Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-551/2024 31.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəsxə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2-1(118)-400/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Sumqayıt şəhər ZDS-nin Nizamnaməsi əsasında fəaliyyət göstərən gələcəkdə “Bağlar təsərrüfatı idarəsi” adlandırılacaq Sumqayıt şəhər İcraiyyə Komitəsinin “Bağlar təsərrüfatı idarəsi” ilə Pərixanım Şükralı qızı arasında bağlanmış “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi” barədə 4971 nömrəli müqavilə ilə Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 151 nömrəli 0,25 ha torpaq sahəsi 01 yanvar 1968-ci il tarixdən 01 yanvar 1978-ci il tarixədək sonuncunun icarəsinə verilmişdir. Novxanı bağ massivində yerləşən 4971 nömrəli icarə müqaviləsi ilə Pərixanım Şükralı qızına ayrılmış 0,25 ha bağ sahəsinə dair Sumqayıt bələdiyyəsi Bağ Təsərrüfatı şöbəsi tərəfindən onun adına 1:500 miqyasında “Vətəndaşların istifadəsində olan bağ təsərrüfatının texniki pasportu“ tərtib edilmişdir. Abşeron Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli, 2(012)-1797/2018 nömrəli qətnaməsinə əsasən Pərixanım Şükralı qızının İddiaçı nənəsi olması və onun 1974-cü ildə Abşeron rayonu Masazır kəndində ölməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon 2 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ünvanlanmış 02 sentyabr 2020-ci il tarixli, 122 nömrəli məktubdan görünür ki, İddiaçı 1974-cü tarixdə ölmüş Pərixanım Şükralı qızına məxsus miras əmlakın - Sumqayıt şəhəri, Novxanı bağ massivi, 151/4838 ünvanında yerləşən 0,25 ha torpaq sahəsinin qəbulu üçün ərizə ilə notariat ofisinə müraciət etmişdir. İddiaçı nümayəndəsi X3 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə 20 oktyabr 2020-ci il tarixdə ərizə ilə müraciət edərək, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 151/4838 ünvanında yerləşən 0,25 ha torpaq sahəsi üzərində Pərixanım Şükralı qızının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 11 noyabr 2020-ci il tarixli, **********87 nömrəli məktubu ilə müraciəti təmin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə olunmuş bağ icarə müqaviləsi fotosurətdir, Sumqayıt bələdiyyəsinin bağ icarə müqaviləsini təsdiq etmək səlahiyyəti yoxdur. Bundan əlavə, icarə müqaviləsində onun bağlandığı tarix qeyd olunmamışdır, müqavilə qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamışdır. Qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin tələbləri baxımından ərizənin icrası mümkün olmamışdır. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Novxanı kəndində yerləşən 4971 nömrəli müqavilə ilə ona ayrılmış 151/4838 nömrəli 0,2295 ha bağ sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum nənəsi Pərixanım Şükralı qızına məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Novxanı kəndində yerləşən 151/4838 nömrəli sahəsi 0,25 hektar olan bağ sahəsi iddiaçının nənəsi Pərixanım Şükralı qızına ayrıldığı vaxtdan sonuncunun, daha sonra atası Xanəhməd Mürşüd oğlunun istifadəsində olmuş, hal-hazırda isə iddiaçı həmin sahədən istifadə edir. Həmin torpaq sahəsi üzrə Pərixanım Şükralı qızının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh müraciətinin icrasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Belə ki, həmin ərazidə yerləşən bağ sahələrinin hər birinin öz sahibi vardır və həmin bağ sahələri ilə bağlı bağ sahiblərinin bölgü sxemi ilə bağlı heç bir mübahisəsi yoxdur. Eyni zamanda, 4971 nömrəli bağ icarə müqaviləsinin bağlanma tarixi 01 yanvar 1968-ci il kimi göstərilmiş və həmin müddətdən həmin bağ sahəsində tikili inşa edilmiş və hazırda həmin evdə yaşayırlar. Artıq 55 ildən çoxdur ki, göstərilən bağ sahəsinə sahiblik edərək ondan istifadə edirlər. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək, qeyd etmişdir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 151/4838 ünvanında yerləşən 0,25 ha torpaq sahəsi üzərində Pərixanım Şükralı qızının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının cavabdeh orqana müraciətinə cavab olaraq bildirilmişdir ki, bağ icarə müqaviləsində onun bağlandığı tarix qeyd olunmamış, müqavilə qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamışdır. Həmçinin, bağ sahəsinin nömrəsində uyğunsuzluq var, qonşu torpaq sahələrinə uyğun deyil. Bundan başqa, bağ icarə müqaviləsinin qeydiyyat nömrəsində düzəliş edilmiş, lakin bu düzəliş müvafiq qurum tərəfindən təsdiq edilməmişdir. Həmçinin, icarə müqaviləsində müqavilənin bağlanmasına əsas olan protokol barədə məlumat qeyd olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2-1(118)-400/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Sumqayıt şəhəri, Novxanı kəndində yerləşən 4971 nömrəli müqavilədə göstərilmiş 151/4838 nömrəli 0,2295 ha bağ sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum nənəsi Pərixanım Şükralı qızına məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Vəfa Əzizova) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi bağ icarə müqaviləsinin giriş hissəsində bağlanma tarixi qeyd olunmasa da, 13-cü bəndində müqavilənin qüvvədə olma müddəti qrafasında “01 yanvar 1968-ci ildən 01 yanvar 1978-ci il tarixədək” qeydi vardır ki, bu hal da müqavilənin 1968-ci ilə aid olduğunu təsdiq edir. Bundan başqa, məhkəmənin sorğusuna cavab olaraq Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən məhkəməyə təqdim edilən Sumqayıt şəhər ZDS İK-nin 14 iyun 1968-ci il tarixli, 12 saylı protokolundan görünür ki, bir sıra vətəndaşlara, o cümlədən, Pərixanım Şükralı qızına Masazır qəsəbəsində 0,25 ha ölçüyə malik 151 saylı bağ torpaq sahəsinin ayrılması qərara alınmışdır. Məhkəmə hesab edir ki, toplanan sübutların məcmusu iddianın təmin edilməsi üçün zəmin yaratmışdır. Mübahisəli torpaq sahəsinin nömrəsinin qonşu bağ torpaq sahələrinin ardıcıllığına uyğun olmaması isə vətəndaşın mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas ola bilməz. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsinin koordinatlarının digər torpaq sahələrinin koordinatları ilə üst-üstə düşmə halı yoxdur. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; (-) Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. "Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli, 2186 nömrəli Sərəncamı: 1996-cı ildə qəbul edilmiş "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qərara alıram: Bənd 1. Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilsin. Bənd 2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki: 2.1. Ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin; 2.2. bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün; (-) “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Cavabdeh apelyasiya şikayətinin dəlilləri 4 hissədən ibarətdir: 1) Torpaq sahəsinə dair bağ icarə müqaviləsində onun bağlandığı tarixin qeyd olunmaması; 2) İcarə müqaviləsində müqavilənin bağlanmasına əsas olan protokol barədə məlumatın qeyd olunmaması; 3) Bağ sahəsinin nömrəsində uyğunsuzluq olması, qonşu torpaq sahələrinə uyğun olmaması; 4) İcarə müqaviləsinin qeydiyyat nömrəsində düzəliş edilməsi, lakin bu düzəlişin müvafiq qurum tərəfindən təsdiq edilməməsi. Məhkəmə kollegiyası cavabdehin 1-ci dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: İşdən görünür ki, Sumqayıt şəhər ZDS İK-nin 14 iyun 1968-ci il tarixli, 12 nömrəli iclas protokolu əsas götürülərək Novxanı bağ massivi ünvanında yerləşən 151 nömrəli 0,25 ha bağ torpaq sahəsi icarə müqaviləsinə əsasən, Pərixanım Şükralı qızının icarəsinə verilmişdir. Müqavilənin bağlanma tarixinin göstərilməməsi ilə bağlı isə kollegiya qeyd edir ki, bu texniki yanlışlıqdır və iddiaçı bu hala görə məsuliyyət daşıya bilməz. Belə ki, icarə müqaviləsində onun bağlandığı tarix göndərilməsə də, torpaq sahəsinin 01 yanvar 1968-ci il tarixdən 01 yanvar 1978-ci il tarixədək Pərixanım Şükralı qızının icarəsinə verildiyi qeyd edilmişdir. Habelə, həmin torpaq sahəsinə dair onun adına Sumqayıt bələdiyyəsi Bağ Təsərrüfatı şöbəsi tərəfindən tərtib edilmiş “Vətəndaşların istifadəsində olan bağ təsərrüfatının texniki pasportu“ nda da bağ sahəsinin ayrıldığı tarix 1968-ci il göstərilmişdir. İşin qeyd olunan halları mübahisəli torpaq sahəsinə dair bağ icarə müqaviləsinin 1968-ci ildə bağlandığını göstərir. Odur ki, kollegiya hesab edir ki, cavabdehin həmin dəlili əsassızdır. İcarə müqaviləsində müqavilənin bağlanmasına əsas olan protokol barədə məlumatın qeyd olunmamasına dair cavabdehin 2-ci dəlilini də əsassız hesab edən kollegiya bildirir ki, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən məhkəməyə təqdim edilən Sumqayıt şəhər ZDS İK-nin 14 iyun 1968-ci il tarixli, 12 nömrəli iclas protokolundan görünür ki, Sumqayıt və Bakı şəhərlərində müxtəlif müəssisə, idarə və təşkilatlarda işləyən vətəndaşlara fərdi bağ evlərinin tikintisi üçün Qurddərə, Sarı-Qaya və Novxanıda yerləşən torpaq sahələrindən, ümumilikdə 43,75 ha olmaqla, 193 torpaq sahəsinin ayrılması, bir sıra vətəndaşlara, o cümlədən, siyahının 133-cü bəndində adı göstərilən Pərixanım Şükralı qızına 0,25 ha ölçüsündə 151 nömrəli bağ torpaq sahəsinin ayrılması qərara alınmışdır. Göründüyü kimi Sumqayıt şəhər ZDS İK-nin 14 iyun 1968-ci il tarixli, 12 nömrəli qərarı ilə Pərixanım Şükralı qızına Novxanı bağ massivi ünvanında yerləşən 151 nömrəli 0,25 ha bağ torpaq sahəsi ayrılmış və bu torpaq sahəsinə dair onunla bağ icarə müqaviləsi bağlanmışdır. Bağ torpaq sahəsinin nömrəsində uyğunsuzluq olması, qonşu torpaq sahələrinə uyğun olmamasına dair cavabdehin digər dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, cavabdeh inzibati orqanın arxiv materiallarında olan mübahisəli torpaq sahəsinə dair bağ icarə müqaviləsindən, eləcə də Sumqayıt şəhər ZDS İK-nin 14 iyun 1968-ci il tarixli, 12 nömrəli qərarından görünür ki, Pərixanım Şükralı qızına ayrılan 0,25 ha bağ torpaq sahəsinin nömrəsi 151-dir. Torpaq sahəsinin nömrəsinin qonşu torpaq sahələrinin nömrələrinin ardıcıllığına uyğun olmaması isə kollegiya hesab edir ki, iddiaçının məsuliyyət sferasına aid edilə bilməz. Cavabdehin icarə müqaviləsinin qeydiyyat nömrəsində düzəliş edilməsi, lakin bu düzəlişin müvafiq qurum tərəfindən təsdiq edilməməsi ilə bağlı sonuncu dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında olan icarə müqaviləsindən görünür ki, 151 nömrəli bağ torpaq sahəsinə dair müqavilənin nömrəsi əvvəlcə “4564” kimi göstərilmiş, daha sonra həmin nömrənin üstündən xətt çəkilərək müqaviləyə yeni - “4971” nömrəsi verilmişdir. Eyni rekvizitləri olan müqavilə cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilən arxiv materiallarında da aşkar edilmişdir. Müqavilənin nömrəsinə edilmiş dəyişikliyin təsdiq edilməməsi isə kollegiya hesab edir ki, vətəndaşın təqsiri üzündən baş verən hal deyildir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi formal tələblərdən sui-istifadəni qadağan etmişdir. Həmin maddəyə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən cavabdehin dəlili təkzib edilmiş olur - Pərixanım Şükralı qızının icarəsinə verilmiş müvafiq torpaq sahəsinə dair 4971 nömrəli, xx.xx.1968-ci il tarixli müqavilənin mötəbərliyini şübhə altına alan hər-hansı hal müəyyən edilmir. İddiaçı tələbində haqlı olmuş, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına yönəlmişdir. Bu baxımdan, kollegiya hesab edir ki, cavabdehin dəlilləri əsassızdır. Nəzərə almaq lazımdır ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – Sumqayıt şəhər İcraiyyə Komitəsinin “Bağlar təsərrüfatı idarəsi” ilə Pərixanım Şükralı qızı arasında bağlanmış “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə” 4971 nömrəli, xx.xx.1968-ci il tarixli müqaviləyə əsaslanır. İstinad olunan həmin normada 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Analoji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmçinin, iş materiallarında olan cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktından görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 151/4838 nömrəli bağ torpaq sahəsində texniki inventarlaşdırma işləri aparılmışdır. Sahənin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 0,25 ha, faktiki sahəsi isə 0,2295 ha təşkil edir. Torpaq sahəsi yerüstü kommunikasiya xətlərinin mühafizə zonasında yerləşmir, sahədə fərdi yaşayış evi və yarımçıq tikili mövcuddur. Göründüyü kimi cavabdeh tərəfindən mübahisəli torpaq sahəsində texniki inventarlaşdırma işləri aparılaraq sahə yerində müayinə edilmiş və müayinə nəticəsində torpaq sahəsinin faktiki sahəsinin 0,2295 ha olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı faktiki istifadəsində olan sözügedən 0,2295 ha torpaq sahəsi üzərində mükiyyət hüququnun mərhum Pərixanım Şükralı qızına məxsus olması haqqında arayışın verilməsini tələb etmiş, birinci instansiya məhkəməsi də iddiaçının bu məzmunda tələbini təmin etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2-1(118)-400/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-551/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-551/2024
31.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver