Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-552/2022 03.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021ci il tarixli **********5487 nömrəli qərarının ləğv edilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2-1(118)-1047/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Fiziki şəxsin vergi uçotu haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində 31037819 VÖEN nömrəsi ilə qeydiyyata alınmışdır.
2. Vergi ödəyicisinin obyekti barədə məlumatdan görünür ki, iddiaçının Abşeron rayonu, Fatmayı Ə/V, Q.Qarayev ünvanında yerləşən, fəaliyyət növü “malların saxlanılması və anbarlara yığılması (kod**********-31001), adı “anbar-mağaza” olan obyekti xx.xx.2021-ci il tarixdə qeydiyyata aılınmışdır.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********9792 nömrəli qərardan görünür ki, İddiaçı məxsus yuxarıda qeyd edilən obyektdə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən aparılan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, İddiaçı məxsus obyektdə növbədənkənar operativ vergi nəzarəti barədə qərar reyestrdə qeydiyyata alınmışdır.
5. Operativ vergi nəzarəti tədbiri zamanı iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli arayışda idxal olunmuş bütün malların pərakəndə satıldığı (2- 3 % ticarət əlavəsi ilə) göstərilmişdir.
6. xx.xx.2021-ci il tarixli 005828 saylı operativ vergi nəzarətinin nəticəsi haqqında aktdan görünür ki, “...araşdırma zamanı idxal olunan 1527649.5 manat dəyərində malların üzərinə 2% ticarət əlavəsi və 18% ƏDV tətbiq olunmaqla 1838678.94 manat dəyərində eqaimə faktura tələb olunduğu halda e-qaimə faktura təqdim olunmadan satıldığı müəyyən edilmişdir. Mallar müxtəlif vergi ödəyicilərinə topdansatış qaydasında təqdim edilsə də, hər hansı e-qaimə faktura tətbiq edilməmişdir.
7. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********5487 nömrəli qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 183867,89 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.
8. İnzibati şikayətin təmin edilməməsi haqqında xx.xx.2022-ci il tarixli **********0350600 saylı qərardan görünür ki, fərdi sahibkar İddiaçı operativ vergi nəzarətinin nəticələrindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli inzibati şikayətləri təmin edilməmiş, xx.xx.2021-ci il tarixli DVX seriyalı 005828 nömrəli akt əsasında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********5487 nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********5487 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********9792 nömrəli qərara əsasən iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi **********-31001 kodlu obyektdə operativ vergi nəzarəti həyata keçirilmiş və tədbirin nəticəsi olaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 005828 nömrəli akt tərtib edilmişdir. Akta qeyd edilənlərə əsasən vergi nəzarəti tədbiri zamanı idxal olunan 1527649.5 manat dəyərində malların üzərinə 2% ticarət əlavəsi və 18% ƏDV tətbiq olunmaqla 1838678.94 manat dəyərdə e-qaimə faktura tələb olunduğu halda e-qaimə faktura təqdim olunmadan satıldığı müəyyən edilmişdir. Qeyd olunan aktın əsasında cavabdeh vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli **********5487 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmiş və həmin qərar ilə fərdi sahibkara Vergi Məcəlləsinin 58.13cü maddəsinə əsasən 183867.89 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı həmin qərarı əsassız hesab edir. Belə ki, cavabdeh vergi orqanı qərarını onunla əsaslandırılmışdır ki, vergi orqanı fərdi sahibkara məxsus obyektdə qəfil reyd zamanı xx.xx.2021-ci il tarixdə 1 838 678.94 manat dəyərində malların satıldığı, lakin həmin təqdim edilmiş mallara görə alıcıya elektron qaimə-fakturanın təqdim edilmədiyini aşkar etmişdir. Əvvəla, cavabdeh vergi orqanı tərəfindən operativ vergi nəzarəti keçirilən gün, yəni xx.xx.2021-ci il tarixdə fərdi sahibkara məxsus obyektdə 1838678.94 manat dəyərində malların satışı həyata keçirilməmişdir. Həmin məbləğ 2021- ci ilin yanvar ayından yoxlama keçirilən günədək satılan malların dəyəridir ki, həmin mallar pərakəndə ticarət qaydasında satılmış və malların dəyəri nəzarət kassa aparatına mədaxil edilmişdir. Qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. İddiaçının malların nəzarət-kassa aparatı vasitəsi ilə pərakəndə qaydada satdığını və malların alıcılarının vergi uçotunda olmadığını bildirdiyi halda, əslində həmin alıcıların vergi ödəyicisi, ticarət fəaliyyətinin isə topdansatış olduğunu sübut etmək cavabdehin üzərinə düşür. Vergi Məcəlləsinin 13.2.62-ci və 13.2.63-cü maddələrinin məzmunundan aydın olur ki, qanunverici pərakəndə satış ilə topdansatış fəaliyyətinin fərqləndirici əlaməti olaraq malların alıcı tərəfindən hansı məqsədlə alınmasını müəyyən etmişdir. Belə ki, mallar alıcı tərəfindən son istehlak məqsədilə alındığı zaman həmin əməliyyat pərakəndə satış, satış məqsədilə alındığı halda isə topdansatış fəaliyyəti hesab edilir və birinci halda alıcıya qəbz və ya nəzarət-kassa aparatının çeki, ikinci halda isə elektron-qaimə faktura təqdim edilir. Cavabdeh qəbul etdiyi inzibati aktda iddiaçını vergi məsuliyyətinə cəlb edərkən Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad etmişdir. Malların pərakəndə ticarət qaydasında satışını həyata keçirən iddiaçı həmin malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və eyni zamanda hər hansı alıcının (sahibkarın) elektron qaiməfaktura tələb etməsi ilə bağlı cavabdehdə hər hansı sübut mövcud deyil. Cavabdeh iddiaçı tərəfindən malların alıcıya satışının son istehlak məqsədi üçün deyil, sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də etirazının əsasını sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəycilərinin rekvizitləri, eləcə də onlar tərəfindən iddiaçıdan elektron qaimə faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektronqaimə faktura təqdim edilməməsi barədə vergi orqanına daxil olmuş hər hansı şikayət və müraciət barədə məlumatı tələb etməyimizə baxmayaraq bizə təqdim edə bilməmişdir. Cavabdeh vergi orqanı iddiaçı tərəfindən nəzarət kassa aparatı vasitəsilə pərakəndə ticarət qaydasında satılmış malların əslində topdansatış qaydasında satılmasını iddia etsə də, bu halı sübuta yetirə biləcək dəlillərə malik deyil. Bundan əlavə olaraq, Vergi Məcəlləsinin 50-ci maddəsində əsasları və qaydaları müəyyən edilən operativ vergi nəzarəti tədbirinin mahiyyəti ondan ibarətdir ki, həmin yoxlama əvvəlcədən xəbərdarlıq edilmədən qəfil reyd şəklində həyata keçirilir və yalnız tədbir keçirilən zaman (gündə və saatda) aşkar edilən qanun pozuntuları rəsmiləşdirilərək onlara münasibətdə hər hansı cəza tədbiri (maliyyə sanksiyası) tətbiq edilir.
10. Cavabdeh etirazında qeyd etmişdir ki, uçot-baza məlumatlarına əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, xx.xx.2021-ci il tarixdə **********903500 nömrəli ilk obyekt qeydiyyatı (sahəsi 170 kv m, 31001 kodlu anbar) bərədə “malların saxlanması və anbarlara yığılması üzrə” fəaliyyəti üçün ərizə ilə müraciət etmiş, xx.xx.2021-ci il tarixdə **********094900 nömrəli ikinci obyekt qeydiyyatı (sahəsi 13 kv m, 11001 kodlu anbar) barədə “malların saxlanması və anbarlara yığılması üzrə” fəaliyyəti üçün ərizə ilə müraciət etdiyi görünür. Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsinin “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” 21,09.2021-ci il tarixli **********9792 və **********9793 nömrəli qərarları əsasında İddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyi obyektlərdə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 1.838.679 manat dəyərində malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi faktı aşkar edilərək xx.xx.2021-ci il tarixli DVX seriyalı 005828 nömrəli akt akt tərtib edilmiş, həmin akt İddiaçı tərəfindən imzalanmamış və aktın bir nüsxəsini qəbul etməkdən imtina etmişdir.Əlavə olaraq operativ vergi nəzarəti tədbiri zamanı İddiaçı təqdim etdiyi arayışda malları 2-3 % ticarət əlavəsi ilə satdığını bildirmişdir. Həmçinin vergi ödəyicisi xx.xx.2021xx.xx.2021-ci il tarix aralığında ******* manat (ƏDV-siz) dəyəri ilə mal idxal etdiyi, elektron qaimə faktura tətbiq olunmaqla 377 manat (ƏDV-siz) dəyərində malların (iş, xidmət) alındığı, əmək müqaviləsi hüquqi qüvvəyə minməklə işlərin yerinə yetirilməsinə cəlb edilmiş işçisinin olmadığı, həmin dövrdə vergi ödəyicisi tərəfindən təqdim olunmuş ƏDV bəyannamələrinə əsasən təqdim edilmiş malların dəyərinin ******* manat (ƏDV-li) olduğu, operativ vergi nəzarəti zamanı aşkar olunmuş halların vergi ödəyicisinin faktiki iqtisadi göstəricilərinə (operativ vergi nəzarəti zamanı mal qalığının olmaması, idxal edilmiş malların həcmi, obyektlərin anbar tipli olması,işçisinin olmaması) uyğun olmadığı aşkar olunmuşdur. Tərtib edilmiş akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 19.11,2021-ci il tarixli **********5487 nömrəli qərarı ilə İddiaçı 183867,89 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
11. Sumqayıt İnzibati Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2-1(118)-1047/2022 nömrəli qərarı ilə iddianın təmin edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsinin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********5487 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.
12. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
13. İddiaya etirazın dəlillərinə uyğun şəkildə əsaslandırılmış apellyasiya şikayətində işin hallarına və birinci instansiya məhkəməsinin qərarına istinad edilməklə göstərilir ki, vergi orqanının xx.xx.2021-ci il tarixli **********9792 və **********9793 nömrəli qərarları ilə operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş, yoxlamanın nəticəsinə dair xx.xx.2021-ci il tarixli DVX seriyalı 005828 nömrəli akt tərtib olunmuş, tərtib olunmuş aktın nəticəsi olaraq “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarla vergi ödəyicisinə 183.867,89 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Maliyyə sanksiyasının tətbiq edilmə əsasları ilə bağlı bildirilmişdir ki, Baş İdarənin xx.xx.2021-ci il tarixli qərarları ilə Abşeron rayonu, Fatmayı Ə/V, Q.Qarayev və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək TM-nə gedən yolun şimal qərbi ünvanlarında yerləşən cəmiyyətə məxsus təsərrüfat subyektlərində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarəti zamanı cəmiyyətə məxsus təsərrüfat subyektlərində mal qalığı aşkar edilməmişdir. (xx.xx.2021-ci il tarixli DVX seriyalı 005822 və 005827 nömrəli aktlar). Məlumat üçün bildirilmişdir ki, İddiaçı (VÖEN:**********) fiziki şəxs kimi xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmış yoxlama keçirilən dövrə kimi onun tərəfindən 1.527.650,00 manat (ƏDV-siz) dəyərində mallar idxal olmuşdur. Tədbir nəticəsində vergi ödəyicisi tərəfinfən 1.527.650,00 manat dəyərində malların üzərinə 2% ticarət əlavəsi qoyulmaqla və 18% (faiz) ƏDV tətbiq edilməklə 1.838.379.00 manat məbləğində olan mallarının Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilmədən satışının həyata keçirildiyi və nağd vəsaitin nəzarət kassa aparatına (NKA) mədaxil olunduğu müəyyən edilmişdir. Yoxlamanın nəticəsi üzrə vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli DVX seriyalı 005828 nömrəli akt tərtib edilmişdir. Malların elektron qaimə-faktura təqdim edilmədən satışına təqvim ili ərzində belə hala birinci dəfə yol verilməsinə görə VM-nin 58.13-cü maddəsinə əsasən təqdim edilmiş malların satış qiymətinin 10 faizi miqdarında 183.867,89 (1.838.379,00x10%) manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yuxarıda qeyd olunanları və işin faktiki hallarını nəzərə alaraq hesab edirlər ki, məhkəmə aşağıda qeyd olunan maddi hüquq normalarını iş üzrə tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Şikayətdə Vergi Məcəlləsinin 13.2.62, 13.2.63, 58.13 və 71-1-ci maddələrinə istinad edilməklə göstərilir ki, məhkəmə qəbul etdiyi qərarında ifadə etmişdir ki, “cavabdeh vergi orqanı mübahisələndirilən qərarın qəbul edilməsi ücün əsası kimi iddiaçı müəssisənin topdansatış qaydada satış həyata keçirdiyi halda alıcı subyektin vergi ödəyicisi olubolmamasını yoxlamaması və malları elektron qaimə-faktura tərtib edilmədən verməsini göstərmişdir. Bununla bağlı məhkəmə hesab etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının topdansatış fəaliyyəti ilə məşğul olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədi. Cavabdeh vergi orqanı yalnız ehtimallara əsaslanaraq iddiaçının topdansatış fəaliyyətlə məşğul olması qənaətinə gəlmişdir.’’ Qeyd olunan ifadə ilə bağlı bildirmişdir ki, məhkəməyə təqdim edilmiş bütün sənədlərdə dəlil olaraq iddiaçının topdansatış ticarət fəaliyyəti ilə məşğul olduğu bir neçə istiqamətdə sübut olunmuş və bununla bağlı təsdiqedici sənədlər əlavə edilərək məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən iddiaçının topdansatış ticarət fəaliyyəti ilə məşğul olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim edilməsini aşağıdakı şəkildə təsnif etmək olar. Dövlət Vergi Xidmətinin məlumat bazasında İddiaçı təsərrüfat subyektlərinin (obyektlərinin) fəaliyyət növü məhz ******* nömrəli kod altında “Malların Saxlanması və Anbarlara Yığılması üzrə fəaliyyət” olaraq qeyd edilmişdir. Eyni zamanda bildirilmişdir ki, sözügedən obyekt anbar şəklində olmasıdır ki, bu halları təsdiq edən şəkillər məhkəməyə təqdim edilmişdir. Operativ vergi nəzarəti həyata keçirilmiş obyektin, yəni təsərrüfat subyektinin anbar olmasıdır ki, anbardan pərakəndə satışın həyata keçirilməsi qanunvericiliklə qadağan olunmaqla yanaşı (Vergi Məcəlləsinin 58.13 maddəsi), ümumi formalaşmış və oturuşmuş təcrübəyə əsasən ağlabatan olmamaqla pərakəndə satış fəaliyyətinin xarakterinə uyğun deyildir. Eyni zamanda iş materiallarında mövcud olan NKA-nın hesabatlarına nəzər yetirilsə görərlər ki, seçmə üsul ilə nəzarət-kassa aparatının çeklərinə əsasən pul vəsaitlərinin nəzarət-kassa aparatına eyni vaxtlarda, qısa vaxt aralığında və eyni məbləğdə mədaxil olunduğu müəyyən olunur. Göründüyü kimi, vergi ödəyicisinin anbardan fərqli şəxslərə pul vəsaitlərinin nəzarət-kassa aparatına eyni vaxtlarda, qısa vaxt aralığında və eyni məbləğdə mədaxil edərək pərakəndə qaydada mal satması qeyrimümkündür. Reallıqda ay ərzində yalnız bir neçə halda, məsələn 3-4 halda mümkündür ki, hər hansı bir şəxs anbara müraciət edərək pərakəndə qaydada öz şəxsi istehlakı üçün mal alsın. Sübuta ehtiyacı olmayan haldır ki, anbardan malları yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər müraciət edərək topdan alır. Həmçinin iş materiallarında mövcud olan geri qaytarılan ƏDV məbləğlərinə dair məlumatlara əsasən nəzarət-kassa aparatına mədaxil olunmuş 1.320.317,00 manat məbləğində 1765 sayda çeklərin cəmi 82 şəxslər arasında bölüşdürülməsi halları aşkar olunur ki, bu da vergi ödəyicisinin pərakəndə satış ilə məşğul olmamasını göstərən əsas sübutlardandır. İş materiallarına əlavə olunan geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumatlara nəzər yetirilsə (əlavə olunan cədvələ uyğun çeklərin sayı üzrə azalan sıra ilə) görərlər ki, nəzarət kassa aparatına ümumi dəyəri 82.780,00 manat olan 108 sayda ümumi dəyəri 72.490,00 manat olan 90 sayda, ümumi dəyəri 32.400,00 manat olan 49 sayda, ümumi dəyəri 43.050.00 manat olan 58 sayda, ümumi dəyəri 24.200,00 manat olan 41 sayda ümumi dəyəri 21.500,00 manat olan 37 sayda, ümumi dəyəri 20.700,00 manat olan 34 sayda, ümumi dəyəri 23.000,00 manat olan 33 sayda, ümumi dəyəri 37.100,00 manat olan 59 sayda və ümumi dəyəri 24.500,00 manat olan 39 sayda çeklər eyni şəxslərə (cədvəldə FİN nömrələri qeyd olunub) verilmişdir. Göründüyü kimi, iddiaçının ümumilikdə 1.320.317,00 manat məbləğində 1765 sayda çeklərin cəmi 82 şəxslərə pərakəndə qaydada mal satması qeyri-mümkündür. Sübuya ehtiyacı olmayan haldır ki, malları bu cür (iri həcmdə, iri partiyalarla) sahubkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər müraciət edərək topdan alır. Beləliklə sahibkarlıq fəaliyyətinin müəyyən edilməsi şəxsin mənfəət götürmək məqsədi ilə, habelə onun sahibkarlıq olması geniş tətbiq edilən davranış qaydası ilə müəyyən edilir. Adətən sahibkarlıq fəaliyyətinin xüsusiyyəti kimi malların pərakəndə deyil, əmtəə partiyası ilə alqısatqısının həyata keçirilməsidir. Bu baxımdan sahibkarın fəaliyyət göstərməsi üçün əmtəə partiyası ilə mal alması onun fəaliyyətinin işgüzar adətidir. Beləliklə qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, iş materiallarında iddiaçının topdansatış ticarət fəaliyyəti ilə məşğul olmasını təsdiq və sübut edən kifayət qədər sübut, dəlil və arqument olduğu halda məhkəmənin “məhkəmə araşdırması zamanı iddiaçının topdansatış fəaliyyəti ilə məşğul olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədi” arqumenti ümumiyyətlə anlaşılan deyildir. Eyni zamanda iş materiallarında mövcud olan NKA-nın hesabatlarıns nəzər yetirmiş olunsa, görünər ki, seçmə üsul ilə nəzarət-kassa aparatının çeklərinə əsasən pul vəsaitlərinin nəzarət-kassa aparatına eyni vaxtlarda, qısa vaxt aralığında və eyni məbləğdə mədaxil olunduğu müəyyən olunur. Göründüyü kimi, vergi ödəyicisinin anbardan fərqli şəxslərə pul vəsaitlərinin nəzarət-kassa aparatına eyni vaxtlarda, qısa vaxt aralığında və eyni məbləğdə mədaxil edərək pərakəndə qaydada mal satması qeyri-mümkündür. Reallıqda ay ərzində yalnız bir neçə halda, məsələn 3-4 halda mümkündür ki, hərhansı bir şəxs anbara müraciət edərək pərakəndə qaydada öz şəxsi istehlakı üçün mal alsın. Sübuta ehtiyacı olmayan haldır ki, anbardan malları yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər müraciət edərək topdan alır. Həmçinin iş materiallarında mövcud olan geri qaytarılan ƏDV məbləğlərinə dair məlumatlara əsasən nəzarət-kassa aparatına mədaxil olunmuş 1.320.317,00 manat məbləğində 1765 sayda çeklərin cəmi 82 şəxslər arasında bölüşdürülməsihalları aşkar olunur ki, bu da vergi ödəyicisinin pərakəndə satış ilə məşğul olmamasını göstərən əsas sübutlardandır. İş materiallarına əlavə olunan geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumatlara nəzər yetirilsə (əlavə olunan cədvələ uyğun çeklərin sayı üzrə azalan sıra ilə) görünər ki, nəzarət kassa aparatına ümumi dəyəri 82,780,00 manat olan 108 sayda, ümumi dəyəri 72.490,00 manat olan 90 sayda, ümumi dəyəri 32.400,00 manat olan 49 sayda, ümumi dəyəri 43.050,00 manat olan 58 sayda, ümumi dəyəri 24.200,00 manat olan 41 sayda, ümumi dəyəri 21.500,00 manat olan 37 sayda, ümumi dəyəri 20.700,00 manat olan 34 sayda, ümumi dəyəri 23.000,00 manat olan 33 sayda, ümumi dəyəri 37.100,00 manat olan 59 sayda və ümumi dəyəri 24.500,00 manat olan 39 sayda çeklər eyni şəxslərə (cədvəldə FİN nömrələri qeyd olunub) verilmişdir. Göründüyü kimi, iddiaçının ümumilikdə 1.320.317,00 manat məbləğində 1765 sayda çeklərin cəmi 82 şəxslərə pərakəndə qaydada mal satması qeyri-mümkündür. Sübuta ehtiyacı olmayan haldır ki, malları bu cür (iri həcmdə, iri partiyalarla) sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər müraciət edərək topdan alır.
14. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, apellyasiya şikayətində qeyd edilir ki, “vergi ödəyicisinin fərqli şəxslərə pul vəsaitlərinin nəzarət-kassa aparatına eyni vaxtlarda, qısa vaxt aralığında və eyni məbləğdə mədaxil edərək pərakəndə qaydada mal satması qeyri-mümkündür. Reallıqda ay ərzində yalnız bir neçə halda, məsələn 3-4 halda mümkündür ki, hər hansı bir şəxs anbara müraciət edərək pərakəndə qaydada öz şəxsi istehlakı üçün mal alsın. Sübuta ehtiyacı olmayan haldır ki, anbardan malları yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər müraciət edərək topdan alır”. Qeyd olunan dəlilə münasibətdə qeyd etmişdir ki, yuxarıda göstərilənlər bir daha sübut edir ki, cavabdeh vergi orqanı mübahisələndirilən qərarı məhz fərziyyələr və öz təxəyyülünün məhsulu olan “reallıqlar” əsasında qəbul etmişdir. Halbuki inzibati orqan inzibati icraat haqqında qanunvericiliyin tələblərinə müvafiq olaraq inzibati aktı tam, hərtərəfli və obyektiv araşdırılmış, hər hansı şübhəyə yer buaxmayan, bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verilmiş sübutlar əsasında qəbul etməlidir. Lakin iş materiallarından göründüyü kimi cavabdeh vergi orqanı inzibati icraat (operativ vergi nəzarəti) zamanı iddiaçı tərəfindən elektron qaimə-faktura tərtib edilmədən topdansatış qaydasında mal satılan bir nəfər də olsun vergi ödəyicisi aşkar edə bilməmiş, bu səbəbdən də gəldiyi nəticəni fərziyyələr ilə sübuta yetirməyə çalışmışdır. İş materiallarına əlavə edilmiş operativ vergi nəzarətinin nəticəsinə dair aktdan da bəlli olur ki, cavabdeh vergi orqanı iddiaçı tərəfindən idxal edilmiş malların ümumi dəyərindən tədbir zamanı aşkar edilmiş qalıq malların və hesabat dövrləri ərzində elektron qaimə-faktura əsasında satılmış malların ümumi dəyərini çıxaraq, əldə olunan məbləğə 2 faiz ticarət əlavəsi və 18% ƏDV məbləğini əhatə etməklə, iddiaçı tərəfindən elektron qaimə-faktura təqdim edilmədən satılmış malların həcmini müəyyən etməyə çalışmışdır. Halbuki, operativ vergi nəzarəti VM-nin 50.2-ci maddəsində müəyyən edilmiş əsaslar mövcud olduğu hallarda vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti göstərdiyi təsərrüfat subyektində (və ya nəqliyyat vasitəsində) əvvəlcədən xəbərdarlıq edilmədən qəfil reyd şəklində, vergi ödəyicisi tərəfindən tədbir baş tutan anda Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində göstərilən məsələlərə riayət edilib-edilməməsini aşkar etmək məqsədilə həyata keçirilən vergi nəzarəti formasıdır. (Vergi Məcəlləsinin 50.1, 50.2, 50.3 və 50.4-cü maddələri). Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 məhkəməyə ünvanladıqları apellyasiya şikayətinə verilən etiraza münasibəti müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. Vergi Məcəlləsi: 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.62. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: Maddə 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir.
Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları … 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
18. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydası: Ümumi müddəalar 1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən hazırlanmışdır və pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Bu Qaydanın məqsədi pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilməsini, habelə bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir. 1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.3.1. pərakəndə satış – malların alıcıya son istehlak məqsədilə və yalnız qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə onların tələbi ilə qaimə-faktura, yaxud elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə satışının (təqdim edilməsinin) həyata keçirildiyi ticarət fəaliyyəti;
19. Pərakəndə ticarət sahəsində malların təqdim edilməsinin sənədləşdirilməsi 4.1. Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaiməfaktura və ya elektron vergi hesab-fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POSterminaldan çıxarış verilir. 4.2. Vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. 4.3. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası” ilə sənədləşdirilir.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidi Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri
22. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.
23. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. Kollegiya qeyd edir ki, Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar: kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmiş və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslara istinad etməlidir.
26. Hazırki işdən görünür ki, tərəflər arasında yaranmış mübahisə cavabdeh tərəfindən iddiaçı barəsində həyata keçirilmiş operativ vergi nəzarətinin nəticəsində tətbiq edilmiş maliyyə sanksiyası barədədir.
27. Cavabdehin “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021ci il tarixli **********9792 nömrəli qərarına əsasən, iddiaçının Abşeron rayonu, Fatmayı Ə/V Q.Qarayevdə yerləşən anbar-mağazada (**********-31001) operativ vergi nəzarəti tədbiri həyata keçirilməsi qərara alınmışdır. Qərarda nəzarətin keçirilməsi müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) qeyd olunmuşdur.
28. İddiaçıya məxsus obyektdə operativ vergi nəzarətinin həyata keçirilməsinə başlanılmış və tədbirin nəticəsi üzrə tərtib edilmiş aktda ümumi dəyəri 183867,89 manat məbləğində malların iddiaçı tərəfindən elektron-qaimə faktura tərtib edilmədən satışının həyata keçirilməsi göstərilmişdir. Keçirilmiş tədbirin nəticəsi olaraq cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli 005828 nömrəli akt tərtib edilmiş və həmin akt əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********5487 nörməli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ilə iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaiməfaktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə 183867,89 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır.
29. Kollegiya ilk növbədə qeyd edir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Lakin, hazırkı halda xx.xx.2021-ci il tarixli **********9792 nömrəli qərarda iddiaçıya məxsus obyektdə operativ vergi nəzarətinin həyata keçirilməsinə əsas olan halları və məlumatları göstərməmiş, yoxlamanın aparılmasını zəruri edən halları və məlumatlara istinad etməmişdir.
30. Bundan başqa, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir.
31. İddiaçının nümayəndəsi yoxlama zamanı təqdim etdiyi və cavabdehin də istinad etdiyi xx.xx.2021-ci il tarixli arayışda idxal olunmuş bütün malların pərakəndə satıldığını bildirdiyi halda, iddiaçının ticarət fəaliyyətinin topdansatış olduğunu sübut etmək vəifəsi cavabdehin üzərinə düşür.
32. Bununla əlaqədar həm də qeyd olunmalıdır ki, malların pərakəndə ticarət qaydasında satışını həyata keçirən iddiaçı həmin malların satışı zamanı elektron qaiməfaktura təqdim etmək vəzifəsi daşımamış və eyni zamanda hər hansı alıcının ondan elektron qaimə-faktura tələb etməsi yoxlama zamanı müəyyən edilməmiş, işdə olan sənədlərlə də təsdiq olunmamışdır. Cavabdeh etirazının əsası kimi iddiaçı tərəfindən malların alıcıya satışının sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də, etirazının əsasını sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyciləri, eləcə də onlar tərəfindən iddiaçıdan elektron qaimə-faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron-qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına daxil olmuş hər hansı şikayət və müraciət barədə məlumatı məhkəməyə təqdim edə bilməmişdir.
33. İddiaçının “anbar” adlanan ticarət obyektində malların pərakəndə satışının qadağan edilməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı vergi orqanında həm “çadırlarda və bazarlarda sair malların pərakəndə satışı”, həm də “malların saxlanılması və anbarlara yığılması” üzrə fəaliyyət göstərən vergi ödəyicisi kimi uçota alınmışdır. Bundan başqa, vergi ödəyicisinin vergi orqanında bu və ya digər fəaliyyət növü üzrə uçota alınması onun başqa fəaliyyət növü (və ya növləri) ilə məşğul olmasını istisna etmir. İş materiallarından görünür ki, iddiaçının fəaliyyət növlərindən biri pərakəndə ticarət fəaliyyəti olmuşdur. Onun operativ vergi nəzarəti həyata keçirilən “anbar” adlanan obyektində nəzarət kassa aparatının quraşdırılması da bu faktı təsdiq edir. Həmin nəzarət kassa aparatının vergi orqanı tərəfindən təsdiq edilməsi isə sonuncunun iddiaçının pərakəndə satış fəaliyyəti ilə məşğul olmasına razılığını ifadə edir.
34. Bundan əlavə kollegiya qeyd edir ki, etiraza əlavə edilən ƏDV məbləğlərinə dair məlumatların (geri qaytarılan ƏDV məbləğlərinə dair məlumatlara əsasən nəzarət-kassa aparatına mədaxil olunmuş 1.320.317,00 manat məbləğində 1765 sayda çeklərin cəmi 82 şəxslər arasında bölüşdürülməsi), habelə nəzarət-kassa aparatının çeklərinə əsasən pul vəsaitlərinin nəzarət-kassa aparatına eyni vaxtlarda, qısa vaxt aralığında və eyni məbləğdə mədaxil olunması da öz-özlüyündə iddiaçının müvafiq malları topdansatış qaydasında satmasını sübut edən sənədlər kimi qiymətləndirilə bilməz. Çünki, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Digər tərəfdən inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Bu baxımdan kollegiya apellyasiya şikayətinin müvafiq dəlillərini əsassız hesab edir. Belə ki, İPM-nin 14.1-ci maddəsi mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsini həmin aktı qəbul etmiş inzibati orqanın üzərinə qoyur
35. Bundan əlavə, vergi qanunvericiliyinə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən, malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir. Göründüyü kimi, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1 - 50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilibedilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir.
36. Hazırkı iş üzrə isə, cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci tarixədək olan müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı yalnız tədbir anında və yoxlama müddətində baş tutan deyil, idxal olunan bütün mallar üzrə xx.xx.2021-ci ilədək olan əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki olaraq həyata keçirilmədiyi dövr üzrə həyata keçirilən əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir ki, bu da ümumilikdə operativ vergi yoxlamasının mahiyyətinə və xarakteristikasına uyğun deyildir.
37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı tərəfindən qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********5487 nömrəli qərar maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və vergi ödəyici kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan birinci instansiya məhkəməsinin qeyd edilən qərarın ləğv edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur
38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2-1(118)-1047/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.