Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-552/2023 22.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “məhkəmə qərarının icra edilərək iddiaçıya ödənilməli olan pul məbləğinin cavabdehdən tutulması, pensiyadan qanunsuz tutulmaların hər ay pensiya məbləğinin üzərinə əlavə edilməklə ödənilməsi” barədə ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2-1(85)-2689/2017 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, əmək kitabçası üzrə 1981-ci ildən 1995-ci ilədək neft sənayesində işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş Güzəştli pensiya hüququ olan vəzifələrin 1 nömrəli siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, xx.xx.2008-ci il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının, həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli, 2-1(85)- 2689/2017 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçının əmək kitabçası üzrə 1981-ci ildən 1995-ci ilədək neft sənayesində işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş Güzəştli pensiya hüququ olan vəzifələrin 1 nömrəli siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, xx.xx.2008-ci il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının, həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verməmişdir. Qərar qanuni qüvvəyə mindikdən sonra 05 dekabr 2017-ci il tarixdə icra olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə göndərilmişdir. Şöbə 12 sentyabr 2018-ci il tarixli məktubunda bildirmişdir ki, məhkəmənin qərarı tərəflərindən tam icra olunmuşdur. xx.xx.2022-ci il tarixində iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarının icra olunaraq 19531,66 manat, eləcə də borcludan tələbkarın xeyrinə xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək 7 ay müddətində ödənilməli pensiya məbləğinin cəmi 5488 manat məbləğində tutulması və xx.xx.2021-ci il tarixdən başlayaraq təyin olunmuş pensiyanın ödənilməyən hissəsinin, 404 manat fərqin hər ay pensiya üzərinə əlavə edilərək bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mövcudluğuna baxmayaraq 4 il sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən qanunsuz olaraq iddiaçıya xx.xx.2020-ci il tarixdən pensiya ödənişi dayandırılmışdır. Daha sonra 2021-ci ilin aprel ayında yenidən ödənilmə başlanmış, lakin hər ay pensiyası 380-400 manat arasında müxtəlif məbləğlərlə ödənilmişdir. Hesab edir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1 (85)-2689/2017 nömrəli və xx.xx.2018-ci il tarixli 2-1(85)-560/2018 nömrəli qərarlarının icra edilməməsi nəticəsində 19531,66 manat fərq ərizəçiyə ödənilməli, həmçinin, borcludan tələbkarın xeyrinə xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək 7 ay müddətində ödənilməli pensiya məbləğinin cəmi 5488 manat məbləğində tutulmalı və xx.xx.2021-ci il tarixdən başlayaraq təyin olunmuş pensiyanın ödənilməyən hissəsi, 404 manat fərq məbləği hər ay pensiyanın üzərinə əlavə edilərək bərpa edilməlidir. Borclu orqanın inzibati iş üzrə məhkəməyə təqdim etdiyi etirazda qeyd edilmişdir ki, sözügedən məhkəmə qərarlarına əsasən iddiaçıya ödənilməli olan 37628,02 manatdan 19531,66 manat hələ ödənilməmişdir. Eləcə də qeyd edilmişdir ki, məhkəmə qərarı əsasında ərizəçiyə 784 manat pensiya məbləği təyin edilmişdir. Qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsasında iddiaçıya 784,31 manat məbləğində pensiya təyin olunmuşdur. Həmin pensiya məbləği xx.xx.2020ci ildən xx.xx.2021-ci ilə qədər ümumiyyətlə, ödənilməmişdir. xx.xx.2021-ci il tarixdən isə 380 manat ödənilmişdir. Nəticədə, həmin 7 ay müddətinə cəmi 784,31x7=5488 manat ödənilməli, xx.xx.2021-ci il tarixdən isə hər ay ödənilməyən hissə 784-380=404 manat məbləğində fərq pensiyanın üzərinə əlavə edilməlidir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(85)-2689/2017 nömrəli və xx.xx.2018-ci il tarixli, 2-1(85)-560/2018 nömrəli qərarlarının icrası məqsədilə iddiaçının əmək pensiyası yenidən 341,86 manatdan 653,06 manata artırılmış, həmçinin ona keçmiş dövr üzrə ödənilməli olan 37628,02 manat fərq məbləği hesablanmışdır. Həmin 37628,02 manat fərq məbləğinin 18096,36 manat hissəsi xx.xx.2018-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən şəxsin əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülmüşdür. Əlavə olaraq bildirir ki, əmək pensiyasının indeksləşdirilməsi ilə əlaqədar iddiaçının pensiyasının məbləği xx.xx.2020-ci il tarixdən etibarən 784,31 manat təşkil etmişdir. Həmçinin, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılması məqsədilə adıçəkilən şəxsə əmək pensiyasının ödənişi xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Sözügedən şöbənin xx.xx.2021-ci il tarixli, **********4 nömrəli xidməti məktubunda iddiaçıya əmək pensiyasının ödənişinin dayandırıldığı tarixdən bərpa edilməsi və ona artıq ödənilmiş 25948,35 manat pul vəsaitinin büdcəyə qaytarılması tapşırılmışdır. Bununla əlaqədar iddiaçının müvafiq ərizəsi nəzərə alınaraq ona artıq ödənilmiş 26948,35 manat pul vəsaiti onun pensiyasının yeni aylıq məbləğindən hər ay 93,99 manat olmaqla tutularaq büdcəyə bərpa edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2-1(85)-2689/2017 nömrəli qərardadı ilə ərizə qismən təmin edilərək iddiaçının əmək pensiyasının məhkəmə qərarlarına əsasən yenidən hesablanması nəticəsində yaranmış fərqin ödənilməyən hissəsi, xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək ödənilməli pensiya məbləği və xx.xx.2021-ci il tarixdən ödənilməsinə başlayan əmək pensiyasından tutulan pul vəsaitinin iddiaçıya ödənilməsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən təmin edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardadla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək qərardadın iddianın təmin olunan hissəsində ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 52 yaş müəyyən edilmişdir. Araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək ərizə ilə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirdi ki, 50 yaşından ödənilən pensiyanın dayandırılması, fərqin aylara bölünərək 10 faiz tutulmaqla 52 yaşından pensiya ödənişinin bərpa edilməsi ilə bağlı iddiaçı tərəfindən verilmiş ərizə onun iradəsindən asılı olmayaraq cavabdeh orqan tərəfindən yazdırılmışdır. İddiaçının nümayəndəsi (vəkili) şikayətin təmin edilməməsini xahiş etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək ərizə rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırda yaranmış mübahisə məhkəmə qərarının icrası ilə bağlı yaranmamışdır. Belə ki, işdən görünür ki, iddiaçıya DSMF-nin Sumqayıt şəhər şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 20 oktyabr 2017-ci il tarixli, 2-1(85)-2689/2017 nömrəli qərarı ilə iddiaçının 1981-1995-ci illər üzrə işlədiyi dövr iş stajına daxil edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahıya müvafiq olaraq onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 50 yaşından, yəni xx.xx.2008-ci il tarixdən orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmənin qərarından apellyasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəyə minərək cavabdeh tərəfindən icra edilmişdir. Bundan sonra, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən pensiya hüququnun təsbiti ilə bağlı əsaslı şübhələrin yaranması əsası ilə inzibati icraat təzələnmiş, iddiaçının əmək pensiyasının ödənişi xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Həmin icraat zamanı iddiaçı xx.xx.2021-ci il tarixdə ƏƏSMN-nə ərizə təqdim edərək 50 yaşından ona ödənilən pensiyanın dayandırılmasını, fərqin aylara bölünərək 10 faiz tutulmaqla 52 yaşından pensiya ödənişinin bərpa edilməsini xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 39.1-ci maddəsinin tələbinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının razılığı əsas götürülərək, ona məhkəmə qərarına əsasən, 50 yaşdan təyin edilmiş əmək pensiyası 52 yaşdan yenidən hesablanmaqla, pensiyanın məbləği əmək haqqı əsasında deyil, sosial sığorta stajına əsasən hesablanaraq, 2021-ci ilin may ayından etibarən bərpa edilmiş və hər ay pensiyadan 93,99 manat məbləğində artıq ödənilmiş məbləğin tutulmasına başlanılmışdır. Bununla bağlı cavabdeh tərəfindən “Əmək pensiyasının yenidən hesablanması” haqqında xx.xx.2021-ci il tarixli qərar(inzibati akt) qəbul edilmiş, qərara əsasən iddiaçının əmək pensiyası yenidən hesablanaraq pensiya məbləği 469,96 manat həddində müəyyən edilmişdir. Hazırda iddiaçı yuxarıda qeyd edildiyi kimi məhkəmə qərarının icrası qaydasında ərizə ilə müraciət edərək, iddiaçının yaşlı insan olduğundan sözügedən ərizənin onun iradəsindən asılı olmayaraq cavabdeh orqan tərəfindən yazdırıldığını, hazırkı iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının olduğunu nəzərə alaraq, cavabdehdən iddiaçının xeyrinə 19531,66 manat, eləcə də xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək 7 ay müddətində ödənilməli pensiya məbləğinin cəmi 5488 manat məbləğində tutulması və xx.xx.2021-ci il tarixdən başlayaraq təyin olunmuş pensiyanın ödənilməyən hissəsinin, 404 manat fərqin hər ay pensiya üzərinə əlavə edilərək bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Kollegiya işin yuxarıda sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, əmək pensiyası dayandırıldıqdan sonra iddiaçının razılığı əsasında əmək pensiyasının yenidən hesablanması barədə yeni inzibati akt qəbul edildiyindən və pensiyaçının razılığı ilə artıq pensiya məbləğinin hər ay əmək haqqından tutulması həyata keçirildiyindən hazırkı ərizəyə məhkəmə qərarının icrası qaydasında deyil, müstəqil iddia qaldırılmaqla baxıla bilər. Təsadüfi deyildir ki, yuxarıda istinad edilən Ali Məhkəmə Plenum qərarının 33-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, İPM-in 1.2 və 116.1-ci maddələrinə uyğun olaraq inzibati işlər üzrə məhkəmə qərarlarının icrası ilə bağlı MPM-in və “İcra haqqında” Qanunun müvafiq normalarına istinadla və inzibati mübahisələrin xüsusiyyətləri nəzərə alınmaqla məhkəmə aktının izah edilməsi, icrada dönüş, məhkəmə qərarının icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qərarın icra üsulunun və qaydasının dəyişdirilməsi, icra hərəkətlərinin təxirə salınması və icra üzrə icraatın dayandırılması məsələlərinə də baxıla bilər. Göründüyü kimi qanunvericiliklə məhkəmə qərarının icrası qaydasında baxılmalı olan məsələlər üzrə qəbul edilməsinə yol verilən qərardadların növləri konkret təsbit edilmişdir. İddiaçının hazırkı tələbləri isə qeyd olunan icra institutları ilə tənzimlənən məsələlərin dairəsinə daxil deyildir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə məhkəmə qərarının məcburi icrasına nəzarət edən məhkəmə tərəfindən icra icraatı qaydasında baxıla bilməz. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan xüsusatlarını nəzərə almayaraq iddiaçının tələbinə məhkəmə qərarının icrası qaydasında baxaraq ərizənin qismən təmin edilməsi ilə bağlı müvafiq qərardad qəbul etmişdir. Halbuki, qanunvericilikdə icra icraatı qaydasında baxılan məsələlər üzrə belə məzmunda qərardad növü təsbit edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən, kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə rədd edilməli və iddiaçıya hazırkı tələblərlə iddia icraatı qaydasında inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 80, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2-1(85)-2689/2017 nömrəli qərardadı ləğv edilsin. Ərizə rədd edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-552/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-552/2023
22.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver