Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-555/2021 11.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Şamaxı rayonunun Nağaraxana kəndində yerləşən mülkiyyətində olan 8.12 ha torpaq sahəsinə dair reyestr məlumatlarının bərpa edilərək, çıxarışda “Torpaq sahəsinin kateqoriyası” qrafasının qarşısında “Kənd təsərrüfatı təyinatlı torpaqlar” yazısından sonra “sahibkarlıq” sözünün əlavə edilməklə reyestrdən yeni çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Açar sözlər: reyestr məlumatlarının mübahisələndirilməsi Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Şamaxı rayonunun Nağaraxana kəndində yerləşən mülkiyyətində olan 8.12 ha torpaq sahəsinə dair reyestr məlumatlarının bərpa edilərək, çıxarışda “Torpaq sahəsinin kateqoriyası” qrafasının qarşısında “Kənd təsərrüfatı təyinatlı torpaqlar” yazısından sonra “sahibkarlıq” sözünün əlavə edilməklə reyestrdən yeni çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 07 iyun 2021-ci il tarixli 2-1(118)-420/2021 saylı qərarından İddiaçı tərəfindən verilən apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “Şamaxı rayonunun Nağaraxana kəndində yerləşən mülkiyyətində olan 8.12 ha torpaq sahəsinə dair reyestr məlumatlarının bərpa edilərək, çıxarışda “Torpaq sahəsinin kateqoriyası” qrafasının qarşısında “Kənd təsərrüfatı təyinatlı torpaqlar” yazısından sonra “sahibkarlıq”sözünün əlavə edilməklə reyestrdən yeni çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayonu, Nağaraxana Bələdiyyəsinin 26.05.2005-ci il tarixli, 07 saylı qərarı ilə həmin bələdiyyənin ərazisində olan, 8,50 hektar torpaq sahəsi tikinti məqsədi ilə ona satılmışdır. Sözügedən məqsədlə ona satılmış torpaq sahəsinə mülkiyyət hüququ Azərbaycan Respublikasının DTXK-nin Şamaxı rayon Şöbəsi tərəfindən Dövlət aktı qeydiyyatı kitabında 581 nömrə ilə, 08.09.2005-ci il tarixində qeydiyyata alınmış və bununla əlaqədar olaraq onun adına JN 0661, kod 41011018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” verilmişdir. Qeyd olunan torpaq sahəsinə dair 25.09.2007-ci il tarixində Azərbaycan Respublikasının DƏDRX-nin Şamaxı rayon Ərazi İdarəsi tərəfindən MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir (reyestr nömrəsi **********36, qeydiyyat nömrəsi 2********). Sözügedən reyestrdən çıxarışda mülkiyyətində olan, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən “torpaq sahəsinin təyinatı (kateqoriyası)” - kənd təsərrüfatlı təyinatlı torpaq kimi, “məqsədli istifadə növü” isə - sahibkarlıq kimi göstərilmişdir. Qeyd etməyi zəruri hesab edir ki, mülkiyyətində olan 8,50 ha torpaq sahəsinin 0,38 ha hissəsi müvafiq alqı-satqı müqaviləsi ilə digər şəxsə satılmışdır. Bununla əlaqədar olaraq mülkiyyətində qalan 8,12 ha torpaq sahəsinə dair adına 02.09.2020-ci il tarixində yeni reyestrdən çıxarış verilmişdir (reyestr № **********26, qeydiyyat nömrəsi **********). Həmin reyestrdən çıxarışda mülkiyyətində qalan torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) kimi yalnız “kənd təsərrüfatı təyinatlı torpaqlar” sözləri göstərilmişdir. Bununla əlaqədar olaraq onun tərəfindən DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edilərək mülkiyyətində qalan 8,12 ha torpaq sahəsinə dair adına verilmiş reyestrdən çıxarışın “məqsədli təyinatı” qrafasında sahibkarlıq sözünün göstərilməsi xahiş olunmuşdur. Lakin qeyd olunan müraciətinin icrasından cavabdeh orqan tərəfindən 06.10.2020-ci il tarixli məktubla imtina olunaraq göstərilmişdir ki, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən “çıraxış”ın “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirləri Azərbaycan Respublikasının Prezidentinin 17 iyun 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmişdir. Həmin Fərmanın 2.1-ci bəndində Dövlət reyestrindən çıxarışın təsviri barədə izahat verilib. Reyestrdən çıxarışın təsvirində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan torpaq sahəsinin məqsədli istifadə növü qrafası çıxarılmış və yeni formada verilmişdir. Yeni formada verilmiş Reyestrdən çıxarışda torpaq sahəsinin yalnız kateqoriyası (məqsədli təyinatı) qeyd olunur.” Daha sonra cavabdeh orqan imtina məktubunda qeyd etmişdir ki, xüsusi mülkiyyət hüququ ilə ona məxsus “8,12 ha torpaq sahəsi elektron baza xəritəsində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd olunduğuna görə, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışda torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı kimi göstərilmişdir.” Eyni zamanda həmin məktubda daşınmaz əmlaka, növündən asılı olmayaraq, mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin, habelə daşınmaz əmlak üzərində hüquqların yüklülüyünün dövlət qeydiyyatını aparan qeydiyyat orqanının torpaq sahəsinin bir kateqoriyadan digər kateqoriyaya keçirilməsinə hər hansı bir hüququnun olmamasına istinad edən cavabdeh orqan sözügedən imtina məktubunda həmçinin göstərmişdir ki,“Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən həyata keçirilir.” Qeyd olunan xüsusatlara əsaslanan cavabdeh orqan 06 oktyabr 2020-ci il tarixli məktubunda göstərmişdir ki, mülkiyyətində qalan Şamaxı rayonun Nağaraxana kəndi ərazisində yerləşən 8,12 ha torpaq sahəsinin mülkiyyət sənədində torpaq sahəsinin məqsədli istifadə növünün sahibkarlıq məqsədilə qeyd olunması yuxarıda qeyd olunan hüquq normalarına ziddir və bu səbəbdən də ərizənin icrası mümkün deyildir. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Belə ki, onun adına verilmiş torpağa mülkiyyət haqqında dövlət aktından (JN 0661-kod ********) görünür ki, Şamaxı rayonu Nağaraxana kənd bələdiyyəsinin ərazisində olan və həmin dövlət aktına əlavədə olan cizgidə göstərilən sərhəd daxilindəki 8,50 hektar torpaq sahəsinin məqsədli təyinatı “tikinti məqsədli”dir. Yəni, həmin torpaq sahəsi sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün məhz tikinti aparılması məqsədi ilə ona satılmışdır. Sözügedən 8,50 ha torpaq sahəsinin relyefi, eləcə də digər xarakterik əlamətləri bu torpaq sahəsindən kənd təsərrüfatı məqsədi ilə istifadəsini də mümkünsüz edir. Yuxarıda göstərilən dövlət aktı əsasında adına verilən 25.09.2007-ci il tarixli reyestrdən çıxarışda da mülkiyyətində olan torpaq sahəsinin məqsədli istifadə növü sahibkarlıq kimi qeyd olunmuşdur. Lakin hazırda mübahisələndirdiyi 02.09.2020-ci il tarixli reyestrdən çıxarışda torpaq sahəsinin məqsədli təyinatının ümumiyyətlə göstərilməməsi, yalnız torpaq sahəsinin kateqoriyasının isə kənd təsərrüfatı torpaqları kimi göstərilməsi qanunla təsbit olunan və qorunan mülkiyyət hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə Azərbaycan Respublikasının ərazisi üçün vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını və s. tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1, 2.3, 2.4, 13.11, 23-cü maddələrinə əsaslanaraq iddiaçı qeyd edir ki, xüsusi mülkiyyətində qalan 8,12 ha torpaq sahəsinin məqsədli təyinat növünün sahibkarlıq olaraq reyestrdən çıxarışda göstərilməməsi istinad etdiyi maddi hüquq normalarının tələblərinə zidd olmaqla yanaşı, cavabdeh orqanın həmin torpaq sahəsinə dair adına verilmiş 02.09.2020-ci il tarixli reyestrdən çıxarışda bu torpaq sahəsinin məqsədli təyinatının göstərilməsindən imtinasının əsasları da əsassızdır. Hesab edir ki, xüsusi mülkiyyətində olan torpaq sahəsinə dair elektron formada aparılan qeydiyyat kağız üzərindəki məlumatlara uyğun tərtib edilərək verilməli və bu zaman torpaq sahəsinin kateqoriyası “kənd təsərrüfatlı torpaqlar” kimi göstərilsə də, məqsədli təyinatı “sahibkarlıq” kimi göstərilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, yuxarıda sözügedən torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən ilkin sənəddə, yəni JN-0661 kod 41011018 “torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda 8,50 hektar torpaq sahəsinin kənd təsərrüfatı torpağı olduğu göstərilməmişdir. Həmin aktda yalnız torpaq sahəsinin tikinti məqsədli olduğu göstərilmişdir. Yuxarıda sadalanan xüsusatlardan, eləcə də istinad olunan hüquq normalarından görünür ki, hazırkı iddia ilə pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və pozulmuş hüquqlarım məhkəmə qaydasında təmin edilməlidir.
Cavabdehin etirazları:
3. Cavabdeh inzibati orqan iddia tələbinə etirazında qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında, habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirləri Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmişdir. Həmin Fərmanın 2.1-ci bəndində Dövlət reyestrindən çıxarışın təsviri barədə izahat verilib. Reyestrdən çıxarışın təsvirində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan torpaq sahəsinin məqsədli istifadə növü qrafası çıxarılmış və yeni formada verilmişdir. Yeni formada verilmiş reyestrdən çıxarışda torpaq sahəsinin yalnız kateqoriyası (məqsədli təyinatı) qeyd olunur. İddiaçı məxsus 8.12 ha torpaq sahəsi elektron baza xəritəsində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd olunduğuna görə, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışda torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı kimi göstərilmişdir. Daşınmaz əmlaka, növündən asılı olmayaraq, mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin, habelə daşınmaz əmlak üzərində hüquqların yüklülüyünün dövlət qeydiyyatını aparan qeydiyyat orqanının torpaq sahəsinin bir kateqoriyadan digər kateqoriyaya keçirilməsinə hər hansı bir hüququ yoxdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən həyata keçirilir. Buna görə də, Bakı şəhəri, İ.Həmidov küçəsi ev 50, mənzil 1də qeydiyyatda olan İddiaçı məxsus Şamaxı rayonun Nağaraxana kəndi ərazisində yerləşən 8.12 ha torpaq sahəsinin mülkiyyət sənədində torpaq sahəsinin məqsədli istifadə növünün sahibkarlıq məqsədilə qeyd olunması yuxarıda qeyd olunan hüquq normalarına zidd olduğu üçün mümkün olmamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər.
Birinci instansiya məhkəməsində icraat:
4. Sumqayıt İnzibati Məhkəməsinin 07 iyun 2021-ci il tarixli 2-1(118)-420/2021 saylı qərarı ilə (hakim İ.R.Quliyev) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Şamaxı rayonunun Nağaraxana kəndində yerləşən mülkiyyətində olan 8.12 ha torpaq sahəsinə dair reyestr məlumatlarının bərpa edilərək, çıxarışda “Torpaq sahəsinin kateqoriyası” qrafasının qarşısında “Kənd təsərrüfatı təyinatlı torpaqlar” yazısından sonra “sahibkarlıq” sözünün əlavə edilməklə reyestrdən yeni çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi rədd edilmişdir.
5. Qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 07 iyun 2021-ci il tarixli 2-1(118)-420/2021 saylı qərarının ləğv edilərək “Şamaxı rayonunun Nağaraxana kəndində yerləşən mülkiyyətində olan 8.12 ha torpaq sahəsinə dair reyestr məlumatlarının bərpa edilərək, çıxarışda “Torpaq sahəsinin kateqoriyası” qrafasının qarşısında “Kənd təsərrüfatı təyinatlı torpaqlar” yazısından sonra “sahibkarlıq” sözünün əlavə edilməklə reyestrdən yeni çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə həvalə olunmasına dair qərar qəbul edlməsini xahiş etmişdir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apelyasiya şikayətinin dəlilləri:
6. İddiaçı apelyasiya şikayəti əsasən iddia tələbinin əsasları ilə eyniyyət təşkil etməklə birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmamasını onunla əsaslandırmışdır ki, cavabdeh orqanın və birinci instansiya məhkəməsi tərəfindən istinad edilən Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli Fərmanın müddəaları yanlış təfsir edilərək guya reyestrdən çıxarışın təsvirindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan torpaq sahəsinin “məqsədli istifadə növü” qrafası çaxarılmış və yeni formada verilmişdir. Əslində istinad edilən Fərmana əsasən reyestrdən çıxarışın yeni təsviri forması heç də cavabdeh inzibati orqanın mülahizələrində göstərilən kimi deyil. Belə ki, yeni formada “torpaq sahəsinin kateqoriyası(məqsədli təyinatı)” bir qrafada əks olunmuşdur. Hesab edir ki, xüsusi mülkiyyətində olan 8,12 ha torpaq sahəsinin məqsədli təyinat növünün sahibkarlıq olaraq reyestrdən çıxarışda göstərilməməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun normalarının tələblərinə zidd olmaqla yanaşı cavabdeh orqanın həmin torpaq sahəsinə dair adına verilmiş 02.09.2020-ci il tarixli reyestrdən çıxarışda bu torpaq sahəsinin məqsədli təyinatının göstərilməsindən imtinası da əsassızdır. Eyni zamanda cavabdeh orqan imtinasını Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli Fərmanın müddəaları ilə əsaslandırsa da, məhkəmə tərəfindən əlavə olaraq başqa bir fərmanın müddəaları yanlış təfsir edilməklə iddiası rədd edilmiş, nəticə etibarı ilə iddia tələbinin dəlilləri və əsasları araşdırılmadan mahiyyətcə əsassız və qanunsuz qərar qəbul edilmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apelyasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz verilməmişdir.
c) məhkəmə icraatı iştirakçılarının izahatları:
8. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərini müdafiə etdiyini qeyd edərək şikayətinin təmin olunmasını xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, birinci instansiya məhkəməsinin qərarı əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu ətraflı şəkildə qeyd edilsə də, işin halları ilə bağlı onu bildirmək istəyir ki, cavabdeh İdarənin iddiaçının müvafiq ərizəsinə verdiyi imtinasının əsasları ona görə qanunsuz və əsassızdır ki, əvvəlki çıxarışda torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaq kimi, məqsədi istifadə növü isə sahibkarlıq kimi qeyd edilmişdir. Alqı-satqıdan sonra yeni çıxarışda torpaq sahəsinin təyinatı, məqsədli növü kimi yalnız kənd təsərrüfatı təyinatı torpaqlar yazılıb. Torpaq sahəsi iddiaçıya verilərkən Dövlət Aktında torpaq sahəsinin tikinti məqsədi ilə verilməsi qeyd edilmişdir. Torpaq Məcəlləsinin 11-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatı məqsədi ilə tikintilər aparmaq olar. Həmin torpaq sahəsi əkin üçün yararlı deyil. İddiaçı torpaq sahəsinin 38 sotunu satmışdır. İddiaçı torpaq sahəsində tövlə tikib və heyvan saxlayır, lakin ona irad bildirilir ki, həmin torpaq sahəsi kənd təsərrüfatlı torpaq sahəsidir, orada heyvan saxlamaq olmaz.
10. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi dəfələrlə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına üzürlü səbəblər olmadan gəlməmişdir.
11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdhin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
Tədbiq edilən hüquq
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
13. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
14. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
15. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
16. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
17. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
18. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
19. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
20. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
21. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
22. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
23. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
24. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.
25. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
26. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
27. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
28. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
29. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 9.1. Mülki qanunvericilik Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslər üçün qüvvədədir. Maddə 9.3. Qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
31. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi.
32. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunu”nun təsdiq edilməsi və “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2020-ci il Fərmanına əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanın adından “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və” sözləri çıxarılmışdır və adında “təsvirlərinin” sözü “təsvirinin” sözü ilə əvəz edilmiş, və Fərmanın 1-ci hissəsi ləğv edilmişdir.
33. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 avqust tarixli 1142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunu: Bənd 1. Ümumi müddəalar 1.1. Bu sənəd, növündən asılı olmayaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə tərtib edilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (bundan sonra – dövlət reyestri) elektron çıxarışın məzmununu müəyyən edir. (-). 1.3. Dövlət reyestrindən elektron çıxarış daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları qeydiyyata alındıqda hüquq sahibinə (sahiblərinə) bu sənədlə müəyyən edilən məzmunda verilir. Bənd 2. Dövlət reyestrindən çıxarışın təsviri 2.1. Mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı təqdim edilən elektron çıxarışda aşağıdakılar göstərilir: 2.1.1. Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri; 2.1.2. Dövlət Xidmətinin adı; 2.1.3. hüququ rəsmiləşdirilən (qeydiyyata alınan) şəxs (şəxslər) haqqında məlumat:
1. fiziki şəxs olduqda – soyadı, adı, atasının adı;
2. hüquqi şəxs olduqda – tam adı (o cümlədən təşkilati-hüquqi forması); 2.1.4. daşınmaz əmlakın növü; 2.1.5. daşınmaz əmlakın ünvanı; 2.1.6. daşınmaz əmlakın mülkiyyət növü; 2.1.7. daşınmaz əmlak üzərində hüququn növü; 2.1.8. daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə); 2.1.9. torpaq sahəsinin mülkiyyət növü; 2.1.10. torpaq sahəsi üzərində hüququn növü; 2.1.11. torpaq sahəsinin kateqoriyası (Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə müəyyən edilmiş kateqoriyalardan biri); 2.1.12. torpaq sahəsinin ölçüsü (hektarla); 2.1.13. daşınmaz əmlakın dövlət reyestr nömrəsi; 2.1.14. daşınmaz əmlakın qeydiyyat nömrəsi; 2.1.15. daşınmaz əmlakın qeydiyyat tarixi; 2.1.16. daşınmaz əmlak ümumi birgə mülkiyyətdə olduqda – hər bir hüquq sahibinin adı, ümumi paylı mülkiyyətdə olduqda isə, əlavə olaraq – hər bir hüquq sahibinin payı; 2.1.17. reyestr kitabının və onun vərəqinin nömrəsi; 2.1.18. dövlət reyestrindən elektron çıxarışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı. 2.2. Digər hüquqların dövlət qeydiyyatı ilə bağlı təqdim edilən elektron çıxarışda bu sənədin 2.1.1-ci, 2.1.2-ci, 2.1.4-cü, 2.1.5-ci, 2.1.11-ci, 2.1.13-cü, 2.1.17-ci və 2.1.18-ci yarımbəndlərində göstərilən məlumatlarla yanaşı, aşağıdakı məlumatlar da göstərilir: 2.2.1. xeyrinə hüquqlar qeydiyyata alınan şəxs (şəxslər) haqqında məlumat: 1. fiziki şəxs olduqda – soyadı, adı, atasının adı;
2. hüquqi şəxs olduqda – tam adı (o cümlədən təşkilati-hüquqi forması); 2.2.2. daşınmaz əmlakın mülkiyyətçisi və ya hüququ yüklü edilən digər şəxs (şəxslər); 2.2.3. üzərində hüquqlar qeydiyyata alınan daşınmaz əmlakın (əmlak hissəsinin) ölçüsü (torpaq sahəsinin ölçüsü – hektarla, digər daşınmaz əmlakın ölçüsü – kvadratmetrlə); 2.2.4. qeydiyyata alınan hüququn növü və müddəti; 2.2.5. əsas öhdəliyin mahiyyəti və icra müddəti (olduqda); 2.2.6. daşınmaz əmlak üzərində qüvvədə olan digər hüquqlar (olduqda); (-). Apelyasiya instansiya məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hazırkı qərarın 12-25-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatını dinləyərək apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Belə ki, iş materiallarından müəyyən olunduğu kimi, Şamaxı rayonu, Nağaraxana Bələdiyyəsinin 26.05.2005-ci il tarixli, 07 saylı qərarı ilə 8,50 hektar torpaq sahəsi iddiaçıya satılmış, torpaq sahəsinə mülkiyyət hüququ Azərbaycan Respublikasının DTXK-nin Şamaxı rayon Şöbəsi tərəfindən Dövlət aktı qeydiyyatı kitabında 581 nömrə ilə, 08.09.2005-ci il tarixində qeydiyyata alınmış və bununla əlaqədar olaraq iddiaçının adına JN 0661, kod 41011018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” verilmişdir. Qeyd olunan torpaq sahəsinə dair 25.09.2007-ci il tarixində Azərbaycan Respublikasının DƏDRX-nin Şamaxı rayon Ərazi İdarəsi tərəfindən MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir (reyestr nömrəsi **********36, qeydiyyat nömrəsi 2********). Sözügedən reyestrdən çıxarışda Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən “torpaq sahəsinin təyinatı (kateqoriyası)” - kənd təsərrüfatlı təyinatlı torpaq kimi, “məqsədli istifadə növü” isə sahibkarlıq kimi göstərilmişdir. Bundan sonra iddiaçı mülkiyyətində olan 8,50 ha torpaq sahəsinin 0,38 ha hissəsini müvafiq alqı-satqı müqaviləsi ilə digər şəxsə satmış və iddiaçının mülkiyyətində qalan 8,12 ha torpaq sahəsinə dair adına 02.09.2020-ci il tarixində yenidən reyestrdə qeydiyyat aparılmışdır(reyestr № **********26, qeydiyyat nömrəsi **********). Həmin qeydiyyatda iddiaçının mülkiyyətində qalan torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) kimi “kənd təsərrüfatı təyinatlı torpaqlar” sözləri göstərilmişdir.
36. İddiaçı tərəfindən DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edilərək mülkiyyətində qalan 8,12 ha torpaq sahəsinə dair adına verilmiş reyestrdən çıxarışın “məqsədli təyinatı” qrafasında “sahibkarlıq” sözünün göstərilməsi xahiş olunmuş, lakin qeyd olunan müraciətinin icrasından cavabdeh orqan tərəfindən 06.10.2020-ci il tarixli məktubla imtina olunmuşdur. İddiaçı hazırda həmin imtinanın əsassız olduğunu hesab edir və Şamaxı rayonunun Nağaraxana kəndində yerləşən mülkiyyətində olan 8.12 ha torpaq sahəsinə dair reyestr məlumatlarının bərpa edilərək, çıxarışda “Torpaq sahəsinin kateqoriyası” qrafasının qarşısında “Kənd təsərrüfatı təyinatlı torpaqlar” yazısından sonra “sahibkarlıq” sözünün əlavə edilməklə reyestrdən yeni çıxarışın verilməsini istəyir.
37. Cavabdeh inzibati orqan isə “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli Fərmanına istinad edərək müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqan qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirləri Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmişdir. Həmin Fərmanın 2.1-ci bəndində Dövlət reyestrindən çıxarışın təsviri barədə izahat verilib. Reyestrdən çıxarışın təsvirində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan torpaq sahəsinin məqsədli istifadə növü qrafası çıxarılmış və yeni formada verilmişdir. Yeni formada verilmiş Reyestrdən çıxarışda torpaq sahəsinin yalnız kateqoriyası (məqsədli təyinatı) qeyd olunur. İddiaçı məxsus 8.12 ha torpaq sahəsi elektron baza xəritəsində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd olunduğuna görə, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışda torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı kimi göstərilmiş, bu baxımdan hesab edirlər ki, qanunvericiliyin tələblərini pozmamışlar.
38. Məhkəmə kollegiyası hazırkı qərarın 6-ci bəndində öz əksini tapan iddiaçının apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir ona görə ki, həmin dəlillərlə əsasən iddia tələbində istinad edilən hallar təkrarlanır ki, həmin hallara dair birinci instansiya məhkəməsi öz qərarında ətraflı hüquqi qiymət vermiş və məhkəmə kollegiyası da həmin qənaətlə razılaşır. Eyni zamanda apelyasiya şikayətinin dəlili kimi cavabdeh orqan imtinasının əsası olaraq Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli Fərmanın müddəalarına istinad etməsinə baxmayaraq məhkəmə tərəfindən əlavə olaraq başqa bir fərmanın müddəalarına istinad etməsi fikiri ilə də kollegiya razılaşmır ona görə ki, hazırkı qərarın 32-33-cü bəndində istinad edilən Fərmanın müddəalarına uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli Fərmanında müvafiq dəyişikliklər aparılmış və bununla da hazırkı qərarın 30-cu bəndində istinad edilən mülki qanunvericiliyin müvafiq maddələrinin tələblərinə, eləcə də hazırkı qərarın 31-ci bəndində istinad edilən qanun normasının tələbləri baxımından daşınmaz əmlaka dair bütün hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalı və həmin hüquqların dövlət qeydiyyatına alınması qaydası Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun müddəalarına uyğun həyata keçirilir.
39. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, iddia tələbi əsaslı olmadığından birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etməyərkən məhz ona əsaslanmışdır ki, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunu”nun təsdiq edilməsi və “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin təsdiq edilməsi barədə qəbul edilmiş Fərmanda dövlət reystrində torpaq sahəsi ilə bağlı bütün məlumatlar deyil, yalnız torpaq sahəsinin kateqoriyasının (Azərbaycan Torpaq Məcəlləsi ilə müəyyən edilmiş kateqoriyalardan biri) qeydiyyatının aparılması nəzərdə tutulmasına istinad etmişdir. Bu baxımdan apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2-1(118)-420/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.