, V və İX aylarında, 1996-cı ildə İİİ, Xİ, Xİİ aylarında, 1997-ci il və 1998-ci illərdə əmək haqqlarının ödənilməməsi qeyd edilmişdir və 25 ildən az əmək stajı olduğu əsas gətirilərək yaşa görə əmək pensiyası təyin edilməsinin mümkün olmaması qeyd edilmişdir. Bu səbəbdən o, məhkəməyə müraciət etmişdir. İddiaçının əmək fəaliyyəti ilə məşğul olduğunu iddia etdiyi 2 nömrəli Bakı Taksimotor Parkının və “Avtoekspress” ATSC-nin heç bir sənədi Dövlət Arxivinə mühafizə üçün təhvil verilməmişdir. İddiaçının əmək kitabçasında müvafiq qeydlər olsa da, həmin qeydlər üzrə şəxsin əmək fəaliyyəti ilə məşğul olması arxiv sənədləri ilə öz təsdiqini tapmır. Göründüyü kimi iddiaçının kifayət qədər sosial sığorta stajı və pensiya kapitalı mövcud deyildir. Sumqayıt İnzibati Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2-1(118)-507/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Vəfa Əzizova) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin mənasından görünür ki, əmək pensiyasının hesablanması üçün işçinin fəaliyyəti dövründə əmək haqqından məcburi sosial sığorta haqqının tutulması şərtdir. Əmək haqqının ödənilmədiyi halda həmin müddətin sosial sığorta stajına daxil edilməsi qanunauyğun deyildir. İddiaçının həmin dövrün sosial sığorta stajına daxil edilməsi və nəticə etibarı ilə ona yaşa görə əmək pensiyasının təyin edilməsinə dair tələbi təmin edilə bilməz. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərarda qeyd edilib ki, iddiaçının ümumi iş stajı 23 ildir. 1995-1998-ci illərdə iddiaçının işlədiyi dövrdə əmək haqqı alması təsdiqlənmədiyindən həmin dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsi ilə bağlı mübahisə yaranmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının həmin dövrün (1995-1998ci illər) sosial sığorta stajına daxil edilməsi və nəticə etibarı ilə ona yaşa görə əmək pensiyasının təyin edilməsinə dair iddia tələbi təmin edilə bilməz. Bu zaman məhkəmə hər hansı bir sənədə istinad etməmişdir. Qərarın özündə bir neçə yerdə qeyd edilmişdir ki, İddiaçı 1995-ci ilin 1, 2, 3, 4, 5 və 9-cu aylarında, 1996-cı ildə 2, 12-ci aylarında, 1997-ci ilin yanvar ayında əmək haqqı ödənilmişdir. xx.xx.2021-ci il tarixli arxiv arayışı ilə təsdiq edilmişdir ki, iddiaçı 1992-2000-ci illərdə öz hesabına əmək məzuniyyətində olmamışdır. Məhkəmənin istinad etdiyi arxiv arayışlarında yuxarıda qeyd olunanlar barədə hər hansı bir göstəriş yoxdur. İddiaçının 1995-1998-ci illərdə ayrı-ayrı aylarda ödənişsiz məzuniyyətdə olmağını təsdiq edən sənəd mövcud deyil. Həmin dövrlərdə tam işləmiş və əmək haqqı almışdır. “Əmək pensiyaları haqqında qanuna əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” qaydalarına görə (3.2-ci bəndi) xx.xx.2006-cı ilə qədər sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, arxiv arayışı və s. sənədlər hesab edilir. 1 saylı regional ərazi filialının iş dövrünün yoxlanılmamasını arxiv materiallarının olmaması ilə əsaslandırmışdır. Cavabdehin nümayəndəsi M.V.Cabbarlı məhkəmədə verdiyi izahatında bildirmişdir ki, iddiaçının işlədiyi 2 №-li Bakı Taksimotor Parkı və “Avtoekspress” ATSC-nin heç bir sənədi Dövlət Arxivinə mühafizə üçün təhvil verilməmişdir. Belə olan halda arxiv arayışı hansı sənədlər əsasında təsdiq olunmuşdur. Halbuki, o, 1995-2000-ci illərdə daimi olaraq işləmiş və əmək haqqı almışdır. Məhkəmə qərar qəbul edərkən araşdırma aparmamış, əsassız qərar qəbul etmişdir. Bu da iddiaçının pensiya hüququnun pozulmasına səbəb olmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 149. Normativ hüquqi aktlar Vİ. mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti... Maddə 22. Sığorta stajının hesablanması qaydası 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Maddə 23. Vətəndaşların başqa dövlətlərin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtləri 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti... “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin qaydaların 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə pensiyanın yaranması üçün iki şərt tələb olunur: 1) şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; 2) fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Hazırkı işin hallarından görünür ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməmişdir. Cavabdeh imtina məktubunda göstərmişdir ki, xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək işlədiyi dövrün qarşılıqlı yoxlanılması zərurəti yaranmışdır. Lakin arxiv sənədlərinin saxlanılmaması səbəbindən iş stajının yerində qarşılıqlı yoxlanılması mümkün olmamışdır. Bu səbəbdən 1997-2000-ci illərin sosial sığorta stajı kimi hesablanması mümkün deyil. Yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajı və pensiya kapitalı olmaması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. Bundan sonra, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iddianı təmin etməmiş, həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Cavabdeh iddiaçının sığorta stajının yoxlanılması zamanı 1995-ci ildə lİİ, İV, V və İX aylarında, 1996-cı ildə İİİ, Xİ, Xİİ aylarında, 1997-ci il və 1998-ci illərdə əmək haqqlarının ödənilməməsi və 25 ildən az əmək stajı olduğu əsas gətirilərək yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Mübahisələndirilən dövr ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş stajının müəyyən edilməsi üçün əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası olduğu halda iş stajının təsdiq edilməsi üçün hər hansı digər sənəd və ya arxiv arayışının olmasına ehtiyac yoxdur. Əmək kitabçası olmadıqda isə şəxsin iş stajı arxiv arayışına əsasən müəyyən edilə bilər. İddiaçının adına açılmış ИТ № ******* seriyalı əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdə əmək fəaliyyətinə başlamış, xx.xx.2000-ci il tarixədək müxtəlif işlərdə və vəzifələrdə işləmişdir. Əmək kitabçasından həmçinin görünür ki, iddiaçı 1973-cü ilin iyul ayından 1974-cü ilin iyul ayınadək peşə məktəbində oxumuşdur. НЗ № ******* seriyalı hərbi biletdən isə görünür ki, İddiaçı 1975-1978-ci illərdə hərbi xidmətdə olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilmiş MA 118 saylı xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzi Arxivində saxlanılan arxiv sənədlərinə əsasən o, həqiqətən oktyabr 1974-cü il tarixdən 2 nömrəli Bakı Taksimotor parkına 2-ci dərəcəli avto çilingər vəzifəsinə işə qəbul edilmişdir. Aprel 1975-ci il tarixədək həmin vəzifədə işləmişdir.xx.xx.1978-ci il tarixdən (xx.xx.1978-ci il tarixli, kş/213 №-li əmr) 2 №-li Bakı Taksomotor parkına 2-ci dərəcəli avtoçilingər vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1990-cı il tarixdən (xx.xx.1990-ci il tarixli, kş/148-а №-li əmr) 3-cü dərəcəli avto çilingər vəzifəsinə təsdiq edilmişdir. xx.xx.1997-ci il tarixdən (Azərbaycan Respublikası “Azəravtonəqliyyat” Dövlət Konserninin xx.xx.1997-ci il tarixli 11 №-li əmri) Beynəlxalq və Şəhərlərarası Daşınmalar Birliyinin BTMP ilə X3 Nəqliyyat Müəssisəsinin birləşdirilməsi ilə əlaqədar olaraq X1 Avtonəqliyyat Müəssisəsi adlandırılmışdır. xx.xx.1997-ci il taixdən (xx.xx.1997-ci il tarixli, kş/2 №-li əmr) X1 Avtonəqliyyat Müəssisəsinə keçirilmişdir. xx.xx.1998-ci il tarixdən X1 X4 Ekspress ATSC adlandırılmışdır. xx.xx.2000-ci il tarixdən (xx.xx.2000-ci il tarixli, 31 №-li əmr) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə müvafiq olaraq tərəfllərin qarşılıqlı razılığı) əmək müqaviləsinə xitam verilmişdir. DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə filialı tərəfindən tərtib edilmiş xx.xx.2021ci il tarixli aktdan görünür ki, İddiaçı əmək kitabçasında qeyd olunan xx.xx.1978xx.xx.1997-ci illərin əmək stajı araşdırılaraq müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1978-ci il tarixdən (213 №- li əmr) 2 №-li Bakı Taksomotor parkına 2-ci dərəcəli avto çilingər vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1997-ci il tarixdən X1 Avtonəqliyyat Müəssisəsinə keçirilmişdir. İşlədiyi müddətdə İddiaçı müəssisə tərəfindən əmək haqları 1994-cü il daxil olmaqla tam ödənilmişdir. Onun 1995-ci ilin 1, 2, 3, 4, 5 və 9-cu aylarında, 1996-cı ildə 2, 12-ci aylarda və 1997-ci ilin yanvar aylarında əmək haqları ödənilmişdir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubuna əlavə edilmiş arxiv arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzi Arxivində saxlanılan arxiv sənədlərinə əsasən həqiqətən oktyabr 1974-cü il tarixdən 2 nömrəli Bakı Taksimotor parkına 2-ci dərəcəli avtoçilingər vəzifəsinə işə qəbul edilmişdir. Aprel 1975-ci il tarixədək həmin vəzifədə işləmişdir. xx.xx.1978-ci il tarixdən (xx.xx.1978-ci il tarixli, kş/213 №-li əmr) 2 №-li Bakı Taksomotor parkına 2-ci dərəcəli avtoçilingər vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1990-cı il tarixdən (xx.xx.1990-ci il tarixli, kş/148-а №-li əmr) 3-cü dərəcəli avtoçilingər vəzifəsinə təsdiq edilmişdir. xx.xx.1997-ci il tarixdən (Azərbaycan Respublikası “Azəravtonəqliyyat” Dövlət Konserninin 22.01,1997-ci il tarixli, 11 №-li əmri) Beynəlxalq və Şəhərlərarası Daşınmalar Birliyinin BTMP ilə X3 Nəqliyyat Müəssisəsinin birləşdirilməsi ilə əlaqədar olaraq X1 Avtonəqliyyat Müəssisəsi adlandırılmışdır. xx.xx.1997-ci il taixdən (xx.xx.1997-ci il tarixli, kş/2 №-li əmr) X1 Avtonəqliyyat Müəssisəsinə keçirilmişdir. xx.xx.1998-ci il tarixdən X1 X4 Ekspress ATSC adlandırılmışdır. xx.xx.2000-ci il tarixdən (xx.xx.2000-ci il tarixli, 31 №-li əmr) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə müvafiq olaraq tərəfllərin qarşılıqlı razılığı) əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubuna əlavə edilmiş arxiv arayışından görünür ki, İddiaçı 1998-ci ilin 1,3-5, 7,11-12-ci aylarında,1999cu ildə və 2000-ci ilin 1-4 və 6-cı aylarında “Avtoekspress” ATSC-də işləmiş və əmək haqqı almışdır. Arayışa qeydlərdə göstərilmişdir ki, 1997-ci il üzrə əməkhaqqı cədvəlləri nazirliyin Mərkəzi Arxivinə tam təhvil verilməmişdir. 1998-ci il fevral, iyun, avqust, sentyabr, oktyabr ayları üzrə əməkhaqqı cədvəllərində vətəndaşın adı, soyadı qeyd edilmiş ancaq ona verilmiş əməkhaqqı barədə heç bir məlumat öz əksini tapmamışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, 2 nömrəli Bakı Taksimotor parkının və Avtoekspress ATSC-nin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Məhkəmə kollegiyası iddiaçının işlədiyi müddətlər üzrə sığorta stajının təsdiq edilməsi üçün əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilməməsi barədə birinci instansiya instansiyası məhkəməsinin mövqeyi ilə bağlı qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərkən qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X8) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud Qaydalar “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçı da həmin qanun qüvvəyə minənədək olan dövrdə işləmişdir. Beləliklə, cavabdeh əmək kitabçasında olan qeydlərin həqiqiliyinin müvafiq arxiv sənədləri ilə təsdiq edilmədiyini bildirsə də, məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, işə əlavə edilmiş və notarial qaydada təsdiq olunmuş əmək kitabçasının surətindən görünür ki, əmək kitabçasında olan qeydlər müəssisənin möhürü ilə təsdiq olunmuş və həmin qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. İş dövrü və əməkhaqqı cədvəlləri barədə məlumatların yoxlanılmasının mümkün olmaması işçinin işləməməsi anlamına gəlməməlidir və bu əsasa görə işçinin konstitusion hüququ olan sosial təminat hüququnun təmin edilməməsi digər mötəbər sübutlara əsaslanmalıdır. Beləliklə də, iddiaçının hərbi xidmətdə olduğu, təhsil aldığı dövrlər və işlədiyi illəri cəmlədikdə onun 25 ildən çox sığorta stajı yaranmış olur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı, ona yaşa görə pensiya təyini üçün zəruri yaş həddinə çatdığından və 25 ildən artıq sosial sığorta stajına malik olduğundan, cavabdeh iddiaçıya pensiya təyin olunmasından imtina etməkdə haqlı olmamış, işə baxan birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə düzgün nəticəyə gəlməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2-1(118)-507/2022 nömrəli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı 1995-ci ilin l-V, lX aylarında, 1996-cı ilin lll, lX, Xll aylarında,1997-1998-ci illərdə 2 saylı Bakı Taksimotor Parkında və "xxxx" ASC-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Abşeron-Xızı regional filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-549/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-549/2022
06.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver