Məhkəmə qərarları › İş №2-1(105)-562/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-562/2024

23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-562/2024 23.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı iş üzrə (Açar sözlər: respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunma) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına müvafiq olaraq 265 manat məbləğdə pul kompensasiyası, habelə respublika üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi vaxt üçün mövcud olan orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1235/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının atası X3 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. №038391 seriyalı vəsiqənin surətindən görünür ki, iddiaçının anası X1 2-ci qrup əlildir. İddiaçı 2017-2021-ci illərdə bakalavr, 2021-2023-cü illərdə magistr təhsili almışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı Sumqayıt Dövlət Universitetinin (SDU) xx.xx.2017-ci tarixli 10/Q nömrəli əmri ilə SDU-nun bakalavriat səviyyəsinə Mühasibat uçotu və audit ixtisası üzrə əyani təhsilalma formasına qəbul olmuş, xx.xx.2021-ci il tarixli T-38/4 nömrəli əmri ilə oranı bitirmişdir. Bununla yanaşı İddiaçı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) xx.xx.2021 -ci il tarixli 9/Q nömrəli əmri ilə ADMİU-nun magistratura səviyyəsinə Menecment (teatr sahəsi üzrə) ixtisası üzrə əyani təhsilalma formasına qəbul olmuş, xx.xx.2023-cü il tarixli 2/209 nömrli əmri ilə oranı bitirmişdir. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş sosial arayışdan görünür ki, iddiaçı ilk dəfə xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə əsasən işə götürülmüş və xx.xx.2021-ci il tarixdə həmin müqavilə qüvvədən düşmüşdür. Cavabdehin imtina məktubundan görünür ki, iddiaçının ilk dəfə işə qəbul olduğu tarixdə (xx.xx.2021-ci il tarixində) əyani təhsil almadığı üçün (valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaq sayılmadığı üçün) ona sözügedən birdəfəlik müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına müvafiq olaraq 265 manat məbləğdə pul kompensasiyası, habelə respublika üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi vaxt üçün mövcud olan orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2017-2021-ci illərdə bakalavr təhsili, 2021-2023-cü illərdə isə magistr təhsili almışdır. Atası vafat etmiş, anası isə ikinci qrup əlildir. Bütün bunlara uyğun olaraq dövlət hesabına tam şəkildə pulsuz təhsil almış və təqaüd almışdır. Maddi vəziyyətinin ağır olması ilə əlaqədar xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlayaraq işə düzəlmiş və həmin müqavilə xx.xx.2021-ci il tarixdə qüvvədən düşmüşdür. Cavabdeh orqana birdəfəlik müavinətin verilməsi ilə bağlı rəsmi şəkildə müraciət etmiş və aidiyyəti üzrə baxılmışdır. Lakin cavabdeh birdəfəlik müavinətin verilməsindən imtina etmiş və onunla əsaslandırmışdır ki, ilk dəfə işə qəbul olunan tarixdə (xx.xx.2021-ci il tarixdə) əyani təhsil alınmadığı üçün (valideynlərini itirmiş və ya valideyin himayəsindən məhrum olmuş uşaq sayılmadığı üçün) sözügedən birdəfəlik müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Cavabdeh orqan xx.xx.2021-ci il tarixdə onun əyani təhsil almadığını qeyd etmişdir. Lakin ilk növbədə qanunda elə bir müddəa yoxdur ki, onlar mənin təhsil almadığımı əsas gətirirlər. Qanunda ilk dəfə işə düzələn zaman yazılmışdır. Lakin gətirdikləri dəlil də özlüyündə əsassızdır. Belə ki, avqust aylarında dərslər olmur. Üstəlik o, həmin ildə bakalavr təhsilini başa vurmuş və ardı ilə magistr təhsilini davam etdirmişdir. Bundan başqa iddiaçının həmin kateqoriya şəxslər siyahısında olmadığı qeyd edilmişdir. Halbuki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də görünür ki, qanunun tələbinə uyğun olaraq o, bir valideynini itirmiş, digəri isə 61-100 faiz orqanizmin funksiyaları pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər kateqoriyasına aid olmaqla bərabər 23 yaşı tamam olmayan bir vaxtda işə düzəlmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında və etiraza əlavəsində qeyd etmişdir ki, İddiaçı cavabdeh inzibati orqana xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə müraciət edərək, ona orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətin təyin edilməsini xahiş etmişdir. Belə ki, qeyd edilən kateqoriyalardan olan şəxslərin əmək hüququ üzrə təminatları “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 noyabr 2001-ci il 179 nömrəli Qərarı ilə tənzimlənir və qeyd edilən qanunvericilik aktlarına əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə qəbul edilən zaman qanunvericiliklə müəyyən edilmiş normalara uyğun paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqla, habelə orta əməkhaqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunurlar. İddiaçının ilk dəfə işə qəbul olunduğu tarixdə (xx.xx.2021ci il tarixində) əyani təhsil almadığı üçün (valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaq sayılmadığı üçün) ona sözügedən birdəfəlik müavinətin teyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. 1 yanvar 2022-ci il tarixdən şəxslərə birdəfəlik müavinətin təyin edilməsi, habelə avadanlıqların verilməsi MElS-ə inteqrasiya edilən informasiya ehtiyatlarının və sistemlərinin məlumatları əsasında MEİS tərəfindən avtomatik olaraq proaktiv qaydada və ya şəxslər tərəfindən müvafiq sənədlərin Fondun struktur bölmələrinə və ya Nazirliyin tabeliyindəki Dayanıqlı və Operativ Sosial' Təminat Agentliyinin “DOST mərkəzlərinə birbaşa və ya poçt vasitəsilə təqdim edilməsi ilə müraciət əsasında həyata keçirilir. Beləliklə, İddiaçı ilk dəfə işə qəbul olduğu tarixdə (xx.xx.2021- ci il tarixində) əyani təhsil almadığı üçün (valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaq sayılmadığı üçün) ona sözügedən birdəfəlik müavinətin təyin edilməsi qanunvericiliyin tələblərinə zidddir. İddiaçının ilk dəfə işə daxil olduğu tarixdə əyani təhsil alıbalmadığı məsələsinə aydınlıq gətirilməsi üçün cavabdeh tərəfindən Azərbaycan Respubliası Elm və Təhsil Nazirliyinə sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq təqdim edilmiş xx.xx.2023-cü il tarixli 3-29/2-8146/2023 nöməli məktubda qeyd olunur ki, İddiaçı Sumqayıt Dövlət Universitetinin xx.xx.2017-ci il tarixli 10/Q əmrli ilə bakalavriat səviyyəsinə Maliyyə uçotu və audit ixtisası üzrə əyani təhsilalma formasına qəbul olunmuş, xx.xx.2021-ci il tarixli T-38/4 nömrəli əmri ilə oranı bitirmişdir. Həmçinin, o, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xx.xx.2021-ci il tarixli 9/Q nömrəli əmri ilə ADMİU-nun magistratura səviyyəsinə Menecment ixtisası üzrə əyani təhsilalma formasına qəbul olmuş, xx.xx.2023-cü il tarixli 2/209 nömrəli əmri ilə oranı bitirmişdir. Yuxardakı xüsusatlardan bir daha aydın olur ki, İddiaçı ilk dəfə işə qəbul olduğu xx.xx.2021-ci il tarixdə əyani təhsil alan şəxs olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)1235/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbində qeyd edilən müavinət valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ilk dəfə işə düzələn zaman ödənilir. Lakin cavabdeh iddiaçının həmin şəxslərə aid olmasını, yəni onun işə düzələn vaxt əyani təhsil almadığına istinad edir. İddiaçı atasının vəfat etdiyini, anasının isə 2-ci dərəcəli əlil olmasına və 2021-ci ildə magistr səviyyəsində əyani təhsil almasını bildirir. İddiaçı 2021-ci ilin iyul ayının 06-da verilmiş əmr əsasında ali təhsilin bakalavr pilləsini bitirmiş hesab edilmiş və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) xx.xx.2021 -ci il tarixli 9/Q nömrəli əmri ilə ADMİU-nun magistratura səviyyəsinə əyani təhsilalma formasına qəbul olmuşdur. İş materiallarına görə iddiaçınn əmək müqaviıəsi xx.xx.2021-xx.xx.2021-ci il tarixlərə təsadüf edir ki, iddiaçı ilk dəfə işə düzələn vaxt əyani təhsil alan şəxs olmamış, başqa sözlə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanununun 1-ci maddəsində qoyulan şərtlərə tam cavab verməmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun əmək müqaviləsi xx.xx.2021xx.xx.2021-ci il tarixlərə təsadüf edir ki, ilk dəfə işə düzələn vaxt əyani təhsil alan şəxs olmamış, başqa sözlə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanununun 1-ci maddəsində qoyulan şərtlərə tam cavab verməmişdir. Qanunun normasından açıq-aşkar müəyyən olunur ki, ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslər deyə qeyd olunmuşdur. Qanunun icazə vermədiyi təqdirdə, necə əyani formada magistr təhsili ala bilər. Öncə bakalavr təhsilini dövlət hesabına başa vurmuş və daha sonra magistr təhsilinə daxil olmuşdur. Əgər həmin kateqoriyada daxil deyildisə, hansı formada pulsuz təhsil ala bilər. Qanunun normasının tətbiqi ilə bağlı məhkəmə tərəfindən mübahisə yarandığı təqdirdə Konstutsiya Məhkəməsinə qanunun şərh edilməsi ilə bağlı müraciət edilə bilərdi. Əyani təhsil alan şəxs necə 8 saatlıq iş qrafiki ilə işləyə bilər. Onun həmin qanunun tətbiq dairəsinə düşmək üçün tək vaxtları həmin ara müddət olmalı idi ki, azad şəkildə, müstəqil olaraq əmək fəaliyyəti ilə məşğul ola bilsin. Sənədlərdən də müəyyən olunur ki, əmək fəaliyyətinə əyani təhsil alınan zaman dərslər başlayan kimi xitam verilmişdir. Bütün bu hallar müəyyən edilə biləcəyi təqdirdə, məhkəmə tərəfindən müəyyən edilməmiş və işin faktiki hallan düzgün araşdırılmayaraq, məhkəmə tərəfindən düzgün olmayan nəticəyə gəlinmişdir. Oxşar analoji işlə bağlı digər bir qətnamə də Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinet vasitəsi ilə sistemə yerləşdirilmişdir. Bu hala uyğun olan digər halm olmasına baxmayaraq bu məhkəmə tərəfindən eyni qaydada nəzərə alınmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: Bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər;… valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər - valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir.... Maddə 3. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi üzrə tədbirlər Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsi mövcud qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən təmin olunur və qorunur. … Maddə 8. Əmək hüququ üzrə təminatlar .....Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalara uyğun paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqla, habelə orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunurlar. Onların arzusu ilə həmin ləvazimat və avadanlıqların əvəzinə pul kompensasiyaları verilir və ya həmin kompensasiyalar müvafiq banklarda həmin şəxslərin adına açılan hesablara köçürülür. Maddə 9. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının müdafiəsi Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini onların özləri, qanuni nümayəndələri, qəyyumları (himayəçiləri), müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər və həmkarlar ittifaqı təşkilatları Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirirlər. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 188 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən həmin qanunun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarili 179 nömrəli Qərarının: 2-ci hissəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə aşağıdakılar qərara alınmışdır: ... valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Sosial müdafiə və sosial təminat” bölməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 yanvar tarixli 15 nömrəli qərarında nəzərdə tutulmuş normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqla və ya öz arzularına əsasən, 265 manat məbləğində pul kompensasiyası ilə, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunsunlar. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 7 noyabr tarixli 179 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 19 saylı qərarı ilə 179 nömrəli Qərarının 2-ci hissəsinin dördüncü abzasında "Təhsil xərcləri” sözləri "Sosial müdafiə və sosial təminat” sözləri ilə və "Təhsil Nazirliyinə” sözləri "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ilk dəfə işə düzələn zaman birdəfəlik müavinətin, normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqların və ya öz arzularına əsasən pul kompensasiyasının verilməsinə dair Təlimatın 1.3-cü bəndinə əsasən bidəfəlik müavinət və avadanlıqlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 yanvar tarixli 19 nömrəli qərarının 2-ci hissəsinə uyğun olaraq, 1 yanvar 2022-ci il tarixindən sonra ilk dəfə işə düzələn valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara və onların arasından olan şəxslərə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul” Qaydalarının 1.2. Ali təhsil müəssisələrinin və elmi təşkilatın magistraturalarına qəbul olmaq hüququna bakalavrlar və digər ali təhsilli şəxslər (bundan sonra - bakalavrlar) malikdirlər. 6.1. Təhsilalma formasından asılı olmayaraq, hər hansı bir ixtisaslaşmaya yerləşdirilmiş bakalavr tələb olunan sənədləri 10 gün müddətində qəbul olduğu təhsil müəssisəsinə və ya elmi təşkilata təqdim etməklə qeydiyyatdan keçməlidir. Bakalavrın bu müddətdə təhsil müəssisəsində və ya elmi təşkilatda qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu bakalavrların boş qalan yerlər üzrə keçirilən müsabiqədə iştirak etmələrinə icazə verilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin respublika üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi vaxt üçün mövcud olan orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına aid hissəsində ləğv edilməli, bu hissədə iddia tələbi təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında qanunvericiliyin tələbinə əsasən respublika üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi vaxt üçün mövcud olan orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi ilə bağlı olmuşdur. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı ilk dəfə işə qəbul olunduğu zaman əyani təhsil almadığı üçün valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaq sayılmadığı üçün ona həmin birdəfəlik müavinətin verilməsi qanunvericiliyin tələbinə əsasən mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının valideynlərindən biri vəfat etmiş, digəri isə 61-100 faiz orqanizmin funksiyalarının pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs (ikinci dərəcə əlillik, müddətsiz) olmuşdur.İddiaçı 2017-2021-ci illərdə müvafiq təhsil müəssisəsində bakalavr təhsili almışdır. Həmçinin, müvafiq təhsil müəssisəsinin xx.xx.2021-ci il tarixli əmri ilə ona bakalavr ali peşə-ixtisas dərəcəsi verilmişdir. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı müvafiq təhsil müəssisəsinin magistratura pilləsi üzrə müraciət etmiş, xx.xx.2021-c il tarixdə güzəştli qəbul edilmiş, tədris ili kimi 2021/2022-ci il tarix qeyd edilmişdir. İddiaçı işəgötürənlə xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlamaqla, işə qəbul olunmuş, müqavilənin qüvvədən düşmə tarixi kimi xx.xx.2021ci il qeyd edilmişdir. İddiaçı xx.xx.2000-cı il təvəllüdlü olmaqla, həmin vaxtda 23 yaşı tamam olmamışdır. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslərin ilk dəfə işə düzələn zaman respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunması müvafiq inzibati orqanın üzərinə vəzifə kimi qoyulmuş, imperativ norma kimi ehtiva edilmişdir. Həmçinin, yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər - valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslər olduğu əks olunmuşdur. Qeyd olunan qanunvericilik normalarının məqsədinə və mahiyyətinə nəzər yetirdikdə, görünür ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər kateqoriyasının müəyyən edilməsinə əsas məqsəd valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olan şəxslərin təhsil müddətində də onların sosial müdafiəyəyə ehtiyacının olmasını müəyyən edir. Bundan əlavə, həmin kateqoriya olan şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində bir sıra qaydalar müəyyən edilmişdir ki, onlardan biri də ilk dəfə işə düzələn zaman onlara müvafiq məbləğdə birdəfəlik müavinətin verilməsi ilə bağlı haldır. Qeyd edilən halın nəzərdə tutulmasında da əsas məqsəd həmin şəxslərin qanunvericilikdə sosial müdafiəyəyə ehtiyacı olan şəxslər kateqoriyası kimi fərqləndirilməsi müəyyən olunduğundan, onların sosial müdafiəsinin yaxşılaşıdırılmasına xidmət edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının valideynlərindən biri vəfat etdiyindən, habelə digər valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (ikinci dərəcə, müddətsiz) şəxs olduğundan, 18 yaşı çatanadək valideyn himayəsindən məhrum olmuş şəxs statusunda olmuşdur. Daha sonra iddiaçı bakalavr pilləsi üzrə təhsil almış, bakalavr təhsilini xx.xx.2021-ci il tarixdə bitirdikdən sonra təhsilini davam etdirərək, xx.xx.2021-ci il tarixdə magistratura pilləsi üzrə qəbul olunmuş, bu hala dair əmr isə xx.xx.2021-ci il tarixdə verilmiş, iddiaçı ilk dəfə işə qəbul olunma tarixi xx.xx.2021-ci il tarix olmuşdur. Göründüyü kimi iddiaçı bakalavr pilləsi üzrə təhsilini bitirdikdən sonra, magistratura pilləsi üzrə müvafiq təhsil müəssisəsinə güzəştli əsaslarla qəbul olunmuş, nəticə etibarilə təhsilini fasiləsiz olaraq, davam etdirmişdir. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilk dəfə işə düzələn zaman magistratura pilləsi üzrə müvafiq təhsil müəssisəsinə qəbul olunmuş, tədris məhz müvafiq tədris ili üzrə başlandığından, bununla bağlı sənədləşdirilmə (əmrin verilmə tarixi) sonrakı tarixə təsadüf etmişdir. Bundan əlavə, qeyd edilməlidir ki, müvafiq qanunvericilik normalarının tələbinə əsasən şəxsin müvafiq təhsil müəssisəsinin magistratura pilləsi üzrə qəbul olunması halı məhz onun müsabiqədən keçməsi və müvafiq qaydada qeydiyyatdan keçməsi ilə şərtləndirilmişdir. Belə olan halda məhkəmə kolegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin qeyd olunan normasının dispozitiv şərtlərinə formal yanaşma tətbiq edilmiş, “əyani təhsil alan” ifadəsi məhz təhsil müəssisəsində tədrisin başlanması və onun tərəfindən bu halın əmrləşdirilməsi ilə əlaqələndirilmişdir. Bu cü yanaşma qeyd olunan normanın şərtinə hərfi mənada yanaşmanı ehtva etməklə, həmin normanın mahiyyətinə və məqsədinə (sosial müdafiəyəyə ehtiyacı olan şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması və s.) uyğun olmamışdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı məhz müvafiq təhsil müəssisəsinə əyani formada magistratura pilləsi üzrə qəbul olunduqdan sonra, ilk dəfə işə düzəldiyindən və ilk dəfə işə düzələn zaman artıq magistratura pilləsi üzrə tələbə adını qazandığından, yalnız tədrisin sonrakı tarixdə başlanılması və əmrin sonrakı tarixdə verilməsi halına istinad edilməklə, onun “əyani təhsil alan” statusunda olmaması qənaətinə gəlinməsi qeyd edilən normanın mahiyyətinə və məqsədinə zidd olmaqla, iddiaçının hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına gətirib çıxardır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilk dəfə işə düzələn zaman artıq müvafiq təhsil müəssisəsinə qəbul olunduğundan, nəticə etibarilə “əyani təhsil alan” statusunda olduğundan, onun qanunla müəyyən edilmiş müvafiq müavinəti almaq hüququ yaranmışdır. Başqa sözlə desək, iddiaçının hazırki iş üzrə tələbi müvafiq qanunvericilik normasının dispoztiv şərtləri ilə uzlaşır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassız və qanunvericiliyin tələbinə zidd olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, işin halları qanunvericiliyin norma və prinsiplərinin tələbi baxımından araşdırılmamış, cavabdehin imtina əsası qanunvericiliyin normasının mahiyyəti və məqsədi baxımından təhlil edilməmiş, bununla da iş üzrə gəldiyi nəticə yalnış olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin respublika üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi vaxt üçün mövcud olan orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına aid hissəsində ləğv edilməli, bu hissədə iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1235/2024 nömrəli qərarı iddia tələbinin respublika üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi vaxt üçün mövcud olan orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına aid hissəsində ləğv edilsin, bu hissədə yeni qərar qəbul edilsin, iddia təmin edilsin. İddiaçı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına müvafiq olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi vaxt (xx.xx.2023-cü il) üçün mövcud olan respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunması (ödənilməsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına həvalə edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar