Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-550/2022 13.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “Dövlət Sərhəd Xidmətinin rəisinin müavini-X2 xx.xx.2021-ci il tarixli 682 ş/h nömrəli əmrinin ləğv edilərək onun ehtiyata buraxılmaq əmrini “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu (Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə) maddəsinə uyğun rəsmiləşdirilməsi üçün yeni əmrin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2- 1(118)-1428/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Dövlət Sərhəd Xidmətinin rəisinin müavini - X2 xx.xx.2021-ci il tarixli 682 ş/h nömrəli əmrinin ləğv edilərək ehtiyata buraxılmaq əmrini “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu (Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə) maddəsinə uyğun rəsmiləşdirilməsi üçün yeni əmrin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4761/2022 nömrəli 12 yanvar 2022-ci il tarixli qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixdə Dövlət Sərhəd Xidmətində gizir kimi həqiqi hərbi xidmətə başlamış, xx.xx.2018-ci il tarixdə xidmətini davam etdirmək üçün X8 Məntəqəsinə nəzarətçi vəzifəsinə təyin olunmuş, xx.xx.2020-ci il tarixədək X8 Məntəqəsində nəzarətçi vəzifəsində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2020-ci il tarixdə xidmət yeri DSX-nın Qazax rayonunda yerləşən N nömrəli hərbi hissəsinə (kəşfiyyatçı vəzifəsinə), xx.xx.2021-ci il tarixdə Füzuli rayonunda yerləşən N nömrəli hərbi hissəsinə (taqım komandiri vəzifəsinə), xx.xx.2021-ci il tarixdə Qubadlı rayonunda yerləşən N nömrəli hərbi hissəsinə (taqım komandiri vəzifəsinə) dəyişdirilmişdir. xx.xx.2021-ci ildə DSX-nın N nömrəli hərbi hissəsindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı (xidməti uyğunsuzluğa görə) maddəsi ilə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. N nömrəli hərbi hissədə hərbi xidmət etdiyi vaxt xx.xx.2021-ci il tarixdə N nömrəli hərbi hissənin komandiri raportla müraciət edərək onun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu (Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə) maddəsinə əsasən Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırmağını xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə müraciət məktubunun N nömrəli hərbi hissəyə çatdırılması barədə poçt xəbərnaməsi ona verilmişdir. Lakin xx.xx.2021-ci ilədək nə ehtiyata buraxılmamış, nə də raportuna rəsmi cavab verilməmişdir. Şifahi müraciətlərinə də müsbət cavab verilməmişdir. Komandanlıq tərəfindən ona ehtiyata buraxılmağın yeganə yolunun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı (xidməti uyğunsuzluğa görə) maddəsi ilə ehtiyata buraxılmaq istəməyi barədə müraciət etmək olduğu bildirildi. İlk müraciətinə heç bir cavab verilmədiyini və ehtiyata buraxılmaq məsələsinin həll olunmadığından xx.xx.2021-ci il tarixdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı (xidməti uyğunsuzluğa görə) maddəsi ilə ehtiyata buraxılmaq istəməyi barədə hərbi hissə komandirinə raportla müraciət etmiş və həmin maddə ilə də Dövlət Sərhəd Xidmətindən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra xx.xx.2021-ci il tarixdə Dövlət Sərhəd Xidmətinə ərizə ilə müraciət edərək cavabdehin xx.xx.2021-ci il tarixli 682 ş/h nömrəli əmrinin ləğv edilərək onun ehtiyata buraxılmaq əmrini “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə uyğun rəsmiləşdirilməsi üçün yeni əmr vermələrini xahiş etmiş, Dövlət Sərhəd Xidmətinin xx.xx.2021-ci il tarixli məktubu ilə müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, DSX-nın sabiq hərbi qulluqçusu İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, sabiq hərbi qulluqçu İddiaçı 07 sentyabr 2021-ci il tarixdə raportla müraciət edərək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmasını, buraxılacağı təqdirdə Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilməsinə ehtiyacı olmadığını və hərbi qeydiyyata götürülmək üçün şəxsi iş materiallarının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon idarəsinə göndərilməsini xahiş etmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılması barədə raportla müraciəti əsasında İddiaçı ilə söhbət aparılmış, xidməti fəaliyyəti ətraflı təhlil edilərək tərxis olunmaq arzusunun səbəbləri soruşulmuş, şikayət və təklifləri dinlənilmiş, ona qalıb xidmət etməsi təklif olunsa da o, fikrində qəti olduğunu, xidmət etmək arzusunda olmadığını, eyni zamanda hərbi hissədə hər-hansı bir şəxsə qarşı iddiasının olmadığını, ehtiyata buraxıldıqdan sonra Dövlət Sərhəd Xidmətində yenidən xidmətə qəbul edilməsi üçün müraciət etməyəcəyini bildirmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin və digər normativ hüquqi aktların tələbləri İddiaçı nəzərinə çatdırılmış, ona ehtiyata buraxılması barədə qərar verməyə tələsməməsi barədə tövsiyələr verilmiş, fikrinin dəqiqləşdirilməsi üçün vaxt verilmiş, lakin ikinci söhbətə ehtiyacının olmadığını bildirərək tez bir zamanda Silahlı Qüvvələrin ehtiyatına buraxılmasını təkidlə xahiş etmişdir. İddiaçı sabiq hərbi qulluqçu İddiaçı 07 sentybar 2021-ci il tarixli raportu əsasında Dövlət Sərhəd Xidməti rəisinin müavini, X6 xx.xx.2021-ci il tarixli, 682 ş/h nömrəli əmrinə əsasən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına göndərilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2-1(118)-1428/2022 nömrəli qərarı ilə İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “Dövlət Sərhəd Xidmətinin rəisinin müavini-X2 xx.xx.2021-ci il tarixli 682 ş/h nömrəli əmrinin ləğv edilərək onun ehtiyata buraxılmaq əmrini “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu (Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə) maddəsinə uyğun rəsmiləşdirilməsi üçün yeni əmrin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. (hakim Ceyhun Məmmədov) Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı (xidməti uyğunsuzluğa görə) maddəsi ilə o hərbi qulluqçular ehtiyata buraxılır ki, kobud intizam pozuntularına yol versin, ardıcıl olaraq bir neçə intizam cəzası alsın, verilmiş intizam cəzalarından nəticə çıxarmasın. DSX özü müraciət etmiş olsa belə həmin maddə ilə onu ehtiyata buraxmamalı idi. xx.xx.2022-ci il tarixdə DSX-dan 2022-ci il ərzində neçə hərbi qulluqçunun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə əsasən ehtiyata buraxılması barədə məlumatın sorğu edilməsi üçün vəsatət versə də vəsatəti əsassız olaraq “məxfi məlumatı sorğu verə bilmərik” adı ilə təmin edilməmişdir. Halbuki, sorğu edilməsini xahiş etdiyi məlumat statistik məlumat idi və məxfi deyildi. Həmçinin bu məlumat məxfi olsa belə hakimlərin maneəsiz bu sənədlərlə tanış olmaq hüququ vardır. “Dövlət sirri haqqında” Qanunun 22.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Azərbaycan Respublikası Hesablama Palatasının üzvləri, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinə əsasən vəzifəyə təyin edilmiş şəxslər, öz vəzifələrinin icrası zamanı hakimlər, habelə dövlət sirri təşkiledən məlumatlarla bağlı cinayət işləri üzrə cinayət mühakimə icraatında müdafiəçi qismində çıxış edən vəkillər dövlət sirri ilə işləməyə bu Qanunla nəzərdə tutulmuş yoxlama tədbirləri keçirilmədən buraxılırlar. “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Deməli, məhkəmə onun Dövlət Sərhəd Xidməti tərəfindən bərabərlik hüququnun pozulubpozulmamasını ümumiyyətlə araşdırmamışdır. Bununla bağlı sorğu verilsəydi məlum olacaqdı ki, onun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə əsasən müracitinə DSX müsbət cavab verib onu həmin maddə ilə ehtiyata buraxmasa da onunla eyni statusa malik hərbi qulluqçular həmin qurumdan sözügedən maddə ilə ehtiyata buraxılıblar. Məhkəmə xx.xx.2022-ci il tarixli iclasda Konstitusiya Məhkəməsinə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı və 41.0.10-cu maddələrinə şərh verilməsi üçün sorğu göndərdiyini bildirsə də xx.xx.2022-ci il tarixli məhkəmə iclasında qərar elan olunarkən məlum olmuşdur ki, həmin sorğu ümumiyyətlə göndərilməmişdir. Deməli qərar qəbul edən vaxt məhkəməyə hansı hərbi qulluqçuların “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsi ilə ehtiyata buraxılmalı olduqları məsələsi naməlum qalmışdır. DSX tərəfindən məhkəməyə təqdim edilmiş xidmət vərəqəsindən də göründüyü kimi ehtiyata buraxılarkən onun heç bir intizam cəzası olmamışdır. Xidməti vərəqəsində qeyd olunmuş yeganə intizam cəzası da xx.xx.2019-cu il tarixdə Q-7471 nömrəli əmrlə rəsmiləşdirilmiş, xx.xx.2020-ci il tarixdə isə Sərhəd Nəzarətinin rəisi tərəfindən götürülmüşdür. Azərbaycan Respublikası Silahlı X3 3 saylı əlavəsində də qeyd olunduğu kimi gizir və miçman rütbələrindən məhrumetmə, həmçinin gizirlərin, miçmanların və zabitlərin hərbi rütbələrinin aşağı salınması cəzalarından başqa, hərbi qulluqçuya verilmiş bütün intizam cəzaları hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılması gününədək götürülməmişsə, cəza bir il keçəndən sonra öz qüvvəsini itirir, bu şərtlə ki, həmin müddətdə hərbi qulluqçu yeni cəza almamış olsun. Həmin intizam cəzası xx.xx.2022-ci il tarixdə götürülməmiş olsaydı belə ehtiyata buraxılarkən həmin cəza nəzərə alına bilməzdi. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 162-ci maddəsinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Gözlənilən buraxılma ilə bağlı söhbətlər aşağıdakı qaydada aparılır: polkovnik-leytenant da daxil olmaqla ona qədər olan hərbi qulluqçularla: hərbi hissədə - bilavasitə rəis və hərbi hissə komandiri tərəfindən. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. Onunla yalnız bir dəfə fərdi söhbət aparılmış, fərdi söhbət zamanı ehtiyata buraxılmaq istəyinin yeganə səbəbinin əvvəlki xidmət yerinə qayıtmaqla bağlı olduğunu qeyd etmişdir. Dövlət Sərhəd Xidmətinin iş materiallarına əlavə etdiyi şəxsi işindən də göründüyü ki, həmin sənədlərin içində söhbət vərəqəsi yoxdur. Məhkəmə ehtiyata buraxılmaq üçün zəruri olan bu şərti nəzərə almamışdır. O, “Xidmətə uyğunsuzluğa görə” maddəsi ilə ehtiyata buraxılarkən mütləq hərbi həkim komissiyası tərəfindən müayinəyə göndərilməli olduğu halda DSX onu həmin müayinəyə də göndərməmişdir. Məhkəmə bu faktı da nəzərə almadan iddianın təmin edilməməsi barədə qərar qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasında iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 40. Həqiqi hərbi xidmətdən buraxılma 40.1. Müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. 40.2. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu Qanunun 41.0.3-cü, 41.0.5-ci, 41.0.8-ci, 42.0.2-ci və 42.0.3-cü maddələrində, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları isə həmçinin bu Qanunun 41.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılırlar. 40.3. Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X4”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə; 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası” 2.10. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə uyğun olaraq bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: (...) 2.10.3. gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar (...) 3.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətinə, Azərbaycan Respublikasının Strateji X5 Agentliyinə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna həqiqi hərbi xidmətə fərdi qaydada könüllü daxil olmaq istəyən həqiqi hərbi xidmət hərbi qulluqçularının, hərbi vəzifəlilərin və hərbi qeydiyyatda olmayan qadınların, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin seçilməsini, sənədlərin toplanılmasını və şəxsi işlərin tərtib edilməsini həmin dövlət orqanlarının kadr aparatları həyata keçirirlər. 3.23. Hərbi qulluqçular “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci və 42-ci maddələrinə əsasən ehtiyata və ya istefaya buraxıldıqda, həmçinin həlak olması, ölməsi, itkin düşməsi və məhkəmənin qərarı ilə ölmüş elan edilməsi ilə əlaqədar şəxsi heyətin siyahısından çıxarıldıqda, bağlaşma ləğv olunmuş hesab edilir. 3.25. Bağlaşma əsasında həqiqi hərbi xidmətin müddətləri “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən aşağıdakı kimi təqvim hesabı ilə müəyyənləşdirilir: (...) 3.25.2. gizirlər və miçmanlar üçün - 5 il. Bu müddət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi çatanadək, hər dəfə 5 ilədək müddətə uzadılır (...) “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin müavini X6 xx.xx.2021-ci il tarixli, 682 ş/h nömrəli əmrinə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə müvafiq olaraq gizir Əliyev X7 Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Daha sonra, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Dövlət Sərhəd Xidmətinin rəisinin müavini - X2 xx.xx.2021-ci il tarixli 682 ş/h nömrəli əmrinin ləğv edilərək ehtiyata buraxılmaq əmrini “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu (Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə) maddəsinə uyğun rəsmiləşdirilməsi üçün yeni əmrin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı onun ehtiyata buraxılmaq əmrinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu (Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə) maddəsinə uyğun rəsmiləşdirilməsi barədə əmrin verilməsini xahiş etsə də, o, öz ərizəsinə əsasən xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarına əlavə edilmiş gizir İddiaçı ilə aparılmış 07 sentyabr 2021-ci il tarixli söhbət haqqında arayışın təsdiq edilmiş surətindən görünür ki, söhbət zamanı onun xidməti fəaliyyəti ətraflı təhlil edilmiş, şikayət və təklifləri dinlənilmişdir. İddiaçı hərbi xidmətini davam etmək arzusunda olmadığını və tərxis olunmaq istəyinin təmin olunmasını israrla xahiş etmişdir. Həmçinin gizir İddiaçı ordu sıralarından tərxis olunacağı tədqirdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən, yəni xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılacağı bildirilmiş və qeyd olunanlarla razılaşaraq arayışı imzalamışdır. İş materiallarına əlavə edilmiş gizir İddiaçı tərəfindən verilmiş raportun təsdiq edilmiş surətindən görünür ki, o, 82 mm-lik minatan divizion komandiri Müşfiq Quliyevə müraciət edərək, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən DSX-dən ehtiyata buraxılmağı üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırmağı xahiş etmiş, sağlamlıq vəziyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar həkim komissiyasında şəhadətləndirilməyə, müalicə və müayinəyə ehtiyacı olmadığını bildirmişdir. Onun Silahlı Qüvvələrdən qısa müddətdə ehtiyata buraxıldığı təqdirdə sənədlərinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinə göndərilməsini xahiş etmişdir. Ehtiyata buraxılmaq əmrinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu (Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə) maddəsinə uyğun rəsmiləşdirilməsi üçün yeni əmrin verilməsi barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işdən görünür ki, iddiaçı xx.xx.2018-ci il tarixli bağlaşmaya əsasən həqiqi hərbi xidmətə daxil olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.25.1-ci bəndinə əsasən, gizirlər və miçmanlar üçün bağlaşma müddəti 5 il müəyyən edilmişdir. Bu müddət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi çatanadək, hər dəfə 5 ilədək müddətə uzadılır. Göründüyü kimi İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti qarşısında üzərinə düşən vəzifələri 5 il müddətinə yerinə yetirəcəyinə dair öhdəlik götürmüş, lakin o, vaxtından əvvəl bağlaşmanın ləğv edilməsini tələb etmişdir. Bağlaşmanın ləğvi qaydası isə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci və 42-ci maddələri ilə tənzimlənir və həmin maddələrin tələblərinə əsasən yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitləri öz arzuları ilə ehtiyyata buraxıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, bağlaşma vaxtından əvvəl ləğv edildiyi üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu (Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə) maddəsinə uyğun bağlaşmanın ləğvi əsası ilə iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması qanunvericiliyin tələblərinə ziddir. İddiaçı gizirlər və miçmanlar üçün müəyyən edilmiş bağlaşma müddəti (5 il) ərzində xidmət etdiyi halda, həmin əsasla bağlaşmanın ləğvini tələb edə bilərdi, lakin işdən göründüyü kimi iddiaçı xidməti uyğunsuzluq əsası ilə ehtiyata buraxılmış və qeyd edilən əsasla ehiyata buraxılmaq barədə ərizəni öz iradəsi ilə vermişdir. Yuxarıda sadalanan normalardan görünür ki, ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların hansı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaları müəyyən edilmişdir ki, onlardan biri də hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törətməsi, törətdiyi cinayətlə əlaqədar məhkum olunması, səhətinin xidmətə yol verməməsi, attestasiyanın nəticələrinin mənfi olması və qanunvericiliklə müəyyən olunmuş digər səbəblərlə əlaqədar xidməti uyğunsuzluqla bağlıdır. Bundan başqa məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İddiaçı tərəfindən komandanlığa birinci dəfə müraciətinin onun ordu sıralarından “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsi ilə tərxis olunması ilə bağlı olduğunu bildirsə də, sonradan qeyd edilən Qanunun 41.0.6-cı maddəsi ilə tərxis olunması barədə ərizə verdiyindən birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi ilkin ərizə öz əhəmiyyətini itirmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2-1(118)-1428/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.