Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-558/2022 15.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması, torpaq sahəsinə dair çıxarışın verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 08 iyun 2022-ci il tarixli 2-1(118)-1058/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı 13 dekabr 2021-ci il tarixli ərizə ilə DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək Abşeron ravonu, Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli **********77 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı Qobu Bələdiyyəsi tərəfindən iddiaçıya 0.08 ha torpaq sahəsinin 30 oktyabr 2007-ci il tarixdə, 28 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının və ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin 29 dekabr 2012-ci il tarixdə verildiyi, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən torpaq sahəsinin satışının qanunamüyafiq qaydada həyata keçirilmədiyi aşkar edilmişdir. Bundan başqa müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (bələdiyyənin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiq edilmədiyi müəyyən edilmişdir. Təqdim edilmiş sənədlərdə torpaq sahəsinin ölçülərinə münasibətdə uyğunsuzluq olduğu, torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edildiyi, giriş-çıxış yolunun başqa şəxsə məxsus sahədən ayrıldığı aşkar edilmişdir. Əlavə olaraq təqdim edilmiş sənədlərdə 30 noyabr 2007-ci il tarixli qərara istinad olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayon Qobu bələdiyyəsinin 30 oktyabr 2007-ci il tarixli 28 saylı qərarı ilə ona ayrılmış 0,4 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin torpaq sahəsinə dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Qobu Bələdiyyəsinin 30 oktyabr 2007-ci il tarixli 28 saylı Qərarı ilə (torpaq sahəsinin satılmasına dair) iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması qərara alınmışdır. Sonradan xx.xx.2019-cu ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin (torpaq sahəsinin qanuna müvafiq olması və torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz olunmaması barədə) rəyinə və “Torpaqın alqı-satqısına dair” akta əsasən Abşeron rayonu Qobu Bələdiyyəsinin torpaqlarının ərazisindən 0,4 ha torpaq sahəsi alqı-satqı əsasında ona satılmışdır. Bundan sonra Qobu Bələdiyyəsinin hesabına torpağın alınması üçün ödəniş etmişdir. İddiaçı sənədlərini təqdim etməklə Abşeron rayon Qobu Bələdiyyəsinin 30 oktyabr 2007-ci il tarixli 28 saylı qərarı ilə ona ayrılmış 0,4 ha torpaq sahəsi üzərində onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin torpaq sahəsinə dair çıxarışın verilməsi üçün ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Cavabdeh orqan iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli 2-1(118)-1058/2022 nömrəli qərardadı ilə Abşeron rayon Qobu bələdiyyəsi üçüncü şəxs qismində icraata cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 08 iyun 2022-ci il tarixli 2-1(118)-1058/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim C.Məmmədov) İddiaçı qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin hansı əsasla torpaq sahəsinin təyinatının yararlı kənd təsərrüfatı torpaqlarına aid olması qənaətinə gəlməsi aydın deyildir. Məhkəmə heç bir araşdırma aparmadan, ekspertiza keçirmədən, torpağın hansı kateqoriyaya aid olmasını müəyyənləşdirmədən onun iddiaçının mülkiyyətinə verilə bilməməsi ilə bağlı əsassız nəticəyə gəlmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, izahatında əlavə olaraq qeyd etdi ki, 2007-ci ildə onun 16 yaşı olmuşdur, Qobu bələdiyyəsi tərəfindən ona torpaq sahəsi əslində 2012ci ildə ayrılmış, lakin qərarda tarix olaraq 30 oktyabr 2007-ci il qeyd edilmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlməmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbi haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdeh və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-). Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, aşağıda qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və arxiv materiallarında iddiaçıya ayrılmış Abşeron rayon Qobu qəsəbəsi ərazisində yerləşən 0.4 ha torpaq sahəsinin təyinatının kənd təsərrüfatı torpaqlarına aid edildiyi göstərilmişdir. Məhkəmə tərəfindən iddiaçıya müvafiq ekspertizanın təyin edilməsi ilə bağlı təklif edilmiş, lakin iddiaçı təqdim edilmiş sübutlar əsasında ədalətli qərar çıxarılmasını bildirmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından az yararlı və yararsız kənd təsərrüfat təyinatlı torpaq sahələri istisna olmaqla həmin kateqoriyadan olan torpaqların fiziki və ya hüquqi şəxslərin mülkiyyətinə verilməsi qadağandır. Ona görə də qeyd olunan torpaq sahəsinin yararlılıq dərəcəsini müəyyən etmək üçün müvafiq mütəxəssis rəyinin alınması zəruridir. Göründüyü kimi iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin təyinatının kənd təsərrüfatı torpaqlarında olması müəyyən olunmuşdur. Hazırkı işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanunsuz olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı tələbinin əsası olaraq Abşeron rayon Qobu bələdiyyəsinin 30 oktyabr 2007-ci il tarixli 28 saylı qərarı ilə ona 0,04 ha torpaq sahəsi ayrıldığına istinad edir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Abşeron rayon Qobu bələdiyyə şurasının 30 oktyabr 2007-ci il tarixli 28 saylı qərarına əsasən, Qobu bələdiyyəsi perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında iddiaçıya fərdi mənzil tikmək məqsədilə 0,08 ha torpaq sahəsinin satılması barədə DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən hazırlanmış sənədlərin nəzərə alınması, iddiaçıya fərdi mənzil tikintisi üçün torpaq sahəsi satılması qərara alınmışdır. Abşeron rayon Qobu Bələdiyyəsinin nümayəndəsi ilə iddiaçı arasında imzalanma tarixi qeyd edilməyən 0.04 ha torpaq sahəsinə dair torpaqların alqı-satqısına dair akt imzalanmış, aktın Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə, 1749/12 nömrəsi ilə qeydiyyata alındığı göstərilmişdir. 31 may 2012-ci il tarixli, 20 nömrəli ödəniş qəbzinə əsasən, iddiaçı tərəfindən 31 may 2012-ci il tarixdə Qobu bələdiyyəsinin hesabına 400 (dörd yüz) manat pul ödənilmişdir. Abşeron rayon Qobu bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 104 nömrəli arayışında göstərilir ki, Qobu bələdiyyəsi tərəfindən 29 dekabr 2012-ci il tarixində tərtib edilmiş Torpaqların alqı-satqı aktında, həmin torpaq sahəsinin yerquruluşu planında, DTXK-nin Abşeron rayon şöbəsinin 29 dekabr 2012-ci il tarixli rəyində 0,04 ha və ya 400 kv.m qeyd olunmuş, lakin Qobu bələdiyyəsinin 30 oktyabr 2007-ci il tarixli 28 saylı qərarında texniki səhv olaraq 0,08 ha qeyd olunmuşdur. Əvvəla kollegiya qeyd edir ki, iddiaçı iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərində Abşeron rayon Qobu bələdiyyəsinin 30 oktyabr 2007-ci il tarixli 28 saylı qərarı ilə ona 0,4 ha torpaq sahəsi ayrıldığını qeyd etsə də, işdən görünür ki, həmin bələdiyyə qərarında iddiaçıya 0,04 ha torpaq sahəsi ayrıldığı qeyd edilmişdir. Məhkəmə kollegiyası tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halların hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədilə aidiyyəti inzibati orqanlara edilmiş sorğu nəticəsində iddia ərizəsində sadalanan xüsusatların öz təsdiqini tapmadığı müəyyən edilmişdir. Belə ki, Abşeron rayon Dövlət Arxivi tərəfindən kollegiyanın sorğusuna cavab olaraq verilmiş 22 noyabr 2022-ci il tarixli H 613 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Abşeron rayon Qobu bələdiyyəsinin 30 oktyabr 2007-ci il tarixli 28 saylı qərarında İddiaçı adı aşkar edilməmişdir. Qobu bələdiyyəsi tərəfindən 06 mart 2007-ci il tarixdən 28 noyabr 2007-ci il tarixədək olan müddət ərzində qəbul edilmiş qərarların hamısı 28 sıra nömrəsi ilə qeyd edildiyindən, bu nömrə ilə iki cilddən ibarət qərarlar qovluğu olduğundan, arxiv idarəsi tərəfindən haqlı olaraq qərarın arxiv surətinin verilməsi mümkün olmamışdır. Bu səbəbdən, məhkəmə kollegiyasının iclasında Abşeron rayon Dövlət Arxivinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən Qobu bələdiyyəsinin 30 oktyabr 2007ci il tarixli 28 saylı qərarlarından ibarət iki cilddən ibarət qovluqlara baxış keçirilən zaman, həmin qərarlarla iddiaçıya torpaq sahəsi ayrılması haqqında məlumat aşkar edilməmişdir. Bu hal müəyyən edildikdə isə, iddiaçı əslində Bələdiyyəyə 2012-ci il tarixdə müraciət edərək torpağı aldığını, 2007-ci ildə onun 16 yaşı olduğunu bildirmişdir. Beləliklə, iddiaçı öz tələbinin əsası olaraq Abşeron rayon Qobu bələdiyyəsinin 30 oktyabr 2007-ci il tarixli 28 saylı qərarı ilə fərdi mənzil tikintisi məqsədilə ona 0,04 ha torpaq sahəsi ayrıldığını bildirsə də, məhkəmə kollegiyası tərəfindən işin halları araşdırılarkən müəyyən edildi ki, əslində xx.xx.2007-ci il tarixdə iddiaçıya torpaq sahəsinin ayrılması barədə 28 saylı qərar qəbul edilməmişdir. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının torpaq üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsindən edilmiş imtina qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Belə ki, iş üzrə mübahisənin öhdəliyin icrası haqqında iddiaya aid olmasını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi ilkin olaraq torpaq sahəsinin ayrılmasına dair bələdiyyə qərarının mötəbərliyi ilə bağlı araşdırma aparmadan torpaq sahəsinin kateqoriyasının kənd təsərrüfatı təyinatlı olması halına istinad edərək iddia tələbini rədd etmiş, bununla da işin hallarının araşdırılması prinsipi pozulmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 iyun 2022-ci il tarixli 2-1(118)-1058/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-558/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-558/2022
15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver