Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-554/2022 06.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “1971-ci ilin yanvar-noyabr ayları, 1972- 1985-ci ilin noyabr ayları və 1986-1996-cı illərdə Şamaxı rayon Quşçu kənd “Xəqani” adına sovxozda işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2-1(118)-325/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 11 saylı regional ərazi idarəsinə qarşı məhkəməyə müraciət edərək, imtinanın əsassız hesab olunması və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr verərək cavabdehin Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini və 1971-ci ilin yanvar-noyabr ayları, 1972-1985-ci ilin noyabr ayları və 1986-1996-cı illərdə Şamaxı rayon Quşçu kənd “Xəqani” adına sovxozda işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. O, yaşa görə əmək pensiyası təyin olunması üçün sənədlərini toplayıb DSMF-nin 11 saylı regional ərazi filialına təqdim etmişdir. Ərazi idarəsi ərizəni baxılmaq üçün DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərmişdir. Filial iddiaçının 23 il 11 ay sığorta stajını qəbul etmiş, müəyyən dövrlərdə Şamaxı rayonu Quşçu kənd “Xəqani” adına sovxozda işlədiyi illəri bu staja daxil etməmiş, bu səbəbdən 07 sentyabr 2021-ci il tarixdə **********1 saylı imtina məktubu ilə ona yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İddiaçı cavabdehin imtina cavabını əsassız hesab edir. Belə ki, o, 1970-ci ildə 7ci sinfi bitirəndən sonra oxumamış və 1971-ci ilin yanvar ayından Şamaxı rayonu Quşçu kənd “Xəqani” adına sovxozda fəhlə işləməyə başlamışdır. 1997-ci ilin yanvar ayının 2-nə kimi həmin sovxozda işləmişdir. Cavabdehin iddia ərizəsinə etirazı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Qaydaların 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. İddiaçı əmək kitabçası mövcud deyildir. Bu səbəbdən ümumiyyətlə həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkünsüzdür. Bundan başqa 09 dekabr 1971-ci il tarixli Əmək Qanunları Məcəlləsinin 173-cü maddəsinə əsasən, on altı yaşına çatmamış şəxslərin isə qəbul edilməsinə icazə verilmir. İstisna hallarda, bir müəssisənin, qurumun, təşkilatın həmkarlar ittifaqı komitəsi ilə razılaşdırılaraq on beş yaşına çatmış şəxslər işə qəbul edilə bilər. xx.xx.1956-cı il təvəllüdlü İddiaçı “Xəqani adına kolxoz”da 1971-ci il yanvar ayından işə daxil olduğunu iddia etsə də, vətəndaşın bu tarixdə əmək qabiliyyətli olmamışdır. Əmək qabiliyyətinin 15 yasdan yarandığını nəzərə alsaq, İddiaçı 1971-ci il yanvar avından “Xəqani adına kolxoz”da işləməsi faktı əsassızdır. Təqdim olunmuş xx.xx.2020-ci il tarixli 29 nömrəli arxiv arayışında Şamaxı rayonu Xəqani adına sovxozun X7 filialında saxlanılan əmr kitablarında isə qəbul edilmə barədə əmr aşkar olunmadığı qeyd edilmişdir. Bu o deməkdir ki, iddiaçının 1971-ci il tarixdə işə daxil olma barədə iddiası əsassızdır. 1974-1979-cu illər üzrə əmək haqqı cədvəllərinin mövcud olmaması həmin dövrlərdə İddiaçı işləməsi faktının mötəbərliyini şübhə altına salır. İddiaçı nə azı 25 il sığorta stajına malik olduğuna, nə də fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyinə görə Dövlət Sosial Müdafiə Fondu ərizəni təmin edə bilməz. Sumqayıt İnzibati Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2-1(118)-325/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı 1971-ci ilin yanvar-noyabr ayları, 1972-1985ci ilin noyabr ayları və 1986-1996-cı illərdə Şamaxı rayon Quşçu kənd “Xəqani” adına sovxozda işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. (hakim Vəfa Əzizova) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddianın uğurlu olması vətəndaşın pensiya təyinatına səbəb olduqda mümkündür. Lakin göründüyü kimi mübahisələndirilən dövrlər (arxiv arayışı əsasında) qəbul edilsə belə, 24 il 4 ay 5 gün təşkil edir, belə olan halda qanunla tələb olunan sosial sığorta stajı tamamlanmır. Bundan başqa, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı əmək qabiliyyətli dövrü 09 dekabr 1971-ci il tarixli Əmək Qanunları Məcəlləsinin 173-cü maddəsinə müvafiq olaraq 15 yaşdan (xx.xx.1971) etibarən yarandığı halda, birinci instansiya məhkəməsi qərar qəbul edərkən qanunvericiliyin tələblərini pozaraq 14,5 yaşdan (xx.xx.1971) etibarən işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsini qərara almışdır. Məhkəmə bu halları araşdırmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 149. Normativ hüquqi aktlar Vİ. mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22. Sığorta stajının hesablanması qaydası 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən növündən asılı olmayaraq pensiya təyin edilməsi üçün - pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər tələb olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə pensiyanın yaranması üçün iki şərt tələb olunur: 1) şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; 2) fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin yaşa görə əmək pensiyası təyin etməkdən imtinası əsassız olmuşdur. Belə ki, iş materiallarında olan İddiaçı aid şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1956-cı il təvəllüdlüdür. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi X7 filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 29 saylı arxiv arayışından görünür ki, X1 işə qəbul edilməsi barədə əmr aşkar edilməmişdir. Onun 29 yanvar 1973-cü il tarixdə 17 saylı əmrlə fəhlə kimi briqadaya təhkim edilməsi və 02 yanvar 1997-ci il tarixdə 01 saylı əmrlə işdən azad edilməsi barədə əmrlər aşkar edilmişdir. X6 filialının xx.xx.2020-ci il tarixli 29 saylı arxiv arayışından görünür ki, Şamaxı rayonu Xəqani adına sovxozun 1974-1979-cu illərın əmək haqqı cədvəlləri və şəxsi hesab kitabları arxivə təhvil verilməmişdir. X6 filialının xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı 1971-ci ilin yanvar ayından (dekabr ayı istisna olmaqla) 1997-ci ilin yanvar ayınadək Şamaxı rayonu Xəqani adına sovxozundan əmək haqqı almışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi X7 filialı tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş 11 fevral 2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli arxiv arayışlarından görünür ki, İddiaçı Şamaxı rayon Quşçu kənd Xəqani adına sovxozda 1971-1973,1980-1996-cı illərdə işləyib aldığı əmək haqqı barədə arxiv arayışı məhkəməyə göndərilmiiş, 1974-1979-cu illərin əmək haqqı cədvəlləri və şəxsi hesab kitabları X6 filialına təhvil verilməmişdir. DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, vətətəndaş İddiaçı təqdim etdiyi arxiv arayışlarının surətinə əsasən xx.xx.1971-xx.xx.1997ci illər üzrə əmək fəaliyyəti dövrü daxil olmaqla xx.xx.2006-cı il tarixinədək mübahisələndirilən əmək fəaliyyəti dövrü 26 il 1 gün təşkil edir. Eyni zamanda vətəndaşın təqdim etdiyi Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X4 xx.xx.2020-ci il tarixli 29 nömrəli arxiv arayışında xx.xx.1971-xx.xx.1973-cü illər üzrə əmək haqqı ödənildiyi qeyd edilsə də, əmrlər kitabından arxiv çıxarışında işə qəbul edilməsi barədə əmr aşkar edilməmiş, xx.xx.1973-cü il tarixdə briqadaya təhkim olunması barədə 17 nömrəli əmrin mövcud olması qeyd edilmişdir. Həmçinin arxiv arayışında 1974- 1979-cu illər üzrə əmək haqqı cədvəlləri və şəxsi hesab kitablarının X6 Filialına təhvil verilmədiyi qeyd edilmişdir. X6 filialı tərəfindən verilmiş arayışlarla iddiaçının 1971-ci ildən 1997-ci ilin yanvar ayınadək Şamaxı rayonunun Quşçu kənd Xəqani adına sovxozunda işləməsi faktı öz təsdiqini tapır. Həmin arayışlarda 1974-1979-cu illərin əmək haqqı barədə məlumat qeyd olunmasa da, X6 filialı qeyd etmişdir ki, Şamaxı rayonunun Quşçu kənd Xəqani adına sovxozun 1974-1979-cu illərin əmək haqqı cədvəlləri və şəxsi hesab kitabları arxivə təhvil verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, 1974-1979-cu illərin əmək haqqı cədvəllərinin, şəxsi hesab kitablarının arxivə təhvil verilməməsi və işə daxil olma haqqında əmrin mövcud olmaması işçinin işləməməsi anlamına gəlməməlidir və bu əsasa görə işçinin konstitusion hüququ olan sosial təminat hüququnun təmin edilməməsi digər mötəbər sübutlara əsaslanmalıdır. Qeyd edilən hala görə məsuliyyəti iddiaçı daşımır. Arxiv arayışlarında da qeyd edilmişdir ki, iddiaçı 1971-1996-cı illərdə Şamaxı rayonunun Quşçu kənd Xəqani adına sovxozunda işləmişdir. Məhkəmə kollegiyası cavabdehin iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Əmək kitabçası olmadıqda şəxsin iş stajı arxiv arayışına əsasən müəyyən edilə bilər. İddiaçının əmək qabiliyyətinin 15 yaşından (xx.xx.1971-ci ildən) yarandığı halda, işlədiyi dövrün xx.xx.1971-ci ildən hesablanması barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən hissədə şikayət əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi qərarın əsaslandırma hissəsində iddiaçının xx.xx.1971-ci ildən xx.xx.1971-ci il tarixədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilə bilməməsi barədə qənaətə gəlsə də, qərarın nəticə hissəsində iddiaçının xx.xx.1971ci ildən işlədiyi dövrün sosial sığorta stajına daxil edilməli olmasını qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək qabiliyyəti xx.xx.1971-ci ildə yarandığından həmin dövrə qədər işlədiyi müddət (xx.xx.1971-xx.xx.1971-ci illər) onun sosial sığorta stajına daxil edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, göstərilən dövr iddiaçının sosial sığorta stajına daxil edilməsə belə, onun xx.xx.1971-ci ildən xx.xx.1997-ci ilədək Şamaxı rayonunun Quşçu kənd Xəqani adına sovxozunda işləməsi arxiv arayışları ilə təsdiqini tapdığından həmin dövr onun sosial sığorta stajına daxil edilməlidir və qeyd edilən dövr nəzərə alındıqda iddiaçının 25 ildən çox stajı yaranmış olur. Bu hal isə, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsini zəruri edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək, İddiaçı xx.xx.1971-ci ildən xx.xx.1997-ci ilədək Şamaxı rayonunun Quşçu kənd Xəqani adına sovxozunda işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2-1(118)-325/2022 nömrəli qərarı dəyişdirilsin. İddiaçı xx.xx.1971-ci ildən xx.xx.1997-ci ilədək Şamaxı rayonunun Quşçu kənd Xəqani adına sovxozunda işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-554/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-554/2022
06.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver