Məhkəmə qərarları › İş №2-1(105)-549/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-549/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-549/2024 30.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi hakim:Quliyev İsmayıl Rza oğlu, Hakimlər Babayeva Hökümə Çingiz qızı oğlu və X1 ibarət tərkibdə, İsmayılova Sehran Sabir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Şamaxı rayonu, Çuxuryurd bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 19 saylı qərarı ilə icarəsinə verilmiş 0,80 ha torpaq sahəsi üzərində icarə hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2-1(118)-316/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin 16 dekabr 2004-cü il tarixli, 19 saylı qərarından görünür ki, 0,80 ha torpaq sahəsinin İddiaçı kənd təsərrüfatı məqsədilə icarəyə verilməsi qərara alınmışdır. xx.xx.2004-cü il tarixli Şamaxı rayonu Çuxuryurd bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış torpaq icarə müqavilələrindən görünür ki, həmin müqavilənin predmetini Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində 0,80 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarını istehsal etmək məqsədi ilə icarəyə verilməsi təşkil edir. Müqavilə 99 il müddətinə bağlanılmışdır. DTXK-nin Şamaxı rayon şöbəsinin xx.xx.2004-cü il tarixli rəyindən görünür ki, idarə Şamaxı rayon Çuxuryurd bələdiyyəsinin mülkiyyətindən 0,80 ha torpaq sahəsinin İddiaçı icarəyə verilməsinə etiraz etmir. DTXK-nin Şamaxı rayon Şöbəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin sənəd İddiaçı ayrılmış 0,80 ha torpaq sahəsi barəsindədir. Məhkəmə sorğusuna əsasən Şamaxı rayonu Məlhəm bələdiyyəsi tərəfindən verilmiş 19 iyun 2023-cü il tarixli cavab məktubundan görünür ki, Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin 16 dekabr 2004-cü il tarixli, 19 saylı qərarının və həmin qərarla bağlı mövcud olan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 19 saylı Qərarı ilə iddiaçı X3 icarəyə verilmiş, naturada mövcud olan 0,80 ha torpaq sahəsini iddiaçı göstərmiş və koordinatları müəyyən edilmiş, iddiaçı X2 naturada göstərdiyi torpaq sahəsi elektron baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı örüş (kollu) torpaqlarıdır. İddiaçı DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yerləşən 0,80 ha torpaq sahəsinin üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh 06 yanvar 2023-cü il tarixli, **********05 nömrəli məktubu ilə müraciəti təmin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, qeydiyyat üçün təqdim olunmuş sənədlər araşdırılan zaman məlum olmuşdur ki, Şamaxı rayon Çuxuryurd Bələdiyyəsinin 16 dekabr 2004-cü il tarixli 19 saylı qərarı ilə onun icarəsinə verilmiş 0,80 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən örüş torpaqlarına aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndinə əsasən yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə bir qayda olaraq on ildən on beş ilədək verilə bilər. Bununla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtina məktubunun qanunsuz hesab edilməsi, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,80 ha torpaq sahəsinin üzərində icarə hüququnun qeydə alınmasını və çıxarışın verilməsini Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 19 saylı qərarı ilə icarəsinə verilmiş 0,80 ha torpaq sahəsi üzərində icarə hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,80 ha torpaq sahəsi ilə bağlı onunla Şamaxı rayonu Çuxuryurd bələdiyyəsi arasında 09 dekabr 2004-cü il tarixdə icarə müqaviləsi bağlanmışdır. İcarəyə götürdüyü torpaq sahəsi barədə kənd bələdiyyəsi müvafiq qərar və plan cizgi kimi sənədləri iddiaçıya təqdim etmişdir. Sözügedən müqavilənin 2.1-ci maddəsinə əsasən torpaq sahəsi iddiçıaya 99 il müddətinə icarəyə verilmişdir. İcarəyə götürdüyü torpaq sahəsinin üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması üçün Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hiiquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, lakin idarənin rəisi Məmmədov Nazim müraciətə baxsa da, mübahisəli torpaq sahəsinin örüş və biçənək torpaq növünə aid olduğuna görə fiziki və hüquqi şəxslərə on ildən on beş ilədək verilə bildiyini bildirmişdir. Bu səbəbdən qeydiyyata aldırmaq istədiyi torpaq sahəsinin 15 illik icarə müddəti bitdiyinə görə ərizənin icrasının mümkün olmadığı bildirilmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, İddiaçı Ərazi idarəsinə daxil olmuş müraciəti ilə bağlı aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Şamaxı rayon Çuxuryurd bələdiyyəsinin 16 dekabr 2004-cü il tarixli, 19 saylı qərarı ilə icarəsinə verilmiş 0,80 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən örüş torpaqlarına aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndinə əsasən yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər, İddiaçı qeydiyyata aldırmaq istədiyi torpaq sahəsinin 15 illik icrarə müddəti bitdiyinə görə, ərizəsinin icrası mümkün olmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2-1(118)-316/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 19 saylı qərarı ilə icarəsinə verilmiş 0,80 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur (hakim V.Əzizova) Məhkəmə qərarını qanunvericilikdə olan dəyişikliyə istinad edərək, qeyd etmişdir ki, “Göründüyü kimi hazırda üvvədə olan torpaq qanunvericiliyinə görə örüş sahələri ilə bağlı icarə müqaviləsinin bağlanılması ilə bağlı hər hansı müddət məhdudiyyəti ümumiyyətlə nəzərdə tutulmamışdır ki, bu hal iddiaçının vəziyyətini yaxşılaşdırır və cavabdehin imtina cavabında göstərilən dəlili aradan qaldırır.” Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8 ci maddəsinə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. İddiaçı Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixdə daxil olmuş müraciəti ilə bağlı aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki Şamaxı rayon Çuxuryurd Bələdiyyəsinin 16 dekabr 2004-cü il tarixli 19 saylı qərarı ilə iddaçının icarəsinə verilmiş 0.80 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən örüş torpaqlarına aiddir. İddiaçı Ərazi İdarəsinə müraciət zamanı qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4- cü bəndinə əsasən yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verildiyinə görə və İddiaçı qeydiyyata aldırmaq istədiyi torpaq sahəsinin 15 illik icrarə müddəti bitdiyi üçün ərizəsinin icrası mümkün olmamışdır. Məhkəmə tərəfindən qərarın əsaslandırma hissəsində Azərbaycan Respublikası 24 fevral 2023-cü il tarixli 826-VİQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinə edilmiş dəyişikliklərə istinad olunaraq, iddiaçının iddia tələbi təmin olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır ki, İddiaçı icarəsində olan 0.80 ha torpaq sahəsinin qanunla müəyyən edilmiş 15 illik icarə müddəti 2019-cu ildə bitmişdir.Ona görə də, 24 fevral 2023-cü il tarixli 826- VİQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinə edilmiş dəyişikliklərə istinad edilməsi qanunaziddir. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar tam araşdırılmamış, maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmişdir. Bu da qərarın ləğv edilməsi üçün əsasdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 66. bənd 2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 16. bənd 4 (24 fevral 2023-cü ilədək qüvvədə olmuş) Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Azərbaycan Respublikası 24 fevral 2023-cü il tarixli 826-VİQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinə edilmiş dəyişikliyə əsasən: Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri

1. Yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürülür.

2. Yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir.

3. Dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir.

4. Yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.

5. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Göründüyü kimi hazırda üvvədə olan torpaq qanunvericiliyinə görə örüş sahələri ilə bağlı icarə müqaviləsinin bağlanılması ilə bağlı hər hansı müddət məhdudiyyəti ümumiyyətlə nəzərdə tutulmamışdır ki, bu hal iddiaçının vəziyyətini yaxşılaşdırır və cavabdehin imtina cavabında göstərilən dəlili aradan qaldırır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiyası Qanunun 87.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddia ərizəsindən və iş materiallarından görsəndiyi kimi hazırkı mübahisənin əsasını cavabdehin iddiaçının icarəsinə verilmiş Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,80 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində icarə hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqan isə iddiaçının tələbindən imtina edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4- cü bəndinə əsasən yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verildiyinə görə və İddiaçı qeydiyyata aldırmaq istədiyi torpaq sahəsinin 15 illik icrarə müddəti bitdiyi üçün ərizəsinin icrası mümkün olmamışdır. Formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq kollegiya geyd edir ki, yuxarıda istinad olunan normalara əsasən torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar qəbul olunarkən həmin tələblər nəzərə alınmalıdır. İşdən görünür ki, Şamaxı rayon Çuxuryurd bələdiyyəsinin 16 dekabr 2004-cü il tarixli 19 saylı qərarı ilə 0.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçıya icarəyə verilmişdir. Bundan sonra tərəflər arasında torpaq icarə müqaviləsi bağlanılmış və müqailənin müddəti 99 il müəyyən edilmişdir. Həmin vaxtdan torpaq sahəsi iddiaçının qanuni istifadəsindədir. İddiaçı icarə hüququnun qeydə alınması üçün müraciət etdikdə cavabdeh Torpaq Məcəlləsinin 16-cı maddəsinə istinad edərək örüş təyinatlı torpaq sahəsinin yalnız 15 ilədək icarəyə verilə biləcəyini və həmin müddətin (15 il) isə artıq bitdiyini bildirmiş və iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Eyni zamanda birinci instansiya məhkəməsində araşdırma zamanı müvafiq mütəxəssis rəyi alınmışdır, torpaq sahəsinin faktiki istifadəsi ilə bağlı problemlərin olmadığı müəyyən edilmişdir və bu eyni zamanda işin mübahisə olunmayan haldlr. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin birinci instansiya məhkəməsinə ünvanladığı 23 oktyabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 19 saylı Qərarı ilə iddiaçı X3 icarəyə verilmiş, naturada mövcud olan 0,80 ha torpaq sahəsini iddiaçı göstərdi və koordinatları müəyyən edilmiş, iddiaçı X2 naturada göstərdiyi torpaq sahəsi elektron baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı örüş (kollu) torpaqlarıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarla razılaşaraq aşağıdakıları qeyd edir. Cavabdeh inzibati orqanın imtinasının yeganə əsasını iddiaçıya torpaq sahəsi ayrılan və icarə müqaviləsi bağlanan zaman qüvvədə olan qanunvericiliyə riayyət olunmaması təşkil edir. İnzibati orqan qeyd edir ki, “Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4- cü bəndinə əsasən yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verildiyinə görə və İddiaçı qeydiyyata aldırmaq istədiyi torpaq sahəsinin 15 illik icrarə müddəti bitdiyi üçün ərizəsinin icrası mümkün olmamışdır.” Birinci instansiya məhkəməsi isə qanunvericilikdə olan dəyişikliyə istinad edərək, qrarını onunla əsaslandırmışdır ki, “Göründüyü kimi hazırda üvvədə olan torpaq qanunvericiliyinə görə örüş sahələri ilə bağlı icarə müqaviləsinin bağlanılması ilə bağlı hər hansı müddət məhdudiyyəti ümumiyyətlə nəzərdə tutulmamışdır ki, bu hal iddiaçının vəziyyətini yaxşılaşdırır və cavabdehin imtina cavabında göstərilən dəlili aradan qaldırır.” Məhkəmə kollegiyası birinci instansiya məhkməsinin gəldiyi nəticə ilə razılaşır və əlavə olaraq qeyd edir ki, iddiaçıya torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndinə əsasən yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələrinin hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi həmin dövrdə tənzimləyici norma olan qeyd edilən maddədə örüş torpaqlarının bir qayda olaraq on beş ilədək icarəyə verilməsi nəzərdə tutulmuşdur. Bu isə həmin kateqoriya torpaqların on beş ilə qədər icarəyə verilməsinin istisnaları ola biləcəyi kimi təfsir olana bilər. Nəzərə alandakı iddiaçıya ayrılmış və icarəsinə verilmiş torpaq sahəsinin hüquqi sənədləri mübahisələndirilməmişdir və hazırda öz qüvvəsini saxlayır, bu halda cavabdeh inzibati orqanın iddiaçının hüquqi sənədlərinin qanuniliyinə istinad edərək imtina etməsi əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası onuda qeyd edir ki, iddiaçıya torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsi örüş torpaqlarının on beş ildən artıq icarəyə verilməsini imperativ olaraq qadağan etsəydi belə, qanunvericiliyə edilmiş dəyişikliyə qədər idiaçının hüquqi sənədləri qüvvədə olduğu üçün, qanunvericiliyə edilmiş dəyişiklik həmin qadağanı ortadan qaldırdığı, yəni iddiaçının vəziyyətini yaxşılıaşdırdığı üçün, həmin mübasibətlərə tətbiq edilə bilən norma kimi qəbul edilməli və iddiaçının etimad hüququ qorunmalı idi. Torpaq sahəsindən faktiki istifadə ilə bağlı problemlərin olmamsını və qeyd edilən hüquqi əsasları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2-1(118)-316/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar