Məhkəmə qərarları › İş №2-1(105)-550/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-550/2025

17.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-550/2025 17.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi-hakim), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “gözdən əlil kimi xx.xx.2021-ci il tarixdən yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə götürülməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 2-1(118)-1826/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı ilk dəfə xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixədək beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.

2. Əlillik müddəti bitdikdən sonra onun əlilliyi səlahiyyətli inzibati orqan tərəfindən bir neçə dəfə - xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində qiymətləndirilmiş, hər dəfə əlilliyin təyin edilməsindən imtina edilmişdir.

3. Bundan sonra iddiaçı cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona 26 aprel 2021-ci ildən ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. Sumqayıt İnzibati Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2-1(118)-137/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 26 aprel 2021-ci ildən ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 iyun 2023-cü il tarixli, 2-1(105)-443/2023 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 137/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. Ali Məhkəmənin İnzibati Kollegiyasının 04 oktyabr 2023-cü il tarixli, 2-1(102)- 2582/2023 nömrəli qərarı ilə apellyasiya instansiya məhkəməsinin 2-1(105)-443/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

7. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı icra edilərək iddiaçıya 23 aprel 2021-ci il tarixdən 30 aprel 2026-cı il tarixədək ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir.

8. Bundan sonra iddiaçı 27 dekabr 2023-cü il tarixdə ərizə ilə cavabdeh Sumqayıt Şəhəri İcra Hakimiyyətinə müraciət edərək, ikinci dərəcəli əlil kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasını xahiş etmişdir.

9. İddiaçının müraciəti əsasında qəbul edilmiş Sumqayıt Şəhəri İcra Hakimiyyəti başçısı tərəfindən 30 dekabr 2023-cü il tarixli, 1246 nömrəli sərəncamına əsasən iddiaçı ümumi xəstəliyə (görməsinə) görə ikinci dərəcəli əlil imtiyazı əsasında 3 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır.

10. Daha sonra iddiaçı ərizə ilə cavabdehə müraciət edərək, mənzil uçotuna alındığı tarixin dəyişdirilərək ona əlillik dərəcəsinin təyin olunduğu xx.xx.2021-ci il tarixə keçirilməsini xahiş etmişdir.

11. Cavabdeh 05 iyul 2024-cü il tarixli, 5-6/1-S-92068/2024 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçı gözdən ikinci dərəcəli əlil kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün təqdim etdiyi sənədlər və 27 dekabr 2023-cü il tarixdə şəhər İcra Hakimiyyətinə müraciəti nəzərə alınaraq, şəhər İcra Hakimiyyəti Başçısının 30 dekabr 2023-cü il tarixli, 1246 nömrəli sərəncamı ilə yaşayış yeri üzrə mənzil uçotuna alınmışdır. Qeyd edilənlərə əsasən mənzil növbəsinin 23 aprel 2021-ci il tarixə keçirilməsi barədə müraciətin müsbət həlli mümkün olmamışdır.

12. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Sumqayıt Şəhəri İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ikinci dərəcəli əlil kimi xx.xx.2021-ci il tarixdən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya əlilliyin təyin edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təqsiri nəticəsində gecikdirilmişdir. Belə olan halda, ona xx.xx.2021-ci il tarixindən əlillik təyin edildiyindən həmin tarixdən də gözdən əlil kimi mənzil növbəsinə götürülməlidir. Hesab edir ki, bununla bağlı müraciətindən cavabdehin imtina olunması əsassız və qanunsuzdur.

14. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

15. Sumqayıt İnzibati Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 2-1(118)-1826/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Könül Həbibova).

16. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. İddiaçı tərəfindən cavabdehə müraciətin olmasını bildirsə də, bu hal tərəfindən heç bir fakt, sənədlə sübut edilməmiş, məhkəmənin sorğusu ilə də müvafiq sənədlər aşkar edilməmişdir. Həmçinin, qeyd edilməlidir ki, uçota alınma haqqında ərizə ilə birlikdə yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməsi zəruri olduğunu, iddiaçının isə əlilliyin 23 aprel 2021-ci il tarixdən müəyyən edilməsini nəzərə alaraq, onun 2017-ci ildən əlil qismində mənzil növbəsinə götürülməsi ilə bağlı müraciət edilməsi belə mümkün deyildir.

17. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

18. İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, iddiaçı 2017-2018-ci illərdə yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə götürülmək tələbi ilə cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh onun sənədlərini itirmişdir. Hesab edir ki, cavabdeh onu 2017-ci ildən mənzil növbəsinə götürməlidir.

b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdirlər.

TƏTBİQ EDİLƏN HÜQUQ:

21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 31. Əlilliyi olan şəxslərin mənzil təminatı 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir.

22. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. ...

Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra - uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. ...

23. ““Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli, 153 nömrəli Fərmanının 1.3.7-ci yarımbəndinə əsasən həmin Məcəllənin 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir.

...

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

25. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:

28. İşin hazırkı qərarın 1-9-cu bəndində qeyd olunan hallarından göründüyü kimi iddiaçı 2016-2021-ci illərdə ikinci dərəcəli əlil olmuş, əlillik müddəti bitdikdən sonra əlilliyi müvafiq inzibati orqan tərəfindən yenidən müəyyən edilmədiyindən bununla bağlı məhkəmədə iddia qaldırmış, müvafiq iddiası təmin edilərək yekunda kassasiya instansiya məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli qərarı ilə ona 26 aprel 2021-ci il tarixdən əlillik təyin edilmişdir. Bundan sonra iddiaçı 27 dekabr 2023-cü il tarixdə ikinci dərəcəli əlil kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasına ərizə ilə cavabdehə müraciət etmiş, müraciəti nəzərə alınaraq, o, cavabdehin 30 dekabr 2023-cü il tarixli, 1246 nömrəli sərəncamına əsasən mənzil uçotuna alınmışdır.

29. Hazırda iddiaçı mənzil uçotuna alındığı tarixin dəyişdirilərək ona məhz əliliyin təyin edildiyi 26 aprel 2021-ci il tarixdən uçota alınmasını tələb edir.

30. Birinci instansiya məhkəməsi qeyd olunan tarixədək iddiaçı tərəfindən bununla bağlı cavabdehə müraciətin olmadığı halına istinad edərək bu əsasla iddianı rədd etmişdir.

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir:

32. Mənzil Məcəlləsinin yuxarıda istinad olunan 51.3-cü maddəsinin tələbindən göründüyü kimi vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların özlərinin könüllü iradə ifadəsinə əsaslanmaqla, onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına təqdim etdikləri ərizələri tərəfindən həyata keçirilir.

33. Yəni, vətəndaş hansı tarixdən mənzil uçotuna alınmaq niyyətindədirsə, həmin tarixdə bununla bağlı iradəsini bəyan edərək icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməlidir.

34. İşdən görünür ki, iddiaçı da bu formada irədə ifadəsini yalnız 27 dekabr 2023-cü il tarixdə bəyan edərək cavabdehə müraciət etmiş və qanunvericiliyin tələbinə uyğun qaydada o həmin tarixdən uçota alınmışdır.

35. İddiaçı dəlillərində mənzil uçotuna alınması ilə bağlı ilk dəfə cavabdehə 2017-ci ildə müraciət etdiyini bildirsə də, həmin birinci, həm də apellyasiya instansiya məhkəməsinin bununla bağlı sorğusuna cavab olaraq cavabdehin 03 fevral 2025-ci il tarixli, 5-6/220/2025 nömrəli və 02 iyun 2025-ci il tarixli, 5-6/-1318/2025 nömrəli məktublarından görünür ki, aparılmış araşdırma zamanı iddiaçının 2017-2018-ci illərdə yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə götürülməsi tələbi barədə hər hansı məlumat aşkarlanmamışdır. O, xx.xx.2023-cü il tarixində cavabdehə ünvanlanmış müraciəti və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması ilə əlaqədar qanunvericiliyiə uyğun olaraq toplanmış müvafiq sənədlər əsasında cavabdehin 30 dekabr 2023-cü il tarixli, 1246 nömrəli sərəncamına əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır.

36. Göründüyü kimi məhkəmə araşdırması nəticəsində iddiaçı tərəfindən mənzil uçotuna alınmasını tələb etdiyi 26 aprel 2021-ci il tarixədək cavabdehə müraciəti aşkar edilməmiş, iddiaçı tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sənəd və ya sübut təqdim edilməmişdir.

37. Kollegiya qeyd edir ki, Mənzil Məcəlləsinin 53.1 və 53.1.1-ci maddələri Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlərin (o cümlədən, mənzil uçotuna alınması ilə bağlı ərizə) təqdim edilmədiyi halında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota almaqdan imtinaya yol verir.

38. Nəzərə almaq lazımdır ki, hazırkı iddia növünə görə məcburetmə haqqında iddiadır.

39. Məcburetmə haqqında iddialar üzrə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

40. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

41. Beləliklə, qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilmir. Sumqayıt İnzibati Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 2-1(118)-1826/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar