Məhkəmə qərarları › İş №2-1(105)-551/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-551/2025

27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-551/2025 27.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X3, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şamaxı rayon Qaleybuğurd Bələdiyyəsinə qarşı “cavabdehin 23 nömrəli, 26 oktyabr 2005-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-743/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İşin halları İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin 23 nömrəli, 26 oktyabr 2005-ci il tarixli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-743/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Ceyhun Məmmədov). İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Eyni zamanda vəsatətlə məhkəməyə müraciət edərək, qərardan apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Vəsatətini onunla əsaslandırmışdır ki, onun cavabdeh Şamaxı rayon Qaleybuğurd Bələdiyyəsinə qarşı “cavabdehin 23 nömrəli, 26 oktyabr 2005-ci il tarixli qərarının ləğv edilməsi" tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2-1(118)-743/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddiası təmin olunmamışdır. Apellyasiya şikayəti vermək üçün vəkilə müraciət etmək qərarına gəlmiş və bu məqsədlə məhkəmənin qərarın, işlə bağlı bütün digər sənədlərini vəkil kimi özünü təqdim edən şəxsə vermişdi. Ona sənədləri verdikdən sonra onunla mütamadi olaraq əlaqə saxlayıb işi ilə maraqlanırdı və ona narahat olma hər şey qaydasındadır deyə bildirirdi. O da həmin şəxsə hüquqlarını müdafiə edən vəkil kimi etibar edirdi. Lakin bir müddət sonra gördü ki, həmin şəxsdən hər hansı işlə bağlı məlumat yoxdur. İşi ilə maraqlandıqda məlum oldu ki, həmin şəxs apellyasiya şikayəti ilə bağlı hər hansı tədbir görməyib. Sonradan araşdırdıqda ona məlum oldu ki, həmin şəxs vəkil deyilmiş və onu aldadırmış. Belə ki, araşdırdıqda məlum oldu ki, həmin şəxs tək onu deyil bir neçə nəfəri bu üsulla aldadaraq pulların və sənədlərin götürmüşdür. Ona qarşı şikayət ərizəsi verdi və onun barəsində cinayət işi başlamış, bundan sonra Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakiminin köməkliyi ilə sənədləri ondan ala bilmişdir. Ona görə də apellyasiya şikayəti vermə müddətini üzürlü səbəblərdən ötürmüşdür. Ərizəyə qarşı etirazın dəlilləri İş üzrə üçüncü şəxs X4 hüquqi varisi X2 vəkili Vəkil1 ərizəyə qarşı yazılı etiraz ərizəsi təqdim edərək, ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi üçün ərizədə göstərilənlər formal mülahizələrdən ibarət olmaqla tamamilə əsassız və qanunsuzdur. İddiaçı ərizsəndə qeyd edir ki, o qeyd olunan qərardan apellyasiya şikayəti vermək üçün vəkilə müraciət etmiş guya özünü ona vəkil kimi təqdim edən şəxs X5 onu bu müddət ərzində aldadaraq apellyasiya şikayəti verməmiş və nəticədə sənədləri Sənan Babazadədən alaraq apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. İşə birinci inistansiya məhkəməsində baxılarkən üçüncü şəxs Nazim Məcidovun nümayəndəsi və vəkili kimi iştirak edib üçüncü şəxsin hüquqlarını müdafiə etmişdir, işə birinci inistansiya məhkəməsində baxılarkən məhkəmə iclası 11 dəfə keçirlən məhkəmə iclası ilə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə yekunlaşmışdır. Keçirilən bütün məhkəmə iclaslarında, həmçinin sonuncu dəfə xx.xx.2022-ci il tarixdə keçirilərək yekun qərar qəbul edilən məhkəmə iclasında məhkəmə iddiaçı özü məhkəmə iclasında iştirak etmişdir. Amma buna baxmayaraq iddiaçı 28 ay sonra müxtəlif bəhanələrlə formal cümlələr qurmaqla guya ondan aslı olmayan səbəblərdən şikayət vermə müddətini ötürmüşdür. Hesab edir ki, iddiaçının ərizədə göstərdikləri formal əsaslar inandırıcı ola bilməz. Məhkəmə qərarı 28 ay əvvəl, yəni xx.xx.2020-ci il tarixdə iddiaçının məhkəmə iclas zalında iştirakı ilə elan edilmişdir. Buradan iddiaçıya sual yaranır. Əgər sizi özünə vəkil kimi təqdim edən Sənan Babazadə qərardan apellyasiya şikayəti verdiyini deyirdisə siz 28 ay müddət ərzində məhkəməyə yaxınlaşıb şikayətin nəticəsi barədə hansı səbəbdən məlumat əldə etmirdiniz? Halbuki Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Hüquqi müdafiə vasitələri, həmin hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti ilə bağlı məlumat bu Məcəllənin 23.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim olunmadıqda və ya təhrif olunmuş şəkildə təqdim olunduqda, məhkəmə qərarına (qərardadına) qarşı onun təqdim olunduğu və ya elan olunduğu gündən 1 il müddətində şikayət verilə bilər. Həmin müddətdə şikayətin verilməməsinin təbii fəlakət və ya digər qarşısıalınmaz hadisə ilə, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olduğunu sübut edən inzibati məhkəmə icraatının iştirakçısı, hüquqi müdafiə vasitələrindən istifadə etməyə mane olmuş hallar aradan qalxdığı gündən 15 gün ərzində şikayət verə bilər. (AR-nın İMP-nin 23.1 və 23.2-ci maddələri) Göstərilənlərə əsasən iddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizənin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin verdiyi izahatlar Məhkəmə iclasında İddiaçı iştirak edərək, ərizənin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. ..... Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. ..... Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. ..... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası, hesab edir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-743/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş ötürülmüş prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarından görünür ki, hazırki iş üzrə xx.xx.2022-ci il tarixdə qərar qəbul edilmiş, xx.xx.2022-ci il tarixli məktubla həmin məhkəmə aktı poçt vasitəsilə iddiaçıya göndərilmişdir. Həmçinin, iş materiallarında olan poçt göndərişinin verilməsi barədə xəbərnamədən görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-743/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə imza edilməklə qəbul edilmişdir. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı müvafiq məktuba xx.xx.2022-ci il tarixdə məhkəmə qərarını təhvil aldığını qeyd etməklə, imza etmişdir. Göründüyü kimi iddiaçının müvafiq məhkəmə qərarı barədə xx.xx.2022-ci il tarixdən məlumatlı olması iş materialları əsasında öz təsdiqini tapmışdır. İddiaçı tərəfindən isə iş üzrə qəbul edilmiş məhkəmə aktından apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpası barədə ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Nəticə etibarilə iddiaçı müvafiq məhkəmə qərarı barədə xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə məlumat əldə etdiyindən, qanunla müəyyən edilmiş qaydada aldığı gündən 30 gün müddətində (xx.xx.2022-ci il tarixədək) şikayət verməli olduğu halda, apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olduğundan, məhkəmə aktından apellyasiya şikayəti verilməsi üçün inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. İndiki halda iddiaçı qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsini həmin məhkəmə qərarını və işlə bağlı bütün digər sənədlərini vəkil kimi tanımış şəxsə təqdim etməsi və həmin şəxsin apellyasiya şikayəti ilə bağlı hər hansı tədbir görməməsi, həmin şəxsin vəkil olmaması və onun aldadılması kimi hallarla əsaslandırmışdır. Kollegiya iddiaçının istinad etdiyi hallarla bağlı onu qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər (müvafiq məhkəmə hökmü və digər) əsasında onun özünü vəkil kimi təqdim edən şəxs tərəfindən aldanılması halları öz təsdiqini tapmışdır. İddiaçının məhkəmə iclasında verdiyi izahatından aydın olur ki, 2023-cü ildə məhkəmə qərarından apellyasiya şikayətinin verilməməsi barədə artıq məlumatlı olduğunu, qərarın məzmununda 20 gün müddətində şikayət verilməsinin qeyd edildiyini bildirmişdir. Bundan əlavə, iddiaçının hazırda istinad etdiyi müvafiq məhkəmə hökmü xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. İddiaçı tərəfindən isə ötürülmüş prosessual müddətin bərpası barədə ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi hətta həmin hallar üzrlü səbəb kimi nəzərə alındıqda və qanunla müəyyən edilmiş prosessual müddətin axımını iddiaçının aldadılması və vəkil kimi özünün təqdim edən şəxs tərəfindən apellyasiya şikayətinin verilməməsi barədə məlumatlı olduğu vaxt (2023-cü il) və ya məhkəmə hökmünün qəbul edildiyi tarix əsas götürüldükdə belə iddiaçı tərəfindən qanunla müəyyən edilmiş prosessual müddət (1 ay) ötürülmüşdür. Həmçinin, kollegiya onu qeyd edir ki, iddiaçı 2023-cü ildə bu barədə məlumatlı olsa da, apellyasiya şikayətini verməməyinin səbəbi kimi müvafiq sənədlərin həmin şəxsə təqdim etməsi, onda hər hansı sənəd olmaması, sənədləri tapa bilməməsi kimi hallara istinad etmişdir. Kollegiya iddiaçının istinad etdiyi həmin hallarla bağlı onu qeyd edir ki, hazırki halda apellyasiya şikayəti iddiaçının özü tərəfindən tərtib edilərək, məhkəməyə təqdim edilmiş və həmin şikayətə hər hansı sənəd əlavə edilməmişdir. Bu hal özlüyündə iddiaçının indiki halda istinad etdiyi arqumenti təkzib edir. Göründüyü kimi iddiaçının məhkəmə qərarından şikayət vermək imkanı məhz həmin dövrdə də mövcud olmuş, bu imkanı istisna edən hər hansı halın olması müəyyən edilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının istinad etdiyi həmin hallar onun şikayət vermək imkanını məhdudlaşdıran hal kimi çıxış etməmiş, nəticə etibarilə prosessual müddətin ötürülməsinə əsas olan üzrlü səbəb olmamışdır. Eyni zamanda kollegiya qeyd edir ki, “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin «Ryabıx Rusiyaya qarşı» 24 iyul 2003-cü il tarixli işində qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, «res judicata» prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarında göstərilir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Göründüyü kimi, qanunvericilikdə prosessual hüquq və vəzifələrin müəyyən müddət çərçivəsində icra edilə bilməsinin imperativ norma kimi nəzərdə tutulması qəbul edilmiş məhkəmə aktlarının qeyrimüəyyən zaman kəsiyində mübahisələndirilə bilməsinin qarşısının alınmasına, bununla da ədalət mühakiməsinin həyata keçirilməsində hüquqi müəyyənlik prinsipinə əməl olunmasına, yekun məhkəmə aktlarının sabitliyinə, davamlılığına xələl gətirilməsinə, habelə həmin məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alınmasının yol verilməməsinə yönəlmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-743/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün qanuna müəyyən edilmiş prosessual müddətin üzürlü səbəbdən buraxılması və müddətin bərpa olunması üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də iddiaçı tərəfindən verilmiş vəsatət əsassız olmaqla, təmin edilməməlidir. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, indiki halda iş üzrə məhkəmə aktından verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən, habelə ötürülmüş prosessual müddətin bərpası barədə ərizə təmin edilmədiyindən, verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-743/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpasına dair ərizə təmin edilməməli, apellyasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22, 24 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş “Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-743/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpasına dair” ərizəsi təmin edilməsin. Apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar