Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-561/2021 23.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə açar sözlər: dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilmə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2- 1(118)-1108/2021 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1990-cı ildən 06.11.2017-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 ildən çox həqiqi hərbi xidmət keçmiş olsa da, xidmət dövrü ərzində dövlət vəsaiti hesabına mənzillə təmin edilməmiş, halbuki onun belə bir hüququ olmuşdur. Bu hüququ ona “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 2011-ci il 28 dekabr tarixli Fərmanı verir. Həmin fərmanda qeyd olunmuşdur ki, “...Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə komissiya yaradılsın...”. Bu fərmana əsasən o Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 il və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidir və bunun üçün kifayət qədər əsasları mövcuddur. Belə ki, 20 təqvim ilindən artıq Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, “Qüsursuz xidmətə görə” 3, 2 və 1-ci dərəcəli medallarla təltif olunmuşdur. Hərbi xidmət dövründə heç vaxt yaşayış sahəsi ilə təmin edilməmiş, himayəsində iki övladı vardır. “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə təltif olumuş və Silahlı Qüvvələr, həmçinin müharibə veteranıdır. Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən 29.09.2020-ci il tarixli 3962 nömrəli məktubla ona məlumat verilmişdir ki, dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi ilə bağlı müraciətinə baxılmış, Azərbaycan Ordusunda hərbi xidmət müddətində və ya ehtiyata (istefaya) buraxıldıqdan sonra hərbi xidmət dövrünə dair məhkəmə hökmü çıxarılmış və məhkumluğu ödənilmiş hərbi vəzifəlilərin dövlət vəsaiti hesabına mənzil təminatıyla əlaqədar Maliyyə Nazirliyinə göndəriləcək siyahılara əlavə edilməməsi qənaətinə gəlinmişdir. Azərbaycan ordusunda hərbi xidmət müddətində və ya ehtiyata buraxıldıqdan sonra xidmət dövrünə dair məhkəmə hökmü çıxarılmış və məhkumluğu ödənilmiş hərbi vəzifəlilərin Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 2011-ci il 28 dekabr tarixli Fərmanına əsasən dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi barədə müsbət qərar qəbul edildiyi təqdirdə əlavə məlumatın veriləcəyi qeyd edilmişdir. Halbuki sözügedən fərmanda buna dair hər hansı hal nəzərdə tutulmamışdır. Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin 29.09.2020-ci il tarixli 3962 nömrəli məktubunda sadalanan hallar sözügedən Fərmanın tələblərinə uyğun araşdırılmamış və adının mənzil siyahısına salınması təmin edilməmişdir. Fərmanda məhkumluq haqqında ifadənin işlənilməməsi nəzərə alınmasa belə barəsində çıxarılmış hökmlə bağlı Azərbaycan Respublikası Bakı Hərbi Məhkəməsinin “Hökmün icrası qaydasında məsələlərə dair müraciətlərə məhkəmə iclasında baxılmasının nəticələri haqqında məhkəmə iclasının” Qərarda göstərilənlər tətbiq edilməmişdir. O, sözügedən imtina məktubunu qanunsuz və əsassız hesab edir. Qərarda, barəsində 30.08.2001-ci il tarixdə Bakı Hərbi Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 342.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəza 6 (altı) ay sınaq müddəti verilməklə şərti hesab edilmişdir. Məhkumluğu Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən artıq ödənildiyindən məhkumluğunun götürülməsi və bununla əlaqədar məhkumluğu ilə bağlı olan bütün hüquqi nəticələr ləğv edildiyi qeyd edilmişdir. Qərarın nüsxəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə də göndərilmişdir. Hərbi xidməti ilə bağlı təltif olunduğu “Qüsursuz xidmətə görə” 3, 2 və 1-ci dərəcəli medallar Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 330-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnamənin 1-ci bəndinə əsasən “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15, və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: - “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; - “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; - “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcədir. Hərbi xidməti ilə bağlı təltif olunduğu “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 329-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı haqqında Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər. Bundan başqa, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 164-cü maddəsinə əsasən həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin “e” və “ə” bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və daha artıq təqvimi müddəti qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri qaşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər. O, Müdafiə Naziriliyinin 06.11.2017-ci il tarixli 0329g nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “b” bəndinə əsasən yaşa görə (həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar) və 164-cü maddəsinə əsasən hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Göründüyü kimi, ona hərbi geyim forması daşımaq hüququ verilməklə hərbi xidmətdən ehtiyata buraxılmış və bu hüquq qeyd olunan maddənin tələbinə əsasən hərbi xidmətdə 20 il və artıq (təqvim hesabla) qüsursuz xidmət etmiş şəxslərə verilə bilər. Onun da hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etməsi nəzərə alınmaqla ona bu hüquq verilmişdir. Sadaladığı faktları və həmin faktların hüququ dayanaqlığını nəzərə alaraq, 20 təqvim ilindən çox qüsursuz xidmət etdiyini, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçusu kimi tanındığını təsdiq edir və bu, ona “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 2011-ci il 28 dekabr tarixli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına aid edilməsinə əsas verir, bu baxımdan həmin Fərman ona şamil edilməlidir.
Cavabdehin etirazları:
3. Cavabdehin iddiaya etirazında qeyd edilir ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, 20 təqvim ili xidmət etdiyindən, dövlət vəsaiti hesabına mənzillə təmin olunmalıdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər”. İddiaçının xidməti isə qüsursuz sayılmadığından mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısına daxil edilə bilməz və iddia ərizəsi təmin edilə bilməz. Belə ki, Bakı Hərbi Məhkəməsinin 30.08.2001-ci il tarixli hökmü ilə İddiaçı CM-nin 342.1-ci (qulluğa səhlənkar yanaşma, rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna səhlənkar yanaşması ağır nəticələrə səbəb olduqda, habelə müharibə vaxtı və döyüş şəraitində törədildikdə) maddəsi ilə təqsirli bilinmiş, qeyd olunan qanuni qüvvəyə minmiş hökm hazırki işə baxan məhkəmə üçün məcburi olduğundan və orada iddiaçının qüsuru xidməti borcu ilə əlaqədar olduğundan təmin edilə bilməz. Ona görə də iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər.
Birinci instansiya məhkəməsində icraat:
4. Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(118)-1108/2021 saylı qərarı (hakim L.E.Mirzəyeva) ilə iddia təmin edilməklə İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 2011-ci il 28 dekabr tarixli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.
5. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndəsi apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(118)-1108/2021 saylı qərarının ləğv edilməsini, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apellyasiya şikayətinin dəlilləri:
6. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 №-li Fərmanında qeyd edilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Fərmanda qeyd edilənləri nəzərə alsaq, iddiaçının bu kateqoriyadan olan şəxslərə bərabər tutmaq və dövlət tərəfindən mənzillə təmin ediləcək şəxslərin siyahısına almaq Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 №-li Fərmanına uyğun deyildir. İddiaçı Bakı Hərbi Məhkəməsinin 30.08.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 342.1 maddəsinin ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, barəsində CM-nin 70-ci maddəsi tətbiq olunaraq 6 ay sınaq müddəti təyin edilməklə cəzanın şərti olaraq tətbiq edilməməsi haqqında qərar qəbul edilmişdir. Qeyd edilənlər “İddiaçı xidmət dövründə cinayət törətməsi və həmin cinayətə görə məhkum olunması” buna dəlalət edir ki, iddiaçının xidməti qüsursuz olmayıb. Həmçinin qeyd edilənlər buna da dəlalət edir ki, iddiaçının 20 il ərzində xidməti qüsursuz olmayıb. İPM-nin 73.3.1-ci maddəsinə əsasən «inzibati orqan tərəfindən diskresfon səlahiyyət əsasında qərar qəbul edildikdə”... və 73.3.2-ci maddəsi “inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətlədirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə”... Məhkəmə bir qayda olaraq iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Qeyd olunanlar isə qərarın əsassız olmasını bildirir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında iddia ərizəsində qeyd edilənləri təsdiq edərək əlavə olaraq vurğuladı ki, 1990-cı il tarixdən 06.11.2017-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 ildən çox həqiqi hərbi xidmət keçmiş, xidmət dövrü ərzində dövlət vəsaiti hesabına mənzillə təmin edilməmiş, “Qüsursuz xidmətə görə” 3, 2 və 1-ci dərəcəli medallarla, həmçinin “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə təltif olumuş, Silahlı Qüvvələr və müharibə veteranıdır. Hərbi xidmətdən tərxis olunduqdan sonra Xızı rayonu, Giləzi kəndində qeydiyyata düçmüç və orada hərbi hissədə ailəsilə birgə yaşamış və hərbi hissədə yaşadığı zaman Giləzi kəndində güclü partlayış nəticəsində yaşadığı mənzil yararsız hala düşdüyündən evlə təmin edilməsi istəyir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, ləğv edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş edir.
9. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər.
10. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədbiq edilən hüquq
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
12. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
13. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
14. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
15. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
16. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
17. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
18. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
19. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
20. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
21. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
22. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
23. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
24. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
25. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.
26. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı:
1. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər.
2. Bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə aşağıdakı tərkibdə Komissiya yaradılsın: Komissiyanın sədri - Azərbaycan Respublikasının maliyyə naziri Komissiyanın üzvləri: Azərbaycan Respublikası müdafiə nazirinin müavini Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti rəisinin müavini Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsi müdirinin müavini.
3. Komissiyaya tapşırılsın ki: 3.1. siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alsın; 3.2. hazırlanmış siyahını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; 3.3. görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. 3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Komissiyanın katibliyi funksiyalarını həyata keçirsin və bu Fərmanın icrası ilə bağlı maliyyələşməni mərhələlərlə müəyyən olunmuş qaydada təmin etsin.
27. Azərbaycan Respublikasının 17 may 2002-ci il tarixli, 330-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Qüsursuz xidmətə görə" medalı haqqında Əsasnamə: Bənd 1. 1. “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. Bənd 2. “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal – Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcəlidir.
28. Azərbaycan Respublikasının “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 329-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı haqqında Əsasnamə: Bənd 1. “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər.
29. Azərbaycan Respublikasının “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 329-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı haqqında Əsasnamə:
1. “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər.
30. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: Maddə 164. Həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin «e» və «ə» bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər.
31. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi: Maddə 83.1. Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Maddə 83.3. Aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur: 83.3.1. şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda; (-). Maddə 83.5. Şəxs cəzanı çəkib qurtardıqdan sonra nümunəvi davranışı ilə islah olunduğunu sübut edərsə, məhkəmə həmin şəxsin vəsatəti əsasında məhkumluğu vaxtından əvvəl onun üzərindən götürə bilər. Maddə 83.6. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hazırkı qərarın 11-20-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq iddiaçı tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Belə ki, iddiaçının məhkəməyə müraciət etməsinin əsası hazırki qərarın 1-2-ci bəndlərində istinad edilən hallarla bağlı olmuş və birinci instansiya məhkəməsi zamanı işə baxılarkən hazırki qərarın 4-cü bəndində şərh edilən nəticəyə gəlinmişdir. Cavabdeh imtina məktubunda olduğu kimi apelyasiya şikayətində də iddiaçının məhkumluğunun olmasına istinad edərək iddianın rədd edilməsini xahiş edir.
34. Bu fikirini cavabdeh inzibati orqan onunla əsaslandırır ki, iddiaçı Bakı Hərbi Məhkəməsinin 30.08.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 342.1 maddəsinin ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və barəsində CM-nin 70-ci maddəsi tətbiq olunaraq 6 ay sınaq müddəti təyin edilməklə cəzanın şərti olaraq tətbiq edilməməsi haqqında qərar qəbul edilmişdir.
35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşır və qeyd edir ki, hazırkı qərarın 6-cı bəndində öz əksini tapan cavabdehin apelyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz ona görə ki, əvvəla hazırkı qərarın 31-ci bəndində istinad edilən cinayət qanunvericiliyin müddəalarına əsasən məhkumluqla bağlı olan bütün hüquqi nəticələr məhkumluğun ödənilməsi ilə aradan qalxmış olur. Başqa sözlə, həmin şəxs cinayət törətməmiş hesab olunur.
36. İş materiallarında olan Bakı Hərbi Məhkəməsinin 20 iyun 2003-cü il tarixli “Hökmün icrası qaydasında məsələlərə dair müraciətlərə məhkəmə iclasında baxılmasının nəticələri haqqında” məhkəmə iclasının qərarının surətindən görünür ki, Bakı Hərbi Məhkəməsinin 30 avqust 2001-ci il tarixli 99/2001 saylı hökmü ilə xx xxx 1970-ci ildə Füzuli rayonunun Qərbənd kəndində anadan olmuş, N saylı hərbi hissənin şəhərciyində yaşayan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin giziri İddiaçı Azərbaycan Respublikası CM-nin 342.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəzası 6 (altı) ay sınaq müddəti verilməklə şərti hesab edilmiş və onun məhkumluğu Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən ödənilmişdir(i.v.15).
37. Bundan əlavə, iş materiallarına əlavə edilmiş vəsiqələrin surətlərindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrlərilə “Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991- 2001), Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi yubiley medalları, həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı medalı ilə təltif olunmuşdur(i.v.16-22).
38. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 26-29-cu bəndlərində istinad edilən normaların məzmunundan göründüyü kimi, medalların adı və təltif etmə şərtləri və qaydaları onu özündə ehtiva edir ki, bu təltiflər dövlət tərəfindən qüsursuz həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara tətbiq olunur.
39. Eyni zamanda, hazırkı qərarın 30-cu bəndində istinad edilən Əsasnamənin tələblərinə uyğun olaraq iddiaçı, Müdafiə Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsi rəisinin 06.11.2017-ci il tarixli 032 q saylı əmrinə əsasən adı çəkilən Əsasnamənin 156-cı maddəsinin «b» bəndinə (yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatması) və 164-cü maddəyə əsasən (hərbi geyim forması daşımaq hüququ verilməklə) hərbi xidmətdən buraxılmışdır(i.v.69).
40. Kollegiya qeyd edir ki, iddiaçının qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi tanındığı yuxarıda qeyd edilən təltiflərlə təsdiq edildiyindən, iddiaçının 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olması onu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına aid etməyə əsas verdiyindən həmin Fərman iddiaçıya da şamil edilməlidir.
41. Beləliklə, mübahisənin müəyyən olunmuş hallarına hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, apelyasiya şikayəti təmin edilmədən, Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(118)-1108/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(118)-1108/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.