Məhkəmə qərarları › İş №2-1(105)-556/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-556/2025

03.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-556/2025 03.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalının cavabdeh Kələntərli (Ponadseva) Fatimə Əfqan qızına qarşı iş üzrə (Açar sözlər: vəfat etmiş şəxsin yerinə alınmış əmək pensiyasının geri qaytarılması) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdeh Kələntərli (Ponadseva) Fatimə Əfqan qızının iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalının cavabdeh Kələntərli (Ponadseva) Fatimə Əfqan qızına qarşı “artıq ödənilmiş 5151,72 manat dövlət vəsaitinin iddiaçının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2044/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə ölmüşdür. xx.xx.2022-ci il tarixli ərizə ilə X4 atasının dəfn xərcinin ödənilməsinə köməklik göstərilməsi barədə cavabdeh inzibati orqana müraciət etmişdir. **********2 saylı, xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə 5151.72 manat pul vəsaitinin könüllü şəkildə qaytarılması barədə xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, artıq ödənilmiş 5151,72 manat dövlət vəsaitinin iddiaçının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Əfqan Kələntərov 2 dekabr 2020-ci il tarixində vəfat etmiş, lakin bu barədə Mərkəzi Filiala vaxtında məlumat verilmədiyi üçün onun müvafiq kart hesabına 1 yanvar 2021-ci il tarixindən 30 sentyabr 2021-ci il tarixədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. X6 məxsus kart hesabına köçürülmüş artıq pul vəsaiti 5751,72 manat təşkil etmişdir. Qanunun 38-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyasını təyin edən orqana məlumat verilməlidir. ünvan 1 ünvanında yaşayan X1 yaranmış 5751,72 manat borcun Mərkəzi Filialın hesabına ödəməsi barədə cavabdehə xx.xx.2022-ci il tarixində **********2 nömrəli məktub göndərilərək xəbərdarlıq edilmiş, əks halda qanunamııvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Həmçinin, Əfqan Kələntərovun vəfat etməsi ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinin tələblərinə uyğun olaraq ölkə üzrə minimum əmək pensiyasının (600,00 manat) üç misli məbləğində 600,00 manat dəfn müavinəti hesablanmışdır. X7 müvafiq kart hesabına artıq ödənilən və Mərkəzi Filialın hesabına bərpa olunmayan 5751,72 manat vəsaitdən 600,00 manat məbləğində dəfn müavinəti çıxılmış, qalan 5151,72 manat məbləğində pul vəsaitinin könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarılması bildirilmişdir. Sözügedən Qanunun 39.4-cü maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası üzrə borc ödənilib qurtarmamış əmək pensiyasının ödənişi dayandırılırsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Qanunun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının həmin maddədə göstərilən ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Bu ondan irəli gəlir ki, əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri ailə başçısının ölümü ilə əlaqədar itirdikləri gəlirlərin kompensasiyası məqsədilə hər ay pul ödənişi (pensiya) ala bilsin. Yəni, əmək pensiyaçısı vəfat etdikdən sonra onun qanunla dairəsi müəyyən edilmiş ailə üzvləri vəfat etmiş əmək pensiyaçısına ödənilən (kart hesabına köçürülən) pensiya vəsaitini deyil, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edildiyi halda həmin pensiya vəsaitini özlərinə məxsus kart hesabından götürə bilərlər. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazı onunla əsaslandırmışdır ki, atasının vəfatından sonra ona qazi kimi ödənilən Prezident təqaüdü dərhal müraciət olunmadan dayandırılmışdır. Atasının şəxsiyyət vəsiqəsini təhfil verərək ölümü haqqında şəhadətnamə almışdır. Lakin karta iddiaçı tərəfindən pul köçürüldüyü davam etdirildiyinə görə həmin pulu almağa davam etmişdir. Hesab etmişdir ki, həmin pul ödənilməlidir. İddiaçı pulun geri qaytarılması üçün xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərmişdir. İddia ərizəsi isə məhkəmənin icraatına 2024-cü ilin avqust ayında daxil olmuşdur. İddiaçının xx.xx.2022-ci il tarixdə artıq pensiya ödəməsi barədə məlumatı olmasına baxmayaraq, iki ildən çox vaxt keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (Elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi iddiaçının xx.xx.2022-ci ildə məlumatı olduğu halda iki ildən çox müddət keçdikdən sonra - 2024-cü ilin avqust ayında məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2044/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, artıq ödənilmiş 5151,72 manat dövlət vəsaitinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyinin cavabdeh Kələntərli (Ponadseva) Fatimə Əfqan qızının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh məhkəmə iclasında izahatında atasının pensiya kartına pul köçürülməsinin davam etdiyinə görə pulun ona ödənilməli olduğunu düşündüyünü bildirmiş və iddia ərizəsinin iddia müddəti keçdikdən sonra verildiyinə görə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Bu baxımdan cavabdehin onun atasının vəfatından sonra pensiya ödənişinin qanunsuz olduğunu bildiyini və ya ən azından bilməli olduğunu istisna etmək olmaz. Pensiya ödənişi iddiaçı tərəfindən cavabdehin atasına ödənilirdi. Cavabdehin atasının vəfatından sonra pensiya ödənişi həyata keçirilə bilməzdi. Qanunun tələbinə görə əmək pensiyaçısı vəfat etdikdə təyin edilmiş əmək pensiyası həmin gündən dayandırılır. Cavabdeh isə atasının vəfatı barədə iddiaçını məlumatlandırmaq əvəzinə, atasının vəfatından sonra da pensiyanı almaqda davam etmişdir. İddia müddətinin tətbiqi və iddianın mümkünlüyü ilə bağlı cavabdehin mövqeyinə münasibətdə isə hazırki iddia tələbi öhdəliyin icrası ilə bağlı olduğu üçün müddət şamil olunmur. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmənin gəldiyi bu nəticə ilə razı deyil. Belə ki, atasının vəfatından dərhal sonra ona qazi kimi ödənilən Prezident təqaüdü dərhal ona müraciət olunmadan dayandırılmışdır. Atasının şəxsiyyət vəsiqəsini Qeydiyat Şöbəsinə təhvil verərək ölümü haqqında şəhadətnamə almışdır. Lakin karta iddiaçı tərəfindən pul köçürüldüyü davam etdirildiyinə görə həmin pulu almaqda davam etmişdir. Hesab etmişdir ki, həmin pul ödənilməlidir. Bu faktı məhkəmə qiymətləndirməmişdir. Pensiyanı ödəyən iddiaçının əməkdaşı atasının ölümü haqqında məlumatları bilməli və pensiyanın dayandırılması barədə hərəkətlər etməli olduğu halda bunu etməmişdir. Atasının ölümü haqqında şəhadətnaməni alanda hesab etmişdir ki, bütün məlumatlar bütün inzibati orqanlara göndərilməlidir. Məhkəmə ehtimallara əsaslanmamalı, qanuna əsaslanmalıdır. Digər tərəfdən məhkəmə Azərbaycan Respiblikası Mülki Məcəllənin 425.1-ci maddəsinə istinad etmişdir. Bu halda da məhkəmə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, həmin normaya əsasən hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığını tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazimi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərərkət etməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Kələntərli (Ponadseva) Fatimə Əfqan qızı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X10 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 72. Vətəndaşların əsas vəzifəsi İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İİİ. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları ... 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; ... Maddə 38.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. Maddə 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Maddə 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Maddə 42.2. Əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. ……. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi vəfat etmiş şəxsin yerinə alınmış əmək pensiyasının geri qaytarılmasından ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin mübahisəsiz hallarından görünür ki, cavabdehin atası əmək pesiyaçısı olmaqla, 02 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Cavabdehin atası vəfat etdikdən sonra 01 yanvar 2021ci il tarixdən 30 sentyabr 2021-ci il tarixədək ümumilikdə 5751,72 manat məbləğində pul vəsaiti onun adına olan bank kart hesabına köçürülmüş, cavabdeh tərəfindən isə həmin köçürülmüş pul vəsaiti hesabdan çıxarılaraq, əldə edilmişdir. Həmin ödənilmiş 5751,72 manat pul vəsaitindən 600 manat dəfn üçün müavinət qismində hesablandığından, köçürülmüş pul vəsaitinin 5151,72 manat məbləği əmək pensiyası məbləği qismində çıxış etmişdir. Cavabdeh həmin məbləğdə (5151,72 manat) pensiya ödənişini əldə etdiyini qəbul etdiyindən, bu hal işin mübahisəsiz halı kimi çıxış edir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı inzibati orqan cavabdehin atasının vəfat etdiyini və bu hal barədə inzibati orqana məlumat verməli olduğu, habelə həmin pul vəsaitini almalı olmadığı halda, əsassız və qanunsuz olaraq aldığını əsas gətirərək, ödənilmiş pul vəsaitinin geri qaytarılmasını istəyir. Cavabdeh isə həmin pul vəsaitinin ona ödənilməli olmasını bilib, əldə etdiyini, onu dayandırmağın, məlumat əldə etməyin iddiaçı qurumun öhdəliyinin olduğunu, habelə iddia müddətinin ötürüldüyünü əsas gətirərək, iddia tələbinə etiraz etmişdir. Kollegiya işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən şəxsin vəfat etməsi halı ona ödənilən əmək pensiyası məbləğinin ödənilməsinin dayandırılmasına əsas olan hal kimi çıxış edir. Həmçinin, “Əmək pensiyalar haqqında” Qanunun 38-ci maddəsinin dispozitiv şərtinə əsasən əmək pensiyası məbləğinin dayanmasına səbəb olan hallar yarandıqda həmin hallar barədə məlumat vermək vəzifəsi inzibati orqanın deyil, məhz əmək pensiyaçısı və işəgötürənin üzərinə qoyulmuşdur.Bu hal imperativ norma şəklində ifadə edilmişdir. Həmçinin, qeyd edilməlidir ki, indiki halda əmək pensiyasının dayandırılmasına əsas olan hal məhz əmək pensiyaçısının vəfat etməsi halı olduğundan (əmək pensiyaçısı vəfat etdiyindən) həmin məlumatı inzibati orqana vermək öhdəliyi məhz onun vərəsələrinə aid olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh vəfat etmiş əmək pensiyaçısının vərəsəsi (qızı) olduğu halda, onun vəfat etməsi barədə iddiaçı inzibati orqana məlumat verməmiş, əksinə vəfat etmiş şəxsin adına köçürülmüş pensiya məbləğini əldə etmişdir. Bununla da cavabdeh əmək pensiyaları haqqında qanunvericiliyin qeyd edilən normasının tələblərini pozmuşdur. Bundan əlavə, kollegiya onu qeyd edir ki, konstitusion normanın tələbinə əsasən qanunu bilməmək şəxsin məsuliyyətdən azad edilməsinə əsas vermir. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin istinad etdiyi ödənilən pul vəsaitinin ödənilməsinin dayandırımasının inzibati orqanın öhdəliyi olması, habelə həmin pulun ona ödənilməli olan pul olduğundan, əldə etməsi kimi arqumentlri əsassız olmuşdur. Eyni zamanda kollegiya onu qeyd edir ki, indiki halda iddiaçının etimad hüququ qanuni əsaslara söykənmədiyindən, nəticə etibarilə qanunla qorunmadığından (“İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələbləri baxımından), birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin əsaslılığını və cavabdehin etirazının dəlillərini etimad hüququnun qorunması prinsipinin tələbləri baxımından dəyərləndirməklə, həmin halı ətraflı şəkildə qeyd etmiş, habelə ona dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərara istinad etmişdir. Bu baxımından kollegiya hesab edir ki, həmin halların təkrarən qeyd edilməsi zərurəti mövcud olmamışdır. Həmçinin, kollegiya cavabdehin istinad etdiyi iddia müddətinin tətbiq edilməli olması ilə bağlı arqumentinə aid hissədə onu qeyd edir ki, hazırki iddia növü öhdəliyin icrası haqqında iddia növü olduğundan, prosessual qnaunvericilikdə həmin iddia növü üzrə iddia müddətinin tətbiq edilməsinə dair norma mövcud olmadığından, cavabdehin həmin hissədə istinad etdiyi arqumenti də əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə də işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, cavabdehin şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2044/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar