Məhkəmə qərarları › İş №2-1(105)-56/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-56/2025

09.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-56/2025 09.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Əsədli İlahə Yusif qızının katibliyi İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar ÇAESdəki işə görə əsas iş yerində saxlanan əmək haqqından tam aylarda qazanılmış gəlir toplanaraq, ayların sayına bölünməklə alınan və dörqat əmək haqqı nəzərə alınmaqla alınan əmək haqqı məbləğinin 25,4-ə vurulmaqla müasirləşdirilərək, xx.xx.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2-1(118)-1250/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı “Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar ÇAES-dəki işə görə əsas iş yerində saxlanan əmək haqqından tam aylarda qazanılmış gəlir toplanaraq, ayların sayına bölünməklə alınan və dörqat əmək haqqı nəzərə alınmaqla alınan əmək haqqı məbləğinin 25,4-ə vurulmaqla müasirləşdirilərək, xx.xx.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdə qanunvericiliyə əsasən əmək pensiyasının 4 qat məbləği miqdarında hesablanması tələbi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tebeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialı keçmiş qanunvericiliyə əsasən əmək pensiyasının 4 qat miqdarında hesablanmış imtina veriləcəyi təqdirdə bu barədə rəsmi blankda məlumatın verilməsi ilə bağlı olduğu, eyni zamanda qanunvericilikdə nəzərdə tutulmuş müddətdə müraciətə baxılacağı bildirildi, müraciətdən sonra ***-***-**-** telefon nömrəsinə zəng edilərək bildiriləcəyi qeyd edilmişdir. Müraciətinə cavab olaraq bildirilib ki, əmək pensiyası ona 1992-ci il tarixdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq hesablanmışdır. Eyni zamanda bildirilmişdir ki, əmək pensiyasının orta aylıq əmək haqqının 4 qat mislində hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Hesab edir ki, cavabdeh hərəkətləri qanunsuz olmaqla, onun hüquqlarının pozulmasına əsas olmuşdur. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə müvafiq olaraq İddiaçı Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar olaraq xx.xx.1993-cü il tarixdə orta aylıq əməkhaqqı əsasında ikinci dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli 377 saylı Fərmanı əsasında xx.xx.2006-cı il tarixindən qüvvədə olan “X3” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsi tətbiq edilməklə İddiaçı əmək pensiyasının ödənişi davam etdirilir. Qanunun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qanuna 01.01 2023-cü il tarixdə əlavə edilmiş 26.4-cü maddəyə əsasən, 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 285,28 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən 327,21 manata çatdırılmışdır. Sadalanan qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir, mövcud qanunvericliyə əsasən əlilliyə görə əmək pensiyasının əməkhaqqının 4 qat məbləğdə yenidən hesablanması mümkün hesab olunmur. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarına əlavə edilmiş 15 aprel 1992-ci il tarixli arayışdan görünür ki, iddiaçı 16 oktyabr 1987-ci ildən 23 noyabr 1987-ci ilədək kombinatın Slavutiç şəhərində inşa etdiyi binanın tikintisində iştirak etmişdir. İş materiallarına əlavə edilmiş 05 noyabr 2001-ci il tarixli aktdan görünür ki, Sumqayıt ƏSMM-nın sahə müfəttişi tərəfindən tərtib olunmaqla, idarənin işçisi İddiaçı 91,92,93-cü illərdə əmək gəlirləri barədə arayışın (032-08/315) düzgünlüyün yoxlanılması və arxiv sənədlərinə əsasən 91-də 7***-*******/66-61, 93 – ******* məbləğləri və əlavə göstərilmiş mükafatların göstərilən aylar üzrə təsdiq olunması barədədir. İş materiallarına əlavə edilmiş 23 iyun 2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına ərizə ilə müraciət edərək qüvvədə olan keçmiş qanunvericiliyə əsasən əmək pensiyasının əmək haqqının 4 qat miqdarında hesablanmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2-1(118)-1250/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı əmək pensiyası məbləğinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 1991-ci il tarixli 577 nömrəli qərarına əsasən Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə ödənilmiş beşqat və birdəfəlik ödənilən 10,000 manat mükafatın Çernobıl AES-də olduğu günlərin sayına bölünərək 25,4-ə vurulmaqla həmin dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə 1 yanvar 2008-ci il tarixdən yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınmalı olan məbləğə həmçinin onun aldığı tarif dərəcəsinin 5 qat məbləğinin də hesablanmalı olduğunu iddia etməkdə haqlıdır. Çünki yuxarıda istinad edilmiş qanunvericiliyin tələblərinə əsasən, sığorta haqları hesablanan həmin ödənişlər gəlirin ümumi məbləğinə daxil edilməlidir. Yalnız birdəfəlik ödənclərin (istifadə edilməyən məzuniyyətə görə pul əvəzi, işdənçıxma müavinəti və s.) həmin məbləğlərə daxil edilməməsi qanunvericilikdə əks olunmuşdur. Habelə, qanunvericiliklə Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılması üçün çalışanlara əmək haqqının dördqat məbləğində mükafatın ödənilməsini və əmək haqqında pensiyanın hesablanması zamanı həmin dördqat mükafat məbləğinin vətəndaşın Çernobıl AES-də olduğu günlərin sayına bölünməklə 25,4-ə vurulmasını müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh tərəfin iddiaçıya əmək pensiyasının həmin qaydada hesablanmasından imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır. Bildirilir ki, iddiaçıya xx.xx.1993-cü il tarixdə ilkin ÇAES-da qəzanın ləğvi ilə əlaqədar İİİ qrup əlillik, xx.xx.1993-cü il tarixdə isə orta aylıq əməkhaqqı əsasında İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.1993-cü il tarixdən xx.xx.2006cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların Pensiya təminatı haqqında” AR Qanununun 83-cü maddəsində bu kateqoriyadan olan şəxslərə pensiya əlillik baş verdikdən əvvəlki 12 ayın əməkhaqqına əsasən hesablandığı qeyd edilmişdir. Sumqayıt Evtikmə Kombinatı tərəfindən təqdim edilmiş xx.xx.1993-cü il tarixli 032-08/315 nömrəli əməkhaqqı arayışında qeyd edilən xx.xx.1992-xx.xx.1993-cü illər üzrə (pensiya təyin olunması üçün ərizə xx.xx.1993-cü il tarixdə verildiyi üçün 1993-cü ilin mart ayının aylıq əməkhaqqısı tam hesablanır) orta aylıq əməkhaqqının hesablanma qaydası: İV-Xİİ.1992 - 59186,11 (əsas ə/h )+ 590,77 (mükafatlar) = 67776,88 rubl x 0,68 (rublun manata qarşı məzənnəsi) x 47,9 (1992-ci il üzrə ə/h-nın müasirləşmə əmsalı)=2207629 AZN. 1-111.1993 - 56817,10 rubl : 10 = 5681,71 AZM x 36,6 (1993-cü il üzrə ə/h-nın müasirləşmə əmsalı) = 207951 AZN. xx.xx.1992-xx.xx.1993-cü illər üzrə orta aylıq əmək haqqı (2207629+207951) :12 = 201298 AZM : 5000 = 40,26 m. Göründüyü kimi xx.xx.1992-xx.xx.1993-cü illər üzrə orta aylıq əməkhaqqı 51,00 m-dən azdır. Məlumat üçün bildirilir ki, İddiaçı Sumqayıt İcarə Evtikmə Kombinatında işlədiyi üçün ÇAES-da qəza baş verdikdən sonra Slavutiç şəhərinin tikintisində Azərbaycan Respublikası tərəfindən göndərilən briqadanın tərkibində xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək (37 gün) işləmişdir. xx.xx.2003-cü il tarixdə İddiaçı pensiyasının həmin dövrdə aldığı əməkhaqqına əsasən yenidən hesablanması üçün keçmiş DSMF Sumqayıt şəhər şöbəsinə müraciət etmişdir. Sumqayıt İcarə Evtikmə Kombinatı tərəfindən təqdim edilmiş xx.xx.2003-cü il tarixli, 053-01/260 nömrəli arayış əsasında xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək olan orta aylıq əməkhaqqı “Vətəndaşların Pensiya təminatı haqqında” AR Qanununun 72-ci maddəsinə əsasən aşağıdakı kimi hesablanır: 215 rubl (Oktyabr) + 527 rubl (Noyabr) = 742 rubl : 37 x 25,4 = 509,37 rubl (orta aylıq ə/h) x 0,68 (rublun manata qarşı məzənnəsi) x 757,60 (1987-ci il üzrə ə/h- nın müasirləşmə əmsalı)=26241266 AZM :5000 = 52,48 m. Qeyd edilən orta aylıq əməkhaqqı xx.xx.1992-xx.xx.1993-cü illər üzrə orta aylıq əməkhaqqından (40,26 m-dən) çox olduğu üçün, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 108 №li Qərarına əsasən xx.xx.2003-cü il tarixdən ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının məbləği 85000 AZN müəyyən edildiyindən, Qanunun 78-ci maddəsinə əsasən ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğindən, yəni 255000 AZN-dən (51,00 m) artıq hesablana bilmədiyindən pensiyanın əsas məbləği 255000 AZN (51 <t\) x 80% = 204000 AZN (40,80 <h) hesablanmışdır. Beləliklə İddiaçı pensiyası xx.xx.2003-cü il tarixdən: 20400 AZN - pensiyanın əsas məbləği, 11000 AZN - işləməyən pensiyaçıya ödənilən aylıq müavinət (Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli Sərəncamı), 20000 AZN - ÇAES qəzası əlillərinə ödənilən aylıq müavinət (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 613 №-li Fərmanı), 10200 AZN - “Vətəndaşların Pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 72-ci maddəsinə əsasən öhdəsində əmək qabiliyyətsiz ailə üzvləri olan işləməyən İ və İİ qrup əlillərə, ailənin əmək qabiliyyəti olmayan hər ailə üzvünə görə yaşa görə minimum pensiyanın 20 faizi məbləğində (yəni 25500 AZN x 20% = 5100 x 2 nəfər = 10200 AZN). Cəmi: 245200 AZN (49,04 <h) AR Prezidentinin xx.xx.2005-ci il tarixli 204 №-li Fərmanına əsasən 20000 AZN ÇAES qəzası əlillərinə ödənilən aylıq müavinət 30000 AZN-a çatdırıldığından iddiaçının pensiyası xx.xx.2006-cı il tarixədək 255200 AZN (51,04 m) hesablanaraq ödənilmişdir. xx.xx.2006-cı il tarixdən qüvvədə olan “X3” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 26.1-ci maddəsinə görə (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə, Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi (25,00 m) çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Sözügedən maddəyə əsasən vətəndaşın 51,04 manat pensiyasından 25 manat baza hissə çıxıldıqdan sonra yerdə qalan 26,04 manat sığorta hissə hesab edilir. Beləliklə, İddiaçı pensiyası xx.xx.2006-cı il tarixdən: BH - 25,00, BƏ - 2,50 4\ (Qanunun 19.2.1-ci maddəsinə əsasən - 25,00 x 5% = 1,25 x 2 ailə üzvü = 2,50 m), SH - 26,04 m olmaqla 53,54 m hesablanaraq ödənilmişdir. Sonrakı illərdə vətəndaşın pensiyasının məbləği illər üzrə “Pensiyaların baza hissəsinin artırılması haqqında” və “Pensiyaların sığorta hissəsinin istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməsi haqqında” fərman və sərəncamlara uyğun olaraq artırılaraq xx.xx.2008-ci il tarixdən BH - 60,00 + BƏ - 3,00 + SH - 32,91 = 95,91 olmuşdur. xx.xx.2008-ci il tarixdən qüvvəyədə olan “X3 Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli 474-İİİ QD nömrəli Qanununa əsasən (xx.xx.2006-cı il tarixədək əmək pensiyaları hesablanarkən əsas götürülmüş orta aylıq əməkhaqqına məhdudiyyət tətbiq edilməklə təyin olunmuş əmək pensiyalarının, həmin əməkhaqqının tam məbləği nəzərə alınmaqla) İddiaçı pensiyası xx.xx.2008-ci il tarixdən BH - 60,00 + BƏ - 3,00 + SH - 34,09 (32,91 + 1,48) = 97,09 manat (52,48- 51,00=1,48 x 80%=1,18) olmaqla yenidən hesablanaraq sonrakı illərdə vətəndaşın pensiyasının məbləği illər üzrə “Pensiyaların baza hissəsinin artırılması haqqında” və “Pensiyaların sığorta hissəsinin istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməsi haqqında” fərman və sərəncamlara uyğun olaraq artırılaraq xx.xx.2019-cu il tarixdən 181,27 hesablanaraq ödənilmişdir. Azərbaycan Respublikasının Prezidentinin təsdiqlədiyi “X3” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə əmək pensiyasının minumum məbləği xx.xx.2019-cu il tarixdən 200 manata çatdırıldığından İddiaçı pensiyası 200,00 manat hesablanaraq ödənilmişdir. İddiaçı əmək pensiyasının məbləği Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən əmək pensiyalarının sığorta hissəsinin orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməklə xx.xx.2024-cü il tarixdən hal-hazıradək 363,86 manat düzgün hesablanılmaqla hər ay ödənilir. İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2023-ci il tarixli iddia ərizəsinə əsasən bildirilir ki, vətəndaşların bəzi kateqoriyalarına pensiyaların hesablanması qaydası “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 80-83cü maddələrində nəzərdə tutulmuşdur. Göstərilən vətəndaşlar kateqoriyasına daxil olan şəxslərə pensiya təyinatı 1993-cü il yanvarın 1- dən sonra Qanun qüvvəyə minəndən sonra aparılan hallarda aşağıdakı qaydalara riayət olunmalıdır: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 83-cü maddəsinə əsasən həmin kateqoriyadan olan şəxslərə pensiyalar səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əməkhaqqından, minimum əməkhaqqının beşqat məbləğindən, Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dördqat məbləğindən, yaxud Çernobıl AES-də və Slavutiç şəhərində aldıqları əməkhaqqından hesablanır. Göründüyü kimi, iddia ərizəsində qeyd edildilən əsas iş yerində saxlanılan əməkhaqları ilə dördqat əmək haqqı ilə cəmlənə bilməz. Sumqayıt Evtikmə Kombinatı tərəfindən təqdim edilmiş xx.xx.1993-cü il tarixli 032-08/315 nömrəli əməkhaqqı arayışına əsasən mart 1992-ci il tarixdə iddiaçıya 3142 rubl məbləğində dördqat əməkhaqqı ödənilmişdir. Bu əməkhaqqına əsasən orta aylıq əməkhaqqı “Vətəndaşların Pensiya təminatı haqqında” AR Qanununun 72-ci maddəsinə əsasən aşağıdakı kimi hesablanır: 3142 rubl : 37 x 25,4 = 2157 rubl (orta aylıq ə/h) x 0,68 (rublun manata qarşı məzənnəsi) x 47,9 (1992-ci il üzrə ə/h-nın müasirləşmə əmsalı) = 70258 AZN :5000 = 14,05 m. Göründüyü kimi dördqat əməkhaqqı üzrə orta aylıq əmək haqqı 51,00 m-dən azdır. Məhkəmənin nəzərinə çatdırılır ki, Qanunvericiyin tələblərinə zidd olsa belə, iddia ərizəsində qeyd olunanlar nəzərə alınarsa, orta aylıq əməkhaqqı “Vətəndaşların Pensiya təminatı haqqında” AR Qanununun 72-ci maddəsinə əsasən aşağıdakı kimi hesablandıqda pensiyanın aylıq məbləği dəyişmir: Belə ki, 52,48 (əsas iş yerindəki ə/h) + 14,05 (dördqat ə/h) = 66,53 /1\. 01.01 2008-ci il tarixdən BH - 60,00 + BƏ - 3,00 + SH - 45,33 (32,91 + 12,42) = 108,33 manat (66,53 - 51,00=15,53 x 80%=12,42) olmaqla, sonrakı illərdə vətəndaşın pensiyasının məbləği illər üzrə “Pensiyaların baza hissəsinin artırılması haqqında” və “Pensiyaların sığorta hissəsinin istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməsi haqqında” fərman və sərəncamlara uyğun olaraq xx.xx.2019-cu il tarixdən 192,22 manat, xx.xx.2019-cu il tarixdən 200,00 manata çatdırılmaqla xx.xx.2024-cü il tarixdən 363.86 manat təşkil edir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “X3” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 80. Pensiya almaq hüququ olan şəxslər İş stajından asılı olmayaraq milli münaqişə zəminində öz daimi yaşayış yerlərini məcburi tərk edərkən, sərhəd rayonlarında, Qarabağın dağlıq hissəsində, 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı yaralanma, zədələnmə, kontuziya və digər bədən xəsarəti almaq nəticəsində əlil olmuş vətəndaşlar, həmin səbəblər üzündən başçısını itirmiş əmək qabiliyyəti olmayan ailə üzvləri, eləcə də bu maddədə sadalanmış şəxslər sırasından olan əlillər vəfat etdikdə, onların ailələri. İş stajından asılı olmayaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar: Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş şəxslər, Çernobıl qəzası nəticəsində əlil olduğu müəyyən edilmiş digər şəxslər; köçürmə zonasında qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar Çernobıl AES-in istismarında və digər işlərdə iştirak etmiş şəxslər (o cümlədən müvəqqəti göndərilənlər və ezamiyyətdə olanlar); köçürmə zonasında xidmət etmiş müddətli xidmət hərbi qulluqçuları; həmin qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar xüsusi toplanışa çağırılmış və köçürmə zonasında işə cəlb edilmiş hərbi vəzifəlilər; 1987-ci ilin aprelin 21-dən 1990-cı ilin dekabrın 31-nə qədər olan dövrdə Slavutiç şəhərinin tikintisində iştirak etmiş şəxslər; Çernobıl AES-də baş vermiş qəza nəticəsində həlak olanların, eləcə də bu maddənin ikinci hissəsində sadalanmış şəxslər sırasından olan vəfat etmiş əlillərin ailə üzvləri. Maddə 83 (Azərbaycan Respublikasının xx.xx.1995-ci il tarixli, 1090 nömrəli Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiyada). Pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanır. Müraciət edənin arzusuna əsasən pensiya əmək haqqından aşağıdakı kimi də hesablana bilər: 80-ci maddənin birinci bəndində göstərilmiş şəxslərə — minimum əmək haqqının beşqat məbləğindən; 80-ci maddənin ikinci bəndində göstərilmiş şəxslərə — Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dörd qat məbləğindən, yaxud Çernobıl AES-də və Slavutiç şəhərində aldıqları əmək haqqından və ya minimum əmək haqqının beşqat məbləğindən. “X3” Azərbaycan Respublikasının Qanunu Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “X3” Azərbaycan Respublikası Qanununun 32.1- 1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020ci il tarixli, 03/2020 nömrəli qərardadına əsasən, “X3” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12 və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, sübutlara düzgün qiymət verilməmiş, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Hazırkı mübahisənin predmetini Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar ÇAES-dəki işə görə əsas iş yerində saxlanan əmək haqqından tam aylarda qazanılmış gəlir toplanaraq, ayların sayına bölünməklə alınan və dörqat əmək haqqı nəzərə alınmaqla alınan əmək haqqı məbləğinin 25,4-ə vurulmaqla müasirləşdirilərək, xx.xx.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsindən cavabdehin imtinası təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq kobud prosessual pozuntu etmiş və düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinin tələbinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə kollegiyası qeyd edir ki iddiaçının hüquqi marağı pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəyə ödənilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi İddiaçı əmək pensiyası məbləğinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 1991-ci il tarixli 577 nömrəli qərarına əsasən Çernobıl AESdə qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə ödənilmiş beşqat və birdəfəlik ödənilən 10,000 manat mükafatın Çernobıl AES-də olduğu günlərin sayına bölünərək 25,4-ə vurulmaqla həmin dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə 1 yanvar 2008-ci il tarixdən yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmasını qərara almışdır. Lakin iddia ərizəsindən görünür ki, iddiaçının tələbi Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar ÇAES-dəki işə görə əsas iş yerində saxlanan əmək haqqından tam aylarda qazanılmış gəlir toplanaraq, ayların sayına bölünməklə alınan və dörqat əmək haqqı nəzərə alınmaqla alınan əmək haqqı məbləğinin 25,4-ə vurulmaqla müasirləşdirilərək, xx.xx.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə olmuşdur. Beləliklə də, birinci instansiya məhkəməsi iddiaçıya işə görə ödənilmiş beşqat və birdəfəlik ödənilən 10,000 manat mükafatın Çernobıl AES-də olduğu günlərin sayına bölünərək 25,4-ə vurulmaqla həmin dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə 1 yanvar 2008-ci il tarixdən yenidən hesablanması və yaranmış fərqin ödənilməsi barədə qərar qəbul etməklə yalnışlığa yol vermişdir. İddiaçının məhkəmədən tələbi qanunvericilik normalarına və məhkəmə təcrübəsinə uyğun olsa da, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmaqla yanaşı, qanunvericilik normalarını da düzgün tətbiq etməmiş, mövcud olan normaların tətbiqi əsaslarını qarışdırmışdır. Belə ki, “X3” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 80-ci maddəsinin 2-ci abzasına əsasən, iş stajından asılı olmayaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar pensiya almaq hüququna malikdirlər. Həmin Qanunun: 81-ci maddəsinin 1-ci abzasına görə bu Qanunun 80-ci maddəsində göstərilmiş vətəndaşlara əlilliyə görə pensiyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq səhhətinə dəymiş zərər müqabilində təyin edilir. 83-cü maddəsinə (xx.xx.1996-cı il tarixədək qüvvədə olan redaksiyası) müvafiq olaraq pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanır. Müraciət edənin arzusuna əsasən pensiya əmək haqqından aşağıdakı kimi də hesablana bilər: 80-ci maddənin birinci bəndində göstərilmiş şəxslərə — minimum əmək haqqının beşqat məbləğindən; 80-ci maddənin ikinci bəndində göstərilmiş şəxslərə — Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dördqat məbləğində, yaxud Çernobıl AES-də və Slavutiç şəhərində aldıqları əmək haqqından və ya minimum əmək haqqının beşqat məbləğindən. Göründüyü kimi həm “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun sadalanan normalarında müvafiq olaraq pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanırdı. Hazırkı iş üzrə iddiaçıya da qeyd edilən əsaslarla əlilliyə görə pensiya təyin edilmişdir. Lakin qanunvericiliyin tələbinə əsasən bu kateqoriya şəxslərin müraciəti zamanı onların arzusuna əsasən pensiya aşağıdakı kimi üç fərqli qaydada hesablana bilərdi:

1. Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dördqat məbləğindən

2. Çernobıl AES-də və Slavutiç şəhərində aldıqları əmək haqqından

3. Minimum əmək haqqının beşqat məbləğindən. Göründüyü kimi pensiyanın hesablaması əsasları arasında “Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə ödənilmiş beşqat və birdəfəlik ödənilən 10,000 manat mükafatın”nəzərə alınması əsasları mövcud deyil. Əmək haqqının beşqat məbləğindən hesablanması əsası ancaq minimum əmək haqqı nəzərə alınmaqla həyata keçirilə bilər. Əlavə olaraq məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən normanın tələblərinə əsasən Çernobil AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında çalışanlara pensiya təyinatı zamanı pensiyanın yuxarıda qeyd edilən üç fərqli qaydada hesablanması imkanı, pensiya təyini istəyən şəxsin müraciətinə bağlıdır və qeyd edilən üç əsasdan ancaq birinin seçilməsi ilə məhdudlaşır. Lakin birinci instansiya məhkəməsi qanunvericiliyin normalarını düzgün tətbiq etməmiş və əsası olmayan nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilmli və iddia qismən təmin edilməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinin tələbinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçının Slavutiç şəhərində işlədiyi dövrdə Çernobil AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar əlil olması və ona Çernobil qəzası nəticəsində əlil olmuş şəxs kimi pensiya təyin edilməsi işin mübahisəsiz hallarına aiddir. Həm “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun sadalanan normalarında, həm də Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli, 577 nömrəli qərarında Çernobil AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında çalışanlara əmək haqqının dördqat məbləğində mükafat ödənilməsi və pensiyanın bunun əsasında hesablanması nəzərdə tutulmuşdur. İnzibati orqan apellyasiya şikayətində qeyd edir ki, Sumqayıt Evtikmə Kombinatı tərəfindən təqdim edilmiş xx.xx.1993-cü il tarixli 032-08/315 nömrəli əməkhaqqı arayışına əsasən mart 1992-ci il tarixdə iddiaçıya 3142 rubl məbləğində dördqat əməkhaqqı ödənilmişdir. Göründüyü kimi iddiaçının dördqat əməkhaqqı alması ilə bağlı sübutun olması mübahisə olunmur. Bu isə mövcud məhkəmə praktikasına əsasən iddiaçıya pensiyasının yenidən hesablanmasını tələb etmək üçün əsas verir. Belə ki, iş materiallarına əlavə edilmiş hazırkı işin halları ilə oxşar mübahisəyə münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2- 1(102)-2217/2024 nömrəli, 23 oktyabr 2024-cü il tarixli qərarında oxşar mövqe ifadə olunmuşdur. İddia tələbinin əmək pensiyasının yenidən hesablanması hissəsinə münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli, 577 nömrəli qərarı ilə Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında çalışanlara əmək haqqının dördqat məbləğində mükafatın ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçının pensiya hüququnun yarandığı dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli, 577 nömrəli qərarında həmin hesablama qaydasının tətbiqini istisna edən hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Bu baxımdan, normativ qaydada nəzərdə tutulmayan məhdudiyyətin cavabdehin istinad etdiyi məktubla müəyyən edilməsi hüquqi dövlət prinsipi və normativ hüquqi aktlar haqqında qanunvericilik baxımından yolverilməzdir. Qeyd edilən hüquqi mövqe kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda ifadə olunmuş hüquqi mövqeyə və bununla bağlı formalaşmış məhkəmə təcrübəsinə də uyğundur (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1261/2020 nömrəli, 2-1(102)-1684/2021 nömrəli, 2-1(102)-1478/2022 nömrəli qərarları). Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə dair işdə iddiaçının hüquqi marağı yalnız əmək pensiyasının yenidən hesablanmasına deyil, yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına yönəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə cavabdehə xx.xx.2023-cü il tarixdən əvvəl müraciət etməsi iş materialları ilə müəyyən edilmir. Eyni zamanda, bununla bağlı iddiaçı tərəfindən də məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. İş materiallarından iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə cavabdehə xx.xx.2023-cü il tarixdə müraciət etdiyi müəyyən edilir. Belə olan halda, iddiaçıya əmək pensiyasının yenidən hesablaması tarixindən yaranmış fərq xx.xx.2023-cü il tarixdən əvvəlki üç il üçün ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin pensiyanın yenidən hesablanması zamanı 10,000 manat mükafatın nəzərə alınmalı olması hissəsinə əlavə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, yuxarıda qeyd edildiyi kimi 10,000 manat mükafatın nəzərə alınmasının hüquqi əsasları möcvud deyil. Bundan başqa iddiaçıya 10,000 manat mükafatın ödənilməsi ilə bağlı sübut da mövcud deyil. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməli, İddiaçı Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar ÇAES-dəki işə görə əsas iş yerində saxlanan əmək haqqından tam aylarda qazanılmış gəlir toplanaraq, ayların sayına bölünməklə alınan və dörqat əmək haqqı nəzərə alınmaqla alınan əmək haqqı məbləğinin 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymət indeksi ilə indeksasiya edilərək xx.xx.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və xx.xx.2023cü il tarixdən əvvəlki üç il üçün ödənilməmiş əmək pensiyası məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2-1(118)-1250/2024 nömrəli qərarı ləğv edilsin, yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar ÇAES-dəki işə görə əsas iş yerində saxlanan əmək haqqından tam aylarda qazanılmış gəlir toplanaraq, ayların sayına bölünməklə alınan və dörqat əmək haqqı nəzərə alınmaqla alınan əmək haqqı məbləğinin 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymət indeksi ilə indeksasiya edilərək xx.xx.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və xx.xx.2023-cü il tarixdən əvvəlki üç il üçün ödənilməmiş əmək pensiyası məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar