Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-56/2021 23.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Məmmədov Zaur İkram oğlu, Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “Quba rayonu, Əski-İqriq Bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli 09 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə iddiaçıya satılmış 0,10 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması, bununla bağlı müvafiq çıxarışın verilməsi və X13 kitabında 7 dekabr 2007-ci il tarixdə 507 nömrəli uçota alınaraq tərtib edilmiş A 022157 nömrəli Torpaq sahəsinin planı və ölçüsü əsasında torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli 2-1(85)-9/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Quba rayonu, Əski-İqriq Bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli 9 saylı iclas protokolundan çıxarışın 2-ci bəndindən görünür ki, bələdiyyənin ümumi istifadəsinə aid alqı-satqı predmeti olan kənd təsərrüfatına yararlı torpaq sahəsindən fərdi yaşayış məqsədi ilə 0,10 ha torpaq sahəsi iddiaçıya satılmışdır. Çıxarışın 3-cü bəndinə görə iddiaçı satılan torpaq sahəsinin normativ qiymətindən az olmamaq şərti ilə torpağın nəzərdə tutulan satış qiymətinə görə dəyərini bələdiyyənin bankdakı xüsusi hesabına ödəməli və ödəmə barədəki qəbzi DT və XK-nin Quba rayon şöbəsinə təqdim etməlidir. 26 dekabr 2006-cı il tarixli, nəğd ödəniş üçün 4 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən Əski-İqriq Bələdiyyəsinin “Rabitəbank” SKB-də olan **********944- 03606 saylı xüsusi hesabına həyətyanı torpaq sahəsinin satılması təyinatı üzrə 130 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Quba rayon torpaq şöbəsində 1 oktyabr 2007-ci il tarixdə 1068 nömrə ilə qeydiyyata alınmış Torpaqların alqı-satqısına dair Aktın 2-ci bəndində qeyd edilir ki, iddiaçı tərəfindən Quba rayon Rabitə bankının **********94403606 saylı hesabına əvvəlcədən 130 manat haqq ödənilmişdir. Həmçinin, ********* nömrəli və ********* nömrəli mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən "xxxx" ASC-nin Quba rayon filialına 13 yanvar 2015-ci il tarixdə müvafiq olaraq 30 manat və 50 manat məbləğində torpaq vergiləri ödənilmiş və torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. İddiaçı 3 iyun 2016-cı il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək bələdiyyə qərarı ilə ona satılmış 0,10 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınmasını və çıxarışın verilməsini xahiş etmişdir. Cavabdehin 23 iyun 2016-cı il tarixli məktubu ilə bildirilmişdir ki, “Təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı Quba rayonu, Əski-İqriq Bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli 09 saylı qərarı ilə fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış 0,10 ha torpaq sahəsinin elektron baza kadastr xəritə materiallarında yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahələrinə aid olmadığı aşkar olunmuşdur. Həmin torpaq sahələri elektron baza kadastr xəritə materiallarında kənd təsərrüfatı təyinatlı (biçənək) torpaq sahələridir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü və “Bələdiyyət torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.3-cü maddələrinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilə bilər. Belə torpaq sahələri alqı-satqı predmeti deyildir”. Qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1 və 15-ci maddələrinə əsasən iddiaçının ərizəsinin icrasından imtina olunmuşdur. Cavabdehin imtinası nəzərə alınaraq, iddiaçı tərəfindən Quba Bələdiyyəsinin sədrinə, surəti Quba rayonu Əski-İqriq kəndi üzrə nümayəndəsinə 8 iyul 1016-cı il tarixli, 530 saylı və Quba Rayon İcra Hakimiyyətinin başçısına 8 iyul 2016-cı il tarixli, 529 saylı eyni məzmunlu vəkil sorğuları ilə müraciətlər olunaraq, “Quba rayonu, Əski-İqriq Bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli 9 saylı qərarı ilə iddiaçıya satılmış torpaq sahəsinin satılmazdan əvvəl hansı orqanın mülkiyyətində (yəni, bələdiyyə və ya dövlət mülkiyyəti) olması və təyinatı (fərdi yaşayış evi tikmək üçün, kənd təsərrüfatı təyinatlı və.s.) barədə məlumatları əks etdirən arayışın verilməsi xahiş edilmişdir. Quba Bələdiyyəsinə ünvanlanmış sorğuya 22 iyul 2016-cı il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, “X6 tərkibində olan Əski-İqriq kəndinin sabiq bələdiyyə sədri R.X4 dəvət edilmiş və ondan sorğuda qeyd olunan məsələlərə aydınlıq gətirməsini xahiş etmişik. Quba rayonu, Əski-İqriq Bələdiyyəsinin sabiq sədri R.İskəndərov sorğu məktubunuzda adı qeyd olunan vətəndaşa Əski-İqriq Bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli, 09 saylı qərarı ilə satılmış torpaq sahəsinin satılmazdan əvvəl həqiqətən bələdiyyə mülkiyyətində olduğu və fərdi mənzil tikintisi üçün nəzərdə tutulan torpaqlar kateqoriyasına aid olması barədə məlumat vermişdir. Eyni zamanda Əski-İqriq Bələdiyyəsinin sabiq sədri R.İskəndərov bildirmişdir ki, sorğuda adı qeyd olunan şəxsə həmin torpaq sahəsi satılmazdan əvvəl torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması barədə Quba Rayon Torpaq şöbəsindən müvafiq arayışlar alınaraq, bunun əsasında satılan torpaq sahəsinin kadastr planı təsdiq edilmişdir ”. Eyni zamanda 12 iyul 2016-cı il tarixli, 531 saylı vəkil sorğusu ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət olunaraq, Quba rayonu, Əski-İqriq Bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli 09 saylı qərarı ilə ünvan 2 ünvanında qeydiyyatda olan iddiaçıya fərdi yaşayış məqsədi ilə satılmış 0,10 ha torpaq sahəsinin koordinatları ilə digər fiziki və ya hüquqi şəxslərə ayrılmış torpaq sahələrinin koordinatlarının elektron baza xəritə materiallarında tam və ya qismən üst-üstə düşüb-düşməməsi barədə məlumatları əks etdirən arayışın verilməsi xahiş edilmişdir. Həmin sorğuya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 27 iyul 2016-cı il tarixli məktubu ilə cavab olaraq, arayışın verilməsi ilə bağlı iddiaçının cavabdehə müraciət etməsinin məqsədəuyğunluğu bildirilmişdir. 12 iyul 2016-cı il tarixli, 532 saylı vəkil sorğusu ilə cavabdehə və 12 iyul 2016-cı il tarixli, 533 saylı vəkil sorğusu ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin Quba rayon şöbəsinə eyni məzmunlu ərizələrlə müraciət olunmuş, lakin 4 aydan artıq müddət keçməsinə baxmayaraq, bu günədək həmin idarələrdən sorğulara cavab verilməmişdir. İddiaçı 7 dekabr 2016-cı il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Quba rayonu, Əski-İqriq Bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli 09 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə iddiaçıya satılmış 0,10 ha torpaq sahəsinin üzərində iddiaçının mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması, bununla bağlı müvafiq çıxarışın verilməsi və X13 kitabında 7 dekabr 2007-ci il tarixdə 507 nömrəli uçota alınaraq tərtib edilmiş A 022157 nömrəli Torpaq sahəsinin planı və ölçüsü əsasında torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 (ünvan 3 ünvanında qeydiyyatda olan 27 sentyabr 1979-cu il təvəllüdlü İddiaçı Quba rayonu, Əski-İqriq Bələdiyyəsinə 5 sentyabr 2006-cı il tarixdə torpaq sahəsi almaq barədə müraciəti əsasında ona Azərbaycan Respublikası, Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli, 158 saylı qərarına müvafiq olaraq, bələdiyyənin 20 sentyabr 2006-cı il tarixli 09 saylı qərarı ilə bələdiyyənin ümumi istifadəsinə aid alqı-satqı predmeti olan kənd təsərrüfatına yararlı torpaq sahəsindən fərdi yaşayış məqsədi ilə 0,10 ha torpaq sahəsi satılmışdır. Bununla bağlı Torpaqların alqı-satqı sına dair Akt tərtib edilərək, Quba rayon torpaq şöbəsində 1 oktyabr 2007-ci il tarixdə 1068 nömrə ilə qeydiyyata alınmış, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Əski-İqriq bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli 09 saylı qərarı ilə iddiaçıya həyətyanı məqsədlə 0,10 ha torpaq sahəsinin satılması barədə 571 nömrəli arayış verilmiş və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Quba rayonu, Əski-İqriq Bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli qərarına əsasən fərdi yaşayış evi tikmək üçün iddiaçıya ayrılmış 1000 kv.m sahəsi olan torpaq sahəsi ilə bağlı A 022157 nömrəli Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və X13 kitabında 07 dekabr 2007-ci il tarixdə 507 nömrə ilə uçota alınmışdır. Cavabdeh iddiaya dair etirazını 23 iyun 2016-cı il tarixli imtina məktubu ilə eyni əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin 4 aprel 2019-cu il tarixli qərardadı ilə bələdiyyə qərarına əsasən iddiaçıya ayrılmış torpaq sahəsinin təyinatı və kənd təsərrüfatına yararlı olub-olmamasını müəyyən etmək üçün məhkəmə ekspertizası təyin edilmiş, ekspertizanın aparılmasına "xxxx" MMC-nin mütəxəssisləri cəlb edilməklə ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş 30 avqust 2019- cu il tarixli 11673 saylı rəydə "xxxx" MMC-nin mütəxəssis rəyinə istinad edilərək iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsinin kənd təsərrüfatına yarasız olduğu qeyd edilmişdir. İş materiallarında "xxxx" MMC-nin mütəxəssis rəyi mövcud olmamışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin (hakim X11, 2-1(085)-9/2019 saylı iş) 1 noyabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək Quba rayonu, Əski-İqriq Bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli 09 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə iddiaçıya satılmış 0,10 ha torpaq sahəsinin üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyata alınması, bununla bağlı müvafiq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə mülkiyyət hüququ ilə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları öz əksini tapmışdır. Hazırkı işdə isə hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün qanunvericilikdə müəyyən edilmiş əsaslardan hər hansı biri mövcud deyildir. İddiaçıya səlahiyyətli orqanın rəyi əsasında torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın və alqı satqının hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmur. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 1 noyabr 2019-cu il tarixli qərarı ilə razılaşan Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X8-məruzəçi, X10 və X1, 2-1(105)-163/2020 saylı iş) 12 mart 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1384/2020 saylı, 12 avqust 2020-ci il tarixli Qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-163/2020 saylı, 12 mart 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş. Kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. (hakim R.Nəbizadə) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba rayonu, Əski İqriq kəndində yerləşən 0.10 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi idarəsinə 03.06.2016-cı il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, Quba rayonu, X9 20.09.2006-cı il tarixli 09 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.10 ha torpaq sahəsi elektron baza kadastr xəritə materiallarında yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahələrinə aid deyildir. Həmin torpaq sahəsi elektron baza kadastr xəritə materiallarında kənd təsərrüfatı təyinatlı (biçənək) torpaq sahəsidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 6.3- cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilə bilər. Qeyd edilən torpaq sahələri alqı-satqı predmeti deyildir. İddia predmeti olan Quba rayonu, X9 20.09.2006-cı il tarixli 09 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə satılmış 0,10 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı (biçənək) torpaq sahəsidir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandirma hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti 1-ci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, Torpaq Məcəlləsinin 56.2-ci maddəsinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.3-cü maddəsinə əsasən, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən, isə Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar. Həmin Qanunun 7.2-ci maddəsində isə təsbit edilmişdir ki, ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların və idman meydançalarının altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Mübahisəyə baxılması ilə əlaqədar olaraq birinci instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. İşdən görünür ki, birinci instansiya məhkəməsinin 4 aprel 2019-cu il tarixli qərardadı ilə bələdiyyə qərarına əsasən iddiaçıya ayrılmış torpaq sahəsinin təyinatı və kənd təsərrüfatına yararlı olub-olmamasını müəyyən etmək üçün məhkəmə ekspertizası təyin edilmiş, "xxxx" MMC-nin mütəxəssisləri cəlb edilməklə ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş 30 avqust 2019-cu il tarixli 11673 saylı rəyində "xxxx" MMC-nin mütəxəssis rəyinə istinad olunaraq iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsinin kənd təsərrüfatına yarasız olduğu qeyd edilmişdir. Həmin rəyə əsaslanmaqla birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsinin təyinatı və kənd təsərrüfatına yararlı olub-olmamasını müəyyən etmək üçün "xxxx" MMC rəy vermək səlahiyyətinə malik olmamışdır. Torpaq Məcəlləsinin tələblərinə görə torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, X13 sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur (9.2, 10.4, 10.5-ci maddələr). Həmçinin torpaq qanunvericiliyinə görə bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırırlar. Torpaqların kənd təsərrüfatı ehtiyacları üçün yararlı olub-olmadığı X13 məlumatlarına əsasən, dövlət yerquruluşu xidməti tərəfindən müəyyən edilir (12.5 və 17-ci maddələr). “X13, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanunun tələblərinə görə dövlət torpaq kadastrı-torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. X13 müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. X13nın məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. X13 məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir.X13 məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır.X13nın məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır (1, 5-7-ci maddələr). Mübahisəyə baxılan zaman qüvvədə olmuş “ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamə”nin müddəalarına görə bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritələrini, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək üçün arayış hazırlanması, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratması, daşınmaz əmlakın vahid dövlət kadastrını, X13nı və onun tərkib hissəsi olan torpaq reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlakın kadastr qiymətinin müəyyən edilməsi sahəsində tədbirlər görmək, mülkiyyət növündən asılı olmayaraq torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi, torpaq sahələrində baş verən dəyişikliklərin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi, torpaqların münbitliyinin müəyyən edilməsi məqsədi ilə tədqiqat və monitorinq aparmaq və çirklənmiş, öz keyfiyyətini itirmiş və yararsız hala düşmüş (tənəzzülə uğramış) torpaqların konservasiya edilməsinə dair təkliflərin hazırlanmasında iştirak etmək Xidmətin fəaliyyət istiqamətlərinə və vəzifələrinə aid edilmişdir. Bununla bağlı Ali Məhkəmənin qərarda əks edilmiş göstərişində deyilir ki, “torpaq sahələrinin keyfiyyət göstəricisi üzrə yuxarıda qeyd edilən aidiyyəti dövlət orqanlarına sorğu edilib rəsmi məlumatı alınmadan, belə məlumatlara istinad edilmədən, həmçinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən yerində baxış keçirilmədən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kənd təsərrüfatına yararsız olmasına dair alınan rəy mötəbər sübut kimi qəbul edilə bilməz. Cavabdehin bu barədə bildirməsinə, eləcə də məhkəmənin də xidməti vəzifəsinə görə araşdırmağa borclu olmasına baxmayaraq mübahisəli torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) və ondan irəli gələrək satılmasının mümkünlüyü ilə bağlı məsələ tam araşdırılmamış və qiymətləndirilməmiş qalmışdır. İşin hallarından göründüyü kimi cavabdeh sözügedən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı (biçənək) torpaq sahəsi olduğunu və qanunvericiliyə görə onun alqısatqı predmeti ola bilməyəcəyini bildirmişdir. Bundan başqa, Quba rayonu, Əski-İqriq Bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli, 09 saylı qərarından müəyyən olunur ki, iddiaçıya satılmış torpaq sahəsi kənd təsərrüfatına yararlı sahə olmuşdur (səh. 14). Eləcə də, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin rəyində də satılması nəzərdə tutulan torpaq sahəsinin kənd təsərrüfatına yararlı sahə olduğu bildirilmişdir (səh. 70). Belə olan halda, işə baxan məhkəmə ilk növbədə mübahisəli torpaq sahəsinin kənd təsərrüfatına yararlı, azyararlı və ya yararsız olduğunu dəqiq müəyyən etməli olduğu halda, bunu etməmişdir. Təkrar apelyasiya baxışı zamanı həmin halın aydınlaşdırılması təmin edilməli, iddiaçıya satılmış 0,10 ha torpaq sahəsinin hazırda kənd təsərrüfatına yararlı, azyararlı və ya yararsız olmasına dair səlahiyyətli orqanların rəyi alınmalıdır. Təkrar işə baxılan zaman iddiaçıya satılmış 0,10 ha torpaq sahəsinin keyfiyyət göstəricisi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat alınmasının zəruri olub-olmaması müzakirə edilməlidir.” Ali məhkəmənin göstərişinə uyğun olaraq məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən mübahisəli torpaq sahəsi ilə bağlı rəy verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş C-122 saylı, 30 dekabr 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Quba rayonu Əski-İqriq Bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli, 09 saylı qərarı ilə İddiaçı bələdiyyənin ümumi istifadəsinə aid alqı-satqı predmeti olan kənd təsərrüfatına yararlı torpaq sahəsindən fərdi yaşayış məqsədi üçün ayrılmış və A seriyalı 022157 saylı torpaq sahəsinin plan-ölçü sənədinə əsasən iddiaçının adına qeydə alınmış 0,10 ha torpaq sahəsinin məqsədli təyinatına görə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. Qeyd edilən torpaq sahəsində torpaq tədqiqatı işləri aparılmadığından münbitlik göstəriciləri barədə məlumatın verilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyasının təkrar müraciətinə əsasən, Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş 26 may 2021-ci il tarixli, A-214 saylı arayışda qeyd edilmişdir ki, A seriyalı 022157 saylı torpaq sahəsinin planı və ölçü sənədinə əsasən İddiaçı adına qeydə alınmış 0.10 ha torpaq sahəsinin məqsədli təyinatına görə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. Həmin torpaq sahəsi orta keyfiyyətli torpaqlar qrupuna aiddir. Beləliklə səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən, iddiaçıya fərdi yaşayış evi tikintisi üçün satılmış torpaq sahəsinin yaşayış məntəqələri torpaqlarına deyil, kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğu, həmçinin torpaq sahəsinin kənd təsərrüfatına yararlılıq dərəcəsinin orta olduğu, yəni kənd təsərrüfatına yararlı olduğu müəyyən edilmişdir. Bundan başqa, Quba rayonu, Əski-İqriq Bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli, 09 saylı qərarından, eləcə də, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin rəyindən məlum olur ki, iddiaçıya satılan zaman da torpaq sahəsi kənd təsərrüfatına yararlı sahə olmuşdur Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 10-cu maddəsinin 1, 4 və 5-ci bəndlərinə əsasən, torpaqların məqsədli təyinatı - torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, X13 sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur. Məcəllənin 13-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir; kənd təsərrüfatı torpaqlarında kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Məcəllənin 13-cü maddəsinin 3-cü bəndinə görə, kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi onların müvafiq icra hakimiyyəti orqanının (“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli 176 saylı Fərmanının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) qərarı ilə Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada bir kateqoriyadan digər kateqoriyaya keçirildikdən sonra mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, torpaq sahəsinin kateqoriyası dəyişdirilmədən fərdi yaşayış evi tikintisi üçün iddiaçıya satılması qərara alınmışdır. Halbuki, bələdiyyənin kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə icarəyə verilə bilərdi. Belə ki, Torpaq Məcəlləsinin 86-cı maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqısatqı obyekti ola bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki: “1. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİ hissəsi baxımından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarının bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
2. Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.” Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda iddiaçıya torpaq sahəsinin satılması qərara alınmış sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmir. Belə olan halda bu hal həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina üçün əsas ola bilər və bu səbəbdən cavabdeh, iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Beləliklə də müəyyən olunur ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin fərdi yaşayış evi tikintisi üçün bələdiyyənin qərarına əsasən satılması, qanunvericiliyə uyğun aparılmamışdır. Əvvəla, torpaq sahəsi kənd təsərrüfatı təyinatlı sahə olduğu üçün o satıla yox, icarəyə verilə bilərdi. İddiaçı da həmin torpaq sahəsindən fərdi yaşayış evi tikmək üçün deyil, kənd təsərrüfatı məqsədləri üçün istifadə edə bilərdi. Beləliklə qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, bu cür iddialara baxılarkən nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Başqa sözlə, bələdiyyə torpağını əldə etmiş şəxs həmin sahə üzərində mülkiyyət hüququnun tanınmasını tələb edərkən sözügedən sahəni qanunvericiliyin bununla bağlı tələblərinə əməl etməklə əldə etdiyini sübut etməlidir. Həmin halları təsdiq edən müvafıq sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, bu isə qərarın ləğvi üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iş üzrə məhkəmənin xidməti tapşırığına əsasən mütəxəssis rəyinin əldə edilməsi üçün mübahisəli torpaq sahəsinin inventarlaşmasına dair xərcin smetası 378.20 manat, məhkəmə ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. AR İPM-in 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinin tələbinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia rədd olunduğu üçün mübahisəli torpaq sahəsinə dair mütəxəssis və ekspert rəyinin verilməsinə dair çəkilmiş xərclər iddiaçıdan tutulmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli 2-1(85)-9/2019 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Mütəxəssis rəyinin verilməsi ilə əlaqədar çəkilmiş 378.20 manat xərc İddiaçı tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin hesabına (Kapital Bank ASC Xətai filialı, filialın kodu 200071, VÖEN: **********, SWİFT kod: АİİВАZ2Х, müxbir hesab: АZ37NABZ********************, benefisiarın adı: Kadastr və X18 Mar, benefisiarın hesabı: АZ23 АİİВЗ **********701778107, VÖEN: **********) köçürülsün. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat İddiaçı tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ( VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK CTREAZ.22 Hesab AZ34CTRE********************) köçürülsün. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.