Məhkəmə qərarları › İş №2-1(105)-55/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-55/2022

10.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-55/2022 10.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ “Vüqar-Ə” firmasının cavabdeh ƏMDX-nin yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində yerləşən ümumi sahəsi 1192,4 kv.metr olan torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Açar sözlər: icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, iddiaçı “Vüqar-Ə” firmasının nümayəndəsi Nümayəndə və cavabdeh ƏMDX-nin yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı “Vüqar-Ə” firmasının cavabdeh ƏMDX-nin yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində yerləşən ümumi sahəsi 1192,4 kv.metr olan torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-179/2021 saylı 31.05.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı “Vüqar-Ə” firması cavabdeh ƏMDX-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində yerləşən ümumi sahəsi 1192,4 kv.metr olan torpaq sahəsinin istehsalat sahəsi yaratmaq məqsədi ilə “Vüqar-Ə” firmasının icarəsinə verilməsi barədə Sumqayıt şəhər Bələdiyyəsinin 24 oktyabr 2003-cü il tarixli, 95 saylı iclasının qərarı əsasında “Vüqar-Ə” firmasının sözügedən torpaq sahəsi üzərində yaranmış icarə hüququnun dövlət qeydiyyatına alınmasından cavabdehin imtinasının qanunsuz sayılması və cavabdehin üzərinə həmin torpaq sahəsi üzərində “Vüqar-Ə” firmasının icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

İddiaçının əsaslandırması:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt bələdiyyəsinin 24 oktyabr 2003cü il tarixli, 95 saylı iclasının qərarı ilə Sumqayıt şəhərinin 53-cü məhəlləsi ərazisində yerləşən ümumi sahəsi 1192,4 kv.metr olan torpaq sahəsi istehsalat sahəsi yaratmaq məqsədi ilə "Vüqar-Ə" firmasının icarəsinə verilmiş, sonra bələdiyyə tərəfindən torpaq sahəsinin inşaat pasportu hazırlanaraq firmaya təqdim olunmuş, həmçinin "Vüqar-Ə" firması ilə torpaq sahəsinin mülkiyyətçisi olan Sumqayıt bələdiyyəsi arasında torpaq icarə müqaviləsi bağlanılmışdır. Qeyd edilən tarixdən hazıradək firma tərəfindən torpaq sahəsindən istifadə olunur, mütəmadi olaraq torpaq icarə haqqı bələdiyyənin hesabına ödənilir. "Vüqar-Ə" firması ilə Sumqayıt bələdiyyəsi arasında sözügedən torpaq sahəsinə dair bağlanılmış sonuncu icarə müqaviləsinin müddəti 2019-cu ilin əvvəllərində başa çatdığından, firma tərəfindən 2019-cu ilin mart ayında bələdiyyəyə müraciət edilərək torpağın icarə müddətinin uzadılması xahiş edilmişdir. "Vüqar-Ə" firmasının müraciəti əsasında tərəflər arasında sözügedən torpaq sahəsinə dair 28 mart 2019-cu il tarixli, 28 saylı yeni torpaq icarə müqaviləsi bağlanılmış və həmin müqavilədə torpağın icarə müddəti 31 dekabr 2023-cü il tarixədək müəyyən olunmuşdur. Bundan sonra firma torpaq üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində icarə hüququnun müddətinin uzadılmasının yalnız açıq torpaq hərracı yaxud müsabiqə yolu ilə əldə edilə bilinəcəyini göstərərək, "Vüqar-Ə" firmasının torpaq üzərində hüququnun dövlət qeydiyyatından imtina edilmişdir. Halbuki, qanunvericiliklə 2007-ci ilin dekabr ayının 1-dən sonra bələdiyyə torpaqlarının açıq torpaq hərracı, yaxud müsabiqəsi yolu aynlması nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edildiyi kimi, sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olan və Sumqayıt şəhər Bələdiyyəsinin 24 oktyabr 2003-cü il tarixli, 95 saylı iclasının qərarı ilə “Vüqar-Ə” firmasının icarəsinə ayrıldığından, həmin torpaq sahəsi üzərində “Vüqar-Ə” firmasının yaranmış icarə hüququnun müddətinin uzadılmasına 2007ci ilin dekabr ayının 1-dən sonra bələdiyyə torpaqlarının ayrılmasına dair müəyyən edilmiş qaydalar tətbiq edilə bilməz. Bu müddəalar müvafiq qanunvericilik aktında da öz əksini tapmışdır. Cavabdehin imtina məktubunda istinad etdiyi digər dəlillərin də hər hansı hüquqi əsasları mövcud deyildir. Belə ki, cavabdeh firmanın istifadəsində olan torpaq sahəsinin 79 kv.metrinin guya yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyini bildirsə də, bunu təsdiq edən hər hansı mötəbər sübuta əsaslanmamışdır. Hətta cavabdehin bildirdiyi kimi, torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyi halda belə, bu, torpaq üzərində “Vüqar-Ə” firmasının icarə hüququnun dövlət qeydiyyatından imtina üçün əsas sayıla bilməz. Belə ki, bu halda yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşən torpaq çıxılmaqla qalan torpaq sahəsi üzərində “Vüqar-Ə” firmasının icarə hüququ dövlət qeydiyyatından keçirilməli idi. Cavabdehin sözügedən bələdiyyə qərarının qanunvericiliyə uyğun olmadığı məsələsi “Vüqar-Ə” firmasının icarə hüququnu dövlət qeydiyyatından keçirməkdən imtina etməsi üçün bəhanədən başqa bir şey deyildir. Belə ki, cavabdeh yalnız qeydiyyat orqanı olduğu halda, öz səlahiyyətindən kənara çıxaraq bələdiyyə qərarlarına inzibati nəzarət orqanının funksiyasını daşıyan orqan kimi çıxış etmişdir.

Cavabdehin etirazları:

3. İddiaya qarşı cavabdeh İdarə tərəfindən verilmiş etirazda qeyd edilir ki, iddiaçı “Vüqar-Ə” firmasının müraciəti ilə əlaqədar bildirilmişdir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən 01 dekabr 2007-ci il tarixdən sonra qəbul edilən qərarlarda bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Müraciətinə əlavə edilmiş 28 mart 2019-cu il tarixli 28 nömrəli icarə müqaviləsindən göründüyü kimi torpaq sahəsi üzərində icarə müddəti hərrac keçirilmədən uzadılmışdır. Bundan başqa, müayinə zamanı 0,0079 ha torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında (10 kVt) yerləşdiyi müəyyən edilmiş, “Vüqar-Ə” firması tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na riayət edilməmişdir. “Vüqar-Ə” firmasının nəzərinə çatdırılmışdır ki, 10-kvt-lıq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində hər tərəfə 10 metr kimi müəyyənləşdirilmişdir. Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nın müddəalarına zidd olaraq bələdiyyə qərarının 24 oktyabr 2003-cü il tarixli 95 nömrəli olmasına baxmayaraq, torpaq sahəsi ayrılarkən ləğv edilmiş DT və XK-nin və rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyləri alınmamışdır. Ona görə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən Sumqayıt şəhəri, 53-ci məhəllə ərazisində yerləşən 0.11924 ha torpaq sahəsi üzərində “Vüqar-Ə” firmasının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmiş və bu barədə “Vüqar-Ə” firmasına 07 fevral 2020-ci il tarixli bildiriş göndərilmişdir. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş edirlər. Birinci instansiya məhkəməsində icraat:

4. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-179/2021 saylı 31.05.2021-ci il tarixli qərarı ilə (hakim V.E.Əzizova) iddia təmin edilərək Sumqayıt şəhərinin 53-cü məhəlləsi ərazisində yerləşən ümumi sahəsi 1192,4 kv.metr olan torpaq sahəsi üzərində iddiaçı “Vüqar-Ə” firmasının icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyi cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

5. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-179/2021 saylı 31.05.2021-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apellyasiya şikayətinin dəlilləri:

6. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, məhkəmənin qərarında göstərdiyi dəlillər işin hallarına uyğun olmadığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütun faktiki hallar araşdırılmadığından, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qərar ləğv olunmalı və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Belə ki, iddiaçı “Vüqar- Ə” firmasının direktoru Nümayəndə Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində yerləşən 0,11924 ha torpaq sahəsi üzərində “Vuqar-Ə” firmasının icarə hüququnun dövlət qeydiyyatının aparılması ilə əlaqədar 31 yanvar 2020-cı i tarixli ərizə ilə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və müraciəti ilə əlaqədar X4 bildirilmişdir ki, “Bələdiyyə topaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən 01 dekabr 2007-cı il tarixdən sonra qəbul edilən qərarlarda bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mükiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə huquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Müraciətinə əlavə edilmiş 28 mart 2019-cu il tarixli 28 nömrəli icarə müqaviləsindən göründüyü kimi torpaq sahəsi üzərində icarə müddəti hərrac keçirilmədən uzadılmışdır. Bundan başqa, müayınə zamanı 0.0079 ha torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında (10 kvt) yerləşdiyi müəyyən edilmiş, “Vüqar-Ə” firması tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na nayət edilməmişdir. "Vüqar-Ə” firmasının nəzərinə çatdırılmışdır ki, 10-kvt-lıq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağı Azərbaycan Respublikası Nazırlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmış "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində hər tərəfə 10 metr kimi müəyyənləşdirılmışdır. Həmçinin, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və araşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikasi Pezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nın müddəalarına zidd olaraq bələdiyyə qərarının 24 noyabr 2003-cü il tarixli 95 nömrəli olmasına baxmayaraq, torpaq sahəsi ayrılarkən ləğv edilmiş DT və XK-nin və rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyləri aınmamışdır. Göstərilənlərdən aydın olur ki, qeydiyyat orqanı haqlı olaraq iddiaçının sözügedən sahəsi üzərində icarə hüququnun qeydiyyata alınmasından imtina etmişdir. Lakin işə baxmış məhkəmə işin hallarına düzgün qiymət verməmiş və iddianın təmin edilməsi haqqında qanunsuz və əsassız qərar qəbul etmişdir. Qeyd olunmalıdır ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatını həyata keçirən cavabdeh İdarə bir xidmət orqanıdır və qanunvericilikdə müəyyən edilmiş sənədlər, o cümlədən ödənişlər əsasında vətəndaşlara xidmət göstərir. İlk növbədə ərizəçinin sənədləri və həmin sənədlər əsasında hüquqların dövlət qeydiyyatının mümkünlüyü İdarə tərəfindən araşdırılır. “Vüqar- Ə” firmasının müraciətinə əlavə edilmiş 28 mart 2019-cu il tarixli 28 nömrəli icarə müqaviləsindən göründüyü kimi torpaq sahəsi üzərində icarə müqaviləsi hərrac və ya müsabiqə keçirilmədən bağlanmış, bələdiyyə qərarının 24 oktyabr 2003-cü il tarixli 95 nömrəli olmasına baxmayaraq, torpaq sahəsi ayrılarkən DTXK-nın və rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyləri alınmamışdır. Göstərilən pozuntular mövcud olduğu halda həmin torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun qeydiyyata alınması qanunvericiliyin tələblərinə ziddir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, hazırkı iddia ərizəsindən belə məlum olur ki, məhkəməyə müraciət edən şəxs hüquqlarının qeydiyyatı üçün əsas mövcud olduğu halda qanunsuz olaraq hüquqlarının qeydiyyata alınmamasından müdafiə üçün deyil, yəni mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının qeydiyyatı uçun məhkəmə tərəfindən əsas yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq 2 saylı Sumqayıt Ərazi İdarəsini cavabdeh qismində işə cəlb etmişdir. Göründüyü kimi, iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsinə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazı İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzıbati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, sözügedən torpaq sahəsinə dair sənədlərdə bir sıra çatışmazlıqlar olmasına baxmayaraq formal bir müraciət əsasında məhkəmədə iddia qaldırılmış, işə baxmış məhkəmə tərəfimizdən verilmiş etirazda göstərilənləri nəzərə almamış və iddianın təmin edilməsi haqqında anlaşılmaz bir qərar qəbul etmişdir. Bundan başqa hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamış, bu barədə məhkəməyə hər hansı mötəbər bir sübut təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçının İdarəyə qarşı iddiası mümkün sayılmamalı idi. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən bir sıra maddi hüquq normaları və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, iş üzrə müəyyən olunmuş hesab edilən və iş üçün əhəmiyyətli olan hallar qərarda qanunla nəzərdə tutulan sübutlarla təsdiq edilməmiş, gəldiyi nəticələrin təsdiq edilməsi üçün isə məhkəmə qeyri-mötəbər, ziddiyyətli və aid olmayan sübutlara istinad etmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq Sumqayıt İnzibati Məhkəməsinin 31 may 2021-ci il tarixli 2-1(118)-179/2021 saylı qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır.

c) məhkəmə icraatı iştirakçılarının izahatları:

8. Məhkəmə kollegiyasının iclasında cavabdeh ƏMDX-nin yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının əsassız olmasının geniş şəkildə qeyd edildiyini vurğulayaraq iddiaçının tələbinin əsassız olması səbəbindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında iddiaçı “Vüqar-Ə” firmasının nümayəndəsi Nümayəndə qeyd etdi ki, firmaya ilkin olaraq torpaq 2003-cü ildə ayrılmış və hər il müqaviləri olmuş, 2019-cu ildən də müqavilə yenilənmişdir. Elektrik hava xəttinə gəldikdə isə həmin xətt torpaq sahəsi onlara ayrılandan sonra çəkilmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq 3-cü şəxs Sumqayıt Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədbiq edilən hüquq

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

12. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

13. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

14. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

15. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

16. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

17. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

18. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

19. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

20. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

21. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

22. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

23. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

24. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

25. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

26. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

27. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

28. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

29. Həmin Məcəllənin 94.4-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

30. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (-). Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; (-); Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. (-).

31. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 28.10.2008-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (-). 9-cu bənd: Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər.

32. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-). 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-). Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-).

33. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-). Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (-). Apellyasiya instansiya məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hazırkı qərarın 11-24-cü bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işdəki sənədlərlə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Belə ki, iddiaçının məhkəməyə müraciət etməsinin əsası hazırki qərarın 1-2-ci bəndlərində istinad edilən hallarla bağlı olmuş və birinci instansiya məhkəməsi zamanı işə baxılarkən hazırki qərarın 4-cü bəndində şərh edilən nəticəyə gəlinmişdir.

36. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarını onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı mübahisəli torpaq sahəsinə dair iddiaçının icarə hüququnun 2003-cü ilin oktyabr ayından yarandığı, bundan sonra hər il iddiaçı ilə bələdiyyə arasında icarə müqaviləsinin müddəti uzadıldığı, sonuncu dəfə 28.03.2019-cu ildə bağlanmış icarə müqaviləsinin müddətinin 31.12.2023-cü ilədək qüvvədə olması müəyyən edilmişdir. Cavabdehin mübahisəli torpaq sahəsinin üzərindən yüksək gərginlikli elektrik xəttininn mühafizə zolağında yerləşməsi barədə dəlilinə münasibətdə qeyd edilir ki, aidiyyəti orqanlara verilmiş sorğulara cavablardan iddiaçının icarəsində olan torpaq sahəsinin üzərindən "xxxx" ASC-yə məxsus kabel və hava xətləri keçmədyi müəyyən edilmişdir. Torpaq sahəsinin iddiaçı “Vüqar-Ə” firmasına icarəyə verillməsi barədə qərar və icarə müqaviləsi qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə isə həmin qərarı və müqaviləni məhkəmədə mübahisələndirmək hüququ qanunvericiliklə verilməmişdir.

37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməklə yekun qərar çıxarılmışdır. Hazırkı qərarın 6-cı bəndində öz əksini tapan cavabdehin apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə həmin dəlillər əsassız hesab edilir ona görə ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri iddiaya etiraz ərizəsində göstərilən dəlillərlə eyniyyət təşkil edir və bu dəlillərə birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir ki, həmin nəticə də məhkəmə kollegiyası tərəfindən qənaətbəxşt hesab edilir.

38. Kollegiya onu da qeyd etmək istəyir ki, cavabdehin apellyasiya şikayətinin dəlili kimi vurğuladığı icarə müqaviləsinin hərracdan kənar bağlanmasına dair göstərilənlər əsaslı deyil ona görə ki, məhkəmə kollegiyasının sorğusuna əsasən Sumqayıt Bələdiyyəsinin 07.12.2021-ci il tarixli cavab məktubunda vurğulanmışdır ki, “Vüqar-Ə” firmasına 1192,4 kv.metr torpaq sahəsi Bələdiyyənin 24.10.2003-cü il tarixli 95 saylı qərarı əsasında Sumqayıt şəhərinin 53-cü məhəlləsində ayrılmış, həmin qərara asaslanaraq 02.03.2005-ci ildə 73 saylı, sonuncu dəfə isə yenə həmin qərara əsaslanaraq 28.03.2019cu ildə 28 saylı torpaq icarə müqavilələri bağlanmışdır. Göründüyü kimi, iddiaçı ilə bağlanmış icarə müqavilələri hazırkı qərarın 32-ci bəndində istinad edilən 28.10.2008-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 9-cu bəndinə münasibətdə həmin qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası üçün icarəyə verilmiş torpaqlar kateqoriyasına aiddir, bu baxımdan həmin qanundan əvvəl Bələdiyyə qərarı ilə icarəyə verilmiş torpaq sahəsinin sonradan icarə müqaviləsinin uzadılması üçün açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə uzadılmasına zərurət yoxdur.

39. Cavabdehin imtinasının, eyni zamanda apellyaiya şikayətinin dəlili kimi mübahisəli torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşməsinə istinad edilməsini də məhkəmə kollegiyası əsassız hesab edir ona görə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ıl 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 3-cü hissəsinə əsasən: - Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi üçün müəyyən edilir: a) mühafizə zonaları: hava elektrik ötürücü xətləri boyunca (binalara ayrılan qollar istisna olmaqla) kənar naqillərin (onların meyl etməmiş vəziyyətində) yer səthinə proyeksiyasının hər tərəfindən 2 m aralı keçən paralel düz xətlərlə məhdudlaşan torpaq sahəsi, o cümlədən hava elektrik ötürücü xətləri altında olan torpaq sahəsi; (-). İkincisi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanının 2-ci hissəsində qeyd edilir ki: - Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. İstinad edilən Fərmanın tələbləri baxımından qiymətləndirilərək qeyd edilməlidir ki, iddiaçıya bələdiyyə qərarı əsasında icarəyə verilən torpaq sahəsi 24 oktyabr 2003-cü ildə ayrıldığı zaman həmin torpaq sahəsinin yerləşdiyi ərazidə yüksək gərginlikli elektrik xətləri olmamış və iddiaçıya icarəyə verilən torpaq sahəsinin 3 metrliyindən keçən və cavabdehin qeyd etdiyi mühafizə zonasına düşən 10 kvt-luq TX-12-4712 saylı texniki şərt əsasında çəkilmiş elektrik hava xətti 2009-cu ildə Azərişıq ASC-i tərəfindən quraşdırılaraq “Vüqar-Ə” firmasının yaxınlığında yerləşməklə X2 məxsus özəl müəssisəyə çəkilməsi işdə olan Azərişıq ASC-nin 03.05.2021-ci il tarixli 01/05-06/1853 saylı arayışı ilə də təsdiq olunur(i.v.91).

40. Cavabdehin imtinasının, eyni zamanda apellyaiya şikayətinin dəlili kimi mübahisəli torpaq sahəsnin icarəyə verilməsi barədə 24.10.2003-cü il tarixli Bələdiyyə qərarı qəbul edilərkən torpaq sahəsi ayrılarkən DTXK-nın və rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyləri alınmaması halı da artıq öz aktuallılığını itirib ona görə ki, oxşar xarakterli işlərə baxılarkən formalaşmış məhkəmə təcrübəsinə, əsasən də Konstitusiya Məhkəməsinin qərarlarında formalaşan hüquqi mövqeyə görə torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir.

41. Belə bir mövqe Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin qərarlarında da öz əksini tapır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 19 noyabr 2021-ci il tarixli qərarında vurğulamışdır ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin istinad edilən qərarında o da qeyd edilmişdir ki, “...torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)...”.

43. Beləliklə, məhkəmənin hüquqi mövqeyi ondan ibarətdir ki, hazırkı qərarın 30-33cü bəndlərində istinad edilən qanun normalarının tələbləri baxımından iddia tələbi əsaslı olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etmişdir. Yuxarıda şərh edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2-1(118)-179/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh ƏMDX-nin yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-179/2021 saylı 31.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar