Məhkəmə qərarları › İş №2-1(105)-553/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-553/2022

25.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-553/2022 25.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2-1(118)-570/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. (AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsi). İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək Qubadlı rayon pioner evində dərnək rəhbəri, xx.xx.1980-cı il tarixdən Qubadlı rayon Göyərcik kənd orta məktəbində musiqi müəllimi, xx.xx.1989-cu il tarixdən M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun müəllimi, xx.xx.1990-cı il tarixdən Göyərcik kənd orta məktəbində rus dili müəllimi təyin edilmiş, xx.xx.2010-cu il tarixdən həmin vəzifədən azad edilmişdir. İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.2005-ci il tarixində 15 saylı DDSO-nə bosman işinə qəbul edilmiş, xx.xx.2006-cı il tarixində qazma avadanlıqlarının təmiri və kirayəsi sexinə 4-cü dərəcəli təmirçi çilingər keçirilmiş, xx.xx.2012-ci il tarixində öz xahişi ilə işdən azad edilmiş, (AR DNŞ-nin 12 mart 2007-ci il tarixli, 51 nömrəli və 14 mart 2007-ci il tarixli, 60 nömrəli əmrlərinə əsasən “Bayıl Limanı” X6 İdarəsi yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi “Kompeks qazma işləri” trestinin tebliyinə verilmişdir), xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək “X7” tresti X9 idarəsinə qazma avadanlıqlarına xidmət sexində 6-cı dərəcəli təmirçi çilingər işləmiş, xx.xx.2014-cü il tarixində “X7“ terstində logistika bölümünün Qazma avadanlıqlarına və daxili daxili yanma mühərriklərinə xidmət sexinə 6cı dərəcəli təmirçi çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdən Mexanika avadanlıqları və xidmət sahəsində 6-cı dərəcəli təmirçi çilingər vəzifəsinə keçirilmiş, halhazıradək həmin vəzifədə işləyir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə 12 noyabr 2021-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh orqan 25 noyabr 2021-ci il tarixli, **********0 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) qazma bəndində (10.1) bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingərlər peşəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi filiala təqdim etdiyi SOCAR-ın “Kompeks qazma işləri” trestinin iddiaçıya dair xx.xx.2021-ci il tarixli SOCAR**********81200598X00038 nömrəli arayışında xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək adıçəkilən trestə qazma avadanlıqlarının təmiri və kirayəsi sexində təmirçi çilingər və qazma avadanlıqlarının xidmət sexində təmirçi çilingər peşələrində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda iddiaçının işlədiyi təmirçi-çilingər peşəsinin yuxarıda qeyd olunan bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingərlər peşəsinə aid olubolmaması barədə hər hansı bir məlumat qeyd edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müaciət edərək, ona 60 yaşı tamma olan tarixdən, yəni 12 noyabr 2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. O, əmək fəaliyyətinə xx.xx.1976-cı il tarixdə başlamışdır. 1998-ci ilin iyul ayından 2010-cu ilin avqust ayına qədər Qubadlı rayon Göyərcik kənd orta məktəbində orta aylıq (dondurulmuş) əmək haqqı almışdır. Hal-hazırda Azərbaycan Dövlət Neft Şirkəti “X7” trestində işləyir. Ümumi iş stajı 45 ildən artıqdır. 1978-ci ilin may ayından 1980-ci ilin may ayınadək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. İddiaçı 60 yaşı tamam olduğuna görə xx.xx.2019-cu il tarixində əmək pensiyası hüququ əldə etmişdir. Bu səbəbdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün cavabdeh orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahının "Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı“ bölməsində “bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingərlər” in adı çəkilir, yəni adı çəkilən işlərdə çalışan kişilər ümumi 25 il iş stajı olduqda, zərərli iş yerində 12,6 il işlədikdə və 60 yaşına çatdıqda güzəştli əmək pensiyası hüququ əldə edirlər. SOCAR-ın xx.xx.2021-ci il tarixli arayışında onun “Kompeks qazma işləri” trestində ağır əmək şəraitində və zərərli hesab edilən peşələrdə işləməyi təsdiq edilmişdir. Həmin müəssisədə xx.xx.2005-ci ildən hal-hazıradək işləməyi sözügedən arayışda göstərilmişdir. Qeyd edir ki, o, bilavasitə buruqlarda təmirçi-çilingər vəzifəsini icra edir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, is yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apelyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsinə xx.xx.2021-ci il tarixli SOCAR**********81200598X00038 nömrəli arayış əlavə etmişdir ki, bu arayış Ali Məhkəmənin təcrübəsinə əsasən iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) müəyyən etməyə imkan vermir. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, təqdim etdiyi güzəştli arayışında çalışdığı peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nda məlumat qeyd edilmədiyindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Sumqayıt İnzibati Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2-1(118)-570/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim V.Əzizova) Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İşə baxan məhkəmə qərar qəbul edərkən maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, məhkəmə qərar qəbul edərkən SOCAR “X7” Trestinin xx.xx.2021-ci il tarixli arayışına istinad edərək göstərmişdir ki, iddiaçı trestin müxtəlif sexlərində təmirçi çilingər peşəsində işləmişdir. Bununla bağlı məhkəmə işlədiyi “X7” Trestinə sorğu ünvanlamış və iddiaçının işlədiyi təmir və xidmət sexlərində təmirçi-çilingər peşəsinin, bilavasitə buruqlarda avadanlıqların təmiri üzrə təmirçi çilingər peşəsi ilə eyni olubolmaması və yerinə yetirilən funksiyaların uyğunluğu barədə məlumat istəmişdir. SOCAR şirkəti məhkəmənin sorğusuna cavab olaraq həmin peşə sahiblərinin əmək şəraitinin fərqli olduğunu, sexin (sahənin) təmirçi çilingərinin sex şəraitində avadanlıqların təmirini həyata keçirdiyi halda, bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçiçilingərlərin iş yerinin buruq olmaqla, fasiləsiz islehsalatda qazma prosesinin gedişatında təmir işlərini yerinə yetdirdiyini bildirmişdir. AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq Siyahının “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” adlanan 10-cu bölməsinin “Qazma” adlanan 10.1-ci qrafasında “bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingərlər” peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aid edilmişdir. Həmin siyahıda “bilavasitə buruqlarda” ifadəsi işlənmişdir ki, bu da yalnız həmin işdə işləyən təmirçi-çilingərlərin güzəştli şərtlərlə 12 il 6 ay xüsusi stajı olduqda yaşa görə əmək pensiyası hüququ əldə etmiş olduğunu təsdiq edir. Yuxarıda qeyd edildiyi kimi “X7” Trestinin xx.xx.2022-ci il tarixli arayışında onun təmirçi-çilingər kimi bilavasitə buruqlarda avanalıqların təmiri ilə məşğul olmağı qeyd edilməmişdir. “X7” Trestinin xx.xx.2022-ci il tarixli arayışında göstərilmişdir ki, həmin X2 Bölümünün Mexanika avadanlıqlarına xidmət ahəsində təmirçi-çilingər işləyən X1 və mexanika avadanlıqlarına xidmət sahəsində işləyən təmirçi-çilingərin əmək funksiyasına, sahədə qazma avadanlıqları, daxiliyanma mühərrikləri və s. avadanlığın təmiri, həmçinin, dənizdə və quruda olan qazma quyularının tikintisi zamanı quyuağzı avadanlığın yığılması, təmiri, buruqlarda montaj-demontaj iştirak etməsi, eləcə də, qazma avadanlıqlarının təmirdən sonra kompleks sınağı, istismara buraxılması və proflaktik işlər daxildir. xx.xx.2022-ci il tarixli arayış bu iş üzrə qəbul olunmuş məhkəmə qərarı çıxandan sonra ona təqdim edilmişdir. İş yeri üzrə rəhbərliyin təsdiq etdiyi xx.xx.2022-ci il tarixli arayışda onun əmək fəaliyyətinin bilavasitə buruqlarda icra edilməsi öz əksini tapmışdır. Bu da Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş 10-cu bölməsinin 10.1-ci qrafasında qeyd edilənlərlə eynidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz edərək etirazı iddia ərizəsi etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmənin sorğusuna əsasən SOCAR tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan aydın olur ki, sexdə (sahədə) çalışan təmirçi-çilingər və bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingərlər peşəsinin əmək şəraiti fərqlidir. Belə ki, sexin (sahənin) təmirçi-çilingərləri sex şəraitində avadanlığın təmirini həyata keçirdiyi halda, bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingərlərin iş yeri buruq olmaqla, fasiləsiz istehsalatda qazma prosesinin gedişatında təmir işlərini yerinə yetirir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq qeyd etdi ki, faktiki olaraq əsas əmək fəaliyyəti həm quruda, həm də dənizdə olan buruqlarda avadanlıqların təmir edilməsi ilə bağlıdır. İddiaçı birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etirazla eyni məzmunda izahat verərək izahatında əlavə olaraq qeyd etdi ki, iddiaçının xx.xx.2019-cu il tarixinə (60 yaş) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 59783,95 manat təşkil edir. Həmin pensiya kapitalı iddiaçıya əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunu (mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan redaksiyası): Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanun (hazırda qüvvədə olan redaksiyası): Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası hazırkı mübahisə üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını belə əsaslandırmışdır ki, SOCAR “X7” Trestinin xx.xx.2021-ci il tarixli arayışında iddiaçının Trestin müxətlif sexlərində (təmir, kirayə və xidmət) təmirçi-çilingər peşəsində işləməsi və arayışın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı nəzərə alınmaqla verildiyi qeyd edilmişdir. Bununla bağlı məhkəmə iddiaçının işlədiyi SOCAR “X7” Trestinə sorğu ünvanlayaraq iddiaçının işlədiyi təmir və xidmət sexlərində təmirçi-çilingər peşəsinin bilavasitə buruqlarda avadanlıqların təmiri üzrə təmirçi-çilingər peşəsi ilə eyni olub-olmaması və yerinə yetirdiyi funksiyaların uyğunluğu barədə məlumat istənmişdir. SOCAR şirkəti məhkəmənin sorğusuna cavab olaraq həmin peşə sahiblərinin əmək şəraitinin fərqli olduğunu, sexin (sahənin) təmirçi-çilingərlərinin sex şəraitində avadanlığın təmirini həyata keçirdiyi halda, bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingərlərin iş yeri buruq olmaqla, fasiləsiz istehsalatda qazma prosesinin gedişatında təmir işlərini yerinə yetirdiyini bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” adlanan 10-cu bölməsinin “Qazma” adlanan 10.1-ci qrafasında “bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingərlər” peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aid edilmişdir. Məhkəmə qeyd edir ki, həmin Siyahıda da “bilavasitə buruqlarda” ifadəsinin işlədilməsi göstərilən peşəni iddiaçının işlədiyi sexlərdə avadanlığın təmiri üzrə təmirçi çilingər peşəsindən fərqləndirir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 12 il 6 ay xüsusi stajı yaranmamış olur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Qanununun mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan redaksiyasının 9.1-ci maddəsinin müddəalarına görə, iddiaçının 60 yaşının tamam olduğu 12 noyabr 2019-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır: 1) azı 25 il ümumi iş stajının mövcud olması; 2) azı 12,5 il güzəştli iş stajının mövcud olması; 3) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının 25 ildən artıq ümumi və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması işin mübahisə edilməyən halıdır. Belə ki, cavabdeh imtina məktubu, iddia ərizəsinə və apellyasiya şikayətinə etirazının dəlillərində iddiaçının ümumi iş stajını və pensiya kapitalını mübahisələndirməmiş, dəlillərində SOCAR-ın “Kompeks qazma işləri” trestinin iddiaçıya dair xx.xx.2021-ci il tarixli arayışında onun xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək adıçəkilən trestin qazma avadanlıqlarının təmiri və kirayəsi sexində təmirçi-çilingər və qazma avadanlıqlarının xidmət sexində təmirçi-çilingər peşələrində işlədiyi qeyd olunduğu halda, AR NK-nın 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nda bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingərlər peşəsinin nəzərdə tutulduğunu qeyd etmişdir. Başqa sözlə, cavabdeh iddiaçının həm ümumi iş stajının, həm də pensiya kapitalının mövcudluğunu qəbul etmişdir. Buna baxmayaraq, kollegiya bir daha hər iki şərtin mövcudluğunu araşdıraraq qeyd edir ki, iddiaçıya məxsus ИТ-İ № ******* nömrəli və ИТ-İ № ******* nömrəli əmək kitabçalarının qeydlərinə əsasən o, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək Qubadlı rayon pioner evində dərnək rəhbəri, xx.xx.1980-cı il tarixdən Qubadlı rayon Göyərcik kənd orta məktəbində musiqi müəllimi, xx.xx.1989-cu il tarixdən M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun müəllimi, xx.xx.1990-cı il tarixdən Göyərcik kənd orta məktəbində rus dili müəllimi təyin edilmiş, xx.xx.2010-cu il tarixdən həmin vəzifədən azad edilmiş, xx.xx.2005-ci il tarixində 15 saylı DDSO-nə bosman işinə qəbul edilmiş, xx.xx.2006-cı il tarixində qazma avadanlıqlarının təmiri və kirayəsi sexinə 4-cü dərəcəli təmirçi çilingər keçirilmiş, xx.xx.2012-ci il tarixində öz xahişi ilə işdən azad edilmiş, (AR DNŞ-nin 12 mart 2007-ci il tarixli, 51 nömrəli və 14 mart 2007ci il tarixli, 60 nömrəli əmrlərinə əsasən “Bayıl Limanı” X6 İdarəsi yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi “Kompeks qazma işləri” trestinin tebliyinə verilmişdir), xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək “X7” tresti X9 idarəsinə qazma avadanlıqlarına xidmət sexində 6-cı dərəcəli təmirçi çilingər işləmiş, xx.xx.2014-cü il tarixində “X7“ terstində logistika bölümünün Qazma avadanlıqlarına və daxili daxili yanma mühərriklərinə xidmət sexinə 6-cı dərəcəli təmirçi çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdən Mexanika avadanlıqları və xidmət sahəsində 6-cı dərəcəli təmirçi çilingər vəzifəsinə keçirilmiş, hal-hazıradək həmin vəzifədə işləyir. H3 seriyalı, ******* nömrəli hərbi biletinə əsasən, iddiaçı 23 may 1978-ci il tarixdən 23 may 1980-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyi 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən verilmiş 19 noyabr 2021-ci il tarixli, Ə-236/01 saylı arayışdan görünür ki, iddiaçı 1998- ci ilin iyul ayından 2010-cu ilin avqust ayınadək Qubadlı rayon Göyərcik kənd orta məktəbində orta aylıq (dondurulmuş) əmək haqqı almışdır. Beləliklə, hərbi xidmət dövrü ilə birlikdə iddiaçının 25 ildən artıq ümumi iş stajına malik olması sübuta yetirilir. Pensiya kapitalı ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış xidməti məktubdan görünür ki, iddiaçının xx.xx.2019-cu il tarixinə (60 yaş) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 59783,95 manat təşkil edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahatında həmin pensiya kapitalının iddiaçıya əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyini bildirdi. Beləliklə, iddiaçının qanunvericilikdə tələb olunan pensiya kapitalına malik olması müəyyən olunur. Güzəştli iş stajı ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Resublikası Dövlət Neft Şirkəti “X7“ tresti tərəfindən verilmiş xx.xx.2021ci il tarixli, SOCAR**********81200598X00038 nömrəli güzəştli arayışdan görünür ki, iddiaçı “Bayıl Limanı" X6 idarəsi üzrə xx.xx.2005-21 02.2006-cı illərdə 15 saylı DSÖ-də bosman, xx.xx.2006-xx.xx.2012-ci illərdə qazma avadanlıqlarının təmiri və kirayəsi sexində təmirçi çilingər, X9 idarəsi üzrə xx.xx.2012-xx.xx.2013-cü illərdə qazma avadanlıqlarına xidmət sexində təmirçi çilingər, Qazmaservis və Logistika idarəsi üzrə xx.xx.2013-xx.xx.2014-cü illərdə qazma avadanlıqlarına xidmət sexində təmirçi çilingər, “X7" trestinin Logistika bölümü üzrə xx.xx.2014-xx.xx.2021-ci illərdə qazma avadanlıqlarına və daxiliyanma mühərriklərinə xidmət sahəsində təmirçi çilingər, xx.xx.2021-ci ildən hal-hazıradək “X7“ trestinin Qazmaservis İstehsalat bölümünün Mexanika avadanlığına xidmət sahəsində təmirçi çilingər peşəsində işləyir. Arayış SOCAR “X7” tresti üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı (Siyahı 10.1) nəzərə alınmaqla əmək kitabçasına əsasən verilmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmənin sorğusuna cavab olaraq “X7“ tresti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda sexdə (sahədə) çalışan təmirçi-çilingər və bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingər peşələrinin əmək şəraitinin fərqli olduğu, sexin (sahənin) təmirçi-çilingərlərinin sex şəraitində avadanlığın təmirini həyata keçirdiyi halda, bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi çilingərlərin iş yeri buruq olmaqla, fasiləsiz istehsalatda qazma prosesinin gedişatında təmir işlərini yerinə yetirdiyi qeyd edilsə də, iddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilən adıçəkilən trest tərəfindən iddiaçının bununla bağlı müraciətinə cavab olaraq verilmiş 08 iyul 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, mexanika avadanlıqlarına xidmət sahəsində işləyən təmirçi çilingərin əmək funksiyasına sahədə qazma avadanlıqları, daxiliyanma mühərrikləri və sair avadanlığın təmiri, həmçinin, dənizdə və quruda olan qazma quyularının tikintisi zamanı quyuağzı avadanlığın yığılması, təmiri, buruqlarda montaj-demontaj işlərində iştirak edilməsi, eləcə də qazma avadanlıqlarının təmirdən sonra kompleks sınağı, istismara buraxılması və profilaktik işlər daxildir. Göründüyü kimi “X7“ tresti tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilən məktubda sahədə çalışan təmirçi-çilingər və bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingər peşələrinin əmək funksiyalarının fərqli olduğu, lakin həmin trest tərəfindən iddiaçıya verilmiş məktubda isə mexanika avadanlıqlarına xidmət sahəsində işləyən təmirçi çilingərin əmək funksiyasına həm də buruqlarda montajdemontaj işlərində iştirak edilməsinin aid olduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası tərəfindən sözügedən ziddiyyətə aydınlıq gətirilməsi ilə bağlı SOCAR Azərbaycan Resublikası Dövlət Neft Şirkətinə müvafiq sorğu ilə müraciət edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq “X7“ trestinin müdiri, mexanika, buruq avadanlığının təmiri şöbəsinin rəisi-baş mexanik və personal və əmək haqqı şöbəsinin rəisi tərəfindən imzalanmış məktubdan görünür ki, mexanika avadanlıqlarına xidmət sahəsində işləyən təmirçi çilingərin əmək funksiyasına sahədə qazma avadanlıqları, daxiliyanma mühərrikləri və sair avadanlığın təmiri, həmçinin, dənizdə və quruda olan qazma quyularının tikintisi zamanı quyuağzı avadanlığın yığılması, təmiri, buruqlarda montaj-demontaj işlərində iştirak edilməsi, eləcə də qazma avadanlıqlarının təmirdən sonra kompleks sınağı, istismara buraxılması və profilaktik işlər daxildir. Həmçinin, sorğuya cavaba əlavə edilən mexanika avadanlığına xidmət sahəsində işləyən təmirçi çilingərin “vəzifə standartı”ndan görünür ki, vəzifənin icra etdiyi fəaliyyətlərin sırasının 3-cü bəndində “Qazma avadanlıqları, daxiliyanma mühərriklərinin özül və buruqlarda təmir edilməsi, quyuağzı avadanlığın (preventor və kəmər başlıqları) quraşdırılması” fəaliyyəti və müvafiq olaraq fəaliyyətin əmək funksiyasına “Özül və buruqlarda aparılan bütün təmir işlərinin yerinə yetirilməsi” aid edilmişdir. Bundan əlavə, iddiaçı da məhkəmə iclasında izahatında faktiki olaraq əsas əmək fəaliyyətinin həm quruda, həm də dənizdə olan buruqlarda avadanlıqların təmir edilməsi ilə bağlı olduğunu bildirmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edildi ki, mexanika avadanlığına xidmət sahəsində işləyən təmirçi çilingərin əmək fəaliyyətinə həm də qazma avadanlıqları, daxiliyanma mühərriklərinin özül və buruqlarda təmir edilməsi də aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısından görünür ki, iddiaçının “X7“ trestində işlədiyi bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingərlər peşəsi Siyahının 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” bölməsinin 10.1-ci bəndinə uyğun gəlir. Bu baxımdan, cavabdehin dəlilləri əsassızdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Birinci instansiya məhkəməsi işin qeyd olunan xüsusatlarının nəzərə almadan iddia tələbini rədd edərkən haqlı olmamışdır. Bu baxımdan, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2-1(118)-570/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı 12 noyabr 2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar