Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-55/2024 10.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X2 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.10 ha-dan ibarət torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2-1(118)- 177/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş Saray qəsəbəsi üzrə nümayəndəsinin 35 saylı, 07 oktyabr 1999-cu il tarixli sərəncamından görünür ki, X1 mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə Abşeron rayon İcra Hakimiyyəti Başçısının 07 oktyabr 1999-cu il tarixli, 35 saylı sərəncamı ilə Saray qəsəbə İcra nümayəndəliyinin istifadəsi üçün ayrılmış 24.00 ha və Aqrar İslahat Komissiyasının qərarı ilə 50 ha ayrılmış torpaq sahəsindən 243 saylı ərazidə yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin ayrılması və ayrılmış həmin sahədə fərdi yaşayış mənzili tikməyə icazə verilmişdir.
2. Torpaq sahəsinə dair iddiaçının adına Abşeron rayon Saray Bələdiyyəsi tərəfindən yerquruluşu planından çıxarış tərtib olunmuşdur.
3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 29 aprel 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsi təyinatına görə kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir, onun yararlılıq dərəcəsinə dair məlumat verilməsi idarənin səlahiyyətləri xaricindədir.
4. Məhkəməyə sorğu əsasında daxil olmuş Abşeron rayon İcra Hakimiyyətinin 13 fevral 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 239 nömrəli, 28 aprel 1994-cü il tarixli və 149 nömrəli, 07 oktyabr 1999-cu il tarixli sərəncamları ilə RİH-in başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinə fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondu ayrılmışdır.
5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinin təmin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.10 ha-dan ibarət torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.10 ha dan ibarət torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 15 aprel 2021-cİ il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün zəruri olan sənədləri- Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 07 oktyabr 1999-cu il tarixli, 35 saylı sərəncamı, bələdiyyənin yerquruluşu planından çıxarışı əlavə etmişdir. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 Abşeron saylı Ərazi İdarəsi torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatının aparılmasından 08 may 2021-ci il tarixli bildirşlə imtina etmişdir. Cavabdeh həmin imtina bildirişində müxtəlif əsaslar gətirməklə qərəzli olaraq torpaq sahəsi üzərində hüququn qeydiyyatından imtina etmişdir. Qeyd etmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ayrılması barədə Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin 07 oktyabr 1999-cu il tarixli, 35 saylı sərəncamı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərnmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqmda”Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında torpaq sahələrinin ayrılması barədə qəsəbə nümayəndəliklərinin sərəncamları nəzərdə tutulmamışdır. Həmçinin qeyd edilmişdir ki, ərazidə yerləşən torpaq sahəsinə baxış keçirən zaman müəyyən olunmuşdur ki, torpaq sahəsi təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatlı təyinatlı torpaqlara aiddir. Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin 07 oktyabr 1999-cu il tarixli, 35 saylı sərəncamı Abşeron rayon İcra hakimiyyətinin xx.xx.1999-cu il tarixli sərəncamına istifadəsinə verilmişdir. Göründüyü kimi, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyi torpaq sahəsini torpaq sahəsinin ayrılması üçün səlahiyyətləri olan şəxsin əvvəlcədən verdiyi razılıq əsasında vətəndaşların qanuni istifadəsinə vermişdir. Mülki Məcəllənin 358.1-ci maddəsinə görə səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Həmin Məcəllənin 358.2-ci maddəsinə görə isə əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Göründüyü kimi, cavabdehin qeyd olunan maddi hüquq normasına istinad edərkən hüquqların qeydiyyatından imtina edilməsinin tam əsassız olması müəyyən edilir. Belə ki, sözügedən maddi hüquq normasına əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair verdiyi sərəncam o halda etibarsız hesab oluna bilər ki, səlahiyyətli şəxsin qabaqcadan verilmiş razılığı olmasın. Digər tərəfdən əşyaya dair səlahiyyətsiz şəxsin sərəncam verməsi sonradan səlahiyyətli şəxin bunu bəyənməsi halında etibarlı olur. (MM-nin 358.2-ci maddəsi). Cavabdehin ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina etməsi həm də ona görə əsassızdır ki, iddiaçıya məxsus torpaq sahəsinə bilavasitə eyni ərazidə yerləşən torpaq sahələri eyni əsaslarla daşınmaz əmlakın dövlət reyestrində həyətyanı torpaq sahəsi kimi dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi, torpaq sahəsi qanuni istifadədədir və həmin torpaq sahəsi torpaq islahatı nəticəsində vətəndaşların qanuni istifadəsinə verilmiş torpaq sahələri statusu daşıyır. Torpaq sahəsi nə bələdiyyə, nə də ki dövlət mülkiyyətinə aiddir. Cavabdehin qanunsuz, qərəzli bəhanələr gətirərək qanuni istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatından imtina etməsi əsassızdır. Torpaq sahəsi mülkiyyətinə məhz fərdi yaşayş evinin tikintisi məqsədilə ayrılmış və orada fərdi yaşayış evi inşa edilmişdir. Cavabdehə edilən müraciət fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüququn qeydiyyata alınması ilə bağlı olmuşdur ki, həmin müraciət əsassız bəhanələr gətirilməklə icra edilməmişdir. Cavabdehin etirazının dəlilləri
8. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının nümayəndəsi tərəfindən 19 aprel 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciət olmuşdur. Aparılan araşdırma zamanı vətəndaşa 0.10 ha torpaq sahəsinin Abşeron Rayon İcra hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin oktyabr 1999-cu il tarixli 35 saylı sərəncamı ilə ayrıldığı məlum olmuşdur və torpaq sahəsinin ayrıc aktı təqdim edilmiş sənədlər toplusuna daxil edilməmişdir. Qanunvericiliyə əsasən torpaq sahəsi aynlması üçün həmin sahənin istifadəyə, icarəyə və ya satılması məqsədi ilə müvafiq qərar qəbul edilənə qədər torpaq sahəsi yerdə və xəritədə müəyyən edilir. Tərtib edilmiş torpaqayırma planı həmin sahənin istifadəyə, icarəyə və ya satılması barədə müqavilənin ayrılmaz hissəsi hesab edilir. Həmçinin baxış keçirilmiş ərazidə yerləşən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edildiyi aşkar edilmişdir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
9. Sumqayıt İnzibati Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2-1(118)-177/2023 nömrəli qərarı ilə iddia təmin edilərək, Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 07 oktyabr 1999-cu il tarixli, 35 saylı sərəncamı ilə İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh orqan apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, vətəndaşa 0.10 ha torpaq sahəsinin Abşeron rayon İcra hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin oktyabr 1999-cu il tarixli 35 saylı sərəncamı ilə ayrıldığı, lakin torpaq sahəsinin ayrıc aktının təqdim edilmiş sənədlər toplusuna daxil edilmədiyi, qanunvericiliyə əsasən torpaq sahəsi ayrılması üçün həmin sahənin istifadəyə, icarəyə və ya satılması məqsədi ilə müvafiq qərar qəbul edilənə qədər torpaq sahəsi verdə və xəritədə müəyyən edilir. Tərtib edilmiş torpaqavırma planı həmin sahənin istifadəyə, icarəyə və va satılması barədə müqavilənin ayrılmaz hissəsi hesab edilir. Həmçinin baxış keçirilmiş ərazidə yerləşən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edildiyi aşkar edilmişdir. Məhkəmə tərəfindən müvafiq araşdırma aparılmış, araşdırma nəticəsində mübahisəli torpaq sahəsinin ətrafında yerləşən torpaq sahələrinin də təyinat və hüququ rejiminin kənd təsərrüfatlı torpaq sahələri kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının müəyyən edildiyi məlum olmuşdur. Lakin məhkəmə tərəfindən bu torpaq sahələrindən təyinatına görə istifadə edilmədiyi əsas gətirilərək iddia tələbi təmin edilmişdir. Məhkəmə mübahisə predmeti olan torpaq sahəsinin Abşeron rayon İcra Hakimiyyəti Başçısının 239 saylı, xx.xx.1994-cü il və xx.xx.1998-ci il tarixli. 149 saylı sərəncamı ilə Saray qəsəbəsi üzrə nümayəndəliyinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində olub-olmamasını araşdırmamış, qonşu torpaq sahələrinin pay torpaqları kimi qeydiyyata alındığını, qonşuluqda olan heç bir torpaq sahəsinin Saray qəsəbəsi üzrə nümayəndəliyin sərəncamına əsasən qeydiyyata alınmadığını nəzərə almamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, mübahisəli torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır. Mübahisəli torpaq sahəsinin ətrafında yerləşən bütün torpaq sahələri də dövlət aktı ilə ayrılmış torpaq sahələridir, kənd təsərrüfatı təyinatlıdır, ətraf ərazidə yaşayış məntəqələri yoxdur. Sumqayıt İnzibati Məhkəməsində isə bu hala heç bir hüquqi qiymət verilməmişdir. Ətraf ərazidəki bütün torpaq sahələri dövlət aktı ilə ayrılan pay torpaqlarıdır. Ətraf ərazidə Saray qəsəbə İcra nümayəndəliyi tərəfindən ayrılan və çıxarış alınan torpaq sahəsi yoxdur. Mübahisəli torpaq sahəsinin başqa torpaq sahələri ilə üst-üstə düşmə halı yoxdur. Mübahisəli torpaq sahəsinin kənarındakı ərazilərdə yaşayış məntəqəsi təyinatlı torpaq sahələri vardır, yaxın ətraf ərazilər dövlət aktı ilə ayrılan torpaq sahələridir.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 29. Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-). Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanı (Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022-ci il tarixli 1655 saylı Fərmana əsasən edilmiş dəyişikliklə yeni redaksiyada) ...“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur). Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” : Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar.
17. İnzibati icraat haqqında qanun Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-). Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 358. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları” 1.Bu Qaydalarda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: hava elektrik ötürücü xətti — elektrik enerjisini ötürən, açıq havada yerləşən, dayağa və mühəndis qurğularına izolyator və armaturlar vasitəsilə bərkidilmiş naqillərdən ibarət olan elektrik qurğuları; ...mühafizə zonası — elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələr.
3. Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi üçün müəyyən edilir: a) mühafizə zonaları: hava elektrik ötürücü xətləri boyunca (binalara ayrılan qollar istisna olmaqla) kənar naqillərin (onların meyl etməmiş vəziyyətində) yer səthinə proyeksiyasının hər tərəfindən 2 m aralı keçən paralel düz xətlərlə məhdudlaşan torpaq sahəsi, o cümlədən hava elektrik ötürücü xətləri altında olan torpaq sahəsi; yeraltı elektrik ötürücü kabel xətləri boyunca, kənar kabellərin hər tərəfindən 1 m aralı, kabel xətləri şəhərlərdə səkilərin altından keçdikdə isə bina və qurğulara doğru 0,6 m aralı və küçənin işlək hissəsinə doğru 1 m aralı paralel düz xətlərlə məhdudlaşan torpaq sahəsi;
12. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi....
20. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin, hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
22. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşaraq qeyd edir ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 07 oktyabr 1999-cu il tarixli 35 saylı sərəncamı ilə İddiaçı 0,10 ha həyətyanı torpaq sahəsi qanunamüvafiq qaydada ayrıldığından birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Kollegiya Abşeron rayon İcra Hakimiyyətinin 149 saylı xx.xx.1998-ci il tarixli sərəncamı nəzərə alınmaqla Saray qəsəbəsi üzrə İcra nümayəndəliyi tərəfindən iddiaçıya 0,10 ha torpaq sahəsi ayrılmasını qeyd edilən torpaq sahəsi ayrılan zaman qanunvericiliyin tələblərinə uyğun olması qənaətinə gəlir.
25. İşin hallarından müəyyən olunur ki, iddiaçıya torpaq sahəsinin ayrılmasına dair Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli 35 saylı sərəncamı müstəqil qaydada deyil, Abşeron Rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş səlahiyyətlərin ötürülməsi (deleqasiyası) qaydasında qəbul edilmişdir.
26. Sərəncamların verildiyi vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli, 372 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, dövlət hakimiyyət və idarəetmə orqanları haqqında” Əsasnamənin 13-cü maddəsində icra hakimiyyətinin başçısının əsas səlahiyyətləri sırasına torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək aid edilmişdi.
27. Həmin Əsasnamənin 22-ci maddəsində isə İcra Hakimiyyəti başçısının nümayəndəsinin səlahiyyətləri təsbit edilmişdir. Orada, həmçinin, qeyd edilmişdir ki, İcra Hakimiyyəti başçısının nümayəndəsi İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin həyata keçirilməsinə kömək edir, onun tapşırıqlarını yerinə yetirir.
28. Abşeron rayon İcra Hakimiyyəti başçısının 19 iyun 1998-ci il tarixli 149 nömrəli sərəncamından görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 1997-ci il tarixli 13 saylı qərarı ilə Saray qəsəbəsinin inkişaf perspektivi üçün bələdiyyə fonduna 50 ha torpaq sahəsi ayrıldığı nəzərə alınmış, həmin fonddan hər ailəyə 0,10 hektar hesabı ilə 100 ailəyə 10 hektar həyətyanı və 1,5 hektar küçə altına, cəmi 11,5 hektar torpaq sahəsi ayrılıb Saray qəsəbəsində yaşayan mənzil sahəsinə ciddi ehtiyacı olan vətəndaşlara verilməsi haqqında Saray üzümçülük sovxozunun yerli Aqrar İslahat Komissiyasının 26 noyabr 1997-ci il tarixli 9 saylı qərarı və torpaqayırma sənədlərinin təsdiq edilməsi qərara alınmışdır. Torpaqlar vətəndaşlara paylanmamışdan əvvəl sahənin baş planının tərtib edilməsi, torpaqlar baş plana uyğun Saray qəsəbəsi üzrə icra nümayəndəsinin sərəncamı ilə növbəlik əsasında torpaq qanunvericiliyinə əməl edilməklə paylanması müəyyən olunmuşdur.
29. Göründüyü kimi, sərəncamlar verilərkən qüvvədə olan qanunvericiliyin müddəalarına əsasən vətəndaşlara fərdi yaşayış evinin tikintisi ilə bağlı həyətyanı torpaq sahəsi ayırmaq səlahiyyəti Abşeron Rayon İcra Hakimiyyətinə məxsus olmuş, o isə özünün bu səlahiyyətini qanunvericiliyin müddədalarına uyğun şəkildə özünün tabeliyindəki qurum olan Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə icra nümayəndəliyinə həvalə etmişdir. Nəzərə almaq lazımdır ki, səlahiyyətlərin ötürülməsi qaydasında qəbul edilmiş qərar hüquqa uyğun şəkildə səlahiyyət sahibi tərəfindən qəbul edilmiş qərar hesab olunur. Digər tərəfdən isə sərəncamlar verilərkən qüvvədə olan qanunvericilikdə səlahiyyətlərin sözügedən qaydada ötürülməsini mümkünsüz edən hər hansı müddəa da mövcud olmamışdır. Ona görə də, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə icra nümayəndəliyi tərəfindən qəbul edilmiş İddiaçı torpaq sahəsinin ayrılmasına dair sərəncam da əslində, hüquq sahibi olan Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş sərəncam hesab olunmalıdır. Beləliklə, torpaq sahəsi İddiaçı qanuni əsaslarla ayrılmış sahə olmuşdur.
30. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 07 aprel 2022-ci il tarixli 1655 saylı Fərmana əsasən, aşağıdakı məzmunda 2.7-ci bənd əlavə edilmişdir: “2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar” daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmişdir.
31. Göründüyü kimi, xx.xx.2022-ci il tarixli Fərmanla artıq yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar da daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına daxil edildiyindən və həmin Fərman iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi akt kimi onun qüvvəsi geriyə şamil edilməli olduğundan Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli 35 nömrəli sərəncamı iddiaçının müvafiq sərəncamla ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas kimi çıxış edir.
32. Torpaq sahəsinin ayrıc aktının təqdim edilməməsi ilə bağlı dəlilə gəldikdə isə yuxarıda qeyd edildiyi kimi, həmin torpaq sahəsinə dair müvafiq qaydada təsdiqlənmiş Saray bələdiyyəsinin yerquruluşu planından çıxarışda qeyd edilən torpaq sahəsinin yerləşmə yeri və koordinatları dəqiq göstərilmişdir.
33. Məhkəmə kollegiyası cavabdehin digər dəlillərini də əsassız hesab edir. Belə ki, qonşu torpaq sahələrinin pay torpaqları kimi qeydiyyata alınması, qonşuluqda olan heç bir torpaq sahəsinin Saray qəsəbəsi üzrə nümayəndəliyin sərəncamına əsasən qeydiyyata alınmaması ilə bağlı dəlillərə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş qonşu torpaq sahələri ilə bağlı hüquqmüəyyənedici sənədlərdə Saray qəsəbəsi üzrə nümayəndəliyin eyni sərəncamı ilə vətəndaşa torpaq sahəsinin ayrıldığı, çıxarış verildiyi müəyyən olunmuşdur. (iş materilları, səh 82)
34. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.
35. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 13, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2-1(118)-177/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.