Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-555/2022 28.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021ci il tarixli **********5489 nömrəli qərarının ləğv edilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2-1(118)-1050/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnaməyə əsasən iddiaçı xx.xx.2009-cu il tarixdə Bakı şəhər Vergilər Departamentinin 3 saylı filalında vergi ödəyicisi kimi qeydiyyata alınmışdır (VÖEN **********).
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsinin xx.xx.2021-ci il tarixli **********9781 nömrəli qərardan görünür ki, İddiaçı məxsus obyektdə xx.xx.2021-ci il tarixdən xx.xx.2021ci il tarixədək operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən aparılan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, İddiaçı məxsus obyektdə növbədənkənar operativ vergi nəzarəti barədə qərar reyestrdə qeydiyyata alınmışdır.
4. xx.xx.2021-ci il tarixli 005840 saylı operativ vergi nəzarətinin nəticəsi haqqında aktdan görünür ki, iddiaçıya məxsus obyektdə xx.xx.2021-ci il tarixdə obyektin fəaliyyətinə uyğun olmayan 2493539.8 manat dəyərində malın elektron qaimə-faktura təqdim edilmədən 3001224.5 manata (ticarət əlavəsi 2 % və ƏDV daxil) satıldığı müəyyən edilmişdir.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********5489 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə 300122,45 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********0061 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli **********9781 nömrəli qərara əsasən iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi **********-31005 kodlu obyektdə operativ vergi nəzarəti həyata keçirilmiş və tədbirin nəticəsi olaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 005840 nömrəli akt tərtib edilmişdir. Akta qeyd edilənlərə əsasən vergi nəzarəti tədbiri nəticəsində iddiaçıya məxsus obyektdə xx.xx.2021-ci il tarixdə obyektin fəaliyyətinə uyğun olmayan 2493539.8 manat dəyərində malın elektron qaimə-faktura təqdim edilmədən 3001224.5 manata (ticarət əlavəsi 2 % və ƏDV daxil) satıldığı müəyyən edilmişdir. Qeyd olunan aktın əsasında cavabdeh vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli **********5489 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmiş və həmin qərar ilə fərdi sahibkara Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 300.122,45 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh vergi orqanı fərdi sahibkara məxsus obyektdə qəfil reyd zamanı xx.xx.2021-ci il tarixdə 3 001 224.5 manat dəyərində malların satıldığı, lakin həmin təqdim edilmiş mallara görə alıcıya elektron qaimə-fakturanın təqdim edilmədiyini aşkar etmişdir. İlk öncə qeyd edim ki, cavabdeh vergi orqanı tərəfindən operativ vergi nəzarəti keçirilən gün, yəni xx.xx.2021-ci il tarixə fərdi sahibkara məxsus obyektdə 3 001 224.5 manat dəyərində malların satışı həyata keçirilməmişdir. Həmin məbləğ 2021-ci ilin yanvar ayından yoxlama keçirilən günədək satılan malların dəyəridir ki, həmin mallar pərakəndə ticarət qaydasında satılmış və malların dəyəri nəzarət kassa aparatına mədaxil edilmişdir. Qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Eyni zamanda iş materiallarında mövcud olan NKA-nın hesabatlarıns nəzər yetirilsə, vergi ödəyicisində ümumilikdə 6.068 çek üzrə 5.067.476,00 manat məbləğ nəzarət-kassa aparatına mədaxil olunduğu (1 çek üzrə orta hesabla 835.11 manat mədaxil olunduğu), eyni zamanda çeklərin günün eyni vaxtlarında, qısa vaxt aralığında və eyni məbləğdə kassaya vurulması halları aşkar olunmuşdur. (NKA çekləri barədə cədvəl qoşmaya əlavə edilib). İş materiallarında mövcud olan sənədlərə əsasən (operativ vergi nəzarəti tədbiri zamanı müəyyən edilən mal qalığının siyahısı və digər sənədlərə) təqdim edilən əksər malların bir vahidinin alış qiyməti 0,20-55,00 manat (əksər malların alış qiyməti 10 manatdan aşağıdır (DVX seriyalı 004106 və 004123 nömrəli siyahı) aralığında olmuşdur. Eyni zamanda iş materiallarına əlavə edilmiş “NKA-nın çekləri barədə məlumatda” əks olunan çeklər üzrə məbləğin 100,0- 1.500,0 manat aralığında (əksər çekləri məbləği 500,0 (beş yüz) manat və ondan yuxarıdır) olması müəyyən olunur. Nəzərə alınsa ki, iddiaçının satdığı malların böyük əksəriyyətinin dəyəri 10 manat və daha aşağıdır. O zaman bir nəfərin şəxsi istehlak məqsədləri üçün minimum dəyəri 500,0 (beş yüz) manat və ondan yuxarı mal alması ziddiyyət doğurur və ağlabatan deyildir. Göründüyü kimi, vergi ödəyicisinin fərqli şəxslərə pul vəsaitlərinin nəzarət-kassa aparatına eyni vaxtlarda, qısa vaxt aralığında və eyni məbləğdə mədaxil edərək pərakəndə qaydada mal satması qeyri-mümkündür. Reallıqda ay ərzində yalnız bir neçə halda, məsələn 3-4 halda mümkündür ki, hər hansı bir şəxs anbara müraciət edərək pərakəndə qaydada öz şəxsi istehlakı üçün mal alsın. Sübuta ehtiyacı olmayan haldır ki, anbardan malları yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər müraciət edərək topdan alır. Həmçinin geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumatlara (geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumat cədvəli qoşmaya əlavə olunub) əsasən nəzarət-kassa aparatına mədaxil olunmuş 6.068 sayda çeklərin cəmi 164 şəxslər arasında (1 şəxsə orta hesabla 37 çek) bölüşdürülməsi halları aşkar olunmuşdur ki, bu da vergi ödəyicisinin pərakəndə satış ilə məşğul olmamasını göstərən əsas sübutlardandır. İş materiallarında mövcud olan geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumatlara nəzər yetirilsə görünər ki, nəzarət kassa aparatına ümumi dəyəri 218.530,0 manat olan 261 sayda, ümumi dəyəri 134.950,00 manat olan 149 sayda, ümumi dəyəri 254.340,49 manat olan 352 sayda, ümumi dəyəri 142.837,00 manat olan 177 sayda, ümumi dəyəri 169.069,20 manat olan 248 sayda, ümumi dəyəri 156.675,20 manat olan 227 sayda, ümumi dəyəri 139.327,70 manat olan 210 sayda çeklər eyni şəxslərə verilmişdir. Göründüyü kimi, iddiaçının 5.067.476,00 manat məbləğində 6068 sayda çeklərin cəmi 164 nəfər şəxslərə pərakəndə qaydada mal satması qeyri-mümkündür. Sübuta ehtiyacı olmayan haldır ki, malları bu cür (iri həcmdə, iri partiyalarla) sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər müraciət edərək topdan alır.
7. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, uçot-baza məlumatlarına əsasən İddiaçı xx.xx.2012-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, aktiv 4 obyektləri olduğu görünür.Dövlət Vergi Xidmətinin İdxal-ixrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2021 -ci il tarixli **********9775, **********9776, **********9777 və **********9781 nömrəli qərarları əsasında İddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyi obyektlərdə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə- fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə keçirilən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin sahibliyində 130481 manat dəyərində mal qalığının (64640 manat dəyərində sənədli və 65841 manat dəyərində sənədsiz mal) olduğu, elektron qaimə faktura təqdim edilməli olduğu halda 3001224,5 manat dəyərində malların Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozularaq elektron qaimə faktura təqdim edilmədən ayrı-ayrı vergi ödəyiciləri olan şəxslərə təqdim edildiyi müəyyən edilərək xx.xx.2021-ci il tarixli DVX seriyalı 005840 nömrəli akt tərtib edilmiş, həmin akt İddiaçı etibarnamə üzrə nümayəndəsi tərəfindən imzalanmamış və aktın bir nüsxəsini qəbul etməkdən imtina etmişdir.Tərtib edilmiş akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2021-ci il tarixli **********5489 nömrəli qərarı ilə İddiaçı 300122,45 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisinin etibarnamə ilə səlahiyyətli nümayəndəsi X2- ixrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə təqdim etdiyi 21,09.2021-ci il tarixli arayışda qeyd etmişdir ki, “Vergi ödəyicisinin faktiki olaraq 3 aktiv obyektləri mövcuddur. 31006 kodlu Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi-Fatmayi yolu ünvanında olan obyektimiz digər vergi ödəyicisinin (VÖEN **********) fəaliyyətindədir. Malların üzərinə qoyulan ticarət əlavəsi 2- 3% (iki-üç) faiz təşkil edir. Obyektlərimiz həftənin 7 günü olmaqla saat 9:00-dan 18:00-a qədər işləyir”.Vergi ödəyicisi tərəfindən 2019-cu il üzrə təqdim edilən gəlir vergisi bəyannaməsində ilin sonuna mal qalığının olmaması qeyd edilmiş, eləcə də 2020-ci ilin əvvəlindən yoxlama keçirilən dövrə qədər təqdim edilən ƏDV bəyannamələrində 4742 216 manat (ƏDV-siz) vergi tutulan dövriyyə əks edilmiş, vergi ödəyicisi tərəfindən ******* manat (ƏDV-siz) dəyərində idxal, elektron qaimə faktura tətbiq olunmaqla 465948 manat (ƏDVsiz) dəyərində malların (iş, xidmət) alışı və 117603 manat manat (ƏDV-siz) dəyərində satış əməliyyatları həyata keçirilmişdir.Keçirilmiş operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin mağazasının (Tikinti materialları mağazası) fəaliyyət növünə uyğun gəlməyən 2493539,8 manat (ƏDV-siz və ticarət əlavəsiz) məbləğdə mallar (qabıqlı qoz, kosmetika, saç şampunları, uşaq oyuncaqları və s) Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozularaq topdan qaydada və müxtəlif vergi ödəyicilərinə elektron qaimə faktura təqdim edilmədən 3001224,5 manata (ticarət əlavəsi 2% olmaqla və ƏDV daxil) təqdim edilməsi aşkar edilmişdir. Belə ki, sözügedən hallar (vergi ödəyicisinin fəaliyyətinin iqtisadi göstəriciləri, pərakəndə adı altında fəaliyyətinə uyğun olmayan malların təqdim edilməsi) faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın rəsmiləşdirilmədən əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. Beləliklə, qeyd olunan hallar üzrə malların fiziki şəxslərə nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilməklə satılması faktiki olaraq topdan qaydada digər sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə sənəd verilmədən (elektron qaimə-faktura tərtib edilmədən) malların satışı əməliyyatının pərdələnməsidir. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci i! tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotnun aparılması Qaydası”- nın 1.3.1 bəndinə əsasən topdansatış -malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Eyni zamanda həmin Qaydaların 5.1-ci bəndinə əsasən topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır.
8. Sumqayıt İnzibati Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2-1(118)-1050/2022 nömrəli qərarı ilə iddianın təmin edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsinin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********5489 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.
9. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və apellyasiya şikayətinə etirazın dəlilləri
10. İddiaya etirazın dəlillərinə uyğun şəkildə əsaslandırılmış apellyasiya şikayətində göstərilir ki, vergi orqanının xx.xx.2021-ci il tarixli **********9775, **********9776, **********9777 və **********9781 nömrəli qərarları ilə operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş, yoxlamanın nəticəsinə dair xx.xx.2021-ci il tarixli DVX seriyalı 005840 nömrəli akt tərtib olunmuş, tərtib olunmuş aktın nəticəsi olaraq “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarla vergi ödəyicisinə 300122,45 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Maliyyə sanksiyasının tətbiq edilmə əsasları ilə bağlı bildirilmişdir ki, vergi ödəyicisi tərəfindən 2020-ci ilin əvvəlindən yoxlama keçirilən dövrə qədər təqdim etdiyi ƏDV bəyannamələrində 4.742.216,00 manat (ƏDV-siz) vergi tutulan dövriyyə əks etdiyi, 4.447.478,00 manat (ƏDV-siz) mal idxal etdiyi, elektron qaimə faktura tətbiq olunmaqla 465.948,00 manat (ƏDV-siz) dəyərində malların (iş, xidmət) alışı və 117.603,00 manat (ƏDV-siz) dəyərində malların satışı əməliyyatları apardığı aşkar olunmuşdur. Tədbir nəticəsində vergi ödəyicisinin mağazasının (Tikinti materialları mağazası) fəaliyyət növünə uyğun gəlməyən 2.493.539,8 manat (ƏDV-siz və ticarət əlavəsiz) məbləğdə mallar (qabıqlı qoz, kosmetika, saç şampunları, uşaq oyuncaqları və s.) Vergi Məcəlləsinin 58.13cü maddəsinin tələblərinin pozularaq topdan qaydada və müxtəlif vergi ödəyicilərinə elektron qaimə faktura təqdim edilmədən 3.001.224,5 manata (ticarət əlavəsi 2% olmaqla və ƏDV daxil) təqdim edilməsi aşkar edilmişdir. (Nəzarət zamanı bu hal müstəqil formada aktla rəsmiləşdirilmişdir.) Yoxlamanın nəticəsi üzrə vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli DVX seriyalı 005840 nömrəli akt tərtib edilmişdir. Malların elektron qaimə-faktura təqdim edilmədən satışına təqvim ili ərzində belə hala birinci dəfə yol verilməsinə görə VM-nin 58.13-cü maddəsinə əsasən təqdim edilmiş malların satış qiymətinin 10 faizi miqdarında 300.122,45 (3.001.224,50x10%) manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yuxarıda qeyd olunanları və işin faktiki hallarını nəzərə alaraq məhkəmə aşağıda qeyd olunan maddi hüquq normalarını iş üzrə tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Şikayətdə Vergi Məcəlləsinin 13.2.62, 13.2.63 və 58.13-cü maddələrinə istinad edilməklə göstərilir ki, məhkəmə qəbul etdiyi qərarında “cavabdeh vergi orqanı mübahisələndirilən qərarın qəbul edilməsi ücün əsası kimi iddiaçı müəssisənin topdansatış qaydada satış həyata keçirdiyi halda alıcı subyektin vergi ödəyicisi olub-olmamasını yoxlamaması və malları elektron qaimə-faktura tərtib edilmədən verməsini” göstərmişdir. Bununla bağlı məhkəmə hesab etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının topdansatış fəaliyyəti ilə məşğul olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədi. Cavabdeh vergi orqanı yalnız ehtimallara əsaslanaraq iddiaçının topdansatış fəaliyyətlə məşğul olması qənaətinə gəlmişdir.’’ Cavabdeh tərəfindən iddiaçının topdansatış ticarət fəaliyyəti ilə məşğul olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim edilməsini aşağıdakı şəkildə təsnif etmək olar. Vergi ödəyicisinin etibarnamə ilə səlahiyyətli nümayəndəsi X2-ixrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə təqdim etdiyi 21,09.2021ci il tarixli arayışda qeyd etmişdir ki, “Vergi ödəyicisinin faktiki olaraq 3 aktiv obyektləri mövcuddur. 31006 kodlu Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi-Fatmayi yolu ünvanında olan obyektləri digər vergi ödəyicisinin (VÖEN **********) fəaliyyətindədir. Malların üzərinə qoyulan ticarət əlavəsi 2-3% (iki-üç) faiz təşkil edir. Obyektləri həftənin 7 günü olmaqla saat 9:00-dan 18:00-a qədər işləyir. Apellyasiya şikayətində daha sonra göstərilir ki, iş materiallarında mövcud olan NKA-nın hesabatlarına nəzər yetirilmiş olunsa, vergi ödəyicisində ümumilikdə 6.068 çek üzrə 5.067.476,00 manat məbləğ nəzarət-kassa aparatına mədaxil olunduğu (1 çek üzrə orta hesabla 835.11 manat mədaxil olunduğu), eyni zamanda çeklərin günün eyni vaxtlarında, qısa vaxt aralığında və eyni məbləğdə kassaya vurulması halları aşkar olunmuşdur. İş materiallarında mövcud olan sənədlərə əsasən (operativ vergi nəzarəti tədbiri zamanı müəyyən edilən mal qalığının siyahısı və digər sənədlərə) təqdim edilən əksər malların bir vahidinin alış qiyməti 0,20-55,00 manat (əksər malların alış qiyməti 10 manatdan aşağıdır (DVX seriyalı 004106 və 004123 nömrəli siyahı)) aralığında olmuşdur. Eyni zamanda iş materiallarına əlavə edilmiş “NKAnın çekləri barədə məlumatda” əks olunan çeklər üzrə məbləğin 100,0-1.500,0 manat aralığında (əksər çekləri məbləği (beş yüz) manat və ondan yuxarıdır) olması müəyyən olunur. Nəzərə alınsa ki, iddiaçının satdığı malların böyük əksəriyyətinin dəyəri 10 manat və daha aşağıdır o zaman bir nəfərin şəxsi istehlak məqsədləri üçün minimum dəyəri 500,0 (beş yüz) manat və ondan yuxarı mal alması ziddiyyət doğurur və ağlabatan deyildir. Göründüyü kimi, vergi ödəyicisinin fərqli şəxslərə pul vəsaitlərinin nəzarət-kassa aparatına eyni vaxtlarda, qısa vaxt aralığında və eyni məbləğdə mədaxil edərək pərakəndə qaydada mal satması qeyri-mümkündür. Reallıqda ay ərzində yalnız bir neçə halda, məsələn 3-4 halda mümkündür ki, hər hansı bir şəxs anbara müraciət edərək pərakəndə qaydada öz şəxsi istehlakı üçün mal alsın. Subuta ehtiyacı olmayan haldır ki, anbardan malları yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər müraciət edərək topdan alır. Həmçinin geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumatlara (geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumat cədvəli qoşmaya əlavə olunub) əsasən nəzarət-kassa aparatına mədaxil olunmuş 6.068 sayda çeklərin cəmi 164 şəxslər arasında (1 şəxsə orta hesabala 37 çek) bölüşdürülməsi halları aşkar olunmuşdur ki, bu da vergi ödəyicisinin pərakəndə satış ilə məşğul olmamasını göstərən əsas sübutlardandır. Şikayətdə daha sonra göstərilir ki, iş materiallarında mövcud olan geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumatlara nəzər yetirilmiş olunsa, görərlər ki, nəzarət kassa aparatına ümumi dəyəri 218.530,0 manat olan 261 sayda, ümumi dəyəri 134.950,00 manat olan 149 sayda, ümumi dəyəri 254.340,40 manat olan 352 sayda, ümumi dəyəri 142.837,00 manat olan 177 sayda, ümumi dəyəri 169.069,20 manat olan 248 sayda, ümumi dəyəri 156.675,20 manat olan 227 sayda, ümumi dəyəri 139.327,70 manat olan 210 sayda çeklər eyni şəxslərə verilmişdir. Göründüyü kimi, iddiaçının 5.067.476,00 manat məbləğində 6068 sayda çeklərin cəmi 164 nəfər şəxslərə pərakəndə qaydada mal satması qeyri- mümkündür. Sübuta ehtiyacı olmayan haldır ki, malları bu cür (iri həcmdə, iri partiyalarla) sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər müraciət edərək topdan alır. Apellyasiya şikayətində daha sonra göstərilir ki, sözügüdən hallar (vergi ğdəyicisinin fəaliyyətinin iqtisadi göstəriciləri, obyektlərinin anbar tipli olması, fəaliyyət göstərdiyi obyektlərindən birində mal qalığının olmaması və ya çox az olması, çeklərin günün eyni vaxtlarında, qısa vaxt aralığında və eyni məbləğdə kassaya vurulması hallarının aşkar olunması, geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumatlara əsasən nəzarət-kassa aparatına mədaxil olunmuş çeklərin eyni şəxslər arasında bölüşdürülməsi) faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın rəsmiləşdirilmədən əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. Şikayət daha sonra onunla əsaslandırılır ki, məhkəmə İPM-nin 12-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehin dəlillərini təkzib edərkən satılmış malların alıcılarının kim olduğu barədə, yəni həmin alıcıların son istehlakçı, yoxsa sahibkarlıq fəaliyyətinin subyekti olması barədə heç bir araşdırma aparmamışdır. Halbuki, məhkəmənin inzibati məhkəmə icraatının prinsiplərindən doğan obyektiv həqiqəti müəyyən etmək vəzifəsi vardır ki, bu vəzifə də birmənalı şəkildə alıcı olan şəxslərin müəyyən edilməsi vəzifəsini məhkəmənin üzrinə qoymuşdur. Məhkəməm heç bir halda operativ vergi nəzarətinin məhz nəzarət həyata keçirilən dövrdə aşkar olunan nöqsanların, hüquq pozuntularının müəyyən edilməsindən ibarət olduğunu hüquqi cəhətdən əsaslandırmamış, operativ vergi nəzarətinin mahiyyətini isə ona xələl gətirəcək şəkildə təhrif etmiş və məhdudlaşdırıcı təfsir etmişdir. Şikayətdə daha sonra Avropa İnsan hüquqları Məhkəməsinin bir sıra işlər üzrə qərarlarına istinad edərək birinci instansiya məhkəməsi tərəfindən ədalətli məhkəmə araşdırılması aparılmadığı, Konvensiyasının 6.1 bəndinin tələblərinin pozulduğunu göstərilir.
11. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazda cavabdehin apellyasiya şikayətinin dəlillərinə, iddia ərizəsinin və iş üzrə qərarın məzmununa istinad edilməklə apellyasiya şikayətinin təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazda göstərilir ki, cavabdeh vergi orqanı mübahisələndirilən qərarı məhz fərziyyələr və öz təxəyyülünün məhsulu olan “reallıqlar” əsasında qəbul etmişdir. Halbuki, inzibati orqan inzibati icraat haqqında qanunvericiliyin tələblərinə müvafiq olaraq inzibati aktı tam, hərtərəfli və obyektiv araşıdırılmış, hər hansı şübhəyəyer buraxmayan, bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verilmiş sübutlar əsasında qəbul etməlidir. Lakin iş materiallarından göründüyü kimi, cavabdeh vergi orqanı inzibati icraat (opeartiv vergi nəzarəti) zamanı iddiaçı tərəfindən elektron qaimə-faktura tərtib edilmədən topdansatış qaydasında mal satılan bir nəfər də olsun vergi ödəyicisi aşkar edə bilməmiş, bu səbəbdən də gəldiyi nəticəni fərziyyələr (ehtimallar) ilə sübuta yetirməyə çalışmışdır. Cavabdeh vergi orqanı iddiaçının təsərrüfat subyektində sadəcə bir halda –VM-nin 58.8-ci maddəsinə müvafiq olaraq mal qalığının müəyyən edilməsi məqsədilə gəlmiş, VM-nin 58.13-cü maddəsi ilə bağlı isə hər hansı nəzarət tədbiri həyata keçirməmişdir. Belə ki, cavabdeh qeyd olunan maddəyə iddiaçı tərəfindən əməl edilməsinin yoxlanılması məqsədilə sonuncunun təsərrüfat subyektlərinə (obyektlərinə) getmədən, sadəcə vergi orqanının uçot bazasında olan məlumatlar əsasında hesablama həyata keçirmişdir. Etiraz daha sonra onunla əsaslandırılır ki, operativ vergi nəzarəti vergi ödəyicisinə məxsus təsərrüfat subyektinə getməklə, müşahidə anında vergi qanunvericiliyində nəzərdə tutulan tələblərə riyaət edilməsinin yoxlanılması məqsədilə həyata keçirilən nəzarət tədbiri olduğu halda, cavabdeh vergi orqanı xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasında iddiaçı tərəfindən VM-nin 58.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicilərinə elektron qaimə-faktura təqdim edilmədən mal satışının həyata keçirilib-keçirilməməsiilə bağlı hər hansı nəzarət tədbiri (reydlər) həyata keçirmədən, sadə riyazi hesablama əsasında iddiaçıya əsassız maliyyə sanksiyası tətbiq etmişdir ki, bu da cavabdeh vergi orqanı tərəfindən vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulduğunu göstərir. Nəzarət tədbiri həyata keçirilən günədək (xx.xx.2021-ci il tarixədək) iddiaçının vergi orqanında uçota alınmış 6 ədəd təsərrüfat subyekti olmuş və iddiaçı satışlarını müxtəlif təsərrüfat subyektlərində həyata keçirdiyihalda, cavabdeh vergi oqanı müqayisəni yalnzıca tikinti materialları mağazası ilə etmişdir ki, bu da cavabdehin mübahisəyə obyektiv yanaşmadığını göstərir. Qaytarılan ƏDV məbləğlərinin 37 şəxs arasında bölüşdürülməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə etirazda göstərilir ki, qeyd olunan “əsas sübut” vergi orqanının mübahisələndirilən inzibati aktıkonkret sübutlar əsasında deyil, ehtimalar əsasında qəbul etdiyini bariz şəkildə göstərən etiraf kimi qiymətləndirilə bilər.Adətən ƏDV qaytarılan şəxslər (hazırkı işdə cavabdeh bununla bağlı hər hansı araşdırma aparmanı məhkəməyə təqdim etməmişdir) vergi orqanında uçotda olmayan fiziki şəxslər olur ki,bu da vergi orqanının “iddiaçının malları EQF tərtib etmədən vergi ödəyicilərinəsatması” barədə dəlilinin səhvliyini sübuta yetirir. İkincisi, cavabdeh vergi orqanı qeyd olunan araşdırmanı – yəni nəzarət kassa aparatları ilə satılmış mallar üzrə ƏDV-ni geri qaytaran şəxslərin siyahısını və məbləğini inzibati icraat çərçivəsində deyil, məhz məhkəmə çəkişməsi zamanı həyata keçirmişdir ki, bu da cavabdehin inzibati icraat haqqında qanunvericiliyə hansı səviyyədə riayət etdiyini və iddiaçının VM-nin 58.13-cü maddəsinin tələblərinə əməl edib-etməməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı nəzarət tədbirin həyata keçirilmədiyi barədə dəlilimizin doğruluğunu göstərir. Halbuki, cavabdeh vergi orqanıobyektiv və qanuni qərar qəbul etmək məqsədilə inzibati icraat (operativ vergi nəzarəti)çərçivəsində iddiaçı tərəfindən elektron qaimə-faktura təqdim edilmədən mal satılan vergi ödəyicilərinin (ən azı birinin) aşkar edilməsi istiqamətində tədbirlər həyata keçirməli, ƏDV qaytaran 37 nəfər fiziki şəxsin həmin malları istehlak yoxsa sahibkarlıqfəaliyyəti məqsədilə aldığını müəyyən etməli və həmin şəxslərin məhz faktiki mal alanşəxslər yoxsa 3-cü şəxslər olduğunu müəyyən etməli idi. Vergi orqanı məhkəmə çəkişməsi zamanı ödənilmiş ƏDV-ləri geri qaytaran 37 nəfər fiziki şəxsə dair məlumatı əsas sübut kimi məhkəməyə təqdim etdiyi halda, apellyasiya şikayətində iddiaçıdan NKA çeki vasitəsilə mal alan şəxsləri müəyyən etməyin imkan xaricində olduğunu qeyd edir ki, bu da cavabdeh vergi orqanının müdafiə xatirinə yalan danışdığını bariz şəkildə göstərir.Mal alan şəxsin həmin malı istehlak yoxsakommersiya məqsədləri üçün almasını, başqa sözlə alış niyətini müəyyən etməksatıcının öhdəliyi deyildir. Alıcının aldığı malları daha sonra hansı məqsədlər üçünistifadə etməsinə nəzarət etmək hüququ məhz vergi orqanlarının səlahiyyətinə daxildir. İddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyi hesabat dövrləri ərzində təsərrüfat subyektinə daxil olmuş alıcılar malları istehlak məqsədilə aldığını və vergi orqanında uçotda olmadığını qeyd etdikdə, həmin şəxslərə satdığı mallara görə NKA- nın çekini, alıcılar malları sahibkarlıq fəaliyyəti məqsədilə aldığını və vergi orqanında uçotda olduğunu qeyd etdiyi halda isə həmin şəxslərə satdığı mallara görə elektron qaimə-faktura təqdim etmiş və satılmış mallar ilə bağlı vergiləri tam həcmdə ödəməklədövlət büdcəsindən hər hansı vergi məbləğinin yayınmasına yol verməmişdir. Sahibkarlıq fəaliyyəti göstərən şəxslərin sahibliyində olan malların alışına dair elektron qaimə-fakturanın olub- olmadığını müəyyən etmək vergi orqanının hüququdur və vergi orqanı opeartiv vergi nəzarəti zamanı hər hansı vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-fakturanın olmadığını aşkar etdikdə, həmin şəxsə VM-nin 58.8-ci maddəsinə müvafiq olaraq maliyyə sanksiyası tətbiq edir. Alınan malların dəyərinin böyük və kiçik olmasından asılı olmayaraq (çünki qanunla belə bir say və ya qiymət məhdudiyyəti müəyyən edilməmişdir), malların satışını həyata keçirən vergi ödəyiciləri, indiki halda isə iddiaçı mal alan şəxslər özlərini istehlakçı kimi qələmə verdikdə, həmin şəxslərə NKA-nın çekini, vergi ödəyicisi kimi qələmə verikdə isə, həmin şəxslərə elektron qaimə- faktura təqdim etməli və alıcının daha sonra həmin malları aldığı təyinatdan fərqli formada istifadə etməsinə görə satıcı məsuliyyət daşıya və buna görə satıcıya hər hansıməsuliyyət tədbiri görülə bilməz. Etirazda daha sonra göstərilir, iddiaçı pərakəndə satış həyata keçirdiyi**********- 31001, **********-31004 və **********-31005 kodlu obyektlərdə nağd pul hesablaşmalarını rəsmiləşdirmək məqsədilə müvafiq ardıcıllıqla xx.xx.2019-cu, xx.xx.2019-cu və xx.xx.2020-ci il tarixlərdə nəzarət-kassa aparatları quraşdırmış və həmin nəzarət-kassa aparatlarının vergi orqanında uçota alınmasına dair qeydiyyat vərəqələri iddiaçıya təqdim edilmişdir. Eyni zamanda qeyd edim ki, yuxarıda göstərilən 3 obyektdə mübahisələndirilən nəzarət tədbiri həyata keçirilən günədək (xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək) vergi orqanı tərəfindən VM-nin tələblərinə müvafiq olaraq əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilməmiş və bununla bağlı iddiaçıya hər hansı maliyyə sanksiyası tətbiq edilməmişdir ki, bu daiddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi obyektlərdə faktiki olaraq pərakəndə satışfəaliyyətini həyata keçirdiyini, əhali ilə nağd pul hesablaşmalarını nəzarət-kassaaparatı vasitəsilə rəsmiləşdirdiyini və 2 ildən çox müddət ərzində vergi orqanıtərəfindən buna dair hər hansı qanun pozuntusunun aşkar edilmədiyini sübuta yetirir. Başqa sözlə desək, vergi orqanı hazırkı iş üzrə özünü müdafiə etmək xatirinə iddiaçının NKA quraşdırmasına baxmayaraq faktiki olaraq pərakəndə satış fəaliyyətigöstərmədiyini iddia etsə də, iddiaçının faktiki olaraq NKA vasitəsilə pərakəndə satışfəaliyyəti həyata keçirdiyi əvvəlki 3 ilə yaxın dövr ərzində bunu təsdiq edə biləcəkbənzər hüquq pozuntusuna dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.Halbuki, iddiaçının özü, fəaliyyət göstərdiyi obyektlər və NKA aparatları vergiorqanında uçotda alındığından vergi orqanı iddiaçının təsərrüfat subyektlərindən,orada həyata keçirilən fəaliyyətdən xəbərdar olmuş və cavabdeh vergi orqanının iddiaetdiyi hal mövcud olmuş olsaydı, bu hal əvvəlki hesabat dövlərində də aşkar edilmiş olardı. Vergi orqanı iddiçının NKA-na daxil edilən məbləğlərin əslində topdan satılmış mallar ilə bağlı olduğunu iddia edirsə, bunu ehtimallar əsasında deyil, faktiki sübutlar əsasında, məsələn, iddiaçıdan mal almış vergi ödəyicisi və ya vergi ödəyiciləri barədə konkret məlumatlar (rekvizitlər) təqdim etməklə sübuta yetirməlidir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Vergi Məcəlləsi: 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.62. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: Maddə 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir.
Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydası: Ümumi müddəalar 1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1- 1-ci maddəsinə əsasən hazırlanmışdır və pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Bu Qaydanın məqsədi pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilməsini, habelə bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir. 1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.3.1. pərakəndə satış – malların alıcıya son istehlak məqsədilə və yalnız qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə onların tələbi ilə qaimə-faktura, yaxud elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə satışının (təqdim edilməsinin) həyata keçirildiyi ticarət fəaliyyəti; Pərakəndə ticarət sahəsində malların təqdim edilməsinin sənədləşdirilməsi 4.1. Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaiməfaktura və ya elektron vergi hesab-fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POSterminaldan çıxarış verilir. 4.2. Vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. 4.3. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası” ilə sənədləşdirilir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri
15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
17. Məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar: kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmiş və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslara istinad etməlidir.
18. Hazırki işdən görünür ki, tərəflər arasında yaranmış mübahisə cavabdeh tərəfindən iddiaçı barəsində həyata keçirilmiş operativ vergi nəzarətinin nəticəsində tətbiq edilmiş maliyyə sanksiyası barədədir.
19. Cavabdehin “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********9781 nömrəli qərarına əsasən, iddiaçının Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Mehdiabad-Fatmayı şossesində yerləşən sahibkarlıq fəaliyyəti göstərdiyi **********-31005 kodlu obyektdə operativ vergi nəzarəti tədbiri həyata keçirilməsi qərara alınmışdır. Qərarda nəzarətin keçirilməsi müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) qeyd olunmuşdur.
20. İddiaçıya məxsus obyektdə operativ vergi nəzarətinin həyata keçirilməsinə başlanılmış və tədbirin nəticəsində ümumi dəyəri 300122,45 manat məbləğində malların iddiaçı tərəfindən elektron-qaimə faktura tərtib edilmədən satışının həyata keçirilməsi müəyyən edilmişdir. Keçirilmiş tədbirin nəticəsi olaraq cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli 005840 nömrəli akt tərtib edilmiş və həmin akt əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********5489 nörməli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ilə iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə 300122,45 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır.
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.
22. Bundan başqa, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir.
23. Kollegiya apellyasiya şikayətinin müvafiq dəlillərinə münasibətdə də qeyd edir ki, iddiaçının malların bir qismini nəzarət-kassa aparatı vasitəsi ilə pərakəndə qaydada satdığını və malların alıcılarının vergi uçotunda olmadığını bildirdiyi halda, əslində həmin alıcıların vergi ödəyicisi, ticarət fəaliyyətinin isə topdansatış olduğunu sübut etmək cavabdehin üzərinə düşür.
24. Belə ki, malların bir qisminin pərakəndə ticarət qaydasında satışını həyata keçirən iddiaçı həmin malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və eyni zamanda hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Cavabdeh etirazının və apellyasiya şikayətinin əsası kimi iddiaçı tərəfindən malların alıcılara satışının sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də, etirazın əsasını sübut edəcək mötəbər və vergi qanunvericiliyinin və “İnzibati icraat haqqında” qanunun tələblərinə uyğun şəkildə dəlil və sübutları, o cümlədən malları satış məqsədilə alan vergi ödəyciləri, eləcə də onlar tərəfindən iddiaçıdan elektron qaimə-faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron-qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına daxil olmuş hər hansı şikayət və müraciət barədə məlumatı nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya baxışı zamanı təqdim edə bilməmişdir.
25. Etiraza və apellyasiya şikayətinə əlavə edilən geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumatların, o cümlədən nəzarət-kassa aparatına mədaxil olunmuş 6.068 sayda çeklərin cəmi 164 şəxslər arasında bölüşdürülməsi ilə bağlı məlumatlar, ümumilikdə 6.068 çek üzrə 5.067.476,00 manat məbləğ nəzarət-kassa aparatına mədaxil olunması, (1 çek üzrə orta hesabla 835.11 manat), çeklərin günün eyni vaxtlarında, qısa vaxt aralığında və eyni məbləğdə kassaya vurulması da öz-özlüyündə iddiaçının müvafiq malları topdansatış qaydasında satmasını sübut edən sənədlər kimi qiymətləndirilə bilməz.
26. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Bu baxımdan kollegiya apellyasiya şikayətinin “məhkəmənin inzibati məhkəmə icraatının prinsiplərindən doğan obyektiv həqiqəti müəyyən etmək vəzifəsi vardır ki, bu vəzifə də birmənalı şəkildə alıcı olan şəxslərin müəyyən edilməsi vəzifəsini məhkəmənin üzrinə qoymuşdur” kimi dəlillərini tamamilə əsassız və inzibati məhkəmə icraatının prinsiplərinə uyğun olmayan dəlillər kimi qiymətləndirir. Belə ki, İPMnin 14.1-ci maddəsi mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsini həmin aktı qəbul etmiş inzibati orqanın üzərinə qoyur.
27. Apellyasiya şikayətinin topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışının qadağan edilməsi barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı vergi orqanında ixtisaslaşdırılmış mağazalarda sair yeni malların pərakəndə satışı fəaliyyət növü üzrə vergi ödəyicisi kimi uçota alınmışdır. İddiaçının fəaliyyət növlərindən biri pərakəndə ticarət fəaliyyəti olmuş və sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə nəzarət kassa aparatının quraşdırılması da bu faktı təsdiq edir. Həmin nəzarət kassa aparatının vergi orqanı tərəfindən təsdiq edilməsi isə sonuncunun iddiaçının pərakəndə satış fəaliyyəti ilə məşğul olmasına razılığını ifadə edir.
28. Kollegiya daha sonra apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən operativ vergi nəzarətinin mahiyyətini ona xələl gətirəcək şəkildə təhrif və məhdudlaşdırıcı təfsir edilməsi barədə dəlilləri ilə bağlı həmin dəlillərin əsassızlığına dair iddiaçının etirazının dəlilləri ilə razılaşaraq və oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış məhkəmə təcrübəsinə (2-1(102)-1490/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərar) istinadən qeyd edir ki, hazırkı işdə də, cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı yalnız tədbir anında və yoxlama müddətində baş tutan deyil, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci ilədək olan əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki olaraq həyata keçirilmədiyi dövr üzrə həyata keçirilən əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir ki, bu da ümumilikdə operativ vergi yoxlamasının mahiyyətinə və xarakteristikasına uyğun deyildir. Belə ki, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1- 50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir.
29. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********5489 nömrəli nömrəli qərar maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və vergi ödəyici kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan birinci instansiya məhkəməsinin qeyd edilən qərarın ləğv edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur
30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2-1(118)-1050/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.