Məhkəmə qərarları › İş №2-1(105)-55/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-55/2020

01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-55/2020 01.12.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Məmmədova Lətifə Məhyəddin qızı, hakimlər X15 və X4 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı1 oğlunun vəkili X6 iştirakı ilə, İddiaçı1 oğlunun cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı “3,50 ha torpaq sahəsinə dair icarə hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(85)-1698/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ X16 (bundan sonra mətndə iddiaçı) bildirir ki, Qusar rayonu Yasaboba bələdiyyəsinin xx xxxxxxxx 2005-ci il tarixli 10 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün ona 99 il müddətinə 3,50 ha torpaq sahəsi icarəyə verilmiş, sonradan ona JN-9420 kod, 30126028 saylı X9 hüququna dair şəhadətnamə verilmişdir. Hazırda iddiaçı həmin torpaq sahəsi üzərində hüquqlarını qeydə aldırmaq istəyir. İş materiallarından görünür ki, Qusar rayonu Balaqusar kənd sakini X5 etibarnamə əsasında təmsil etdiyi şəxslərin (X18 və X16) torpaq sahələri üzərində hüququnun dövlət qeydiyyatına alınması zamanı qarşılaşdığı problemlərin həll edilməsinə köməklik edilməsi üçün AR Əmlak Məsələləri Dövlət Komitəsinin Apellyasiya Şurasına müraciət etmişdir. Apellyasiya Şurası xx xxx 2016-cı il tarixdə 09 nömrəli qərarında qeyd etmişdir ki, JN-9420 saylı X9 hüququna dair şəhadətnamə ilə ayrılmış 3,5 ha torpaq sahəsi ilə bağlı Xidmətin 5 saylı Ərazi İdarəsinə müraciət olunmadığından hüquqların qeydiyyatı ilə bağlı müvafiq sənədlərlə rəsmi qaydada ərazi idarəsinə müraciət olunması məqsədəuyğundur. Bundan sonra iddiaçı ərizə ilə cavabdehə müraciət edərək icarəsinə verilmiş torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etsə də, imtina cavabı almışdır. Cavabdeh xx.xx.2016-cı il tarixli məktubla imtinasını onunla əsaslandırmışdır ki, 3,50 ha torpaq sahəsinə dair JN-9420 kod, 30126028 saylı “Torpağa mülkiyyət hüququna dair Şəhadətnamə” Ərazi İdarəsinin elektron baza kadastr xəritə materiallarında əks olunmamışdır. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Ərazi İdarəsinə təhvil verilmiş arxiv məlumatları və şəhadətnamələrin qeydiyyat kitabı araşdırılmışdır. Araşdırma zamanı təhvil verilmiş sənədlərdə və şəhadətnamələrin qeydiyyat kitabında JN- 9420 kod, 30126028 saylı “Torpağa mülkiyyət hüququna dair Şəhadətnamə”-nin qeydə alınması aşkar edilməmişdir. Qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 11.1 və 15ci maddələrinə əsasən ərizənin icrasından imtina olunmuşdur. İmtina cavabı aldıqdan sonra iddiaçının nümayəndəsi Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasına müraciət etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının xx xxxxxx 2016-cı il tarixli, 19 nömrəli qərarı ilə ƏMDK-nın Apellyasiya Şurasının xx xxx 2016-cı il tarixli, 9 nömrəli qərarı ləğv edilmiş, Apellyasiya Şurasına qısa müddət ərzində işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması, nəticəsindən asılı olaraq ədalətli qərar qəbul edilməsi, nəticəsi barədə şikayətçiyə və Prezident yanında Apellyasiya Şurasına məlumat verilməsi qərara alınmışdır. Bundan sonra iddiaçı təkrar inzibati orqana müraciət etmiş, lakin yenə imtina cavabı almışdır. xx xxxxxx 2016-cı il tarixli məktubunda cavabdeh iddiaçının nümayəndəsinə cavab olaraq bildirmişdir ki, xx.xx.2016-cı il tarixli məktubda qeyd olunan səbəblərdən əlavə, sözügedən torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrinə əsasən tələb olunan hüquqmüəyyənedici sənədlər və texniki sənədlər Xidmətin 5 saylı Ərazi İdarəsinə və ya onun Qusar rayon şöbəsinə təqdim edildiyi təqdirdə torpaq sahəsi üzərində hüquqların qeydiyyatı qanunamüvafiq qaydada baxılacaqdır. Qusar rayonu, Balaqusar kənd sakini X5 etibarnamə əsasında təmsil etdiyi (X18 və X16) şəxslərin torpaq sahələri üzərində hüququnun dövlət qeydiyyatına alınması zamanı qarşılaşdığı problemlərin həll edilməsinə köməklik edilməsi üçün təkrarən AR Əmlak Məsələləri Dövlət Komitəsinin Apellyasiya Şurasına müraciət etmişdir. AR Əmlak Məsələləri Dövlət Komitəsinin Apellyasiya Şurasının xx xxxxxx 2016-cı il tarixli, 27 saylı qərarı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının xx xxxxxx 2016-cı il tarixli, 19 saylı qərarı nəzərə alınmış, X2 şikayəti qismən təmin edilmiş, Qusar rayonu, Yasaboba kəndi ərazisində yerləşən, JN-9420 kod X9 hüququna dair şəhadətnaməyə əsasən X10 istifadəsində olmuş 3,5 ha torpaq sahəsinin ayrılmasına əsas olmuş bələdiyyə qərarının və şəhadətnamənin verilməsinə dair 5 saylı Ərazi İdarəsinin elektron baza məlumatlarında ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş arxiv materiallarında, dövlət aktlarının və şəhadətnamələrin qeydiyyatı kitabında heç bir məlumatın aşkar edilməməsi səbəbindən sənədlərin saxtalaşdırılması şübhəsi yarandığına görə bu barədə ətraflı araşdırmanın aparılması və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə sorğunun göndərildiyinin nəzərə alınması və məsələyə bu hissədə sorğuya mahiyyəti üzrə baxışın nəticələri daxil olduqdan sonra baxılması qərara alınmışdır. İş materiallarında olan X3 ünvanlanmış AR ƏMDK DƏDRX-nin xx xxxx 2018-ci il tarixli məktubunun məzmunundan görünür ki, JN-9420 kod X9 hüququna dair şəhadətnaməyə əsasən X10 istifadəsində olmuş 3,5 ha torpaq sahəsinin ayrılmasına dair sənədlərin saxtalaşdırılması şübhəsinə görə AR Daxili İşlər Nazirliyinə göndərilmiş sorğuya cavab olaraq bildirmişlər ki, sənədlərin saxtalaşdırılması 2006-cı ildə baş verdiyindən həmin faktla bağlı cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi, həmçinin saxta sənədlər əsasında torpaq sahəsini satmış şəxsin xx.xx.2015-ci il tarixdə öldüyünün araşdırma zamanı nəzərə alındığı bildirilmişdir. Bundan sonra iddiaçı X14 Cavabdeh1nə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək JN-94xx xxx 30126028 saylı torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən iddiaçıya ayrılmış 3,50 ha torpaq sahəsinə dair icarə hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı sonra iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə verərək JN-94xx xxx 30126028 saylı X9 hüququna dair şəhadətnaməyə əsasən iddiaçıya icarəyə verilmiş 3,50 ha torpaq sahəsinə dair icarə hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonu, Yasaboba bələdiyyəsinin xx xxxxxxxx 2005-ci il tarixli, 10 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün iddiaçıya 99 il müddətinə 3,50 ha torpaq sahəsi icarəyə verilmiş, sonradan ona həmin X9 hüququna dair şəhadətnamə verilmişdir. Artıq uzun illərdir ki, torpaq sahəsi iddiaçının istifadəsində və sahibliyindədir. İddiaçı həmin torpaqdan təyinatı üzrə istifadə edərək kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olur, vergiləri ödəyir. İddiaçı dəfələrlə cavabdeh inzibati orqana müraciət edərək torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etməsinə baxmayaraq, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə iddiaçıya imtina cavabı verir. Belə ki, cavabdeh gah ilkin sənədlərin təqdim edilməməsi, gah şəhadətnamədə göstərilən məlumatların elektron baza məlumatları ilə üst-üstə düşməməsinə, gah da bələdiyyənin protokollar kitabında həmin qərarların qeydə alınmamasına istinad etmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtina cavabı qeyri-qanunidir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(85)-1698/2018 saylı qərarı ilə iddia təmin edilmişdir (hakim V.Əzizova). Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi xahiş edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xx xxx 2019-cu il tarixli, 2-1(105)-45/2019 saylı qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi,Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(85)-1698/2018 saylı qərarının dəyişdirilmədən saxlanılması, mütəxəssis rəyinin verilməsi ilə əlaqədar çəkilmiş 201.72 manat xərcin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsindən tutularaq Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzinin hesabına (Kapital Bank ASC Xətai filialı, filialın kodu 200071, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, müxbir hesab: AZ37NABZ********************, benefisiarın adı: Kadastr və X27 Mar, benefisiarın hesabı: AZ23 AİİB3 **********701778107, VÖEN: **********) köçürülməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh təşkilat kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(102)2526/2019 saylı qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xx xxx 2019-cu il tarixli, 2- 1(105)-45/2019 saylı qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, 3,50 ha torpaq sahəsinə dair JN-9420 kod, 30126028 saylı “torpağa mülkiyyət hüququna dair şəhadətnamə” Ərazi İdarəsinin elektron baza kadastr xəritə materiallarında əks olunmamışdır. Bundan başqa ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş arxiv materiallarında və şəhadətnamələrin qeydiyyatı kitabında heç bir məlumat aşkar edilməmişdir. Bununla əlaqədar Quxuroba Bələdiyyəsinə verilmiş sorğuya cavab olaraq bildirmişlər ki, keçmiş Yasaboba Bələdiyyəsindən 2009-cu ildə təhvil alınmış arxiv sənədlərində X13 3.50 torpaq sahəsinin 99 il müddətinə icarəyə verilməsi barədə xx.xx.2005-ci il tarixli, 10 saylı qərar verilməmişdir. Həmin qərar arxivdə olan protokol kitablarında yoxdur. Beləliklə də sorğuya cavabda mübahisəli torpağa dair verilmiş Şəhadətnamənin verilməsinə əsas olmuş bələdiyyə qərarının verilmədiyi və aşkar olunmadığı qeyd olunmuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edərkən cavabdeh təşkilatın nümayəndəsi X19 apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, mübahisəli 0,50 ha torpaq sahəsi barədə JN- 9420 kod, 30126028 saylı “torpağa mülkiyyət hüququna dair şəhadətnamə” Ərazi İdarəsinin elektron baza kadastr xəritə materiallarında əks olunmamışdır. Bundan əlavə ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş arxiv materiallarında və şəhadətnamələrin qeydiyyatı kitabında heç bir məlumat aşkar edilməmişdir. Bununla əlaqədar Quxuroba Bələdiyyəsinə verilmiş sorğuya cavab olaraq bildirmişlər ki, keçmiş Yasaboba Bələdiyyəsindən 2009-cu ildə təhvil alınmış arxiv sənədlərində X13 3.50 torpaq sahəsinin 99 il müddətinə icarəyə verilməsi barədə xx.xx.2005-ci il tarixli, 10 saylı qərar verilməmişdir. Həmin qərar arxivdə olan protokol kitablarında yoxdur. Beləliklə də sorğuya cavabda mübahisəli torpağa dair verilmiş Şəhadətnamənin verilməsinə əsas olmuş bələdiyyə qərarının verilmədiyi və aşkar olunmadığı qeyd olunmuşdur. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini və üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1698/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Şücayət Musayevin vəkili X11 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1698/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)- 1698/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı dəfələrlə cavabdeh inzibati orqana müraciət edərək icarəsində olan torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmiş, lakin cavabdeh təşkilat hər dəfə müxtəlif bəhanələrlə iddiaçıya imtina cavabı vermişdir. Cavabdeh imtinanı ilkin sənədlərin təqdim edilməməsinə, sonra isə şəhadətnamədə göstərilən məlumatların elektron baza məlumatları ilə üst-üstə düşməməsinə, daha sonra da bələdiyyənin protokollar kitabında həmin qərarların qeydə alınmamasına istinad etmişdir. Müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu onunla əsaslandırmışdır ki, müvafiq məlumatların cavabdeh inzibati orqana verilməməsi, şəhadətnamələrin qeydiyyatı kitabında və elektron baza məlumatlarında iddiaçıya icarəyə verilən torpaq sahəsi barədə məlumatın aşkar edilməməsi, torpaq sahəsinin icarəyə verilməsinə dair bələdiyyə qərarının bələdiyyənin arxiv kitablarında tapılmaması iddiaçının təqsiri üzündən baş verməməmişdir, ona görə də cavabdeh inzibati orqanın bu əsasla iddiaçıya imtina cavabı verməsi əsassızdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə iddianı təmin etməkdə haqlı olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi həmin dövrdə qüvvədə olmuş xx.xx.1997-ci il tarixli, 534 saylı Fərmanla təsdiq edilmiş eyniadlı Əsasnamə ilə tənzimlənirdi. Bu Əsasnamənin 4, 10, 11-ci bəndlərinə görə torpağa mülkiyyət və daimi istifadə hüquqlarına dair dövlət aktları, X9 hüququna dair şəhadətnamə 2 nüsxədən ibarət hazırlanır. Dövlət aktlarının və şəhadətnamələrin ilkin torpaqayırma sənədləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə institutunun arxivində müddətsiz olaraq saxlanılır. Dövlət aktı və şəhadətnamənin verilməsi xüsusi qeydiyyat kitabında əks etdirilir. Qeydiyyat kitabında qeydəalmanı rayon (şəhər) torpaq şöbələri həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.3-cü maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. İddiaçının hüquqlarını təmsil edən X8 torpaq sahələrinin dövlət qeydiyyatına alınmasından imtina barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Apellyasiya Şurasının xx.xx.2016-cı il tarixli qərarından olan Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasına şikayət verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının qərarında qeyd edilmişdir ki, torpaq üzərində hüquqlara dair şəhadətnamələrin hazırlanması, verilməsi və qeydiyyatı həmin dövrdə keçmiş DTXK tərəfindən aparılırdı. Hansısa məlumatların, sənədlərin qeydiyyat kitablarında, yaxud elektron baza xəritə (DWJ) məlumatlarında öz əksini tapmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının problemidir. Belə problemlərin yaranması vətəndaşın təqsirinin deyil, aidiyyəti qurumların, vəzifəli şəxslərin öz vəzifələrini layiqincə yerinə yetirməmələrinin, idarəçiliyin, uçot-nəzarət işinin düzgün təşkil edilməməsinin nəticəsidir. Ərizəçi isə-hazırki halda iddiaçı belə hallara görə hər hansı məsuliyyət daşımamalıdır. Müəyyən edilmişdir ki, torpaq üzərində hüquqlara dair şəhadətnamələrin hazırlanması, verilməsi və qeydiyyatı həmin dövrdə keçmiş DTXK tərəfindən aparılırdı. Belə olan halda hansısa məlumatların, sənədlərin qeydiyyat kitablarında, yaxud elektron baza xəritə (DWJ) məlumatlarında öz əksini tapmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının günahı ucbatından baş vermişdir. Belə problemlərin yaranması vətəndaşın təqsirinin deyil, aidiyyəti qurumların, vəzifəli şəxslərin öz vəzifələrini layiqincə yerinə yetirməmələrinin, idarəçiliyin, uçot-nəzarət işinin düzgün təşkil edilməməsinin nəticəsidir. Belə olan halda aidiyyəti qurumların təqsirinə görə iddiaçı məsuliyyət daşımamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1, 139-1.1.3, 139-1.1.5-ci maddələrinə və buna müvafiq olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.3, 8.0.5-ci maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak, o cümlədən torpaq sahələri üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Həmin Qanunun 10.2-ci maddəsində müəyyən edilmişdir ki, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Yəni qanunvericiliyə əsasən ilkin hüquqmüəyyənedici sənədlərin əsillərinin qeydiyyat orqanına təqdim olunması ərizəçinin üzərinə vəzifə kimi qoymamışdır. Bundan başqa hüquqların dövlət qeydiyyatından imtina olunmasının əsasları Qanunun 15ci maddəsində konkret müəyyən edilmişdir. Həmin maddədə ilkin hüquqmüəyyənedici sənədlərin əsillərinin təqdim olunmaması qeydiyyatdan imtina üçün əsas kimi nəzərdə tutulmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən qanunvericilikdə nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Beləliklə qanunvericilikdə nəzərdə tutulmadığı halda torpaq sahəsinin ayrılmasına dair ilkin hüquqmüəyyənedici sənədlərin əsillərinin təqdim edilməməsinə görə iddiaçının hüququnun qeydə alınmasından imtina edilməsi əsassızdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh təşkilat iddiaçıya imtina cavabı verərkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1 və 15-ci maddələrinə əsaslanmışdır ki, məhkəmə kollegiyası bunu əsassız hesab edirş. Həmin Qanunun 11.1-ci maddəsində hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olması nəzərdə tutulmuşdur. Bu maddədə imtina əsasları müəyyən edilməmişdir. Həmin Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün 6 əsas göstərilsə də məktubda maddənin konkret bəndinə istinad edilməmişdir. Belə olan halda ərizəçi tərəfindən qanunvericiliyin hansı tələbinin pozulması aydın olmur. İş materiallarınla olan xx xxxxx 2019-cu tarixli mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki , Qusar rayonu, Yasaboba bələdiyyəsinin xx xxxxxxxx 2005-ci il tarixli, 10 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün X13 icarəyə verilmiş torpaq sahəsinin hüquqmüəyyənedici sənədi kimi məhkəmə iş materiallarına əlavə edilmiş JN-9420 saylı 30126028 kodlu X9 Hüququna dair Şəhadətnamə vahid elektron baza məlumatlarında qeydiyyata alınmamışdır. Bu səbəbdən həmin torpaq sahəsinin naturada ölçülərini müəyyən etmək mümkün olmamışdır. Qeyd edilən torpaq sahəsi elektron bazada başqa fiziki şəxslərin adına hüquqi qeydiyyatdan keçməmişdir. Vahid elektron baza məlumatlarında mübahisəli torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. Mütəxəssis rəyindən də göründüyü kimi mübahisəli torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla (Şəhadətnamədə də qeyd edildiyi kimi) başqa heç kimin adına qeydə alınmamışdır. Həmin torpaq sahəsinin iddiaçının adına verilməsinə dair şəhadətnamənin elektron bazada öz əksini tapmaması iddiaçının günahından olmamışdır. Belə ki, elektron baza kadastr xəritə materiallarının tərtib olunması və hər hansı məlumatın həmin materiallara daxil edilməsi vətəndaşın səlahiyyəti və ya vəzifələrinə aid deyildir. Həmin səlahiyyət “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinin və həmin Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli, 113 saylı Fərmanının 4.2.1-ci bəndinin tələblərinə əsasən cavabdehin vəzifələrinə aid edilmişdir. Lakin cavabdeh qeyd olunan normaların tələblərinə əsasən həmin səhvi özü aradan qaldırmalı olduğu halda bunu etməmiş, bunun əksinə bu əsasla iddiaçıya imtina cavabı vermişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçıya ünvanladığı məktublarda ünvan 1 yerləşən, JN-9420 kod X9 hüququna dair şəhadətnaməyə əsasən X10 istifadəsində olmuş 3,5 ha torpaq sahəsinin ayrılmasına əsas olmuş bələdiyyə qərarının və şəhadətnamənin verilməsinə dair 5 saylı Ərazi İdarəsinin elektron baza məlumatlarında, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş arxiv materiallarında, dövlət aktlarının və şəhadətnamələrin qeydiyyatı kitabında heç bir məlumatın aşkar edilməməsi səbəbindən sənədlərin saxtalaşdırılması şübhəsi yarandığına görə bu barədə ətraflı araşdırmanın aparılması və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlərin görülməsi üçün AR Daxili İşlər Nazirliyinə sorğu göndərildiyini və Daxili İşlər Nazirliyinə göndərilmiş sorğuya cavab olaraq sənədlərin saxtalaşdırılması 2006-cı ildə baş verdiyindən həmin faktla bağlı cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyi, həmçinin saxta sənədlər əsasında torpaq sahəsini satmış şəxsin - Qusar rayonu, Quxuroba kənd sakini X1 xx.xx.2015-ci il tarixdə öldüyünün araşdırma zamanı nəzərə alındığı qeyd edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 19.1 -ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Hazırkı iş üzrə cavabdeh imtina məktublarında AR Daxili İşlər Nazirliyinə sorğu göndərildiyini və Daxili İşlər Nazirliyinə göndərilmiş sorğuya cavab verildiyini qeyd etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(102)2526/2019 saylı qərarında iş materiallarında sözügedən sorğu məktubu və ona verilmiş cavab mövcud olmaması, eyni zamanda cavabdehin məktubunda qeyd edilən Qusar rayonu, Quxuroba kənd sakini X1 iddiaçıya verilmiş şəhadətnamə ilə hər hansı bağlılığının olmasına dair hər hansı sənədin də iş materiallarında mövcud olmamasını, iddiaçıya verilmiş şəhadətnamənin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayonu üzrə şöbə müdiri R.Əliverdiyev tərəfindən imzalanmasını, lakin həmin şəxs barəsində hər hansı məlumatın isə cavabdeh tərəfindən verilmiş imtina məktublarında qeyd edilməməsini göstərək qeyd edilən halların apelyasiya instansiyası tərəfindən araşdırılmaması göstərilmişdir. Azərbaycan Respublikasi İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası tərəfindən cavabdeh təşkilatın nümayəndəsinə qeyd edilən məktubun təqdim edilməsi dəfələrlə təklif edilsə də, qeyd edilən məktub məhkəmə kollegiyasına təqdim edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1698/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, bununla da cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin olunmadığı üçün mübahisəli torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsinə dair çəkilmiş xərclər cavabdehdən tutularaq Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzinin hesabına köçürülməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2- 1(85)-1698/2018 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Mütəxəssis rəyinin verilməsi ilə əlaqədar çəkilmiş 201.72 manat xərcin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsindən tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin hesabına (Kapital Bank ASC Xətai filialı, filialın kodu 200071, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, müxbir hesab: AZ37NABZ********************, benefisiarın adı: Kadastr və X27 Mar, benefisiarın hesabı: AZ23 AİİB3 **********701778107,VÖEN: **********) köçürülsün. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Lətifə Məmmədova Hakimlər Telman Quliyev Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar