Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-558/2025 15.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X11 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyetrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2-1(118)-2198/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. Sumqayıt şəhər Məhkəməsinin 28 avqust 2008-ci il tarixli, 2-(060)-2247/2008 nömrəli qətnaməsinə əsasən Sumqayıt bağlarının “Saray” bağlar massivində yerləşən və X2 icarəsində olmuş 2729 nömrəli bağ sahəsinin 0,027 ha hissəsinin İddiaçı mülkiyyətinə verilməsi vəzifəsi cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinə həvalə edilmiş və həmin torpağa ona mülkiyyət hüququ verildikdən sonra orada olan yaşayış evinin və digər tikililərin onun adına qeydə alınması vəzifəsi DƏDRX-nin Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulmuşdur.
2. Məhkəmə qətnaməsi 29 sentyabr 2008-ci il tarixdə qanuni qüvəyə minmiş, bununla bağlı Sumqayıt Şəhər Məhkəməsi tərəfindən həmin tarixdə icra vərəqəsi verilmişdir.
3. Bundan sonra Sumqayıt şəhər bələdiyyəsi tərəfindən qəbul edilmiş 24 fevral 2009cu il tarixli, 03 nömrəli qərara əsasən Sumqayıt Şəhər Məhkəməsinin 28 avqust 2008-ci il tarixli, 2-(060)-2247/2008 nömrəli qətnaməsinin icrası təmin edilmiş, “Saray” bağları massivində yerləşən 2729 nömrəli bağ sahəsinin 0,027 ha hissəsinin iddiaçının mülkiyyətinə verilməsi qərara alınmışdır.
4. İddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək, “Saray” bağları massivi 2729 ünvanında yerləşən 0,027 ha bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
5. Cavabdeh 14 avqust 2024-cü il tarixli, 3-21-3-31/2-2998/2024 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, 2009-cu ildə bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması, həmin tarixdə mövcud olan qanunvericiliyin tələblərinə uyğun qaydada aparılmadığı üçün müraciətin icrasını təmin etmək mümkün olmamışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunda edilmiş dəyişikliklərə əsasən bələdiyyələr tərəfindən xx.xx.2007-ci il tarixdən sonra ayrılan torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alındıqdan sonra həmin Qanunun 9.1-ci maddəsinə uyğun olaraq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 9.6-cı maddəsində edilmiş dəyişikliyə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Odur ki, torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alındıqdan və qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyə ilə müvafiq müqavilə bağlandıqdan sonra sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması barədə müraciətə qanunamüvafiq qaydada baxılacaqdır.
6. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt Bələdiyyəsinin 24 fevral 2009-cu il tarixli, 03 nömrəli protokol qərarı ilə mülkiyyətinə verilmiş 0,0247 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyetrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1997-ci ildə Vəsxanım Cabarova adlı şəxsdən “Saray” bağları massivində yerləşən və onun həyat yoldaşı X3 istifadəsinə verilmiş sahəsi 0,25 ha olan 2729 nömrəli bağ torpağının 270 kv.m. hissəsini müəyyən məbləğdə pul verərək almışdır. Lakin sözügedən torpaq sahəsi mərhum icarəçinin xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatından keçirilmədiyindən aldığı torpağın hüquqmüəyyənedici sənədi verilməmişdir. Həmin dövrdə faktiki istifadə etdiyi torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı dəfələrlə Sumqayıt Bələdiyyəsinə müraciət etsə də, bələdiyyə tərəfindən bundan imtina olunmuşdur. Bu səbəbdən müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edərək həmin torpağa və üzərində inşa etdirdiyi yaşayış evinə mükiyyət hüququnun tanınmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 28 avqust 2008-ci il tarixli, 2-(060)-2247/2008 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt Bələdiyyəsi tərəfindən icra olunmuş və faktiki istifadə etdiyi sahəsi 270 kv.m. olan bağ torpaq sahəsi bələdiyyənin 24 fevral 2009-cu il tarixli, 03 nömrəli qərarı ilə iddiaçının mülkiyyətinə verilmişdir. Hətta torpaq sahəsi mülkiyyətinə verilərkən torpağın alqı-satqı haqqı olaraq tərəfindən bələdiyyəyə 486 (dörd yüz səksən altı) manat pul vəsaiti də ödənilmişdir. Həmin bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh müraciətin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır.
8. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubları ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, müraciətə torpaq sahəsinin yerini müəyyən edən texniki sənəd (torpaq sahəsinin planı və ölçüsü, mövqe sxemi, ayrıc aktı və s.) əlavə edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Sumqayıt İnzibati Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2-1(118)-2198/2025 nömrəli qərarı ilə iddia təmin edilərək, Sumqayıt Bələdiyyəsinin 24 fevral 2009-cu il tarixli, 03 nömrəli protokol-qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş 0,0247 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyetrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Aynur Axundova).
10. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, torpaq sahəsi bələdiyyə qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə satılmış, torpaq sahəsinin dəyəri ödənilmişdir. Sumqayıt şəhər bələdiyyəsinin 24 fevral 2009-cu il tarixli, 03 nömrəli Qərarı hazırda qüvvədədir və mübahisələndirilmir. Torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, Sumqayıt bələdiyyəsinin 24 fevral 2009-cu il tarixli qərarı Sumqayıt Şəhər Məhkəməsinin 28 avqust 2008-ci il tarixli, 2(060)-2247/2008 nömrəli qətnaməsinin icrası qaydasında qəbul olunmuşdur. Bundan əlavə, məhkəməyə təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, torpaq sahəsi yerüstü kommunikasiya xətlərinin mühafizə zolağında yerləşmir. Faktiki olaraq hasar daxili 247,0 kv.m təşkil edir. Torpaq sahəsi daxilində yaşayış evi və həyət tikililəri mövcuddur. Beləliklə, məhkəmə tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istisna edən hal müəyyən edilmir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş müayinə aktında torpaq sahəsinin yerüstü kommunikasiya xətlərinin mühafizə zolağında yerləşmədiyi, faktiki olaraq hasar daxili 247.0 kv.m. təşkil etdiyi, torpaq sahəsi daxilində yaşayış evi və həyət tikililəri mövcud olduğu qeyd edilmişdir. Beləliklə, məhkəmə tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istisna edən hal müəyyən edilmir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. İddiaçı apellyasiya şikayətinə yazılı etiraz edərək qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərində mübahisəli torpaq sahəsinin yerləşmə sxeminin təqdim edilmədiyini və sahənin 21-ci mikrorayon ərazisinə düşdüyünü bildirmişdir. Şikayətin bu dəlilinə münasibətdə qeyd edir ki, Sumqayıt şəhərinin 21-ci mikrorayonu ərazisində yerləşən torpaqlar köhnə bağ sahələridir. Həmin ərazinin torpaqları 2000-ci illərdə 21-ci mikrorayon kimi fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı sahələr olaraq Sumqayıt bələdiyyəsinin qərarları ilə ayrılmışdır. Yəni, əvvəl bağ sahələri olmuş və müvafiq müqavilələrdə vətəndaşların istifadəsində olmuş torpaqların bir qismi hal-hazırda 21-ci mikrorayon adlandırılan həmin əraziyə aid edilmişdir. Bundan əlavə, 2009-cu ildə torpaq sahəsi bələdiyyə tərəfindən adına sənədləşdirilən zaman iddiaçı 5 ildən artıq bələdiyyə ərazisində daimi yaşamış və yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Belə olan halda, hesab edir ki, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunvericiliyin tələbləri baxımından torpaq sahəsinə dair hərracın keçirilməsi və müvafiq olaraq bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması tələb olunmur.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, apellyasiya şikayətinin əsas dəlili torpaq sahəsinin yerləşmə sxeminin olmamasıdır. Həmçinin, torpaq sahəsinin yerləşdiyi ünvanla bağlı problem mövcuddur. Bələdiyyə tərəfindən torpaq sahəsi Saray bağlar massivi kimi ayrılsa da, hazırki torpaq sahəsi 21-ci mikrorayonda yerləşir. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, izahatında bildirmişdir ki, hazırda iddia etdiyi torpaq sahəsini Salam Cabarova məxsus sahənin yerləşdiyi ərazidən almışdır, S.Cabarov vəfat etmişdir, evində isə oğlu yaşayır. İddiaçı şikayətin təmin edilməməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ:
16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
17. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; ... Maddə 18. Yaşayış məntəqələrinin torpaqları və onların tərkibi
1. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Maddə 20. Yaşayış məntəqələrinin torpaqlarından istifadə
1. Yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir.
2. Yaşayış məntəqələrinin baş planları mənzil, sənaye, mədəni-məişət obyektlərinin tikintisi və başqa tikintilər, əhalinin istirahət yerlərinin müəyyənləşdirilməsi və abadlaşdırılması üçün şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqlarından istifadənin əsas istiqamətlərini müəyyən edir. Baş plan əsasında hazırlanmış planlaşdırma və tikinti layihələri tikinti üçün torpaqlardan istifadəni müəyyən edir.
3. Ərazinin yerquruluşu-təsərrüfat planları tikinti işləri aparılmalı olmayan və tikinti işləri müvəqqəti aparılmayan şəhər torpaqlarından istifadənin əsas istiqamətlərini müəyyən edir.
4. Yaşayış məntəqələrinin ərazisindən torpaq sahələrinin yerquruluşu-təsərrüfat planları üzrə verilməsi və geri alınması qaydaları, habelə həmin sahələrdən istifadə edilməsi şərtləri bu Məcəllə ilə və digər normativ-hüquqi aktlarla müəyyən edilir.
18. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 9. Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
19. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi”: 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; ...
20. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
21. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun. Bu Qanun Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edir.
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ...
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
25. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının Sumqayıt bağlarının “Saray” bağlar massivində yerləşən 0,027 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir.
28. Cavabdehin imtina məktubu və apellyasiya şikayətinin dəlilləri iki hissədən ibarətdir: 1) Torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadan və hərrac keçirilmədən bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunvericiliyin tələbinə zidd olaraq birbaşa iddiaçının adına qərarın qəbul edilməsi; 2) Torpaq sahəsinin yerini müəyyən edən texniki sənədin (torpaq sahəsinin planı və ölçüsü, mövqe sxemi, ayrıc aktı və s.) əlavə edilməməsi.
29. Kollegiya şikayətin 1-ci dəlilinə münasibətdə qeyd edir ki, işin yuxarıda qeyd edilən faktiki hallarından göründüyü kimi iddia olunan 0,027 ha torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi vəzifəsi Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 28 avqust 2008-ci il tarixli, 2-(060)-2247/2008 nömrəli qətnaməsinə əsasən Sumqayıt şəhər bələdiyyəsinin üzərinə qoyulmuşdur.
30. Həmin məhkəmə qətnaməsi bələdiyyə tərəfindən icra edilərək, Saray bağları massivində yerləşən 2729 nömrəli bağ sahəsinin 0,027 ha hissəsinin iddiaçının mülkiyyətinə verilməsi barədə Sumqayıt şəhər bələdiyyəsi tərəfindən 24 fevral 2009-cu il tarixli, 03 nömrəli qərar qəbul edilmişdir.
31. İlk növbədə kollegiya qeyd edir ki, iddia olunan torpaq sahəsi bələdiyyə tərəfindən müstəqil qaydada deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası nəticəsində qəbul edilmiş qərarla iddiaçının mülkiyyətinə verilmişdir.
32. Digər tərəfdən yuxarıda istinad edilən qanunvericilik aktlarına əsasən cavabdeh inzibati orqanın torpaq sahəsinin ayrılmasına dair bələdiyyələr tərəfindən qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair hər hansı nəzarətedici səlahiyyətləri nəzərdə tutulmamışdır. Müvafiq ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən qurumdur. Bələdiyyələrin fəaliyyətinə, o cümlədən bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların normativ hüquqi aktlara zidd olubolmamasına nəzarət isə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
33. İddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – Sumqayıt şəhər bələdiyyəsinin 24 fevral 2009-cu il tarixli, 03 nömrəli qərarına əsaslanır. İstinad olunan həmin normada qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir.
34. Analoji norma Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur.
35. Bələdiyyənin həmin qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda, cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.
36. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan, hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur.
37. Qeyd edilənlərə əsasən kollegiya cavabdehin 1-ci dəlilini əsassız hesab edir.
38. Torpaq sahəsinin yerini müəyyən edən texniki sənədin (torpaq sahəsinin planı və ölçüsü, mövqe sxemi, ayrıc aktı və s.) əlavə edilməməsi ilə bağlı şikayətin 2-ci dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı iddia ərizəsinin dəlillərində iddia etdiyi torpaq sahəsinin X2 istifadəsinə verilmiş ümumi sahəsi 0,25 ha olan 2729 nömrəli bağ torpağının 270 kv.m. hissəsi olduğunu və həmin torpaq sahəsini S.Cabarovun həyat yoldaşı Vəsxanım Cabarova adlı şəxsdən dəyərini ödəyərək aldığını bildirmişdir.
39. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq cavabdeh tərəfindən Saray bağları massivində yerləşən 2729 nömrəli bağ torpaq sahəsinə dair X2 adına icarə müqaviləsinin arxiv surəti məhkəməyə təqdim edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyətinin “Bağlar təsərrüfatı idarəsi” ilə X6 arasında bağlanmış “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi” barədə 1786 nömrəli, 29 iyul 1985-ci il tarixli müqavilə ilə Sumqayıt şəhəri, Saray bağ massivi ünvanında yerləşən 2729 nömrəli 0,25 ha torpaq sahəsi sonuncunun icarəsinə verilmişdir.
40. Həmçinin, kollegiya tərəfindən Sumqayıt bələdiyyəsinin 24 fevral 2009-cu il tarixli, 03 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 0,027 ha torpaq sahəsinə dair yerquruluşu planından çıxarışın verilməsi ilə bağlı Sumqayıt şəhər bələdiyyəsinə sorğu verilsə də, bələdiyyə 19 iyun 2025-ci il tarixli, 2750 nömrəli məktubu ilə sözügedən torpaq sahəsinin bələdiyyə qərarı ilə bələdiyyə torpaqlarının sənədləşdirilməsinə dair normalara uyöun şəkildə deyil, Sumqayıt Şəhər Məhkəməsinin 28 avqust 2008-ci il tarixli, 2-(060)- 2247/2008 nömrəli qətnaməsinin icrası qaydasında qəbul edildiyini, torpağın sənədləşdirmə işləri aparılarkən DTXK tərəfindən müvafiq yerquruluşu planının alınmadığını, torpaq sahəsinə baxış keçirilərək 2729 nömrəli torpaq sahəsinin iddiaçının faktiki istifadə etdiyi hasar daxilində olan və üzərində bağ evi inşa edilmiş 0,027 ha hissəsinin mülkiyyətə verilməsi ilə bağlı bələdiyyə qərarı qəbul edildiyini bildirmişdir.
41. Mübahisə predmeti olan torpaq sahəsinin sənəd üzrə yerinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə kollegiyası tərəfindən həmin əraziyə yerli baxış keçirilmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, mərhum X4 məxsus torpaq sahəsi ilə iddia olunan torpaq sahəsi qonşu sahələrdir. S.A.Cabarova məxsus fərdi yaşayış evində yaşayan gəlini X5 şahid qismində ifadə verərək bildirmişdir ki, S.A.Cabarovun oğlu X7 ilə xx.xx.2009-cu il tarixdən nikaha daxil olmuş, həmin tarixdən hazırkı yaşayış evində yaşayırlar. Ona məlumdur ki, mərhum qaynatasının icarəsində olmuş 2729 nömrəli 0,25 ha torpaq sahəsinin 0,027 ha hissəsi vaxtilə iddiaçıya satılmışdır. Bu baxımdan, hazırda həmin torpaq sahəsinə heç bir iddiaları yoxdur və sahə üzərində iddiaçının mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınmasına etiraz etmirlər.
42. AZ-İ seriyalı, 503591 nömrəli “Nikah haqqında şəhadətnamə” dən görünür ki, həqiqətən də S.A.Cabarovun oğlu - X7 ilə X5 xx.xx.2009-cu il tarixdən ər-arvaddırlar.
43. Beləliklə, işin sadalanan hallarının qarşılıqlı təhlilindən görünür ki, 0,027 ha torpaq sahəsi həqiqətən də X2 icarəsində olmuş 2729 nömrəli 0,027 ha torpaq sahəsinin bir hissəsidir, iddiaçı həmin sahəni 1997-ci ildə faktiki olaraq satın almışdır.
44. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, şikayətin 2-ci dəlili də əsassızdır.
45. İddiaçı olunan torpaq sahəsinə dair birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli müayinə aktından görünür ki, torpaq sahəsi sənəd üzrə 0,027 ha, faktiki isə 0,0247 ha təşkil edir. Torpaq sahəsi yerüstü kommunikasiya xətlərinin mühafizə zolağında yerləşmir, sahə daxilində yaşayış evi və həyət tikililəri mövcuddur.
46. Göründüyü kimi iddia olunan torpaq sahəsi faktiki olaraq 0,0247 ha olduğundan iddiaçı tələbinin həcmini azaldaraq, faktiki istifadəsində olan həmin sahə üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmiş, işə baxan məhkəmə də bu məzmunda iddia tələbini təmin etmişdir.
47. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2-1(118)-2198/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.