Məhkəmə qərarları › İş №2-1(105)-56/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-56/2022

02.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-56/2022 02.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X15 qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun onun mərhum atası X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2-1(118)-816/2021 nömrəli qərarından iddiaçının vəkili və nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Abşeron rayon X12 xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə Abşeron rayonu Qobu Bələdiyyəsi perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında vətəndaş X6 fərdi mənzil tikmək məqsədilə 0.08 ha torpaq sahəsinin satılması barədə X8 Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən hazırlanmış sənədlərin nəzərə alınması və X2 normativ qiymətindən az olmamaq şərtilə torpağın nəzərdə tutulmuş satış qiymətinə görə 800 manat dəyərini Qobu Bələdiyyəsinin bankdakı xüsusi hesabına ödəməsi və həmin qəbzi X8 Komitəsinin Abşeron rayon şöbəsinə təqdim olunması bildirilmişdir.

2. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin xx.xx.2011ci il tarixli 6648 saylı rəyindən görünür ki, Qobu Bələdiyyəsinin 28 iyun 2007-ci il tarixli 12 saylı qərarı ilə X6 800 kv m olmaqla fərdi ev tikmək üçün satılmış torpaq sahəsi qanunamüvafiqdir və DT və XK-nin Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verməsinə etiraz etmir.

3. 29.11.2011-ci il tarixli 59№-li qəbzə əsasən X9 tərəfindən Qobu bələdiyyəsinin hesabına 800 manat pul vəsaiti köçürülmüşdür.

4. Qobu bələdiyyəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən təsdiqlənərək 3646/4 nömrə ilə qeydə alınmış torpaqların alqı-satqısına dair xx.xx.2011-ci il tarixli aktdan görünür ki, X9 2006-cı il tarixdə torpaq sahəsi almaq barədə müraciət etmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Abşeron rayonu Qobu Bələdiyyəsi ərazisindən 0.08 ha torpaq sahəsinin satılması barədə xx.xx.2007-ci il tarixli 12 saylı qərarla qəbul edlmişdir. Bunun müqabilində X9 tərəfindən X5 rayon filialındakı xüsusi hesabına 800 manat haqq ödənilməsi vətəndaşa həvalə edilmişdir.

5. AZ-İ № 866620 saylı xx.xx.2017-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir.

6. Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Bərdə regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1477/2020 saylı məktubdan görünür ki, Bərdə rayonu Xanərəb kəndində qeydiyyatda olan X4 xx.xx.2017-ci ildə ölməsi barədə Bərdə regional “Asan xidmət” mərkəzində notariat ofisinə məlumat daxil olmuşdur. Təqdim edilmiş sənədlərə və məlumatlara əsasən bildirilmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair müraciət etmiş şəxslər ( İddiaçı, X10 ) mərhum X4 qanun üzrə 1-ci növbədə vərəsəsi kimi tanınmaq hüququna malikdirlər.

7. Abşeron rayonu Qobu Bələdiyyəsi tərəfindən verilmiş 087 saylı xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, X7 mərhum atası X6 Qobu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə verilmiş həyətyanı 0.08 ha torpaq sahəsinə görə torpaqayırma qərarının 5-ci bəndində idarənin adı texniki səhv nəticəsində düzgün yazılmamış, əslində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi kimi yazılmalı idi. Həmçinin həmin 0.08 ha torpaq sahəsinə DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən ümumi rəy deyil xx.xx.2011-ci il tarixli 6648 nömrəli qısa rəy məktubu verilmişdir. Həmçinin bələdiyyənin torpaqayırma sənədləri rayon Arxiv İdarəsinə bələdiyyə tərəfindən verilməmiş, yaxın günlərdə təhvil verilməsi həyata keçiriləcək. Ona görə də bələdiyyənin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarında edilmiş düzəlişi, qısa rəyi və bələdiyyə sənədlərinin indiyə qədər rayon arxiv idarəsinə təhvil verilməməsini nəzərə alaraq mərhum vətəndaşın adına olan 0.08 ha torpaq sahəsinə qanunvericiliyin tələbləri çərçivəsində dövlət reyestrindən çıxarışın verilməsi xahiş edilmişdir.

8. İddiaçı xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən X6 ayrılmış 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə cavabdehə müraciət etmişdir.

9. Cavabdeh xx.xx.2021-ci il tarixli bildirişlə ərizənin icrasından imtina etmişdir. İmtinada bildirilmişdir ki, aparılan araşdırma zamanı Qobu Bələdiyyəsi tərəfindən X6 0,08 ha torpaq sahəsinin 28 iyun 2007-ci il tarixdə 12 nömrəli qərarla ayrıldığı halda alqı-satqı aktının və ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsinin rəyinin 23 dekabr 2011-ci il tarixdə verildiyi, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin hazırkı ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilmədiyi aşkar edilmişdir. Bundan başqa müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiq edilmədiyi müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun onun mərhum atası X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.

11. İddia ərizəsində göstərilir ki, iddiaçı və onun qardaşı X10 mərhum ataları X4 birinci növbə vərəsələridirlər. Azərbaycan Respublikası Abşeron rayonu X12 28 iyun 2007ci il tarixli qərarı ilə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi X1. Qeyd olunan torpaq sahəsinin hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün iddiaçı cavabdehə müraciət etmişdir. Cavabdeh orqan həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqdan imtina etmişdir.İddia ərizəsində imtinanın dəlillərinin əsassız olduğu və qanunda nəzərdə tutulmayan əlavə hər hansısa sənədin tələb olunmasının cavabdehin bürokratik əngəl yaratması kimi başa düşülməli olduğu gösstərilir. Şikayətdə daha sonra göstərilir ki, bələdiyyədən başqa yerquruluşu layihəsinin hansısa dövlət orqanı tərəfindən təsdiq edilməsi barədə heç bir göstəriş yoxdur.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

12. İmtnanın dəlilləri ilə eynilik təşkil edən etirazda göstərilir ki, ərizə üzrə aparılan araşdırma zamanı Qobu bələdiyyəsi tərəfindən Y.Məmmədova 0.08 ha torpaq sahəsinin 28 iyun 2007-ci il tarixdə, 12 nömrəli qərarla ayrıldığı halda, alqı- satqı aktının və ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsinin rəyinin 23 dekabr 2011- ci il tarixdə verildiyi, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin müraciətə əlavə edilmədiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilmədiyi aşkar edilmişdir. Bundan başqa müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Qobu bələdiyyəsinin yerqurulusu planından çıxarışının qanunamüvafiq qaydada (müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiq edilmədiyi müəyyən edilmişdir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

13. Sumqayıt İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2-1(118)-816/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mərhum atasının torpaq sahəsi üzərində hüququnun müəyyən edilməsi üçün əsaslardan biri, yəni torpağın ayrılmasına dair qərar mövcud olsa da, torpağın satılmasına dair DTXK-nin Abşeron şöbəsinin rəyi və torpağın alqı-satqısına dair akt 2011-ci ildə tərtib edilmişdir. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

15. Qərardan narazı qalan iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar tamamilə anlaşılmaz tərtib olunmuş və qərarın əsaslandırma hissəsinin işin faktiki halları ilə heç bir əlaqəsi yoxdur. Belə ki, məhkəmə qanunvericiliyə istinad edərək torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə əlavə olunmalı sənədlərin siyahısını qeyd etmişdir. Həmin sənədlər iddiaçı tərəfindən cavabdeh orqana və məhkəməyə təqdim edilsə də, mötəbər sübut olan bu sənədlər nə cavabdeh orqan, nə də məhkəmə tərəfindən nəzərə alınmamış, bunlara hüquqi qiymət verilməmişdir. İddiaçı hüquqların dövlət qeydiyyatı üçün qanunda nəzərdə tutulmuş bütün sənədləri, bələdiyyə qərarını, torpaqların alqı-satqısına dair aktı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyini, yerquruluşu planından çıxarışı təqdim etmişdir. Qanunla torpaq sahəsinə hüquqların dövlət qeydiyyatının cavabdehin üzərinə qoyulması, o cümlədən iddianın təmin edilməsi üçün heç bir məhdudiyyət yoxdur. İddiaçı Qanunda nəzərdə tutulmayan əlavə hər hansısa sənədi təmin etmək öhdəliyi daşımır.

17. Apellyasiya şikayətinə dair etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum atası X6 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəfindən kollegiya qeyd edir ki, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarında göstərilən hüquqi mövqe nəzərə alınmaqla iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

21. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi;

22. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir.

23. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı:

2. Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

25. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir;

26. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək;

27. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarı

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

30. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir.

32. Hazırki mübahisənin predmetini cavabdehin iddiaçının mərhum atasına ayrılmış Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir.

33. Cavabdehin imtinasının və etirazının əsas dəlili Qobu bələdiyyəsi tərəfindən X6 0.08 ha torpaq sahəsinin 28 iyun 2007-ci il tarixdə, 12 nömrəli qərarla ayrıldığı halda, alqı- satqı aktının və ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsinin rəyinin 23 dekabr 2011-ci il tarixdə verildiyindən, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin müraciətə əlavə edilmədiyindən və müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiq edilmədiyindən ibarətdir.

34. Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə qeyd edilən torpaq sahəsinin məqsədli təyinatının yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikinti layihələrinə uyğun olub olmamasına rəsmi münasibətin bildirilməsi barədə məhkəmənin xx.xx.2021-ci il tarixli məktubuna Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli cavab məktubunda Qobu Bələdiyyəsinin xx.xx.2007ci il tarixli qərarı ilə X6 ayrılmış torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınaraq reyesterdən çıxarış verilməsinə etiraz edilmədiyi bildirilmişdir.

35. Cavabdeh təşkilatın imtinasında gətirdiyi arqumentlə bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.

36. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “....müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir”.

37. Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarındakı hüquqi mövqe ilə əlaqədar əsaslandırılmış yazılı münasibətin göndərilməsi barədə məhkəmənin sorğusuna cavab olaraq cavabdeh 4 saylı Abşeron Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli cavabında bildirmişdir ki, Abşeron rayonu Qobu qəsəbəsində yerləşən X6 ayrılmış 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı İddiaçı 30 noyabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı Qobu Bələdiyyəsi tərəfindən X6 0,08 ha torpaq sahəsinin 28 iyun 2007-ci il tarixdə, 12 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının və ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsinin rəyinin 23 dekabr 2011-ci il tarixdə verildiyi, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin müraciətə əlavə edilmədiyi müəyyən edilmişdir. Bundan başqa müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiq edilmədiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarını rəhbər tutaraq apellyasiya şikayəti üzrə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin rəyinin 23 dekabr 2011-ci il tarixdə verilməsi və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin olmamasını əsaslar sırasından çıxarılmasını və digər çatışmazlıqlara dair apellyasiya şikayətinin nəzərə alınması və icraatın iş üzrə davam etdirilməsi xahiş edilmişdir.

38. Kollegiya qeyd edir ki, cavabdehin məzmunu yuxarıda göstərilən həmin məktubunda ifadə edilmiş mövqeyi nəzərə alındıqda iddiaçının tələbinin təmin edilməsindən imtinanın yeganə əsası kimi onun müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışın qanunamüvafiq qaydada (müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiq edilməməsi qalır. Bununla əlaqədar nəzərə alınmalıdır ki, bələdiyyələr tərəfindən təsdiq edilmiş yerquruluşu planından çıxarışın forma və məzmunu barədə hər hansı bir imperativ xarakter daşıyan hüquq norması mövcud deyil. Yerquruluşu planından çıxarış texniki sənəd olmaqla yanaşı müvafiq daşınmaz əmlakın yerləşdiyi yerin müvafiq xəritədə əks olunmuş fotogörüntüsüdür. İnzibati orqan tərəfindən göstərilən bu arqument onun mülahizələrinə əsaslanmışdır.

39. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hüquqların dövlət qeydiyyatı üçün qanunda nəzərdə tutulmuş bütün sənədləri, bələdiyyə qərarını, torpaqların alqısatqısına dair aktı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyini, yerquruluşu planından çıxarışı cavabdeh inzibati orqana təqdim etmiş, lakin cavabdeh əsassız olaraq iddiaçının ərizəsinin icrasından imtina etmişdir. Kollegiya qeyd edir ki, müvafiq sənədlər apellyasiya baxışı zamanı məhkəməyə təqdim edilmiş, məhkəmə tərəfindən verilmiş sorğulara cavabla onların mötəbərliyi öz təsdqini tapmış, sənədlərin mötəbərliyi cavabdeh tərəfindən də mübahisələndirməmişdir.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe baxımından Abşeron rayonu Obu Bələdiyyəsinin bələdiyyəyə məxsus olan torpaq sahəsinin iddiaçının mərhum atasına ayrılması haqqında X12 xx.xx.2007-ci il tarixli 12 saylı qərarı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən, həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün əsasdır və cavabdehin həmin qeydiyyatı aparmaqdan imtina edilməsi ilə bağlı istinad etdiyi hallar həmin qanunun 15-ci maddəsində nəzərdə tutulmadığından əsaslı deyildir.

41. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın digər əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunduğundan və apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan şikayət təmin edilməlidir.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2-1(118)-816/2021 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. Abşeron rayon X12 xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə ayrılmış Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı mərhum atası X6 məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cavabdeh Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar