Məhkəmə qərarları › İş №2-1(105)-556/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-556/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-556/2024 30.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Quliyev İsmayıl Rza oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, İsmayılova Sehran Sabir qızının katibliyi, İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, 2-ci mikrorayon ünvanda yerləşən 11/17 saylı evin 44 nömrəli mənzil üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafuq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2-1(118)-2601/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək müraciət edərək Sumqayıt şəhəri, 2-ci mkr., ev 44, 11 nömrəli mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını, reyestrdən çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, idarənin mütəxəssisi tərəfindən əmlaka müayinə baxışı keşirilən zaman mübahisəli halın olduğu müəyyən olunmuşdur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən vətəndaşın yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Həmçinin müraciətə əlavə olunmuş sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, forma 2 arayışı ərizəyə əlavə edilməmişdir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən isə vətəndaş yaşadığı mənzil (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: -mənzili özəllşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi, -mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2№li forma), -mənzil sahəsinin orderi. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Sumqayıt şəhəri, 2-ci mikrorayon ünvanda yerləşən 11/17 saylı evin 44 nömrəli mənzil üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2-1(118)-2601/2024 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmış, iş üzrə icraata xitam verilmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Lakin hazırkı işdə iddiaçının iddia ərizəsinin geri qaytarılmasını xahiş etməsi onun bu iradəsinin olmadığını göstərir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, qərardaddan şikayət verməyinin səbəbi, hakim və onun iclas katibi onu aldadaraq ona öz yazdıqları ərizəyə qol çəkdirmişlər. Onun gözü görmür və latınca oxumağı və yazmağı bilmir. Ona məhkəmə zalında hakim bildirmişdir ki, vaxt verir, get, sənədləri yığ gətir. Bundan sonra Qərardad çıxarır ki, guya o, iddiadan imtina edir və sənədlərin geri qaytarılmasını istəyir. O da arxayın çıxıb gəlmişdir ki, gedib öz hüquqşünasına desin ki, bu sənədləri yığmaq lazımdır. Hakim isə onun işinə xitam verir. Hakim birmənalı şəkildə vətəndaşa onun başa düşəcəyi formada izah etməlidir ki, vətəndaş onu başa düşə bilsin. O, 8 aydır ki, bu işi gözləyir ki, necə olacaq. Hakim isə işə xitam vermişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş etirazları olmadıqlarını bildirdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı atasından miras qalmış əmlaka mülkiyyət sənədi əldə etməkdir. İddiaçı bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində keçirilən iclasın audio-video yazısından görsənir ki, sədrlik edən hakim iddiaçıya hüquqi yardım edir və iddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılması barədə ərizəyə imza edir və nəticədə məhkəmənin 05 mart 2024-cü il tarixli, 2-1(118)-2601/2024 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmış, iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyası geyd edir ki, tərəflərə edilən hüquqi yardım onların hüquqi marağına uyğun olmalı, hüquqi yardım nəticəsində alınan ərizələrin yaradacağı hüquqi nəticələri tərəflərə aydın olmalıdır. Birinci instansiya məhkəməsində kiçirilmiş məhkəmə iclasının audio-video yazısından görsənir ki, məhkəmə iddiaçıya hüquqi yardım edərək bildirir ki, mübahisə predmeti olan mənzilə mülkiyyət sənədi verildiyinə görə həmin sənəd mübahisələndirilməlidir. Lakin cavabdeh inzibati orqan imtinasında və iddiaya etirazında belə hala istinad etməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən edilən hüquqi yardım iddiaçının hüquqi marağına uyğun olmamış, eyni zamanda iddiaçının həmin hüquqi yardımın mahiyyətini başa düşməsidə aydın deyildir. Ona görədə məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt İnzibati Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2-1(118)-2601/2024 nömrəli qərardadı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, iş təkrar baxarkən məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq mübahisə predmeti olan mənzilə dair zəruri araşdırmalar aparılmalı, bundan sonra müvafiq nəticəyə gəlməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2-1(118)-2601/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, 2-ci mikrorayon ünvanda yerləşən 11/17 saylı evin 44 nömrəli mənzil üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafuq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar