Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-556/2021 18.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “18.06.2020-ci il tarixli **********827200 saylı qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə Açar sözlər: vergi öhdəliyi üzrə qərarın ləğvi. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “18.06.2020-ci il tarixli **********827200 saylı qərarının ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2-1(118)-976/2021 saylı qərarından cavabdeh tərəfindən verilən apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək vergi borcunun silinməsi barədə qərar çıxarılmasını xahiş etmiş, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə 27.05.2021-ci il tarixdə ərziə verərək cavabdeh tərəfindən qəbul edilmiş 18.06.2020-ci il tarixli **********827200 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İddiaçının əsaslandırması:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xarici valyuta ilə aldığı borcu qaytarmaq məqsədi ilə 13.03.2020-ci il tarixdə banklardan birindən 10000 ABŞ dolları, digərindən isə 5000 ABŞ dolları almışdır. Banklarda ona verilən blanklar nəzərdə tutulan qaydaları pozmadan əməliyyatı yerinə yetirmişdir. Əməliyyat keçirərkən heç kim bununla bağlı hər hansı məhdudiyyətin olması ona bildirilməmiş və pulun mənbəyi barədə əlavə sənəd tələb edilməmişdir. Blankları doldurarkən heç bir vergi haqqında ona heç bir söz deyilməmişdir. Amma 02.06.2020-ci il tarixdə onun xəbəri və iştirakı olmadan adına vergi şəhadətnaməsi açılmış, vergi ödəyicisi kimi uçota alınmış və 7 ay ərzində vergi borcu cərimə hesablanmışdır. 2021-ci ilin yanvar ayında maraqlanan zaman dəyişdiyi pulun mənbəyinin göstərilmədiyi ona əsas gətirilmişdir. Əgər ondan pulun mənbəyi haqqında sənəd tələb olunmayıbsa, bunu özü necə bilə bilərdi. Dəyişdirilən pulun mənbəyi barədə rəsmi və ya qeyri rəsmi heç bir sənəd tələb edilməmişdir. Bununla belə vətəndaş olaraq vergi orqanlarının tələblərinə əməl edərək onların sorğusuna cavab vermişdir. Həmin pulun mənbəyinin 10000 manatı ona mərhum anasından qalmış, 5000 manat özünün ehtiyat kimi yığdığı pul, 5000 manat isə həyat yoldaşının iki bacısından 3 il ərzində qaytarmaq şərtilə borc olaraq götürdüyünü göstərmişdir. Özünün 55 yaşı var, evlidir, himayəsində 2 övladı var, onlardan biri və həyat yoldaşı xəstədir, özü isə xəstə ola-ola ailəsini dolandırmaq üçün fəhləliklə məşğul olmaq məcburiyyətindədir. Pandemiya dövrü, işsizlik, ailəsinin maddi durumunun çətin - bu qədər borc içində olduğu, həmçinin can sağlığının olmadığı bir vəziyyətdə kimlərinsə onun və ailəsinin tamamilə pis vəziyyətə düşmələrinə çalışmaqlarını başa düşə bilmir. Ailəliklə ölkənin qanunlarına inanaraq hüquqlarını qorunmasını xahiş edir.
Cavabdehin etirazları:
3. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçı (VÖEN: **********) 2019-cu il gəlir vergisi bəyannaməsi üzrə 3573.5 manat kameral qaydada əlavə vergi məbləği hesablanmışdır. Vergi ödəyicisinin xarici valyutanın konvertasiyası nəticəsində qeyri-sahibkarlıq fəaliyyətindən əldə etdiyi 25.525 manat gəlir məbləğinə əsasən 3573.5 manat vergi məbləği hesablanmışdır (25525*14%) Yaranmış kənarlaşma ilə bağlı 04.06.2020-ci il tarixli **********655800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmiş, lakin iddiaçı tərəfindən konvertasiya əməliyyatı ilə bağlı heç bir məlumat təqdim etmədiyinə görə kameral vergi yoxlaması aparılaraq 2019-cu il üzrə gəlir vergisi bəyannaməsinə 3573.5 manat kameral vergi məbləği hesablanılmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin hesablanması barədə" 18.06.2020-ci il tarixli **********827200 nömrəli Qərarı göndərilmişdir. Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs vergi ödəyicisi hesab olunur (Vergi Məcəlləsinin 13.2.4-cü maddəsi). Qanunla müəyyən edilmiş vergiləri ödəmək, gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, büdcəyə çatacaq vergiləri və digər icbari ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir (Vergi Məcəlləsinin 16-cı maddəsi). Fiziki şəxslər tərəfindən gəlirlər əldə edilənədək vergi orqanında uçota durmadıqda, vergi orqanı tərəfindən vergi ödəyicisi məcburi qaydada uçota alınır (Vergi Məcəlləsinin 33.3-cü və 33.5-ci maddələri). Vergi orqanları ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə, o cümlədən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar əsasında hesablamaq hüququ vardır (Vergi Məcəlləsinin 67.1ci maddəsi). Qeyri-qanuni əldə edilən gəlir Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müsadirə edilmirsə, həmin gəlirin qeyri-qanuniliyi onun vergiyə cəlb edilməsinə təsir göstərmir (Vergi Məcəlləsinin 66-cımaddəsi).
Birinci instansiya məhkəməsində icraat:
4. Sumqayıt İnzibati Məhkəməsinin 03 iyun 2021-cı il tarıxlı 2-1(118)-976/2021 saylı qərarı ilə (hakim V.E.Əzizova) iddia tələbi təmin edilməklə İddiaçı barəsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş 18.06.2020-ci il tarixli **********827200 saylı qərar ləğv olunmuşdur.
5. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən apelyasiya şikayəti verilərək Sumqayıt İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2- 1(118)-976/2021 saylı qərarının ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apelyasiya şikayətinin dəlilləri:
6. Cavabdeh apelyasiya şikayətində Azərbaycan Respublikası İPM-nin 1.2, 12.1, 87.6, MPM-nin 14, 385.1-ci maddələrinə istinad edərək vurğulamışdır ki, vergi ödəyicisinin xarici valyutanın konvertasiyası nəticəsində qeyri-sahibkarlıq fəaliyyətindən əldə etdiyi 25.525 manat gəlir məbləğinə əsasən 3573,5 manat vergi məbləği hesablanmışdır (25525*14%). Yaranmış kənarlaşma ilə bağlı 04.06.2020-ci il tarixli **********655800 nömrəli «Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında» məktub göndərilmiş, lakin iddiaçı tərəfindən konvertasiya əməliyyatı ilə bağlı heç bir məlumat təqdim edilmədiyinə görə kameral vergi məbləği hesablanılmış və vergi ödəyicisinə vergi orqanının «Vergilərin hesablanması barədə» 18.06.2020-ci il tarixli **********4827200 nömrəli Qərarı göndərilmişdir. Məhkəmə iddianı təmin edərkən hesab etmişdir ki, 13.03.2020-ci ildə aparılmış valyuta mübadiləsi nəticəsində gəlir əldə edilməsi ilə bağlı məhkəməyə hər hansı əsaslı dəlil təqdim edilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 07.04.2021-ci il tarixli 2-1(118)-976/2021 nömrəli sərəncamına əsasən İddiaçı (VÖEN **********) cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «02.06.2020-ci il tarixdə cavabdeh tərəfindən iddiaçının iştirakı və məlumatı olmadan hesablanmış vergi borcunun silinməsi tələbi»nə dair iddia ərizəsinə münasibət bildirilməsi tələb edilmişdir. Buna baxmayaraq elə ilk məhkəmə prosesində iddiaçı «18.06.2021-ci il tarixli **********827200 nömrəli qərarının ləğvinə» dair iddia ərizəsi təqdim etmiş, məhkəmə qeyd olunan iddia ərizəsini cavabdeh vergi orqanına təqdim etmədən, cavabdeh orqanın münasibətini öyrənmədən və müzakirəsini aparmadan bir prosesə yekun qərar çıxarmışdır. Məhkəmə iddianın mümkünlük şərtlərini də araşdırmamışdır. Belə ki, «Vergilərin hesablanması barədə 18.06.2020-ci il tarixli **********827200 nömrəli Qərar 19.06.2020-ci il tarixdə saat 11.52-də vergi ödəyicisinə göndərilmişdir. Həmçinin iddiaçı 23.11.2020-ci il tarixli **********958600 nömrəli kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etmiş və 10.02.2021-ci il tarixli **********054700 nömrəli məktuba vergi ödəyicisinə müraciət edilərək zəruri olan sənədlərin və ya məlumatların təqdim edilməsi istənilmişdir. Həmçinin iddiaçı 14.01.2021ci il tarixdə vergi orqanına elektron sənəd mübadiləsinin aparılmaması üçün istifadəçi kodu, parol və şifrənin verilməsi ilə bağlı müraciət etmişdir. İddiaçı 18.06.2020-ci il tarixli **********827200 nömrəli Qərarla bağlı iddia müddətini pozmuşdur. Beləliklə də, məhkəmə işin faktiki hallarını düzgün araşdırmamış, prosessual hüquq normalarının tələblərini pozmaqla qanunsuz və əsassız qərar qəbul etmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apelyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları:
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 izahatında bildirdi ki, apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsas olan hallar ətraflı şəkildə göstərilmişdir. Odur ki, apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, apelyasiya şikayətini qəbul etmir, belə ki, birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verdiyindən iddianın təmin olunması ilə bağlı gəldiyi nəticə qanunauyğun və əsaslıdır. Apellyasiya şikayəti formal mülahizələrə əsaslandığından qərarın ləğvinə əsas ola bilməz. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir.
Tədbiq edilən hüquq
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
11. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
12. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
13. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
14. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
15. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
16. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
17. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
18. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
19. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
20. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
21. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
22. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.
23. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
24. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.
25. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
26. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
27. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
28. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
29. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
30. Həmin Məcəllənin 94.4-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
31. Azərbaycan Respublikasının Konstitusiyasına görə dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir (26-cı maddənin İİ hissəsi), hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə də təminat verilir (60-cı maddənin İ hissəsi).
32. Konstitusiyanın 73-cü maddəsinə əsasən: İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
33. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 13.2.12. Gəlir-malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. Satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır.
Apelyasiya instansiya məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hazırkı qərarın 10-25-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatını və apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarını onunla əsaslandırmışdır ki, iddiaçı fiziki şəxs İddiaçı barəsində konvertasiya olunmuş vəsaitin hansı dövrlərin gəlirinə aid olması məqsədilə vergi orqanı tərəfindən yoxlama təyin edilmiş və yoxlamanın nəticəsi olaraq 18.06.2020-ci il tarixli **********835500 nömrəli “Vergilərin hesablanması haqqında” qərar tərtib edilməklə rəsmiləşdirilmişdir. Nəzərə alınmaldır ki, iddiaçı tərəfindən valyuta mübadiləsi əməliyyatı 13 mart 2020-ci ildə aparılıb və 2016-ci ilin sonlarından hal-hazıradək Azərbaycan manatın ABŞ dollarına münasibətdə məzənnə üzrə kəskin fərqi müəyyən edilməyib. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məlumatına əsasən 2015-ci il fevralın 21-nə qədər 1 manat 0,78 dollar təşkil etsə də, həmin gün Mərkəzi Bankın qərarı ilə manat devalvasiya edilmiş və 34% ucuzlaşdırıldıqdan sonra 1 dollar 1,05 manata bərabər olmuşdur. X4 Heyəti 21 dekabr 2015-ci il tarixdə manatın “üzən məzənnə” rejiminə keçilməsi barədə qərar qəbul etmiş və bundan sonra 1 ABŞ dolları 1,55 manata, 2016-cı ilin dekabr ayından bu günə kimi isə rəsmi məzənnə ilə 1 ABŞ dolları 1.700 manata bərabər olmuşdur. Göründüyü kimi 2020-ci ildə Azərbaycan manatının ABŞ dolları qarşısında dayanaqlığı təmin edilmişdir. Yəni Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnə nisbətində kəskin fərq olmadığına görə həmin vəsaitin konvertasiyası nəticəsində 25525.0 manat gəlirin əldə edilməsindən söhbət gedə bilməz. Nəzərə alınmalıdır ki, hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia tələbinə aiddir və İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir, lakin cavabdeh İdarə İddiaçı tərəfindən 13.03.2020-ci ildə aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində gəlir əldə etməsi ilə bağlı məhkəməyə əsaslı dəlil təqdim etməmişdir.
36. Məhkəmə kollegiyası hazırkı qərarın 6-cı bəndində öz əksini tapan cavabdehin apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir ona görə ki, həmin dəlillərdə əsasən iddiaya dair etirazda göstərilən hallar təkrarlanmış ki, həmin hallara da birinci instansiya məhkəməsi tərəfindən verilmiş hüquqi qiymətlə məhkəmə kollegiyası razılaşır və o da vurğulanır ki, hazırkı qərarın 31-32-ci bəndlərində göstərilən konstitusion normaların tələbinə görə dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, həmçinin vergilərin və başqa dövlət ödənişlərini vaxtında ödəmək hər bir kəsin borcu kimi müəyyən edilsə də, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan vergi və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
37. Apelyasiya şikayətinin dəlili olaraq iddiaçıya müraciət edilməklə zəruri sənədlərin təqdim edilməsi, eyni zamanda iddiaçının vergi orqanına müraciət etməklə elektron sənəd mübadiləsi aparması üçün istifadəçi kodu və sairə istəməsinə dair göstərilənləri də məhkəmə qəbul etmir ona görə ki, həmin halların təsdiq edilməsinə dair nə birinci instansiya məhkəməsinə, nə də ki, apelyasiya şikayətinə əlavə edilməklə apelyasiya instansiyasına müvafiq sübutlar təqdim edilməmişdir. Halbuki, İPM-nin 14-cü maddəsinin tələblərinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
38. Həmçinin hazırkı qərarın 33-cü bəndində istinad edilən maddi hüquq normalarının tələbləri onu özündə ehtiva edir ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və s.) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin normaların məzmunundan həm də o nəticə əldə olunur ki, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır.
39. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslı olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etmişdir. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Apelyasiya şikayətinin dəlilləri məhkəmə qərarının ləğv edilməsi üçün əsaslı deyil, ona görə də apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2-1(118)-976/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.