Məhkəmə qərarları › İş №2-1(105)-562/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-562/2022

28.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-562/2022 28.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının hüquqi varisi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 2-1(118)-771/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsini xahiş etmişdir. Cavabdeh 10 dekabr 2021-ci il tarixli, **********17 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə edilən sənədlərin araşdırılması zamanı sözügedən mənzilin ünvanına dair uyğunsuzluqlar olduğu müəyyən olunmuşdur. Belə ki, Sumqayıt şəhər Mənzil idarəsinin xx.xx.1969-cu il tarixli, 04/69 nömrəli orderində ünvan “23-cü məhəllə, ev 28/23", Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-X2 1 saylı Mənzil Kommunal Sahəsinin 2 №-li forma arayışında isə “22-ci məhəllə, ev 37/28’’ kimi qeyd edilmişdir. Bundan əlavə, Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 656 nömrəli arxiv çıxarışında mərhum Xankişiyev Ələkbər Xeyrula oğlunun adına mənzil verilməsi və dəyişdirilməsi barədə məlumat aşkar olunmadığı qeyd olunmuşdur. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 22-ci məhəllədə yerləşən 37/28 (köhnə ünvanı 23-cü məhəllə, ev 28/23) saylı evin onun adına özəlləşdirilməsi ilə bağlı sənədlərin qəbulu və adına çıxarışın, texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Mənzil İdarəsinin xx.xx.1969- cu il tarixli qərarına əsasən iddiaçının mərhum həyat yoldaşı Xankişiyev Ələkbər Xeyrulla oğlunun 5 nəfər ailə üzvləri ilə yaşaması üçün xx.xx.1969-cu il tarixli 04/69 saylı order verilmiş və həmin vaxt yaşadıqları və qeydiyyatda olduqları ünvan «ünvan 5işdirilərək «ünvan 6 kimi qeyd olunmuşdur. İddiaçının həyat yoldaşı 18 iyul 2013cü ildə dünyasını dəyişmişdir. O və ailə üzvləri uzun illər istifadəsində olan bu mənzilin özəlləşdirilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etmiş, lakin cavabdeh imtina məktubu vermişdir. İddiaçı bu imtina ilə razı deyil, belə ki, qeyd edilən mənzilin 1969-cu ildə, mənzil ayrılan vaxt ünvanı Sumqayıt şəhəri, M.Qorki küç.,23-cü məhəllə,ev 28/23 olmuş və həmin ünvan sonradan dəyişdirilərək «ünvan 6 olması ərazi üzrə Sumqayıt şəhər 1 saylı MİS-nin verdiyi rəsmi arayışla da təsdiq olunur. Bundan başqa iddiaçı tərəfdən cavabdeh təşkilata orderin əsli təqdim edilmişdir, əgər orderin əsli mövcuddursa, bu barədə arxiv arayışının tələb olunması əsassızdır. Belə ki, «Mənzil fondunun özəlləşdirilməsi barədə» AR Qanununda konkret olaraq mənzil sahəsinin özəlləşdirilməsi ilə bağlı təqdim edilməli olan sənədlərin siyahısı sadalanmış və həmin siyahıda arxiv arayışının yalnız orderin özü olmadığı təqdirdə təqdim edilməsi qeyd olunmuşdur. Qeyd edir ki, mənzilə dair orderin əsli təqdim edildiyi üçün cavabdehin ondan arxiv arayışı tələb etməsi yolverilməzdir. Cavabdeh orqan iddia ərizəsinə etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2-1(118)-771/2022 nömrəli qərardadı ilə Sumqayıt şəhər İcra Hakimiyyəti, X6, X3, X5, Xankişiyev Elçin Ələkbər oğlu və X7 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər (hakim İ.Quliyev). Sumqayıt İnzibati Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 2-1(118)-771/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 22-ci məhəllədə yerləşən 37/28 (köhnə ünvanı 23-cü məhəllə, ev 28/23) saylı evin iddiaçının adına özəlləşdirilməsi ilə bağlı sənədlərin qəbulu və adına çıxarışın, texniki pasportun verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur (hakim İ.Quliyev). Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı iddiaçı öldüyündən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, məhkəmə kollegiyası iddiaçını hüquq varisi X5 ilə əvəz etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, qeydiyyat orqanı haqlı olaraq iddiaçının mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina etmişdir. Lakin işə baxmış məhkəmə işin hallarına düzgün qiymət verməmiş, bununla bağlı aidiyyəti dövlət orqanlarına sorğu verilməmiş və aidiyyəti dövlət qurumları üçüncü şəxs qismində məhkəmə tərəfindən cəlb edilməmiş, müvafiq ünvanda ekspertiza keçirilməmiş və nəticə olaraq iddianın təmin edilməsi haqqında qanunsuz və əsassız qərar qəbul etmişdir. Ərizəçinin təqdim etdiyi sənədlər idarə tərəfindən araşdırılan zaman evin ünvanlarının eyni olmadığı, həmçinin, təqdim edilmiş sənədlərdə çatışmazlıqlar olduğu aşkar edilmişdir. Birinci instansiya məhkəməsi isə bunları nəzərə almayaraq, idarə tərəfindən iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilməsini qanunvericiliyin tələblərinə zidd hesab etmişdir. İddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada mənzilə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, sözügedən mənzillə bağlı sənədlərdə çatışmazlıqlar olmasına baxmayaraq, iddiaçı formal bir müraciət əsasında məhkəmədə iddia qaldırılmış, işə baxmış məhkəmə tərəflərindən verilmiş bildirişdə və etirazda göstərilənləri nəzərə almamışdır. Hesab edir ki, hazırki iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır, səbəbdən də iddia mümkün sayılmamalı olduğu halda, işə baxmış birinci instansiya məhkəməsi, ümumiyyətlə, iddianın mümkünlüyü məsələsini heç araşdırmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının hüquqi varisi iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişlər. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Azərbaycan Respublikasından mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir Maddə 3. Mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 6. Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Maddə 7. Dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (qüvvədən düşmüş): Maddə 48. Yaşayış sahəsi orderi Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq hərbi şəhərciklərdə yaşayış sahələri orderləri SSR İttifaqı qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; (-). Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-). 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; (-). Mənzil Məcəlləsi: Maddə 146. Dövlət mənzil fondunun yaşayış sahələrinin özəlləşdirilməsi 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. “İnzibati icraat haqqında” Qanun: Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya mənzilin üzərində mülkiyyət hüququ verən order hal-hazırda da qüvvədə olmaqla, hər hansı bir qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmur. Bundan əlavə, həmin tarixdən mənzilin iddiaçının və onun ailə üzvlərinin istifadəsində olması və mənzillə bağlı digər şəxslərlə hər hansı bir mübahisənin olması müəyyən olunmur. Məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın əsaslı olmasını sübut edir və iddiaçıya müvafiq çıxarışın verilməməsi, onun mülkiyyət hüququnu pozur, inzibati orqanın mübahisələndirilən imtinası iddiaçının müvafiq sənədləri olsa da mülkiyyətindən tam istifadə edə bilməsində məhdudiyyətlər yaratmış, onun hüquqlarının pozulması ilə nəticələnmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hazırkı mübahisənin predmetini cavabdehin ünvan 8 ünvanında yerləşən ev üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İş materiallarından görünür ki, AR SSR Kommunal Təsərrüfatı Nazirliyi Sumqayıt şəhər Mənzil İdarəsi tərəfindən Xankişiyev Ələkbər Xeyrulla oğluna 5 nəfərdən ibarət ailə üzvləri ilə( arvadı İddiaçı, oğlu- X3, anası Nabat Əliəsgər qızı və tası Xeyrulla Xankişi oğlu) 23-cü məhəllə, ev 28/23 ünvanında yerləşən 2 otaqlı sahəsi 29,7 kv.m olan mənzili tutmaq üçün xx.xx.1969-cu il tarixdə 04/69 nömrəli order verilmişdir. Orderin verilməsinə əsas Mənzil Dəyişmə Bürosunun xx.xx.1969-cu il qərarı olmuşdur. AZ-İİ seriyalı, 025213 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Xankişiyev Ələkbər Xeyrulla oğlu 18 iyul 2013-cü il tarixdə ölmüşdür. Cavabdehin apellyasiya şikayətinin dəlilləri iki hissədən ibarətdir: 1) mənzilin ünvanına dair uyğunsuzluqlar olduğu müəyyən olunmuşdur: Sumqayıt şəhər Mənzil idarəsinin xx.xx.1969-cu il tarixli, 04/69 nömrəli orderində ünvan “23-cü məhəllə, ev 28/23", Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-X2 1 saylı Mənzil Kommunal Sahəsinin 2 №-li forma arayışında isə “22-ci məhəllə, ev 37/28’’ kimi qeyd edilmişdir; 2) mərhum Xankişiyev Ələkbər Xeyrula oğlunun adına mənzil verilməsi və dəyişdirilməsi barədə arxivdə məlumat aşkar olunmamışdır. Məhkəmə kollegiyası cavabdehin 1-ci dəlilini əsassız hesab edərək aşağıdakıları qeyd edir: Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal X2 1 saylı Mənzil Kommunal sahəsi tərəfindən verilmiş 18 dekabr 2021-ci il tarixli, 4674 saylı arayışdan görünür ki, iddiaçı 23-cü məhəllə, ev 28/23 ünvanında yerləşən kotecdə yaşayır və həmin ünvan 22-ci məhəllə, ev 37/28 ilə eyni ünvandır və eyni şəxsə məxsusdur. - 1 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 153 saylı Forma-2 arayışından görünür ki, İddiaçı 22-ci məhəllə, ev 28/37 ünvanında yerləşən kotecdə yaşayır, mənzilin daxil olduğu sektor dövlət olmaqla, mənzildə İddiaçı, onun övladları X3, X6, Xankişiyev Elçin Ələkbər oğlu, X5, gəlini X7, nəvəsi X4 daimi qeydiyyatdadır; Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq, 1 saylı Mənzil Kommunal sahəsi tərəfindən verilmiş 16 aprel 2022-ci il tarixli arayışda qeyd edilir ki, iddiaçı 22-ci məhəllə, ev 28/37 ünvanında yerləşən kotecdə yaşayır və həmin ünvan orderin qarşısında göstərilmiş, lakin xx.xx.1969-cu il tarixli 04/69 nömrəli orderə əsasən yuxarıda qeyd olunan ünvan 23-cü məhəllə, ev 28/23 kimi göstərilmişdir, həmin ünvan eynidir; - Adıçəkilən qurum tərəfindən verilmiş 20 aprel 2022-ci il tarixli arayışda da qeyd edilir ki, iddiaçı 22-ci məhəllə, ev 28/37 ünvanında yaşayır və həmin ünvan 23-cü məhəllə, ev 28/23 ilə eyni ünvandır, eyni şəxsə məxsusdur, order verilən zaman məsuliyyətsizlik üzündən səhv ünvan yazılmışdır. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarından görünür ki, Sumqayıt şəhər Mənzil İdarəsi tərəfindən verilmiş xx.xx.1969-cu il tarixli 04/69 nömrəli orderdə iddiaçı tərəfə ayrılmış evin ünvanı 23-cü məhəllə, ev 28/23, Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 1 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 153 saylı Forma-2 arayışında isə 22-ci məhəllə, ev 28/37 ünvanı qeyd edilsə də, sonuncu qurum tərəfindən 18 dekabr 2021-ci il, 16 aprel və 20 aprel 2022-ci il tarixlərində verilmiş arayışlarla sözügedən ziddiyyətə aydınlıq gətirilmiş və texniki yanlışlıq səbəbindən orderdə ünvanın səhv yazıldığı, hər iki ünvanın eyni ünvan olduğu qeyd edilmişdir. Həmçinin, birinci instansiya məhkəməsində icraat zamanı 03 iyun 2022-ci il tarixində tərtib edilmiş şifahi məhkəmə iclasının protokolundan da görünür ki, üçüncü şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 nümayəndəsi məhkəmə iclasında izahatında bildirmişdir ki, mənzil 1 saylı MİS ərazisində yerləşir, düzgün ünvanı 22-ci məhəllədir, mexaniki səhv olmuşdur və ünvanda uyğunsuzluq yoxdur, iddiaçı tərəf həmin evdə yaşayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, orderdə və Forma-2 arayışında ünvanların fərqli yazılması iddiaçının təqsiri deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehin 1-ci dəlili əsassızdır. Məhkəmə kollegiyası cavabdehin 2-ci dəlilini də əsassız hesab edərək aşağıdakıları qeyd edir: Mənzilə dair xx.xx.1969-cu il tarixli 04/69 nömrəli orderin arxiv sənədlərinin olubolmaması barədə birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş 24 may 2022-ci il tarixli, 137 nömrəli məktubdan görünür ki, məhkəmənin sorğu etdiyi XDS İK-nin xx.xx.1969-cu il tarixli iclas protokolu mövcud deyil, Sumqayıt şəhər XDS İK-nin xx.xx.1969-cu il tarixli 11 saylı iclas protokolundan XDS İK-nin xx.xx.1969-cu il tarixli 17 saylı iclas protokolunadək baxılmış, vətəndaş Xankişiyev Ələkbər Xeyrulla oğlunun adına evin olması barədə məlumat aşkar olunmamışdır. Kollegiya hesab edir ki, mənzilə dair xx.xx.1969-cu il tarixli 04/69 nömrəli orderin verilməsinə əsas olan sənədlərin arxivdə aşkarlanmaması iddiaçının təqsiri üzündən baş verən hal deyildir. İşdə olan notarial qaydada təsdiq edilmiş 29 oktyabr 2021-ci il tarixli, **********126, **********124, **********125, **********123 saylı, 23 noyabr 2021-ci il tarixli, **********183 saylı ərizələrdən görünür ki, müvafiq olaraq X5 (X6 əvəzinə), X3, X7, X5 və Xankişiyev Elçin Ələkbər oğlu ünvan 10 ünvanında yerləşən mənzilin iddiaçının adına özəlləşməsinə etiraz etməmişlər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: 1) mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin, müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; 2) mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); 3) mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi qanunverici mənzilin özəlləşdirilməsi və mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını dəqiq müəyyən edib. Həm də qanunverici orderin, kirayə müqaviləsinin və onun verilməsinə dair sərəncamın – hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu (Qanunun 8-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan şəxslərin razılıq ərizələri və 2 №-li formada arayış da əlavə edilməklə) mənzilə dair hüququn qeyd alınması üçün əsasdır. Hazırkı işin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçının cavabdehə müraciət ərizəsinə (1) mənzili özəlləşdirməyə razılığı barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş şəxsin ərizəsi, (2) mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) və (3) mənzil sahəsinin orderi əlavə olunmuşdur. Həmin sənədlər iş materiallarına da əlavə edilmişdir. Həmçinin, qanunverici xüsusi olaraq qeyd etmişdir ki, mənzili özəlləşdirmək üçün müraciət etmiş şəxsdən göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddəsində qeyd olunan hüquqmüəyyənedici sənədlərə malik olduğundan iddiaçı hazırkı tələblə məhkəmə müraciət etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının orderi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.11-ci maddə). Analoji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.11-ci maddəsində də nəzərdə tutulmuşdur. Beləliklə, işin hallarından görünür ki, mübahisəli mənzil dövlət mənzil fonduna aid olmaqla qanuni əsaslarla iddiaçıya ayrılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin imtinası əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 2-1(118)-771/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar