Məhkəmə qərarları › İş №2-1(105)-560/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-560/2021

21.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-560/2021 21.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz hesab etməklə hərbi xidmətləri ilə bağlı ona müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iş üzrə Açar sözlər: müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz hesab etməklə hərbi xidmətləri ilə bağlı ona müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2-1(118)-1402/2021 saylı qərarından İddiaçı tərəfindən verilən apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək «cavabdehin hərəkətlərinin qanunsuz hesab etməklə hərbi xidmətləri ilə bağlı ona müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması»na dair qərar qəbul edilməsini xahiş etmişdir.

İddiaçının əsaslandırması:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, AR DİN-nin Xüsusi Təyinatlı Polis Dəstəsində xidmət etməklə 1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə iştirak etmiş, lakin onun digər qardaşı X3 1992-ci ilin may ayının 8-də şəhid olduğu üçün və o, evin yeganə övladı olduğundan xəstə valideynlərinə dayaq olmaq üçün evə gəlmiş və gəldikdən 2 ay sonra ərizə yazaraq AR DİN-nin Xüsusi Təyinatlı Polis Dəstəsindən çıxmışdır. O, 1993-cü ildə Xızı rayon Polis İdarəsində polis serjantı işləmiş, 1995-ci ildə Sumqayıt şəhər Pİ-nə köçürülmüş və pensiyaya çıxana qədər, yəni 2013-cü ilə qədər orada işləmişdir. O, Sumqayıt şəhər Polis İdarəsində işlədiyi dövrdə və sonralar da ona xidmətlərinə görə «veteran vəsiqəsi»nin və statusunun verilməsi ilə bağlı AR Daxili İşlər Nazirliyinə dəfələrlə müraciət etmiş, lakin həmin müracitə sonuncu dəfə 23.12.2019-cu il tarixdə verilmiş cavabda göstərilmişdir ki, onun Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını təsdiqləyən hər hansı bir məlumat aşkar edilmədiyi üçün bu vəsiqənin verilməsi mümkünsüzdür. O, cavabdehin bu hərəkətləri ilə razılaşmır, bildirmək istəyir ki, onun hərbi hissənin tərkibində xidmət etdiyi dövrlə bağlı qeydlərin arxivə verilməməsi onun günahı deyildir. Onun həmin hərbi hissənin tərkibində döyüşdüyünü onun döyüşçü yoldaşları X5 və X2 da təsdiq edə bilərlər. Adlarını qeyd etdiyi şahidləri məhkəmə prosesinə özü tərəfindən dəvət ediləcəkdir. O, cavabdeh təşkilatın cavabını aldıqdan sonra hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, lakin 08.06.2021-ci il tarixli qərardadı ilə onun iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılmış, həmin qərardadla izah olunmuşdur ki, bu məsələ ilə bağlı inzibati məhkəməyə müraciət etməlidir. Hesab edir ki, cavabdehin bu hərəkətləri qanunsuz hesab edilməli və müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi cavabdehin üzərinə vəzifə kimi qoyulmalıdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Cavabdehin etirazları:

3. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya və Baş Kadrlar İdarələrinə verilmiş sorğulara təqdim olunmuş 23.12.2020-ci il tarixli, 012-26057-1220 nömrəli, 13.01.2021-ci il tarixli, 022/8-464-1221 nömrəli cavab məktublarında vətəndaş İddiaçı Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi barədə heç bir qeydiyyat aşkar olunmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin tələblərinə əsasən “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş daxili işlər orqanları əməkdaşlarına verilir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edirlər.

Birinci instansiya məhkəməsində icraat:

4. Sumqayıt İnzibati Məhkəməsinin 22 iyul 2021-cı il tarıxlı 2-1(118)-1402/2021 saylı qərarı ilə (hakim C.B.Məmmədov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə hərbi xidmətləri ilə bağlı ona müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdir.

5. Qərardan narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2-1(118)-1402/2021 saylı qərarını ləğv etməklə onun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə hərbi xidmətləri ilə bağlı ona müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apelyasiya şikayətinin dəlilləri:

6. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, İPM-nin 2, 14, 35, 38-ci maddələrinin tələblərinə görə məhkəmənin qərarı ilə razı deyil və onu ədalətsiz və qanunsuz hesab edir. Belə ki, o, Azərbaycan Respublikası DİN-nin Xüsusi Təyinatlı Polis Dəstəsində xidmət etməklə 1992-ci ildə Ağdərə döyüşlərində iştirak etmiş, lakin digər qardaşı Qasımov Natiq Novruz oğlu 1992-ci ilin may ayının 8-də şəhid olduğu üçün və o, evin yeganə övladı olduğundan xəstə valideynlərinə dayaq olmaq üçün evə gəlmiş və gəldikdən 2 ay sonra ərizə yazaraq AR DİN-nin Xüsusi Təyinatlı Polis Dəstəsindən çıxmışdır. 1993-cü ildə Xızı rayon Polis İdarəsində polis serjantı işləmiş,1995-ci ildə Sumqayıt şəhər Polis İdarəsinə köçürülmüş və pensiyaya çıxana qədər - 2013-cü ilə qədər orada işləmişdir. O, Sumqayıt şəhər Polis İdarəsində işlədiyi dövrdə və sonralar da ona xidmətlərinə görə «veteran vəsiqəsi»nin və statusunun verilməsi ilə bağlı AR DİN-nə dəfələrlə müraciət etmiş, lakin onun Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını təsdiqləyən hər hansı bir məlumat aşkar edilmədiyi üçün bu vəsiqənin verilməsi mümkünsüz cavabı verilmişdir. Onun həmin hərbi hissənin tərkibində döyüşdüyünü onun döyüşçü yoldaşları - X5 və X2 da təsdiq edə bilərlər. Hesab edir ki, məhkəmənin qərarı hüquq normalarının pozulması ilə qəbul edilmiş, ona görə də ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməlidir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apelyasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmamışdır.

c) məhkəmə icraatı iştirakçılarının izahatları:

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək əlavə olaraq qeyd etdi ki, xx.xx.1971-ci il təvəllüdlü oğlu İddiaçı AR DİN-nin Xüsusi Təyinatlı Polis Dəstəsində xidmət etməklə Ağdərə uğrunda gedən döyüşlərdə iştirak etmiş, lakin onun digər qardaşı olan oğlu X3 1992-ci ilin may ayının 8-də şəhid olduğu üçün və oğlu olan iddiaçı evin yeganə övladı qaldığından valideynlərinə dayaq olmaq üçün evə gəlmiş və gəldikdən 2 ay sonra ərizə yazaraq AR DİN-nin Xüsusi Təyinatlı Polis Dəstəsindən çıxmışdır. Namiq 1993-cü ildən polis orqanlarında işləmiş və 2013-cü ildə təqaüdə çıxmışdır. İstər iddia ərizəsində istərsə də apelyasiya şikayətində texniki səhv olaraq Namiqin 1993-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə iştirak etməsi göstərilmiş, əslində isə Namiq döyüşlərdə 1992-ci ildə iştirak etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək bildirdi ki, apelyasiya şikayəti əsassız olmaqla birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, ləğv edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya və Baş Kadrlar İdarələrinə verilmiş sorğulara təqdim olunmuş 23.12.2020-ci il və 13.01.2021-ci il tarixli cavab məktublarında İddiaçı Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi barədə heç bir qeydiyyat aşkar olunmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin tələblərinə əsasən “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş daxili işlər orqanları əməkdaşlarına verilir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edirlər.

Tədbiq edilən hüquq

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

11. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

12. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

13. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

14. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

15. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

16. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

17. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

18. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

19. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

20. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

21. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

22. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

23. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

24. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

25. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

26. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

27. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

28. Həmin Məcəllənin 94.4-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

29. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cü maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə də təminat verilir (60-cı maddənin İ hissəsi). Həmçinin Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (71-ci maddəsinin İ hissəsi). 30.Veteranlar haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.

32. Azərbaycan Respublikası müdafiə nazirinin 1998-ci il 06 yanvar tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərdən çıxarışın mütləq təqdim edilməsi müəyyən edilmişdir.

Apelyasiya instansiya məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hazırkı qərarın 10-23-cü bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatını və apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Belə ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərarını onunla əsaslandırmışdır ki, iş materiallarında olan sənədlərdə DİN-nin arxivində saxlanılan 1990- 1993-cü illəri üzrə əmrlərdə İddiaçı döyüş bölgəsinə ezam olunması barədə əmr mövcud deyil. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi İddiaçı DİN-nin Xızı rayon şöbəsində, Sumqayıt Polis İdarəsində polis nəfəri kimi işləmişdir. İddiaçı döyüş bölgələrinə ezam olunduğunu əsas gətirərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini arzu edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Ona görə də iddiaçı müharibə veteranı adının verilməsi üçün DİN-nə müraciət etmiş və tələbinin təmin edilməsindən imtina olunması səbəbindən məhkəmədə hazırkı iddia tələbini qaldırmışdır. İddiaçı DİN-nin əməkdaşı olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdərə rayonunda gedən döyüşlərdə iştirak edib-etməməsi ilə bağlı DİN-nə müvafiq sorğu göndərilmiş, lakin iddiaçının X6 və ya buna səlahiyyətli olan rəis heyyətinin müvafiq əmri əsasında döyüş bölgəsinə cəlb edilməsi barədə hər hansı bir dəlili əldə etmək mümkün olmamışdır.

35. Məhkəmə kollegiyası hazırkı qərarın 6-cı bəndində öz əksini tapan iddiaçının apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir, ona görə ki, iddiaçı iddia ərizəsində istinad etdiyi kimi ki, “1992-ci ildə Ağdərə döyüşlərində iştirak etmiş, lakin digər qardaşı Qasımov Natiq Novruz oğlu 1992-ci ilin may ayının 8-də şəhid olduğu üçün və o, evin yeganə övladı olduğundan xəstə valideynlərinə dayaq olmaq üçün evə gəlmiş və gəldikdən 2 ay sonra ərizə yazaraq AR DİN-nin Xüsusi Təyinatlı Polis Dəstəsindən çıxmış və 1993-cü ildən Xızı RPŞ-də işləmişdir” ifadələri işdə olan İddiaçı şəxsi vərəqəsindəki qeydlərlə üst-sütı düşmür. Belə ki, işdəki sənədlərdən məlum olur ki, İddiaçı 24.05.1989- 29.05.1991-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, sonradan 17.12.1992-ci ildə DİN-nin Xüsusi Təyinatlı Polis Dəstəsində polis nəfəri kimi xidmətə başlamış və 08.02.1993-cü ildən həmin xidmətdən xaric olunmuşdur. Bundan sonra Sumqayıt şəhər Abadlaşma təmir tikinti idarəsinin zəmanəti ilə 11.07.1994-cü ildə Xızı RPŞ-nə polis nəfəri kimi işə düzəlmiş, 21.06.1995-ci ildə Sumqayıt ŞPŞ-nə keçirilmiş və 10.04.2013-cü ilədək orada xidmət etdikdən sonra təqaüdə çıxmışdır (i.v.36-42).

36. Apelyasiya şikayətilə əlaqədar Azərbaycan Respublikası DİN X11 İdarəsinin Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanladığı 26.08.2021-ci il tarixli 024-2353-1221№li məktubda bildirilmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Əməliyat və Statistik İnformasiya və Baş Kadrlar İdarələinə verilmiş sorğulara cavab olaraq təqdim olunmuş 23.12.2020-ci il tarixli 012-26057-1220 nömrəli və 13.01.2021-ci il tarixli 022/8-464-1221 nömrəli məktublarda vətəndaş İddiaçı Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi barədə heç bir qeydiyyat aşkar edilməmişdr.

37. Beləliklə, məhkəmə kollegiyası hazırkı qərarın 29-32-ci bəndlərində istinad edilən konstitusion norma, qanun və normativ aktların tələblərinə əsaslanaraq hesab edir ki, iddiaşı İddiaçı Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi barədə heç bir rəsmi məlumat müəyyən edilmədiyindən inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilməsinin qanuni olmasını təsdiq etmiş birinci instansiya məhkəməsinin qərarı əsaslıdır, bu baxımdan apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmaqla apelyasiya şikayəti təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilən apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2-1(118)-1402/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar