Məhkəmə qərarları › İş №2-1(105)-555/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-555/2023

29.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-555/2023 29.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 və ibarət tərkibdə, X3 qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Quba rayon Söhüb bələdiyyəsinə qarşı “bələdiyyənin qərarının ona aid hissədə ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 27 mart 2023-cü il tarixli 2-1(118)-308/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Quba rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 10/6 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün İddiaçı və ailə üzvlərinə ayrılmış 5,40 ha torpaq sahəsinə dair Quba rayon torpaq şöbəsi tərəfindən sonuncuların adına 19 iyun 2000-ci il tarixli, JN-0028 KOD 30322018 qeydiyyat nömrəli “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Quba rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 10/6 saylı qərarı ilə fərdi yaşayış evi tikintisi üçün İddiaçı və ailə üzvlərinə ayrılmış 0,11 ha torpaq sahəsinə dair DTXK-nin Quba rayon şöbəsi tərəfindən sonuncuların adına 07 may 2003-cü il tarixli, JN-005A KOD 30322018 qeydiyyat nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Quba rayon Söhüb bələdiyyəsinin 28 yanvar 2022-ci il tarixli, 01/03 nömrəli iclas qərarına əsasən İddiaçı, ümumilikdə, 1201,82 manat əmlak, torpaq və icarə vergisinin bələdiyyənin hesabına ödənilməsinin təmin edilməsi məqsədilə 10 gün müddət verilməsi, sonuncu tərəfindən həmin müddət ərzində göstərilən vergi borcu ödənilmədiyi halda borcun məcburi qaydada alınması məqsədi ilə Quba rayon İcra və Probasiya şöbəsinə müraciət edilməsi qərara alınmışdır. İddiaçı cavabdeh Quba rayonu Söhüb bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 28 yanvar 2022-ci il tarixli, 01/03 nömrəli qərarının ona aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba rayon Söhüb bələdiyyəsinin 28 yanvar 2022-ci il tarixli 01/03 saylı qərarı ilə müəyyən edilmişdir ki, onun bələdiyyəyə 101,40 manat əmlak vergisi, 320,42 manat torpaq vergisi və 780 manat icarə haqqı borcu vardır. Halbuki, 2019-cu ildən sonra onun icarəsində hər hansı torpaq sahəsi olmamışdır. Həmçinin, əmlak və torpaq vergisi ilə əlaqədar hesablanan məbləğlərin hansı dövrü əhatə etdiyi və hansı meyarlar əsasında hesablandığı aydın deyildir. Bələdiyyə nəzərə almamışdır ki, qeyd olunan məbləğlər ancaq son 3 il üçün hesablana bilərdi. Hazırda qeyd olunan qərar əsasında əsassız olaraq İcra və Probasiya şöbəsi tərəfindən onun gəlirlərindən tutulmalar aparılır. İddiaçı bələdiyyənin qeyd olunan qərarını əsassız hesab edərək ləğv olunmasını tələb edir. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində mübahisələndirilən borc məbləği xx.xx.2021-ci il tarixədək bələdiyyə büdcəsinə ödənilməli olan fiziki şəxslərin əmlak və torpaq vergisi, həmçinin, 2020-ci və 2021-ci illərdə iddiaçının zəbtində olan torpaq sahəsindən istifadəyə görə icarə haqqıdır. İddiaçıya məxsus Quba rayonun Rük kəndində 132 kv.m sahəni əhatə edən fərdi yaşayış evi vardır. Həmin sahənin 30 kv.m hissəsinə güzəşt tətbiq edilməklə, qalan 102 kv.m hissəsinin illik əmlak vergisi 10,20 manat təşkil edir. Torpaq vergisinə gəldikdə, iddiaçının istifadəsində olan 0,02 ha həyətyanı torpaq sahəsi üçün illik 1,10 manat, 5,40 ha biçənək sahəsi üçün illik 6,48 manat, zəbtdə olan 0,38 ha sahə üçün illik 19,0 manat olmaqla, cəmi illik 36,78 manat torpaq vergisi təşkil edir. İddiaçının Söhüb bələdiyyəsinə həmin vergiləri ödəmədiyi illər üzrə 101.40 manat əmlak vergisi, 320,42 manat torpaq vergisi, 2020-2021-ci illər üzrə 1,40 ha torpaq sahəsinin icarə haqqı olaraq 780 manat olmaqla, ümumilikdə 1201,82 manat borcu yaranmışdır. Bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixdə tədiyyə bildirişi göndərilməsinə baxmayaraq həmin şəxs tərəfindən vergi borc ödənilmədiyindən xx.xx.2022-ci il tarixdə iclas keçirilmiş, 01/03 nömrəli qərar qəbul edilmişdir. Qərarın surəti iddiaçıya 01 fevral 2022-ci ildə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə qərar icra olunması üçün Quba rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bundan başqa Söhüb bələdiyyəsinə aid 140 ha torpaq sahəsinin iddiaçı tərəfindən zəbt edilərək digər şəxslərə icarəyə verməsi ilə əlaqədar bələdiyyə tərəfindən Quba rayon Prokurorluğuna məlumat verilmiş və müvafiq araşdırma aparılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 27 mart 2023-cü il tarixli 2-1(118)-308/2023 nömrəli qərarı ilə iddia təmin edilərək Quba rayon Söhüb bələdiyyəsinin 28 yanvar 2022-ci il tarixli, 01/03 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır (hakim V.Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı təqdim edilən sübutlarla iddiaçının mülkiyyətində torpaq sahəsi və fərdi yaşayış evinin olması öz təsdiqini tapmamış, cavabdeh tərəfindən də iddiaçının mülkiyyətində və ya istifadəsində başqa əmlakın olmasını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Belə ki, cavabdeh bələdiyyə iddiaçının 60.0 ha torpaq sahəsini zəbt etməsi və başqa şəxsə icarəyə verməsini bildirsə də, bunu təsdiq edən hər hansı sübutü təqdim edə bilməmişdir. Bundan başqa, hüquqmüəyyənedici sənəd olmadan vətəndaşa vergi hesablanması qanunsuzdur. Bələdiyyə öz qərarında əmlak və torpaq vergisinə görə yaranan borcun iddiaçının mülkiyyətində və ya istifadəsində olan hansı əmlaka (torpağa, evə və s.) hesablandığını qeyd etməmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri: Hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qəbul edilərkən iş üçün əhəmiyyətli olan hallar hərtərəfli araşdırılmamışdır. Qeyd edir ki, iddiaçıdan tutulmalı olan borc məbləği 31 dekabr 2021-ci il tarixədək bələdiyyə büdcəsinə ödənilməli olan əmlak və torpaq vergisi və 2020-2021-ci illərdə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin icarə haqqıdır. İddiaçının yalnız mülkiyyətində olan fərdi yaşayış evinə görə 101,40 manat əmlak vergisi, həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə görə 320,42 manat torpaq vergisi borcu vardır. Məhkəmə cavabdeh tərəfindən iddiaçının mülkiyyətində hər hansı əmlakın və ya torpaq sahəsinin olmasına dair sübut təqdim edilməməsini əsas gətirərək iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmənin bu qənaəti ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının mülkiyyətində əmlak və torpaq sahəsi olması barədə iddiaçının özündə hüquqmüəyyənedici sənədlər vardır. Qanunverciliyin tələbinə əsasən fiziki şəxslərin əmlak və gəlir vergiləri bələdiyyə vergilərinə aiddir və fiziki şəxslərin istifadəsində olan torpaq sahələri də müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. Vergitutma qaydasına əsasən vaxtında vergi ödəyicilərinə, həmçinin, iddiaçıya bildiriş göndərilmişdir. Mübahisələndirilən qərarda iddiaçının istifadəsində hansı əmlakın və torpaq sahəsinin olması və sahəsi barədə tam müfəssəl məlumat vardır. İddiaçı isə yalnız icarəsində torpaq olmamasını göstərir, halbuki onun istifadəsində və sahibliyində halhazıradək də əmlak və torpaq sahəsi vardır. Hesab edir ki, məhkəmədə işə baxılarkən iş üçün əhəmiyyətli olan faktiki hallar araşdırılmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz edərək qeyd etmişdir ki, cavabdeh bələdiyyəyə onun mülkiyyətində hər-hansı torpaq sahəsinin olması barədə heç bir rəsmi sənədin olunmaması ilə bağlı dəfələrlə müraciət etsə də bu günədək təsərrüfatını, heyvandarlığını artırmaq məqsədi üçün ona torpaq sahəsi ayırmamışdır. Lakin, iddiaçının xəbəri olmadan və ona heç bir bildiriş verilmədən cavabdeh qərar qəbul edərək Quba rayon İcra və Propasiya şöbəsinə onun bələdiyyə borcunun olmasını bildirirək əmək haqqından 1201 manat və digər xərclərin tutulması barədə məlumat vermişdir. Cavabdeh yalnız İcra və Propasiya şöbəsinə sənəd göndərilməmişdən əvvəl bir dəfə ona bələdiyyə borcunun olması ilə bağlı bildiriş göndərmişdir. Halbuki, onunla bələdiyyə arasında heç bir borc barəsində müzakirə olmamışdır. İcra və Propasiya şöbəsindən onun əmək haqqından tutulmalar aparıldıqndan sonra məlum olmuşdur ki, bələdiyyəyə borcu vardır. Hal-hazırda cavabdeh onun 1021 manat borcu olmasını bildirsə də əmək haqqından həmin borcdan daha çox tutulmuşdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat vervi və əlavə olaraq izahatında bildirdi ki, icarə haqqının hesablanmasına əsas olmuş torpaq sahəsi ilə bağlı bələdiyyə və iddiaçı arasında icarə müqaviləsi bağlanmamış, iddiaçı barəsində vergi borcu hesablanan zaman inzibati icraatın başlanması barədə ona məlumat verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi və şikayətə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, JN-0028 KOD 30322018 qeydiyyat nömrəli “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Quba rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 10/6 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün iddiaçı və ailə üzvlərinə ayrılmış 5,40 ha torpaq sahəsi, eləcə də JN-005A KOD 30322018 qeydiyyat nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən AİK-nin həmin qərarı ilə fərdi yaşayış evi tikintisi üçün iddiaçı və ailə üzvlərinə ayrılmış 0,11 ha torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. Cavabdeh tərəfindən iddiaçının ünvanına mülkiyyətində olan torpaq və əmlaka görə icarə haqqı, əmlak və torpaq vergisinin ödənilməsi üçün xx.xx.2022-ci il tarixli tədiyyə bildirişi göndərilmiş, lakin, iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində istifadəsində olan torpaq sahəsinə görə 2022-ci il üzrə 780,00 manat icarə haqqı, 320,42 manat torpaq vergisi və 101,40 manat əmlak vergisi ödəmədiyindən Quba rayon Söhüb bələdiyyəsinin 28 yanvar 2022-ci il tarixli, 01/03 nömrəli qərarına əsasən, borc öhdəliklərinin icra olunması üçün Quba Rayon İcra və Probasiya Şöbəsinə göndərilməsi qərara alnmışdır. Hazırda iddiaçı qeyd edilən qərarı mübahisələndirir. Mübahisələndirilən qərardan göründüyü kimi, məcburi qaydada icrası tələb edilən borcun tərkibinə əmlak və torpaq vergisi ilə yanaşı, 780,00 manat icarə haqqı da daxildir. Cavabdeh “İnzibati icraat haqqında” qanunun 82.2-ci maddəsinə istinad edərək, icarə haqqı borcunun məcburi icraya yönəldilməsini qərara almışdır. Halbuki, həmin Qanunun 82.1-ci maddəsində pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrasının “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilməsi nəzərdə tutulmuşdur. Belə ki, qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında yaranmış icarə münasibətləri xüsusi hüququn nizamasalma predmetinə aiddir, publik hüquqla tənzimlənmir, bu münasibətlərdə tərəflər bərabərhüquqludur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.2-ci bəndində də qeyd edlir ki, ............ yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alğı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Belə olduğu təqdirdə, kollegiya hesab edir ki, cavabdehin “İnzibati icraat haqqında” qanunun 82-ci maddəsinə istinad edərək, icarə haqqı borcunun məcburi icraya yönəldilməsi barədə qəbul etdiyi qərar qanunsuz olmuşdur. Cavabdehə icarə müqaviləsi üzrə ödənilməmiş icarə haqqı borcunun ödənilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. İddiaçı barəsində hesablanmış torpaq və əmlak vergisinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Yuxarıda qeyd edildiyi kimi, təqdim edilən sənədlərə əsasən, Quba rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 10/6 saylı qərarı ilə iddiaçı və ailə üzvlərinə ayrılmış 0,11 ha həyətyanı torpaq sahəsi və 5,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının qanuni istifadəsində olmuşdur. Mübahisələndirilən qərardan isə torpaq vergisinin hansı torpaq sahəsinə münasibətdə hesablanması aydın deyildir. Belə ki, həmin qərarda iddiaçı barəsində vergi məbləğinin hesablanmasına əsas olmuş torpaq sahəsi ilə bağlı, ümumiyyətlə, heç bir məlumat qeyd edilməmişdir. Cavabdeh iddia ərizəsinə etirazında bununla bağlı iddiaçının istifadəsində olan 0,02 ha həyətyanı torpaq sahəsi, 5,40 ha biçənək sahəsi, habelə zəbtində olan 0,38 ha sahə üçün illkin vergi məbləğlərini qeyd etməklə kifayətlənmiş, konkret olaraq iddiaçı barəsində 320,42 manat torpaq vergisinin hansı torpaq sahəsinə münasibətdə hesablanmasını göstərməmişdir. Eyni zamanda, kollegiya qeyd edir ki, bələdiyyə tərəfindən mübahisələndirilən qərar (inzibati akt) qəbul edilərkən inzibati icraat aparılmamışdır. Halbuki, inzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibatı aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. İşdən görünür ki, hazırkı iş üzrə bələdiyyə tərəfindən isə mübahisələndirilən inzibati akt qəbul edilərkən inzibati icraat haqqında qanunvericiliyin normaları pozularaq qərar qəbul edilmiş, inzibatı icraat aparılmamış, iddiaçının dinlənilmə hüququ təmin edilməmiş, işin halları ilə əlaqədar iddiaçıdan hər hansı izahat və va sübut tələb edilməmiş, iddiaçı iş materialları ilə tanış edilməmişdir. Məhkəməsi araşdırması zamanı iddiaçı barəsində mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliklə müəyyən edilən inzibati icraatla bağlı qaydalara və tələblərə cavabdeh tərəfindən əməl olunmadığı müəyyən edilmişdir. Cavabdeh tərəfindən də məhkəməyə yuxarıda qeyd olunan qaydalara və tələblərə əməl edildiyi barədə hər hansı dəlil və sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə görə, belə hallarda inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək öhdəliyi daşıyır. Lakin, hazırkı işdən cavabdeh tərəfindən qeyd edilən inzibati prosedur qaydaya riayət edildiyi müəyyən edilmir. Bu təhlil isə mübahisələndirilən qərarın qanun pozuntuları ilə müşayiət olunaraq qəbul olunduğuna dəlalət edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununun 67.1 və 67.2-ci maddələrinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Kollegiya hesab edir ki, mübahisələndirilən qərar yuxarıda sadalanan hüquq normalarının pozulması ilə qəbul edildiyindən birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə qərarın ləğvi üçün əsas deyildir. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsi qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 mart 2023-cü il tarixli 2-1(118)-308/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar