Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-550/2024 14.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Xaçmaz rayonu Nərəcan bələdiyyəsinə qarşı “bələdiyyənin ehtiyat fondundan torpaq sahəsinin ayrılması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2- 1(118)-678/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı cavabdeh Xaçmaz rayonu Nərəcan bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Xaçmaz rayonu Nərəcan bələdiyyəsinin ehtiyat fondundan onun xeyrinə sahibkarlıq məqsədi ilə 500 kv.m torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Xaçmaz rayonu, Nərəcan kəndi ərazisində sahibkarlıq məqsədi ilə 500 kv.m. torpaq sahəsinin ayrılmasına köməklik göstərilməsi barədə Nərəcan kənd bələdiyyəsinə ərizə ilə müraciət etsə də, indiyədək müraciəti cavabsız qalmışdır. Eyni məsələ ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Xaçmaz rayon İcra hakimiyətinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə, Azərbaycan Baş Prokurorluğuna dəfələrlə müraciət etmişdir. Həmin müraciətlərinə cavab olaraq ona bildirilmişdir ki, Xaçmaz-Xudat yolu kənarlarında bələdiyyələrin ehtiyat fondunda torpaq sahəsi yoxdur. İddiaçı bələdiyyənin ehtiyat fondunda torpağın olub-olmamasını sübut edən elektron xəritənin ona göstərilməsi ilə bağlı Nərəcan kənd bələdiyyəsinə müraciət etmiş, bələdiyyə tərəfindən ona bildirilmişdir ki, elektron xəritələr gəlməmişdir və bunu ona sübut edəcəkləri heç bir elektron xəritə sistemi və ya başqa bir sübut yoxdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2-1(118)-678/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin vətəndaşların mülkiyyətinə ayrılması cavabdeh inzibati orqanın diskresion səlahiyyəti kimi müəyyən edilmişdir. Yəni, həmin səlahiyyətlə cavabdeh orqana öz seçimi ilə davranış imkanı verilmişdir. Diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Hazırki işdə də cavabdehin torpaq sahəsini mülkiyyətə ayırıb-ayırmaması ilə bağlı diskresion səlahiyyətləri vardır və cavabdeh tərəfindən qanunvericiliklə ona verilmiş diskresion səlahiyyətlərin həddinin aşıldığı müəyyən olunmur. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü madəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-) Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-) Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya torpaq sahəsinin ayrılmasından imtinası təşkil edir. Birinci instansiya məhkəməsi müvafiq torpaq sahəsinin ayrılmasının cavabdehin diskresion səlahiyyəti olduğu və inzibati orqan tərəfindən də bu səlahiyyətin hədlərinin aşılmadığı əsası ilə iddianı rədd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən nəticəyə gələrkən işin hallarını tam araşdırmamışdır. Belə ki, iş materiallarında iddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətləri, onlara verilən cavabla bağlı sənədlər mövcud deyildir. İşə baxan məhkəmə tərəfindən isə iddiaçının ona torpaq sahəsinin ayrılmasına dair müraciətlərinin olubolmamasına dair məlumatın verilməsi ilə bağlı cavabdeh bələdiyyəyə bir neçə dəfə sorğular verilsə də, məhkəmənin sorğuları cavablandırılmadan işə mahiyyəti üzrə baxılmışdır. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının müraciəti ilə bağlı cavabdeh inzibati orqandan inzibati icraat materialları tələb edilməmişdir. Qeyd olunanlarla yanaşı, işdən iddiaçının ona hansı məqsədlə torpaq sahəsinin ayrılmasını tələb etdiyi, buna dair hüquqi marağı da aydın görünmür. Belə ki, işdən görünür ki, iddiaçı ona torpaq sahəsinin ayrılması ilə bağlı ayrı-ayrı orqanlara müraciət etmişdir. İddiaçının ona fərdi ticarət obyektinin tikintisi üçün torpaq sahəsinin ayrılması ilə bağlı müraciətinə cavab olaraq, Xaçmaz rayon Regional Ədliyyə İdarəsinin 22 dekabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, müraciəti ilə bağlı Xaçmaz rayonu Xudat, Qusarçay, Palçıqoba, Müşkür, Mürşüdoba və Nərəcan bələdiyyələrinin məlumatlarında bildirilmişdir ki, onun Xaçmaz-Xudat yolunun kənarından sahibkarlıq məqsədi üçün almaq istədiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid deyildir, dövlət mülkiyyətinə aid X4 torpağıdır. İddiaçının eyniməzmunlu müraciətinə cavab olaraq, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Aparatının 20 aprel və 04 may 2023-cü il tarixli məktublarında isə qeyd edilmişdir ki, Xudat, Qusarçay, Palçıqoba, Müşkür, Mürşüdoba və Nərəcan bələdiyyələrindən bildirilmişdir ki, yol kənarında fərdi kommersiya obyekti tikintisi üçün bələdiyyə mülkiyyətində torpaq sahəsi yoxdur. Göründüyü kimi Xaçmaz rayon Regional Ədliyyə İdarəsinin məktubunda iddiaçının ona ayrılmasını tələb etdiyi torpaq sahəsinin konkret olaraq X4 torpağına aid olduğu, bundan sonra rayon İcra Hakimiyyəti Başçısının Aparatının məktublarından isə ümumiyyətlə, iddiaçıya ayrılması üçün bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin olmadığı bildirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən isə məktublarda qeyd olunan ziddiyyətli məlumatlar aydınlaşdırılmamış, iddiaçının bununla bağlı izahatı alınaraq onun hüquqi marağı, yəni, yerini konkret dəqiq bildiyi torpaq sahəsinin yoxsa bələdiyyə mülkiyyətindən istənilən torpaq sahəsinin ayrılmasını tələb etdiyi müəyyən edilməmişdir. Halbuki, İPM-in 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Göründüyü kimi məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmalıdır. Bununla da hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən İPM-in 12-ci maddəsində təsbit olunmuş “İşin hallarının araşdırılması” prinsipinin pozulduğu müəyyən olunur. Qeyd olunmalıdır ki, obyektiv araşdırma prinsipinin mahiyyətinə görə iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan, hazırkı mübahisəyə münasibətdə məhkəmə sənədlərin, faktların və digər mübahisəli halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işə təkrar baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin yuxarıda qeyd olunan xüsusatları araşdırılmaqla əldə olunan sübutlar əsasında işə hüquqi qiymət verilməlidir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2-1(118)-678/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Xaçmaz rayonu Nərəcan bələdiyyəsinə qarşı “bələdiyyənin ehtiyat fondundan torpaq sahəsinin ayrılması” tələbinə dair inzibati mübahisə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-550/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-550/2024
14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver